Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilmiş 2026-cı ilin birinci ayının – yanvarın sonuncü, üçüncü ongünlüyündəyik. Əlbəttə, beşinci ilini uğurla yola saldığımız tarixi Zəfərin xoş əhval-ruhiyyəsi indi də, gələcəkdə də daim bizimlə olacaq.
Biz bu günlərə ağır sınaqlardan keçib gəlmişik. 1990-cı ilin 20 Yanvarı azadlıq və müstəqillik mübarizəmizin şanlı səhifəsi kimi xalqımızım tarixində xüsusi yer tutur. Bu hadisəni qürurla xatırlayırıq… Birinci Qarabağ müharibəsi, onun çoxsaylı qurbanları, şəhər və kəndlərimizin dağıdılması, qaçqınlıq və köçkünlük problem, yüz minlərlə həmvətənimizin öz ata-baba yurdundan didərgin düşməsi… Bunların da qəbimizdə və yaddaşımızda dərin izləri var!
Amma 44 günlük Vətən müharibəsində və daha sonra bir günlük antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr Azərbaycanın illərlə əziyyətini çəkdiyi problemlərə son qoydu.
Xalqımızın və torpaqlarımızın azadlığı uğrunda şəhid olanları ehtiramla xatırlayır, onların ailələrinə səbir, qazi və veteranlarımıza sağlamlıq, uzun ömür arzulayırıq. Böyük Zəfərin müəllifi – cənab Prezident İlham Əliyevə, onun Ali Baş Komandanı olduğu rəşadətli Ordumuza eşq olsun!
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Bu prosesə bizim “Azman Holding”in, kiçik də olsa, öz töhfəsini verməsi – tikinti işlərində iştirakı şəxsən məni və həmkarlarımı sevindirir. Həmin ərazilərə keçmiş köçkünlərin necə həvəslə qayıtdıqlarını, o yerlərin necə sürətlə dirçəldiyini görmək çox xoşdur. Qarabağda, Şərqi Zəngəzurda bu gün 70 mindən çox insan yaşayır və işləyir. Bu regionların, sözün həqiqi mənasında, cənnətə çevriləcəyi günlər uzaqda deyil.
Və… “Şəhərsalma və Memarlıq İli”nin, tikinti sektorunda fəaliyyət göstərən iş adamı – sahibkar kimi, mənim üçün nə qədər vacib və məsuliyyətli olduğunu xüsusi vurğulamaq istərdim. Biz paytaxtımızın müasir memarlıq simasının müəyyənləşdirən bir sıra layihələr icra etmişik və edirik. Bu il şəhərimizin inkişafına və yeni milli memarlıq nümunələri ilə zənginləşməsinə yeni töhfələr vermək əzmindəyik.
Beləliklə, xoş əhval-ruhiyyə, quruculuq həvəsi ilə başladığımız ilin hamıya xeyir-bərəkət gətirməsini arzulayıram!
Azər Əsgərov

English
Azərbaycan
Русский 


