Noyabrın 8-də ölkəmiz ərazisinin 20 faizinin otuz ilə yaxın davam edən erməni işğalından azad olunması uğrunda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbənin ikinci ildönümünü qeyd edəcək.
Bu qələbə ordumuzun iradəsini, əzmini, gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qələbə də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin adı da xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Onun komandanlığı ilə qəhrəman əsgər, gizir və zabitlərimiz torpaqların erməni tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərdilər. Əminəm ki, bu gün hər birimiz yaxşı bilirik ki, 44 günlük Vətən müharibəsində xalqımızın BİRLİYİ, ordunun gücü, hərbçilərimizin hünəri, Prezident İlham Əliyevin müdrik və qətiyyətli hərbi-siyasi, diplomatik addımları sayəsində qalib gəlmişik.
Təəssüf ki, iyirmi ildən artıq müddət ərzində siyasi tənzimləmə üsulları heç bir nəticə vermədi. Lakin bu illər ərzində Azərbaycan diplomatik səviyyədə səylər göstərməklə yanaşı, məqsədyönlü şəkildə problemin hərbi yolla həllinə hazırlaşdı. Düşmən özünə və lobbiçilərinin dəstəyinə arxayın idi, beynəlxalq strukturların bütün sənədlərinə və qətnamələrinə açıq-aşkar məhəl qoymurdu. Azərbaycan 2016-cı ilin aprelində öz torpaqlarını işğalçılardan azad etmək əzmini nümayiş etdirdi. Dörd gün davam edən döyüşlər nəticəsində ordumuz bəzi əraziləri azad etməyə nail oldu. O vaxt, uzun illərdən sonra, ilk dəfə olaraq Ermənistan ordusuna ciddi ziyan vuruldu, onun məğlubedilməzliyi mifi dağıldı. Azərbaycan cəmiyyəti ərazilərin azad edilməsi istiqamətində ölkə rəhbərliyinin fəaliyyətinə misilsiz dəstək nümayiş etdirdi.
Xalqın Azərbaycanın ərazi bütövlüyünün bərpasına olan ümidi 2020-ci ilin payızında özünü doğrultdu!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və xalqın rifahının təminatçısıdır: Ermənistanda xarici himayədarların dəstəyi ilə daşnak ideologiyası davamçılarının və radikal millətçilərin qızışdırdığı revanşist qüvvələrin baş qaldırmaq istədiyi bir vaxtda bu, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Artıq iki dəfə belə cəhdlər olub və hər ikisində də rəşadətli Azərbaycan oğulları Vətənin sərhədlərini hər an müdafiəsinə qalxmağa hazır olduqlarını sübut ediblər. Sonuncu dəfə bu yaxınlarda sentyabrın 12-13-də baş vermiş döyüşdə ermənilərin növbəti təxribatının qarşısını alan ordumuz onlara sarsıdıcı zərbə vurdu. Bundan sonra da, qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı olduqlarını başa düşənə qədər ermənilər daha sərt cavab alacaqlar.
Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini darmadağın etməsindən və dövlətimizin müstəqilliyinin rəmzi olan Qələbə bayrağının Qarabağın işğaldan azad edilmiş bütün şəhərlərində dalğalanmasından iki il ötür.
Üçrəngli bayrağımız Azərbaycanın qəhrəman hərbçilərini Qarabağ uğrunda müqəddəs müharibədə düşmən üzərində qələbəyə ruhlandırıb, onlara mənəvi güc verib.
Bu da təbii və simvolikdir ki, noyabrın 8-də və 9-da bütün Azərbaycan xalqı ardıcıl iki əlamətdar hadisəni qeyd edəcək: Zəfər Gününü və Dövlət Bayrağı Gününü… Hər iki bayram ölkə vətəndaşlarını həyatında ən mühüm hadisə kimi qeyd olunur.
Bütün hərbi qulluqçularımızı Zəfər Günü münasibətilə təbrik edir, onlara cansağlığı və rəşadətli xidmət arzulayıram!
Özünü Ordusu torpaqlarını erməni işğalından azad edə bilmiş xalqın nümayəndəsi kimi hiss etmək hədsiz qürur və xoşbəxtlikdir!
Zəfər Gününüz mübarək! Qoy Azərbaycanın Qələbə bayrağı hər zaman ölkəmizin üzərində qürurla dalğalansın!!!
Azər Əsgərov