Azərbaycanın cüdo veteranlarından ibarət yığma komandanın tərkibində Əbu-Dabidə usta cüdoçular arasında dünya çempionatında iştirakım idman həyatımdakı ən mühüm hadisələrdən biri kimi həmişəlik yaddaşımda qalacaq.
İstənilən yarış, ilk növbədə, ciddi sınaqdır: hazırlıq mərhələsini necə keçməyinin, iradəni və mübarizə aparmaq qabiliyyətini necə nümayiş etdirə bilməyinin sınağıdır. Etiraf edim ki, Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə Heydər Əliyev İli elan edilmiş 2023-cü ildə keçirilən turnirdə uğurla çıxış etmək mənim üçün çox vacib idi. Pandemiya və 2020-ci il Vətən Müharibəsindən sonra dədə-baba torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan, Azərbaycan bayrağının yenidən Xankəndi üzərində dalğalanması ilə başa çatan local antiterror tədbirlərindən sonra Əbu-Dabidə keçirilən yarış mənim üçün ilk ciddi turnir və sınaq idi.
Çempion olmağı, cəmiyyətimizdə hökm sürən qalibiyyət ruhunu dəstəkləməyi çox istəyirdim. Dünya çempionu olmağı bacardığım üçün çox sevincli və qürurluyam. Fəxri kürsüdə dayananda və bütün zal Azərbaycanın himnini dinləyib, ölkənin qürurla yüksələn bayrağına baxanda özümü kövrəlməkdən çətinliklə saxlaya bildim. Bax, buna görə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən dünya çempionatının qızıl medalı mənim üçün həmişə xüsusilə əziz olacaq.
Xankəndidə və Qarabağın digər şəhərlərində Dövlət bayrağımızın qaldırıldığı bir vaxtda Azərbaycan idmanının qələbəsi şərəfinə də bayrağımızın ucaldılması mənim üçün çox önəmli idi. Çox şadam ki, artıq çempionatın ilk günündə, qarşıdakı Qələbə Günü və Dövlət Bayrağı Günü ərəfəsində ölkəmizin qalibiyyətli ruhuna öz töhfəmi verə bildim.
Mükafatlandırma mərasimində Azərbaycan cüdoçularının qələbəsi şərəfinə Azərbaycan bayrağının ucaldılması və Dövlət himnimizin səsləndirilməsi məndə sevimli ölkəmlə bağlı hədsiz qürur hissi yaratdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Qarabağda döyüş meydanlarında Qələbə qazanan Azərbaycan Ordusunun əsgərlərinə sonsuz minnətdarlıq hissi duyaraq biz qalib xalqın və qalib dövlətin nümayəndələri kimi özümüzü çox xoşbəxt hiss etdik.
Azər Əsgərov