Azərbaycan Cüdo Federasiyası milli komandamıza yeni məşqçilər təyin edib. Baş məşqçi vəzifəsində Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev çalışacaq. Köməkçiləri – Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev olacaqlar. Mən veteran cüdoçu kimi, bu qərarı bəyənir və alqışlayıram. İnanıram ki, onlar Azərbaycan cüdosunun şöhrətini bərpa etmək, yüksək nailiyyətlər qazanmaq üçün əzmkarlıq göstərəcəklər.
Mövlud Mirəliyevin Olimpiya təcrübəsi var və onun yeni Olimpiya ümidlərimizin yetişməsinə töhfə vermək imkanları böyükdür. Köməkçiləri də tanınmış, təcrübəli və usta idmançılardır. Mən onların arasında Azərbaycan cüdosunun daha bir tanınmış simasının – Sidney Olimpiadasının iştirakçısı, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Səlimovun da olmasını arzulayardım. Əminəm ki, Rəsul öz təcrübəsi, istedadı və idmançı keyfiyyətləri ilə məşqçilər heyətinin fəaliyyətini daha da gücləndirə bilər.
Hər halda Federasiya rəhbərliyinin milli komandanı məhz milli heyətə etibar etməsi təqdirəlayiqdir, uğurlu nəticələrin də bizi çox gözlətməyəcəyini düşünürəm.
Bir daha heyətin hər bir üzvünü təbrik edir, onlara uğurlar arzulayıram!
Azər Əsgərov