Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından ruhlanaraq 10 il əvvəl “Judo Club 2012”ni yaratdıq. Ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etməyi, həmçinin veteran idmançıları bir araya toplamağı qarşıya məqsəd qoyduq.
Klubun açılış mərasimində möhtərəm Prezident İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısının xeyir-duası ilə çıxdığımız yolda qarşıya qoyulan məqsədə çatmaq üçün ötən illər ərzində hər birimiz – klubun fəaliyyətinə cavabdeh olanlar da, burada çalışanlar da əzmkarlıq göstərməyi özümüzə borc bildik.
Uğurlarımız ildən-ilə artdı, medal və mükafat kolleksiyamız zənginləşdi, ən başlıcası, Azərbaycan cüdosuna yeni adlar, perspektivli gənc idmançılar qazandırdıq. Eyni zamanda, usta cüdoçularımız üçün klub, sözün həqiqi mənasında, isti bir ocaq oldu. Onlar burada dünya, Avropa çempionatlarına hazırlaşdılar, həmin mötəbər yarışlardan qələbələrlə, medallarla qayıtdılar.
Klubun yetirmələri müxtəlif yaş kateqoriyaları üzrə respublika yığma komandalarının tərkibinə daxil edildilər və beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorudular, bayrağımızı yüksəldilməsinə, Himnimizin səsləndirilməsinə nail oldular.
“Judo Club 2012”də yüzlərlə uşaq və yeniyetmə təcrübəli, adlı-sanlı məşqçilərin rəhbərliyi altında cüdo ilə yanaşı, digər idman növlərinin sirlərinə yiyələnir, mənəvi və fiziki kamilliyə çatmağa çalışırlar.
Bu əlamətdar gündə mən “Judo Club 2012”nin fəaliyyətində əməyi olanları, o cümlədən məşqçiləri və idmançıları, bütün texniki heyəti səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, idmanda və həyatda uğurlar arzulayıram!
Neçə-neçə onillikləri birlikdə, sevinclə və qələbələrlə qeyd edək!
Azər Əsgərov
P.S: Klubumuzun fəaliyyəti haqqında ətraflı məlumat Judoclub2012.az saytında