Bu il təbiətin oyanışının müjdəçisi olan Novruz ilə mənəvi paklığın zirvəsi adlandırılan Ramazan ayının eyni vaxta təsadüf etməsi xalqımız üçün ikiqat bayrama çevrilib.
Novruz da, Ramazan da yenilənmə, xeyirxahlıq və paylaşmaq bayramıdır. Novruz əcdadlarımızdan qalan milli kimliyimizin nişanəsi, Ramazan isə inancımızın sarsılmaz sütunudur. Ramazan ayı sadəcə müəyyən saatlarda qidadan imtina etmək deyil, ruhun təmizlənməsi, nəfsin cilovlanması və iradənin sınağıdır. Orucluq bizə şükür etməyi, əlimizdə olanın qədrini bilməyi və ehtiyacı olanlara qarşı mərhəmətli olmağı öyrədir.
Bu il süfrələrimiz həm səməni təravəti, həm də iftar bərəkəti ilə zəngindir.
Dünyanın müxtəlif guşələrində müharibələrin, humanitar böhranların və dini-etnik qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycanda azan səslərinin bahar nəğmələri ilə həmahəng səslənməsi dövlətimizin qüdrətinin göstəricisidir. Möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü müstəqil və cəsarətli siyasət ölkəmizi xarici təhdidlərdən qoruyaraq onu sabitlik adasına çevirib.
Bir iş adamı kimi dərin inam hissi ilə deyə bilərəm ki, cəmiyyətimizdəki əmin-amanlıq və sabitlik, dövlətimizin güclü və qüdrətli olması iqtisadi inkişaf və bu inkişafa sanballı töhfələr verən sahibkarllıq mühiti üçün əlverişli şərait və imkanlar yaradır.
Bu gün biz işğaldan azad edilmiş yurdlarımızda — Şuşada, Ağdamda, Xankəndidə, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Xocalıda, Ağdərədə, Kəlbəcərdə, Laçında həm Novruz tonqalları qalayır, həm də azad məscidlərimizdə Ramazan namazları qılırıq. Bu, həm siyasi, həm də mənəvi zəfərimizin ən böyük sübutudur.
Mən veteran cüdoçu kimi ölkəmizdə bu idman növü üzrə qazanılan nailiyyətlərə görə qürur və sevinc hissi keçirirəm. Ötən Novruzdan bu günədək keçən dövr Azərbaycan cüdosu üçün çox uğurlu olub. Beynəlxalq arenalarda qazanılan medallar, dünya və Avropa çempionatlarındakı möhtəşəm qələbələr gənclərimizin əzmini və dövlətimizin idmana qayğısını nümayiş etdirir. Cüdoçularımızın tatami üzərindəki hər bir uğuru xalqımızın ümumi zəfər ruhunun idmandakı əksidir.
Builki dualarımız həm süfrələrimizin bərəkəti, həm də vətənimizin daha da çiçklənməsi üçündür. Allah-təala bütün tutulan orucları, edilən duaları qəbul etsin, bahar nəfəsli Novruz ölkəmizə daim xoşbəxtlik gətirsin!
Bayramınız mübarək!
Azər Əsgərov

English
Azərbaycan
Русский 


