Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan cüdo məktəbinin daxili potensialını, zəngin ənənələrini və beynəlxalq arenadakı gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Dünyanın 58 ölkəsindən 454 ən güclü cüdoçunun tatamiyə çıxdığı bu nüfuzlu yarışda milli komandamızın 1 qızıl və 3 bürünc medal qazanması, həmçinin kişilər arasında komanda hesabında dünya üçüncüsü olması təsadüfi deyil. Mən cüdoçularımızın əvvəlki uğurları haqqında rəy bildirəndə dəfələrlə qeyd etmişəm ki, bu nailiyyətlər Azərbaycan Cüdo Federasiyasında aparılan sistemli, peşəkar və məqsədyönlü işin məntiqi nəticəsidir.
Yaponiya, Cənubi Koreya, Rusiya, Gürcüstan və İtaliya kimi dünya cüdosunun flaqmanlarının iştirak etdiyi belə bir gərgin rəqabət mühitində qazanılan hər bir mükafat xüsusi çəkiyə malikdir və yüksək qiymətləndirilməlidir.
Ulan-Bator turnirində komandamıza qızıl medal qazandıran Balabəy Ağayevin milli cüdomuzda sanballı yer tutduğunu xüsusi qeyd etmək istərdim. Bu, onun cari ildəki “Böyük Dəbilqə” turnirlərində artıq üçüncü medalıdır. Medallardan ikisi qızıl, biri gümüş olmaqla Balabəyin öz çəkisində (-60) dünya cüdosunun elitasında yer tutduğunu göstərir.
Bizim “Judo Club 2012”nin üzvləri olan Zelim Kotsoyev (-100 kq) və Murad Fətiyev (-90 kq) Ulan-Batorda qazandıqları bürünc medallarla yığma komandamızın reytinqinin yüksəlməsinə öz töhfələrini veriblər. Klubun təsisçisi kimi, bu şəxsən məni qürurlandırır və fərəhləndirir. Turnirin daha bir bürünc mükafatçısının – Nizami İmranovun (-66 kq) isə Azərbaycan cüdosunda sağlam rəqabət mühitində yetişən gənc nəslin nümayəndəsi olması təqdirəlayiq haldır.
Medalın bir addımlığında dayanan, lakin lisenziya xalları baxımından mühüm reytinq qazanan Əhməd Yusifov, Kənan Nəsibov (5-ci yer) və Ruslan Paşayevin (7-ci yer) çıxışları da gələcək böyük qələbələrin mühüm zəminidir.
Ulan-Bator turnirinin bir mühüm cəhəti də onun yeni Olimpiya təsnifat dövrünün ilk yarışlarından biri olmasıdır. Burada qazanılan uğurlar Azərbaycan cüdo yığmasının Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında ən yüksək hədəflərə çatmaq istəyini nümayiş etdirir. Yeni Olimpiya tsiklinə 4 medalla başlamaqla komandamız doğru yolda olduğunu göstərir.
Bir məsələni isə qeyd etməyi vacib sayıram: Olimpiya, dünya və dördqat Avropa çempionumuz Hidayət Heydərovun çəki ilə bağlı yaranmış xırda problem səbəbindən bu dəfə tatamiyə çıxa bilməməsi təəssüf doğurur. Lakin mən şəxsən onun peşəkarlığına, sarsılmaz xarakterinə və qələbə əzminə bələdəm və inanıraam ki, Hidayət yaxın gələcəkdə daha güclü şəkildə geri dönəcək və bizi yenidən sevindirəcəkdir.
Ulan-Bator turniri göstərdi ki, cüdoçularımız estafeti layiqincə davam etdirirlər və onların gələcəyinə böyük nikbinliklə baxmağa əsasımız var. Azərbaycan Cüdo Veteranları Assosiasiyası adından və şəxsən öz adımdan bu möhtəşəm uğur münasibətilə bütün medalçılarımızı, fədakar məşqçilər korpusunu, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyini və bütövlükdə böyük cüdo ailəmizi ürəkdən təbrik edirəm!
Azər Əsgərov

English
Azərbaycan
Русский 


