Bu il Azərbaycan cüdosu özünün 50 illik yubileyini qeyd edir. Belə əlamətdar bir vaxtda cüdo üzrə tanınmış məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Əliheydər oğlu Həsənovin da 80 yaşı tamam olur.
Noybarın 27-də Bakının populyar istirahət məkanlarından birində tədbir keçirilib. Tədbirdə dövlət orqanlarının, Milli Olimpiya Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, Olimpiya, dünya, Avropa çempionları, yubilyarın yetirmələri, tanınmış idmançılar iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra həyat və fəaliyyəti Azərbaycan cüdosu ilə sıx bağlı olan Tərlan Həsənov haqqında qısametrajlı film nümayiş etdirilib. Əməkdar məşqçinin yetirmələrindən olan Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və digər natiqlər yubilyarı təbrik edib, ona ən xoş arzularını çatdırıblar.
Tərlan Həsənovun yetirmələrindən olan, Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov təşkil etdiyi yubiley tədbirində qonaqlara tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə musiqi proqramı da təqdim olunub.
Xatırladaq ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb. 2019-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.