Uşaqların inkişafında, sağlam böyümələrində əhəmiyyətli rol oynayan cüdo, həm də onlar üçün ən təhlükəsiz döyüş növlərindən biridir. Şərq döyüş sənətinin bir çox digər sahələrindən fərqli olaraq, cüdoda nəinki yumruq və təpikdən istifadə etmək qadağandır, ümumiyyətlə, döyüş zamanı üzə toxunmaq olmaz. Uşaqlar bu idman növü ilə 4 yaşından məşğul ola bilərlər. Məşqçilərin əsas vəzifəsi uşağa təkcə özünü müdafiə etməyi öyrətmək deyil, həm də bu döyüş sənətinin dərin fəlsəfəsini ona çatdırmaqdır.
Сüdonun təməl prinsiplərini fiziki güc, ağıl və düşüncə, özünümüdafiə, özünəinam, intizam təşkil edir ki, bu amillər də gənc nəslin hərtərəfli yetişməsində mühüm rol oynayır.
Cəmiyyətimizin ən ali məqsədlərindən biri də sağlam nəsil yetişdirərək onların enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etmək, yeni nəslin vətənpərvər ruhda formalaşmasına zəmin yaratmaqdır. Yazıda bu ali məqsədlərə xidmət edən idman ocaqlarından biri barədə – uşaq və yeniyetmələrin sağlamlığında mühüm rol oynayan, onlarda əzmkarlıq, dözümlülük, səbir, mübarizlik, təşəbbüs kimi önəmli keyfiyyətlər tərbiyə edən cüdonun tərəqqisinə öz töhfələrini verən “Judo Club 2012″dən söhbət açacağıq.
500-600 idmançının məşq etməsi üçün unikal şərait
2012-ci ildə yaradılan klubun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib. Ötən illər ərzində bir sıra nailiyyətləri ilə fərqlənərək cüdoçuların sevimli məkanına çevrilən idman ocağında ümumilikdə, 500-600 atletin məşq etməsi üçün hər cür şərait yaradılıb. Klubda cüdo ilə yanaşı, sambo, karate, aykido, ciu-citsu, bədii gimnastika, akrobatika, aerobika növləri üzrə məşqlər keçirilir. Burada davamlı məşq prosesinin yüksək səviyyədə təşkili üçün hər cür infrastrukturu olan üçmərtəbəli binada ayrıca idman zalları mövcuddur. Zalların hər biri zəruri məşq avadanlıqları, sanitariya-gigiyena qovşaqları ilə təchiz edilib. Klubda bundan başqa trenajor zalı, futbol və basketbol üçün açıq meydança və tibb məntəqəsi yerləşir. Burada təlim-məşq toplanışları və müxtəlif turnirlərin keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Klubun direktoru, veteranlar arasında dəfələrlə dünya və Avropa çempionu olan Mübariz Cəfərov bildirib ki, idman ocağının əsas hədəfi fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsi ilə yanaşı, həm də yüksək səviyyəli idmançılar ərsəyə gətirməkdir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı daim diqqətdə saxlanılacaq. Ölkəmizdə idmanın inkişafı, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində görülən böyük işlər hər birimizdə fəxarət hissi yaradır. “Judo 2012” klubu da bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə öz töhfələrini vermək üçün var gücü ilə çalışır. “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun yaradıcısı olduğu bu klubda sağlam, mübariz və güclü gəncliyin yetişdirilməsi üçün ciddi səy göstərilir. Sözsüz, burada cüdonun sirlərinə yiyələnən yüzlərcə cüdoçunun arasından yalnız bir neçəsi gələcəkdə yüksək nailiyyətlər əldə edə bilər. Digərləri isə başqa sahələrdə fəaliyyətlərini davam etdirəcəklər. Danılmaz faktdır ki, idmanla mütəmadi məşğul olan, sağlam həyat tərzi keçirən gənclərdə mübarizlik, səbir, əzmkarlıq, dözümlülük kimi mühüm əhəmiyyət daşıyan keyfiyyətlər tərbiyə olunur ki, bu da onların fəaliyyət göstərəcəyi sahələrdə kifayət qədər uğurla çalışmalarına şərait yaradır”.
Mübariz Cəfərov bu gün klubun yetirmələri arasında Murad Fətiyev, Hüseyn Məmmədov, Nurlan Osmanov, Nicat Məmmədli, yeniyetmələrdən Mehdi Cəfərov, Məmməd Əzizov və başqalarının beynəlxalq arenalarda keçirilən yarışlarda yüksək səviyyədə iştirak edərək Azərbaycan bayrağını ucaltdıqlarını, dövlət himnimizi səsləndirdiklərini deyib. O, Fərhad Rəcəbli, Zaur Paşayev, İntiqam Ələkbərov, Müşfiq Cəfərov və digər titullu veteran cüdoçuların idman ocağında məşq etdiklərini bildirib: “Veteran tatami ustalarımızın qələbə əzmi, mübarizliyi bu gün burada məşq edən kiçikyaşlı uşaqlar üçün əsl nümunədir”.
Klubun direktoru idman ocağının Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərən beynəlxalq və respublika əhəmiyyətli turnirlərinin təşkilatçısı olduğunu vurğulayıb.
Cüdo dərsləri uşaqları təhsildə də fərqlənməyə sövq edir
“Judo Club 2012″nin məşqçi-müəllimi, Əməkdar idman ustası Zaur Paşayev 4-5 yaşlı uşaqları akrobatika məşqlərinə qəbul etdiklərini, bir neçə müddət tam formalaşdıqdan sonra cüdo məşqlərinə keçirdiklərini, iki-üç il ərzində onları əvvəlcə klub birinciliklərində, fərqlənənləri paytaxt, ölkə birinciliklərində sınadıqlarını bildirib: “Uşaqların erkən yaşda cüdonun sirlərinə yiyələnməsi onları fiziki və mənəvi cəhətdən möhkəmləndirir. Məşqlərlə yanaşı, həftənin hər 6-cı günü şagirdlərimlə söhbət edir, təhsilləri ilə maraqlanır, dərs gündəliklərinə baxıram. İnanın, cüdo dərslərində öz potensiallarından maksimum istifadə edən uşaqlar, təhsildə də fərqlənməyə çalışırlar. Dərsdə tənbəllik – döşəkdə uzanmaq və ya oturmaq, icazəsiz zalı tərk etmək və ya dərslərin ortasında uzun fasilələr verməyin yolverilməz olduğunu başa salıram. Çünki bir tələbənin davranışı bütün qrupun dərsinə mane olur. Cüdoçunun əhvalı pis olsa belə, dözümlülük göstərib pozitiv olmağa çalışmalı, bütün qrupa müsbət enerji verməlidir. Şagirdlər bir-birinə hörmət etməli, köməklərini əsirgəməməlidirlər. Eyni zamanda, tətil günlərində cüdoçularımızı nəzarətsiz buraxmır, yaratdığımız valideyn qrupları vasitəsilə onların öz vaxtlarını idmanla daha səmərəli keçirmələrinə nail oluruq”.
Kiçik uşaq cüdo qruplarının məşğul olduğu zala daxil olarkən ilk müşayiət etdiyimiz onların emosional formada məşqləri oldu. 5-6 yaşlı qızlar və oğlanlar gün ərzində yığılmış enerjini “dinc məqsədlər üçün” atırdılar. Burada istifadə olunan metodların arsenalı kifayət qədər geniş idi. Belə ki, klassik cüdonun əsas elementləri uşaqlara onlar üçün başa düşülən oynaq formada təqdim olunurdu.
Məşq prosesi başa çatdıqdan sonra məşqçi Rafiq Nəcəfov bildirib ki, cüdo dərslərində bütün əzələ qrupları işlədiyindən insan orqanizmini ahəngdar şəkildə inkişaf etdirir. Məşqlər müsbət emosiyalar üzərində keçirildikdə və hərəkətlər sevinclə yerinə yetirildikdə dərslərin faydası dəfələrlə artır. Şübhəsiz, bu cür məşqlərdə məşqçi-müəllimlərin səyləri nəticəsində uşaq cüdoçular çox tez fiziki və əqli inkişafda həmyaşıdlarını geridə qoymağa başlayır, özlərinə inamlı, müstəqil və məqsədyönlü olurlar.
Rafiq müəllim komandasının bu günlərdə Türkiyənin Rizə şəhərində keçirilmiş beynəlxalq turnirdə yüksək səviyyədə çıxış etdiklərindən də qürurla söhbət açır: “Sevindirici haldır ki, klubumuzda 10-13 yaşlı uşaqlar arasında çoxlu istedadlı cüdoçular yetişir. Türkiyənin Rizə şəhərində bu yaş qrupunda keçirilmiş beynəlxalq turnirdə komandamızın yüksək nəticəyə imza ataraq ümumi hesabda birinci yeri tutması bunun bariz nümunəsidir”.
Gələcəyin Olimpiya çempionları…
Hər iki oğlu “Judo 2012”də məşğul olan Aynur İsgəndərova: “Böyük oğlum Raul Məhərrəmov (13 yaş) cüdo ilə lap kiçik yaşlarından məşğul olur və artıq bir sıra beynəlxalq turnirlərdə nailiyyətləri də var. Türkiyənin Rizə şəhərində keçirilən son turnirdə bürünc medala layiq görülüb. Kiçik oğlum Süleymanın isə 6 yaşı var və o da böyük məmnuniyyətlə cüdonun sirlərinə yiyələnir. Məşqçi-müəllimlər tələbələrinin qayğısına qalır və bu idman növünün sirlərini uşaqlara aşılamaq üçün böyük əmək sərf edirlər”.
Raul və komanda yoldaşları – bu yaxınlarda Türkiyədə keçirilmiş beynəlxalq yarışda medallar qazanan Orxan Tağıyev, Oqtay Zeynalov, Zeyd Əsədullayev, Suad Əsədullayev, Əkbər Nəsirli isə bizimlə söhbətlərində böyük inamla “Gələcəkdə Olimpiya çempionu olub, Azərbaycan bayrağını yüksəklərə ucaldacağıq”, – deyə inam və qətiyyətlə bildirirlər.
Düzgün seçilən hədəf xoş məramdan xəbər verir. Yalnız bu cür sağlam və yüksək ruha malik uşaqlar ən uca zirvələri fəth etmək üçün yaranıblar və yüksəlişə doğru böyük cəsarətlə irəliləyirlər.