May mənim üçün xüsusi bir aydır. Həm özüm baharın belə bir gözəl çağında dünyaya gəlmişəm, həm də nəvələrimdən birinin ad günü bu aya düşür.
Taleyim Azərbaycanla bağlıdır, bu xalqın övladıyam. Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözlərini mən də qürur hissi ilə deyirəm. Bu sözləri bu il – xalqımızın şanlı oğlunun anadan olmasının 98-ci ildönümü qeyd edərkən daha ucadan, daha böyük sevinclə deyirik.
Biz 28 il idi:
- Mayın 8-ni ağrı və kədərlə keçirirdik. Əziz Şuşaya görə… İndi Şuşa azaddır!
- Alman faşizmi üzərində qələbəni – 9 Mayı ürəyimizcə bayram edə bilmirdik. İndi bu gün özümüz qalib xalqıq! Erməni faşizmini məhv etmişik.
- Respublika günündə – mayın 28-də ölkəmizin ərazi bütövlüyünün bərpası haqqında düşünürdük. İndi dövlət sərhədlərimiz bütövdür, tamdır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev “Qarabağ bizimdir!” dedi və bu həqiqəti qəhrəman Silahlı Qüvvələrimizlə birlikdə sübuta yetirdi.
Bu gün Qarabağ dirçəlir, Şuşaya Zəfər yolu çəkilir.
Müstəqil Azərbaycanın qazandığı bütün zəfərlərin, nailliyyətlərin təməlində Heydər Əliyev ideyaları dayanır.
Biz ulu öndərin xatirəsini böyük sevgi və ehtiramla yad edirik, ruhu qarşısında baş əyirik.
Onun ideyalarını həyata keçirmək – Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda canını qurban verən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.
…Ulu Öndər deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq!”
İndi bu, təkcə obrazlı ifadə deyil, həm də gerçəklikdir!
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Azər ƏSGƏROV