Son illərdə beynəlxalq miqyasda keçirilən elə bir sanballı turnir, mötəbər yarış yoxdur ki, orada Azərbaycan cüdoçuları öz parlaq qələbələri ilə bayrağımızı ucaltmasınlar, dövlətimizin idman şərəfini layiqincə qorumasınlar. Bu dayanıqlı uğurlar təsadüfi xarakter daşımır; dövlətimizin ümumən idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğının, həmçinin Azərbaycan Cüdo Federasiyasının səmərəli, sistemli və yenilikçi fəaliyyətinin məntiqi nəticəsidir. Cüdomuzun əldə etdiyi yüksək inkişaf dinamikası və ardıcıl nailiyyətlər göstərir ki, ölkəmizdə yalnız bu günün qalibləri yetişdirilmir, eyni zamanda, gələcəyin böyük zəfərlərinin də möhkəm təməli qoyulur.
Bu bariz inkişaf dinamikasının növbəti parlaq sübutu Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan “Böyük Dəbilqə” turniri oldu. Sentyabrın 11-13-də keçirilən və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran bu mötəbər yarışda komandamız 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi və 4 qadın) ilə təmsil olunurdu. Turnir Azərbaycan cüdocuzun zəngin potensialını və güclü ehtiyat qüvvəsini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.
Bu möhtəşəm idman yarışını Budapeştdə şəxsən izləmək və cüdoçularımızın gərgin mübarizə anlarının şahidi olmaq mənə xüsusi bir fərəh bəxş etdi. İdmançılarımızın əzmkarlığı, tatamidən yüksələn qələbə nidası, üçrəngli bayrağımızın dalğalanması bir azərbaycanlı kimi mənə sonsuz qürur hissi yaşatdı. İdmançılarımızın qələbə sevincinə elə oradaca şərik olmaq sözlə ifadə edilməsi çətin olan unudulmaz təəssürat idi. Budapeşt tatamisində yığmamızın aktivinə yazılan 1 qızıl və 2 bürünc medal isə həm fərdi ustalıq, həm də komanda ruhunun təcəssümü oldu.
Mübarizəyə 1/32 finaldan qoşulan Rəşid Məmmədəliyev (73 kq) ardıcıl altı gərgin görüşün hamısında parlaq qələbə qazandı. Finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edən Rəşid, karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin çempionu adını qazandı. Əvvəllər bu seriyalı yarışlarda iki gümüş və üç bürünc medala sahib olan idmançımızın bu dəfə fəxri kürsünün ən uca pilləsinə qalxması onun tükənməz əzminin və inkişafının bariz göstəricisidir.
Turnirə 1/32 finaldan başlayan Vüsal Qələndərzadə (81 kq) üçüncü yer uğrunda həlledici görüşdə sloveniyalı Natse Herkoviçə qalib gələrək bürünc medalı boynundan asdı. Bu, gənc tatami ustasının “Böyük Dəbilqə” turnirlərində ikinci medalı oldu.
Ağır çəkidə çıxış edən Camal Qamzatxanov (+100 kq) 1/16 finaldan başladığı yarışda üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammoya təmiz qələbəylə (ippon) qalib gələrək bürünc medala sahib çıxdı. Bu nəticə Camal üçün cari mövsümdə Dünya Cüdo Turunda artıq dördüncü medal oldu – bundan əvvəl o, Daşkənd, Düşənbə “Böyük Dəbilqə”lərində və Yuxarı Avstriya Qran-Prisində də bürünc mükafat qazanmışdı.
…Budapeştdəki turnirin ən mühüm və qürurverici məqamlarından biri komanda hesabındakı üstünlüyümüz oldu. Azərbaycan kişilərdən ibarət milli komandası cüdo dünyasının nəhəngləri sayılan Yaponiya və Rusiya kimi zəngin ənənələrə malik kollektivləri geridə qoyaraq birinci yeri tutdu. Ümumi komanda hesabında isə millimiz fəxri 5-ci pillədə qərarlaşdı.
Lakin bu turnirin əsl strateji əhəmiyyəti onun nəticələrindən daha dərindədir. Əsas heyətin liderləri – Olimpiya və dünya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin zədə səbəbindən iştirak etmədiyi bir turnirdə gənc cüdoçularımızın belə yüksək səviyyəli mübarizə nümayiş etdirməsi Azərbaycan cüdo məktəbinin nə qədər sağlam təməllər üzərində qurulduğunu göstərir. Bu, milli komandamızda etibarlı ehtiyat qüvvənin formalaşdığının, varislik ənənəsinin qorunduğunun və yeni nəsil cüdoçularımızın beynəlxalq arenada öz sözlərini deməyə tam hazır olduqlarının əyani sübutudur.
Budapeşt zəfəri bu ilin oktyabrında keçiriləcək dünya çempionatı və nəhayət, Los-Anceles-2028 Olimpiadası öncəsi böyük ümid və nikbinlik yaradır. Bir daha yəqin edirik ki, məqsədyönlü idman siyasəti, peşəkar federasiya idarəçiliyi və gənclərin əzmkarlığı birləşdikdə Azərbaycan bayrağının tatamidə ucalması qanunauyğunluğa çevrilir. Cüdomuzun bu uğurlu estafeti inanırıq ki, növbəti dünya və Olimpiya zirvələrində də şərəflə davam etdiriləcəkdir.
Azər Əsgərov

English
Azərbaycan
Русский 










