Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizənin və ümumən, xalqımızın hərb tarixinin şanlı səhifəsi olan 2016-cı ilin Aprel döyüşlərinin beşinci ildönümünü qeyd edirik. Təcavüzkar Ermənistan məhz həmin döyüşlərdə ilk dəfə müasir Azərbaycan Ordusunun gücünü, qəhrəman əsgər, gizir və zabitlərimizin yenilməzliyini gördü, məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur oldu.
Aprel zəfəri möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uzunmüddətli məqsədyönlü işin nəticəsi idi… Aprel döyüşləri həm də Vətən Müharibəsindəki möhtəşəm Qələbənin təməli oldu.
Beş il əvvəl öz cəsarət və igidlikləri ilə xalqımızın qalibiyyət arzusunu gerçəkləşdirən hərbçilərimizə, xüsusən, torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən və ya sağlamlığını itirən qəhrəmanlarımıza ehtiram və minnətdarlığımız sonsuzdur.
Mən və həmkarlarım şəhidlərimizin xatirəsini daim əziz tuturuq, onların ailələrinə maddi və mənəvi dəstək verməyə çalışırıq. Əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raqub Orucov şəhid olduğu gündən onun ailəsinin yanındayıq və bunu özümüzə mənəvi borc sayırıq. Qəhrəman zabitin xatirəsini yaşatmaq məqsədilə onun haqqında “Murov qartalı” adlı kitabın yazılmasına və nəşr olunmasına hərtərəfli dəstək vermişik. Kitab indiyədək 5 minə yaxın tirajla çap edilib, müxtəlif vətənpərvərlik tədbirlərinin iştirakçılarına, həmçinin kitabxanalara və təhsil müəssisələrinə hədiyyə olunub.
Aprel Zəfərinin birinci ildönümündə – 2017-ci ildə Raqub Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir təşkil etdik. Sonrakı iki ildə də onu ənənəvi dostluq və həmrəylik yarışı kimi keçirdik. Təəssüf ki, koronavirus pandemiyası ilə əlaqədar ötən il turniri təxirə salmalı olduq. Ümumbəşəri bəla aradan qalxdıqdan və idman tədbirlərinə icazə verildikdən sonra turniri bərpa etmək istəyirik.
Aprel döyüşlərinin beşinci ildönümünü Qarabağın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədar keçirdiyimiz böyük sevinc və qürur hissilə qeyd edirik.
Xalqımızın qəhrəman övladlarının – şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirəm.
Azərbaycan şanlı hərbi tarixi və igid övladları ilə fəxr edir!
Azər Əsgərov