Cüdo yarışlarını canlı izləmək, tatami üzərindəki mübarizənin həyəcanlı anlarına şahid olmaq bu təkbətək döyüş növünün pərəstişkarlarına xüsusi bir zövq verir. İllah da, mübarizə aparan idmançı sənin həmvətənindirsə və rəqibləri ilə fədakarlıqla döyüşüb qələbə qazanırsa, sevincinin həddi-hüdudu olmur.
Fransanın paytaxtı Parisdə fevralın 8-də başa çatan cüdo üzrə “Böyük Dəbilqə” turnirini birbaşa yarışların keçirildiyi “Accor Arenada” izləyən və Azərbaycan komandasının hər bir üzvünə məmnuniyyətlə azarkeşlik edən veteran idmançı kimi mən də dəfələrlə sevinc və qürur hissi keçirdim.
“Böyük Dəbilqə” (“Grand Slam”) Beynəlxalq Cüdo Federasiyasının təqvimində yer alan ən yüksək səviyyəli turnirlərdəndir. Azərbaycan Cüdo Federasiyası ilin bu ilk böyük yarışında 8 nəfərdən ibarət komanda ilə təmsil olunurdu. Yüksək titullu bir neçə idmançımız komandaya daxil edilməsə də, Paris tatamisində mübarizəyə yetərincə tanınan cüdoçularımız qoşulmuşdu. Onların hamısı əzmkarlıqla döyüşürdü. Lakin qələbə üçün bəzən istək və mübarizlik bəs eləmir. İdmanda bəxt məsələsi də vacib amildir.
Hər halda bu ilin ilk “Böyük Dəbilqə”sinin nəticələrini bizim üçün uğurla hesab etməyə dəyər. Balabəy Ağayevin (60 kq) qızıl, Zelim Tçkayevin (81 kq) gümüş, Ruslan Paşayevin (66 kq) bürünc medallar qazanması Azərbaycan cüdo məktəbinin gücünü bir daha nümayiş etdirdi.
“Böyük Dəbilqə”nin ənənəvi Paris tatamisi həm gənc istedadların parlaması, həm də təcrübəli ustaların öz statuslarını təsdiqləməsi üçün əvəzolunmaz bir məkandır. Bu dəfə də Yaponlar bu döyüş növündə öz dominantlıqlarını göstərdilər və komanda hesabında birinci oldular. “Meydan sahibi” statusunda fransızların ikinci olması da təbii idi. Bu nəhənglərdən sonra Azərbaycan komandasının üçüncülüyü özünə təmin etməsi alqışa layiq bir nailiyyətdir.
Uğurlu nəticələrə görə medalçılarımızı, onların məşqçilərini və ümumən, Azərbaycan cüdo ailəsini ürəkdən təbrik edirəm! Qələbələrimiz bol olsun!
Azər Əsgərov

English
Azərbaycan
Русский 


