Sentyabr ilin xüsusi ayıdır. Onun gəlişi ilə, bir müddət də olsa, ağır işlərdən “aralandığımız”, gündəlik qayğılardan uzaqlaşdığımız yayı yola salır, bir sözlə, sadəcə, istirahət edirik.
Payızın ilk ayının gəlişi ilə tətil mövsümü başa çatır, iqtisadiyyatın bütün sahələrində iş daha da canlanır və biz normal əmək fəaliyyətinə qayıdırıq. Bu o deməkdir ki, biz yenidən ölkənin işgüzar həyatına bağlanırıq, biznesdə yeni məqsədlərə çatmaq, öz planlarımızı yerinə yetirmək üçün zəruri tədbirlər görürük, iş cədvəlimizi bərpa edirik. Komandamızla birlikdə yeni ideyaları müzakirə edir, biznes əməkdaşlığının inkişafı üçün fəal və məhsuldar iş aparırıq.
Qeyd edək ki, cari ilin sentyabr ayında işgüzar fəallığın nəbzi nəzərəçarpacaq dərəcədə artıb ki, bu da işgüzar həyatın daha da canlanması ilə bağlıdır: biznes tədbirləri, konfranslar, sərgilər və görüşlər yenidən qızışır.
Bizim nəsil çox mühüm tarixi proseslərin – uzun müddət davam edən münaqişədən və möhtəşəm Qələbədən sonra işğaldan azad edilmiş ərazilərimizin bərpasının şahididir. Mən bir azərbaycanlı, öz ölkəsinin vətənpərvəri kimi Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərində və xüsusən də, Zəngəzurda gedən geniş quruculuq işlərindən çox məmnunam. Bu tikintilər gələcəyə ümidin, tarixi torpaqlarımıza qayıdışın, minlərlə azərbaycanlının öz doğma yurduna qovuşmasının təzahürüdür.
İnfrastruktur layihələri, yeni yaşayış kompleksləri və sosial obyektlər bölgənin inkişafına, əhalinin güzəranının yaxşılaşmasına xidmət edir. Zəngilanda, Laçında və Füzulidə yeni tikilmiş evlərə qayıdan keçmiş məcburi köçkün ailələrin sayı hər həftə daha da artır. Çox yaxında soydaşlarımız Ağdamda, Cəbrayılda, Şuşada, Kəlbəcərdə yeni tikilən evlərdə məskunlaşacaqlar… Bölgədə aparılan quruculuq işlərinin sürəti dövlətimizin işğaldan azad edilmiş torpaqlarda inamlı fəaliyyətindən xəbər verir və böyük qürur hissi doğurur.
Yuxarıda deyilənlərin hamısı Azərbaycan rəhbərliyinin və bütövlükdə Azərbaycan xalqının daha yaxşı gələcək qurmaq, doğma torpaqlarına qayıdan vətəndaşlarımız üçün keyfiyyətli həyat şəraiti yaratmaq səylərindən xəbər verir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bütün layihələrin özəyini də məhz bərpa, inkişaf və ümid təşkil edir.
Mövzumuzla bağlı Aristotelin məşhur kəlamını xatırlatmaq istərdim: “Biz layiqli həyat sürmək üçün işləyirik, amma dinc yaşamaq üçün döyüşmüşük”.
İş başına, dostlar!
Azər Əsgərov