Sentyabr ayı həmişə evlərə xüsusi bir canlanma gətirir. 15 sentyabr – Bilik Günü və yeni dərs ilinin başlanması ərəfəsində minlərlə ailənin qayğıları artır. Birinci sinifə gedəcək uşaqların məktəb hazırlıqları tamamlanır: geyimləri, dərs ləvazimatları alınır, hər birinə ilk günlər məktəbdə, dərsdə özünü necə aparcağı barədə tövsiyələr verilir. Bunlar elə həyəcanlı hadisələrdir ki, yaddaşlara yazılır. Bizim ailədə də indi belə bir ab-hava var.
Nəvəm Səid ilk dəfə məktəbə qədəm qoymağa hazırlaşır. Həmin günü hamımız səbirsizliklə gözləyirik, ona məsləhətlər verir, hər bir detalı müzakirə edirik. Və hər dəfə onun məktəbə necə hazırlaşdığına diqqət yetirəndə öz uşaqlığım yadıma düşür. Xoş xatirələrlə yanaşı qəlbimi bir az da həyəcan bürüyür: görəsən, Səid məktəb həyatına nə qədər tez alışa biləcək? Axı qarşıda onu qarşıda mühüm bir mərhələ gözləyir – ilk müstəqillik təcrübəsi, yeni biliklər, nizam-intizam, dinləmək və öyrənmək bacarığı.
Mənim üçün bir baba kimi bu hadisənin xüsusi mənası var. Onu körpə ikən qucağıma sıxdığım elə bil dünən olub, bu gün isə məktəbli geyimində, çiynində çantası, parıldayan gözlərində eyni zamanda həm qətiyyət, həm də utancaqlıq oxunan baxışları… Belə anlarda qəlbim sevinc və qürur hissi ilə dolur. Məktəbimi, müəllimlərimi xatırlayıram və anlayıram ki, çox şey dəyişib, amma təhsilin gücünə inam dəyişməz olaraq qalır. Uşaqlar üçün uğura və layiqli həyata yol açan təhsildir.
İstəyirəm ki, Səid maraqla, sevinclə oxusun, hər səhər məktəbə həvəslə getsin, qazandığı uğurlar onun özünə inamını gücləndirsin. İnanıram ki, o, uğur qazanacaq, qarşıda böyük nailiyyətləri var və hər bir zəhmətin qarşılığı alınacaq. Mənim üçün uşaqlarımızın daha ağıllı, güclü və mehriban olmasını görməkdən böyük xoşbəxtlik yoxdur.
Mən təkcə ailəm üçün keçirmirəm bu hissi… Övladları Azərbaycanda və xaricdə ali məktəblərə daxil olmuş qohumlarımın, dostlarımın, iş yoldaşlarımın sevincinə ürəkdən şərikəm. Hər bir ailə üçün bu, əsl bayramdır, uzun illər çəkilən əməyin, səbir və ümidin nəticəsidir. Övladları təhsildə zirvələrə çatan hər bir valideynə, bütün nənə və babalara görə sevinirəm.
Biz – yaşlı nəsil keyfiyyətli təhsilin dəyərini bilirik. O, nəinki peşə verir, həm də insanı formalaşdırır, qarşısında yeni üfüqlər açır. Ölkəmizdə son onilliklərdə təhsilə xüsusi diqqət yetirilir. Məktəblər müasirləşir, universitetlər dünya səviyyəli mütəxəssislər hazırlayır, Azərbaycan övladları gələcəyə qürurla baxırlar.
İnanıram ki, nəvəm Səid də bu işıqlı gələcəyin bir parçası olacaq, vətəninə layiqli vətəndaş kimi yetişəcək.
Uca Allah bütün övladlarımızı və nəvələrimizi qorusun, onlara can sağlığı, zəhmət, ağıl, elm həvəsi nəsib etsin.
Bilik gününüz mübarək!
Azər Əsgərov,
birinci sinif şagirdinin babası