Son günlər keçirilən beynəlxalq mötəbər turnirlərdə cüdoçularımızın uğurlu çıxışları bizi sevindirir. Federasiya rəhbərliyində və milli komandanın məşqçilər heyətində dəyişiklikdən çox az müddət sonra əldə edilən nailiyyətlər Azərbaycan cüdosunun doğru yolda olduğunu, dirçəldiyini göstərir.
İsrail Dövlətinin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində Hidayət Heydərovun (73 kq) və Məmmədəli Mehdiyevin (90 kq) qızıl, Yaşar Nəcəfovun (66 kq) gümüş, Zelim Kotsoyevin gümüş medal qazanması, kişi idmçançıların ümumi nəticələrinə görə Azərbaycan millisinin birinci yeri tutması gələcək daha böyük uğurların başlanğıcı hesab edilə bilər.
Daha bir ümidverici hadisə isə yeniyetmələrdən ibarət milli komandamızın İspaniyanın Fuenqirola şəhərində yeniyetmələr arasında keçirilən “Açıq Avropa” turnirində 5-i qızıl olmaqla, ümumilikdə, 15 medal qazanaraq turnirin birincisi olmasıdı. Deməli, Azərbaycan cüdosunda yeni çempionlar nəsli yetişir. Bu çox yaxşı haldır və cüdodakı müvəqqəti tənəzzülün artıq geridə qaldığını göstərir.
Milli komandalarımızı, onların məşqçilərini, xüsusən, baş məşqçi Mövlud Mirəliyevi təbrik edir, cüdoçularımıza yeni-yenu qələbələr arzulayıram!
Azər Əsgərov