Əziz dostlar!
Müqəddəs dinimizin – İslamın adət-ənənələrinə və mənəvi-əxlaqi dəyərlərinə sadiqlik doğru-dürüst yaşamaq, cəmiyyət üçün faydalı olmaqdır. Bu yolu seçərək ruhən rahatlığa qovuşur, qəlbən uca tanrıya bağlanır, sağlamlığımızı qoruyur, ruzi-bərəkət qazanırıq.
Qurban bayramı da İslamın ən gözəl xüsusiyyətlərini ifadə edir, bizi paklığa, halallığa, amallarımız uğrunda fədakarlığa səsləyir.
Bu əziz bayramda biz, ilk növbədə, xalqımızın ülvi arzuları, torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Vətən yolunda sağlamlığını itirənlərə tezliklə şəfa tapmağı arzulayırıq.
Müzəffər Ali Baş Komandan başda olmaqla qəhrəman hərbçilərimizin misilsiz hünəri sayəsində bu gün müqəddəs bayramımızı qalib xalq kimi sevinc və qürur hissi ilə qeyd edirik. Yaşasın, güclü və qüdrətli Azərbaycan!
Əziz bacı və qardaşlar, bayramınız mübarək! Allah-təala qurbanlarınızı və dualarınızı qəbul etsin!
Azər Əsgərov