Bu günlərdə Portuqaliyanın Odivelas şəhərində keçirilən Avropa birinciliyində yeniyetmə cüdoçilarımızın fərdi və komanda yarışlarında yüksək nəticələr əldə etməsi bizi çox sevindirdi. Fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal qazanan idmançılarımız ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə 4-cü yeri tutublar.
Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Avropa birinciliklərində həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir. Komandamız 40 ölkənin iştirak etdiyi yarışda Avropa nəhənglərini geridə qoyaraq qitə birinciliyini zirvədə başa çatdırıb.
Medalçılar arasında “Judo Club 2012”nin yetirməsi Mehdi Cəfərovun (66 kq) olması bizi xüsusilə fərəhləndirir. O, bürünc medal qazanaraq komandamızın uğuruna öz töhfəsini verib.
Qarışıq komanda yarışlarında millimiz cüdo ənənələri ilə zəngin olan ölkələrin komandalarına qalib gələrək qızıl medala layiq görülməsi də tarixi nailyyətdir. Niderland, Almaniya və İtaliya kimi güclü komandaları mübarizdən kənarlaşdıran yığmamız həlledici görüşdə Fransa millisinə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıb.
16 ölkənin ən güclü idmançılarla təmsil olunduğu komanda yarışında belə bir nailiyyətin əldə olunması Azərbaycan cüdosunun uğurlu inkişafının əyani göstəricisidir. Bu qələbə həm də möhtərəm cənab Prezident İlham Əliyevin, Azərbaycan Cüdo Federasiyası rəhbərliyinin idmanın inkişafına və yetişməkdə olan gənc cüdoçular nəslinə göstərdiyi xüsusi diqqət və qayğının real və əyani təcəssümüdür.
Tarixi qələbələr münasibətilə bütün cüdo ailəsini, komandamızı və fədakar cüdoçularımızı təbrik edir, gələcək yarışlarda onlara uğurlar arzulayıram!
Azər Əsgərov
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü,veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı