
Azərbaycan xalqının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük Vətən Müharibəsində parlaq qələbə qazandığı o tarixi günlərdən 5 il keçir. Otuz ilə yaxın haqq-ədalət gözləntisindən sonra əldə edilən bu qələbə xalqımız üçün tarixi həqiqətin, milli ləyaqətin, ədalətin bərpasının rəmzinə çevrilib.
Azərbaycan 30 ilə yaxın səbirlə gözlədi ki, beynəlxalq ictimaiyyət torpaqlarımızın işğalına reaksiya versin, bir milyon qaçqın və məcburi köçkünə qarşı ədalətsizliyin miqyasını tanısın.
Lakin vaxt ötür, BMT-nin qətnamələri kağız üzərində qalır, təcavüzkar işğal olunmuş ərazilərdə möhkəmlənməkdə davam edirdi. Xalqın səbri tükəndikdə isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın növbəti təxribatına adekvat, qanuni və ədalətli cavab verməklə işğal olunmuş torpaqları azad etmək barədə yeganə düzgün tarixi qərar verdi.
Bu müharibə Azərbaycan üçün əsl Vətən Müharibəsi oldu. 44 gün ərzində, faktiki olaraq, heç bir ailə bu tarixi hadisədən kənarda qalmadı. Bütün xalq cəbhə ilə nəfəs alır, oradan gələn məlumatları gözləyir, qələbələrə sevinir, şəhid olanlara yas saxlayırdı. Həmin günlərdə Azərbaycan vahid bir orqanizmə çevrilmişdi, hər kəs Vətənin taleyi üçün şəxsi məsuliyyət hiss edirdi.
Bizim şirkətin də kollektivi baş verən hadisələrdən kənarda deyildi. Ali Baş Komandan Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etmək üçün hərbi əks-hücum əməliyyatlarına başlandığını elan edəndə, xalqımızın bütün övladları kimi, əməkdaşlarımız da bu xəbəri böyük ruh yüksəkliyi və qürur hissi ilə qarşıladılar. Hamı başa düşürdü ki, Vətənin taleyinin həll olunacağı saat yetişib və ona görə də daha da böyük əzmlə, dərin möhkəm birlik və məsuliyyət hissi ilə çalışırdılar.
Ofisimizdə xüsusi bir qərargah yaratmışdıq, burada hər gün cəbhədən gələn son xəbərlər birlikdə müzakirə edir, əsgərlərə hər cür köməklik göstərmək, xəstəxanalarda yaralılara baş çəkmək, şəhidlərimizin dəfn mərasimlərində iştirak etmək barədə qərarlar qəbul edirdik. Komandamızın kişi üzvlərindən hər biri Azərbaycan bayrağını başı üzərinə qaldıraraq, vətənin müdafiəsinə yollanmağa hazır idi. Əlliyə yaxın əməkdaşımız Azərbaycan Silahlı Qüvvələri sıralarına çağırılmışdı. Onlardan iki nəfəri öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirərək döyüş meydanında qəhrəmancasına şəhid oldu, adlarını ölməz Qələbə salnaməsinə həkk etdi. Bu gün kollektivimizdə Qarabağ müharibəsinin qırx beş veteranı – həmin qəhrəmanlıq günlərinin canlı şahidləri və iştirakçıları çalışır. Biz şəhid iş yoldaşlarımızın xatirəsini dərin minnətdarlıq hissi ilə yad edirik.
Qələbə təkcə Azərbaycanın taleyini deyil, həm də bütün regionun geosiyasi xəritəsini dəyişdi. Azərbaycan dəstək gözləyən ölkədən öz strateji vəzifələrini müstəqil həll etməyə, öz maraqlarını qorumağa, sülh şərtlərini diktə etməyə qadir dövlətə çevrildi. Azərbaycanın güc, qətiyyət, ədalət, humanizm nümunəsi kimi dünya miqyasında imici möhkəmləndi.
Bu gün ölkəmizdən Cənubi Qafqazda sabitlik və əmin-amanlıq amili kimi hörmətlə danışılır, Azərbaycanın adı quruculuq, inam, ədalətlə assosiasiya olunur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin təkcə hərbi qələbənin qazanılmasında deyil, həm də azad edilmiş torpaqların bərpasının yeni modelinin yaradılmasında əvəzsiz rolu vardır. Son beş ildə Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanına çevrilib. Erməni işğalı nəticəsində dağıdılmış şəhər və kəndlərin yerində müasir şəhərlər, yollar, hava limanları, elektrik xətləri, zavodlar tikilir. Bu gün həmin ərazilərdə 60 mindən çox insan işləyir, yeni həyatlar qurur. Şuşa, Füzuli, Zəngilan, Ağdam, Laçın, Kəlbəcər, Cəbrayıl – Azərbaycanın dirçəlişinin, yeni dövrün simvoluna çevrilmiş şəhərlər yenidən canlanırlar.
Azərbaycan heç vaxt yad torpaqlara iddialı olmayıb. Lakin özününkünü də heç kimə verməz – bu, xalqımızın və ölkə rəhbərliyinin qəti mövqeyidir. 2020-ci ildəki Qələbə – xalqın iradəsi və rəhbərliyin müdrikliyi sayəsində ədalət və cəsarətin həmişə qalib gəldiyinin inandırıcı sübutu oldu.
Qələbədən sonrakı beş il qisas yox, yaradıcılıq dövrü olub. Azərbaycan regionun bütün ölkələri, o cümlədən Ermənistanla mehriban qonşuluq və əməkdaşlığa yönəlmiş ardıcıl siyasət yürüdür. Biz bütün dünyaya sübut etdik: Azərbaycanın münaqişəyə ehtiyacı yoxdur; onun davamlı, ədalətli və qarşılıqlı faydalı sülhə ehtiyacı var. Bu Qələbə, sadəcə, hərbi zəfər deyil. Bu, bir xalqın mənəvi dirçəlişi, onun gücünün və birliyinin simvoludur.
Şəhidlərimizin xatirəsi önündə baş əyir, qazilərimizə təşəkkür edir, Azərbaycan xalqının Qarabağı geri qaytarmaq kimi çoxəsrlik arzusunun gerçəkləşdiyi bir dövrdə yaşamaqdan qürur duyuruq.
Qələbənin beş ili yeni imkanların, inamın və yaradıcılığın beş ilidir. Qəhrəmanlıqla başlayıb zəfərlə bitən bu yol, qoy, həmişə davamlı olsun!
Azər Əsgərov

 English 
 Azərbaycan 
 Русский 


