BUİLKİ ÖLKƏ ÇEMPİONATINDA YAŞANAN QEYRİ-ADİ COŞQU
Bəri başdan deyim ki, idmandan uzaq adamam. Azərbaycana nisbətən gec – ötən əsrin 70-ci illərində “ayaq açan” “yapon əsilli” cüdo idman növündən isə lap uzaq…
Amma bir neçə ay əvvəl Parisdə keçirilən Yay Olimpiya Oyunlarında cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medal uğrunda gərgin mübarizə aparanda, son illərdə ölkəmizə qərəzli münasibət göstərən Fransanın paytaxtında Azərbaycan bayrağının qaldırılmasına, Dövlət Himnimizin səsləndirilməsinə nail olanda, hamı kimi, mənim də gözüm telefonun və ya televiziyanın ekranında qalmışdı. Parisdə qazanılan qızılların bizim üçün adi idman uğurundan qat-qat üstün dəyəri vardı…
Bu il noyabrın 29-dan dekabrın 1-ə qədər Bakı İdman Sarayında keçirilən cüdo üzrə respublika çempionatına da məni həmin Olimpiya zəfərinin xoş təəssüratı, gələcəyin Hidayətlərini, Zelimlərini elə indidən görmək, tanımaq həvəsi gətirmişdi.
İlk gündən idman sarayında yaşanan coşqu bir daha sübut edirdi ki, son illər cüdo ölkəmizdə getdikcə daha çox populyarlıq qazanır.
Əvvəla, təşkilatçılıq yüksək səviyyədə idi: istər idmançılar, hakimlər və tamaşaçılar üçün yaradılan şəraitə görə, istərsə də müasir texniki təchizat məsələlərinə görə…
İkincisi, tribunalar hər gün adamla dolu olurdu.
Üçüncüsü, həm idmançılar tatami üzərində, sözün həqiqi mənasında, güzəştsiz rəqabət aparırdılar, həm də tamaşaçılar onlara şövqlə azarkeşlik edirdilər.
Çempionatın ümumi mükafat fondu da əvvəlkilərdən fərqli idi: 50 min manat! Bu da xırda məsələ deyil. Yarış yarış yerində, pul da puldur!
Paris olimpiadasının qalibləri Hidayət Heydərovun və Zelim Kotsoyevin imza gününün keçirilməsi isə çempionata bir ayrı rəng qatmaqla yanaşı, idman sarayına gələn yeniyetmələrdə cüdoya, çempion adına xüsusi rəğbət və məhəbbət yaradırdı.
Nəhayət, çempionatda respublikanın ən ucqar bölgələrindən idamançıların iştirakı sübut edirdi ki, cüdo artıq “şəhər idmanı” statusundan çoxdan uzaqlaşıb. İndi uzaq dağ kəndlərində belə sabah beynəlxalaq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qoruya biləcək oğullar yetişir. Yox-yox, təkcə oğullar yox, həm də qızlar… Axı, respublika çempionatı həm kişilər, həm də qadınlar arasında keçirilirdi. Açığı, qadın cüdoçuların yarışı da mənə maraqlı gəldi. Cəld, çevik, hətta bəzən çəlimsiz görünən qızlarımızın tatami üzərində göstərdiyi fədakarlığı, döyüş əzmini müşahidə eləmək çox xoş idi.
Bütövlükdə 14 çəki dərəcəsi üzrə 324 cüdoçu medallar uğrunda mübarizə aparırdı. Bu rəqəm özü də çox şey deyir. Yəni Azərbaycan cüdosunun yaxşı potensialı var, hazırkı çempionatın qalibləri arasından sabah beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək xeyli idmançı çıxa bilər.
Və o da maraqlıdır ki, çempionatın təşkilatçıları veteranları da unutmamışdılar. Azərbaycan cüdosunun inkişafında xüsusi xidmətləri olan və bu il yubiley yaşına çatmış Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov, veteran cüdoçular arasında 12 qat dünya, 10 qat Avropa çempionu Fərhad Rəcəbli, dünya və Avropa çempionatlarının mükafatçısı, ACF prezidentinin müşaviri Natiq Bağırov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Sevda Qarayeva, çoxsaylı beynəlxalq yarışların qalibi, Azərbaycan cüdosunun fəxri siması sayılan veteran cüdoçu Faiq Ağayev, Əməkdar məşqçi Ruzbeh Vəliyev və Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyevə Azərbaycan Cüdo Federasiyasının təbrik plaketləri təqdim edildi.
Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Klub 2012” idman klubunun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olmuş Azər Əsgərova isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən ağ-qırmızı kəmər (6-cı dan) və onun sertifikatı təqdim olundu.
Çempionatın üçüncü günü komanda yarışları ilə yadda qaldı. Məsələn, Şuşanı təmsil edən qızların sona qədər mübarizə aparması sarayın tribunalarında qəribə bir coşqu yaratdı. “Judo Klub 2012” komandasının qızıl medala layiq görülməsi isə tamamilə təbii qarşılandı.
Azərbaycanda bütün idman növləri üzrə respublika çempionatları keçirilir. Təbii ki, bunlar yerli səviyyədə ən mötəbər yarışlardır və milli komandaların tərkibi də məhz həmin çempionatların qalibləri hesabına formalaşdırılır. Azərbaycan Cüdo Federasiyasının son illərdə səmərəli fəaliyyətinin nəticəsidir ki, həm ölkə çempionatı yüksək səviyyədə təşkil olunur, həm də bu yarışlardan yığma komandaya güclü idmançılar gəlir.
Onu da qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının sponsoru “Azercell”, builki çempionatın sponsoru isə “Azman Holding” şirkətidir. O “Azman Holding” ki, sosial layihələrə, xüsusən idman yarışlarının təşkilinə daim xüsusi diqqət ayırır. O “Azman Holding” ki, həmtəsisçisi və rəhbəri Azər Əsgərov həyatını cüdosuz təsəvvür edə bilmir və sevimli idman növünün inkişafına sanballı töhfələr verir.
Mənbə: https://525.az/news/280868-azerbaycanda-cudo-ucgunluyu