Sentyabr ayı həmişə evlərə xüsusi bir canlanma gətirir. 15 sentyabr – Bilik Günü və yeni dərs ilinin başlanması ərəfəsində minlərlə ailənin qayğıları artır. Birinci sinifə gedəcək uşaqların məktəb hazırlıqları tamamlanır: geyimləri, dərs ləvazimatları alınır, hər birinə ilk günlər məktəbdə, dərsdə özünü necə aparcağı barədə tövsiyələr verilir. Bunlar elə həyəcanlı hadisələrdir ki, yaddaşlara yazılır. Bizim ailədə də indi belə bir ab-hava var.
Nəvəm Səid ilk dəfə məktəbə qədəm qoymağa hazırlaşır. Həmin günü hamımız səbirsizliklə gözləyirik, ona məsləhətlər verir, hər bir detalı müzakirə edirik. Və hər dəfə onun məktəbə necə hazırlaşdığına diqqət yetirəndə öz uşaqlığım yadıma düşür. Xoş xatirələrlə yanaşı qəlbimi bir az da həyəcan bürüyür: görəsən, Səid məktəb həyatına nə qədər tez alışa biləcək? Axı qarşıda onu qarşıda mühüm bir mərhələ gözləyir – ilk müstəqillik təcrübəsi, yeni biliklər, nizam-intizam, dinləmək və öyrənmək bacarığı.
Mənim üçün bir baba kimi bu hadisənin xüsusi mənası var. Onu körpə ikən qucağıma sıxdığım elə bil dünən olub, bu gün isə məktəbli geyimində, çiynində çantası, parıldayan gözlərində eyni zamanda həm qətiyyət, həm də utancaqlıq oxunan baxışları… Belə anlarda qəlbim sevinc və qürur hissi ilə dolur. Məktəbimi, müəllimlərimi xatırlayıram və anlayıram ki, çox şey dəyişib, amma təhsilin gücünə inam dəyişməz olaraq qalır. Uşaqlar üçün uğura və layiqli həyata yol açan təhsildir.
İstəyirəm ki, Səid maraqla, sevinclə oxusun, hər səhər məktəbə həvəslə getsin, qazandığı uğurlar onun özünə inamını gücləndirsin. İnanıram ki, o, uğur qazanacaq, qarşıda böyük nailiyyətləri var və hər bir zəhmətin qarşılığı alınacaq. Mənim üçün uşaqlarımızın daha ağıllı, güclü və mehriban olmasını görməkdən böyük xoşbəxtlik yoxdur.
Mən təkcə ailəm üçün keçirmirəm bu hissi… Övladları Azərbaycanda və xaricdə ali məktəblərə daxil olmuş qohumlarımın, dostlarımın, iş yoldaşlarımın sevincinə ürəkdən şərikəm. Hər bir ailə üçün bu, əsl bayramdır, uzun illər çəkilən əməyin, səbir və ümidin nəticəsidir. Övladları təhsildə zirvələrə çatan hər bir valideynə, bütün nənə və babalara görə sevinirəm.
Biz – yaşlı nəsil keyfiyyətli təhsilin dəyərini bilirik. O, nəinki peşə verir, həm də insanı formalaşdırır, qarşısında yeni üfüqlər açır. Ölkəmizdə son onilliklərdə təhsilə xüsusi diqqət yetirilir. Məktəblər müasirləşir, universitetlər dünya səviyyəli mütəxəssislər hazırlayır, Azərbaycan övladları gələcəyə qürurla baxırlar.
İnanıram ki, nəvəm Səid də bu işıqlı gələcəyin bir parçası olacaq, vətəninə layiqli vətəndaş kimi yetişəcək.
Uca Allah bütün övladlarımızı və nəvələrimizi qorusun, onlara can sağlığı, zəhmət, ağıl, elm həvəsi nəsib etsin.
Bilik gününüz mübarək!
Azər Əsgərov,
birinci sinif şagirdinin babası
Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilib.
“Report” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələri nümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir.
Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Neftçilər prospekti – Ağ Şəhər bulvarı – Heydər Əliyev Mərkəzi – Heydər Əliyev prospekti – Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar yaşadıb. Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi ovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq doğurur.
Yürüşün sonunda Binə Atçılıq Mərkəzində sərgi təşkil olunub. Daha sonra başlayan tədbirdə Azərbaycan Avtomobil Federasiyası və Azərbaycan Respublikası Atçılıq Federasiyasının fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Beynəlxalq Avtomobil Federasiyasının tamhüquqlu üzvü olan AAF avtomobil idmanının inkişafı, yol hərəkəti təhlükəsizliyi və avtomobil irsinin təbliği istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirir. Bu fəaliyyətlər sırasında avtoidman yarışları, sürət festivalları, drift və yolsuzluq yürüşləri, klassik avtomobil sərgiləri xüsusi yer tutur. Federasiyanın təşəbbüsləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. 2024-cü ildə Kiqalidə keçirilən FIA mükafatlandırma mərasimində AAF “Klassik avtomobillər” sərgisinə görə “İrsin Təbliği Kubokuna” layiq görülüb.
ARAF isə bu illər ərzində, həmçinin Qarabağ atlarının qorunması, beynəlxalq tədbirlərdə tanıdılması istiqamətində mühüm işlər görüb. Bu ilin may ayında Qarabağ atları artıq 9-cu dəfə İngiltərədə Vindsor Kral Atçılıq Şousunda, İstanbulda keçirilən Etnosport Mədəniyyət Festivalında möhtəşəm çıxış edib və tamaşaçıların böyük rəğbətini qazanıb. Eyni zamanda, çövkən oyunu artıq dünya miqyasında tanıdılaraq beynəlxalq yarışlara çıxarılıb. Sonra tamaşaçılara Qarabağ atlarının füsunkar çıxışı – “Zəfər” proqramı təqdim edilib. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan – çövkən oyunu barədə videoçarx təqdim olunub. 2013-cü ildə UNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən milli atüstü oyun növü-çövkən təkcə idman növü deyil, həm də zəngin mədəni irsdir. Qeyd edək ki, gələn il Bakıda 2-ci Çövkən üzrə Dünya Çempionatı baş tutacaq. Tədbir Azərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu ilə davam edib. Oyun idmanın dostluq və əməkdaşlıq missiyasını əks etdirib. Çövkən oyunu Azərbaycan komandasının 2:1 hesabı ilə qalib gəlməsi ilə nəticələnib.
Eyni zamanda tədbirdə “Ən yaxşı qadın süvari”, “Ən yaxşı kişi süvari” və “Ən unikal avtomobil”, “Ən orijinal avtomobil”, “Ən əfsanəvi avtomobil”, “Ən qədim avtomobil”, “1950–1960-cı illərin ən fərqli avtomobili”, “1970-1980-ci illərin ən fərqli avtomobili”nin sürücüləri təltif edilib. Həmin axşam yalnız idmançı və sürücülər deyil, həm də rəngarəng retro geyimi ilə seçilən qonaqlar mükafatlandırılıb. “Ən rəngarəng retro geyimli” üç qalib təltif edilib. Gecə konsert proqramı ilə davam edib.
P.S. Bu avtomobil şousunda ənənəvi olaraq “Azman Motors” şirkətinin 13 retro avtomobili iştirak edib və bu avtomobillər həm mütəxəssislərin, həm də motosport həvəskarlarının diqqətini cəlb edib. Xüsusi qeyd edilməlidir ki, “Azman Motors” kolleksiyasından olan iki avtomobil xüsusi mükafatlara layiq görülüb: 1957-ci il istehsalı olan Mercedes Benz SL 190 “1950–1960-cı illərin ən fərqli avtomobili” adına, 1961-ci il istehsalı Mercedes Benz Adenauer W189 isə “Ən əfsanəvi avtomobil” adına layiq görülüb. Bu nadir modellər yalnız dizaynları ilə deyil, həm də zəngin tarixi ilə seçilirlər.
Tədbir gözəl təşkil olunmuş və paytaxtın ictimaiyyətində böyük maraq doğurub.
26 İyun – şanlı Azərbaycan Ordusunun yaranması günü xalqımızın və müstəqil dövlətimizin həyatında ən əlamətdar günlərdəndir. Ata-babalarımız, əcdadlarımız öz döyüşkənlikləri ilə tarixdə iz qoyub, zəngin qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycan Silahlı Qüvvələri bur bu dəyərli irsi yaşadır və daha da zənginləşdirir.
Torpaqlarımızın müvəqqəti işğalda olduğu dövrdə nigaran idik. Düşmənə qalib gələ biləcəyikmi, torpaqlarımızı azad edə biləcəyikmi? 2016-cı ilin Aprelində ordumuzun göstərdiyi rəşadət bu suallara nikbin cavab oldu. Dövlətimizin rəhbərliyini diqqəti və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinə çatdığını gördük. Qəlbən qürurlandıq, böyük inam hissi növbəti qələbələri gözlədik Və nəhayət, 2020-ci il sentyabrın 27-də başlanan və cəmi 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatan Vətən müharibəsində ordumuz öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. 2023-cü ilin sentyabrında isə, heç bir sutka da çəkməyən antiterror əməliyyatı ilə, Qarabağın bütün ərazisində dövlətimizin suverenliyi bərpa olundu. Erməni separatizmi kökündən qoparılıb tarixin zibilliyinə atıldı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik istedadı, rəşadətli Silahlıq Qüvvələrimizin əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı xalqımıza Zəfər sevinci yaşatdı, bizi dünyada qalib xalq kimi şöhrətləndirdi.
Bu gün biz Vətənimizin şərəfi, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik. Sağlamlığını itirmiş qazilərimiz, od-alovdan çıxmış veteranlarımız bizim üçün çox dəyərlidirlər. Hər zaman onlara və şəhid ailələrinə dəstək olmağı özümüzə borc bilirik.
Dünyada narahatlıqlar artır, müharibələr dayanmır, bölgəmizin yaxınlığında dəhşətli silahlar atəş yağıdırır… Belə bir vaxtda Azərbaycan Ordusunun daim güclü və ayıq-sayıq olması bizə güvən verir, sabahkı günə inamla baxmağımıza əsas yaradır.
Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, rəşadətli əsgər və zabitlərimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm! Sizinlə fəxr edirik və hər birinizə möhkəm cansağlığı, tükənməz döyüş ruhu arzulayıram!
Azər ƏSGƏROV
Müsəlman aləminin ən müqəddəs bayramlarından olan Qurban bayramını qarşılayırıq… Mənəvi birliyin və həmrəyliyin rəmzi olan bu mübarək günlərdə ibadət və dualarımızda uca Tanrıdan hər bir ailəyə xeyir-bərəkət, xalqımıza firavanlıq, dövlətimizə güc-qüdrət diləyirik.
Ölkəmizdə İslam dəyərlərinə və ənənlərinə tarixən böyük ehtiram və sədaqət göstərilib. Müstəqillik illərində köhnə məscidlərimiz təmir olunub, yeniləri inşa edilib. Milli birliyimiz və həmrəyliyimiz sayəsində işğaldan azad edilmiş torpaqlarımızda dövlətimizin başçısının göstərişi, Heydər Əliyev Fondunun dəstəyi ilə dini abidələrin bərpasına xüsusi diqqət yetirilir, yen məscidlər tikilib dindarlarımızın ixtiyarına verilir.
Qurban bayramı mənəvi ibadətdir, Allaha şükür etmək, insanlara yardım və xeyirxahlıq göstərmək kimi fəzilətləri əks etdirir. Bu fəzilətlər hər bir müsəlmanın həyatını rövnəqləndirir, onların icrası hər bir kəsə savab qazandırır, ruzi-bərəkət yolu açır.
Bu mübarək bayramda kəsilən qurbanların qəbul olunması, bütün xeyirli niyyətlərin gerçəkləşməsi üçün dualar edək!
Qurban bayramınız mübarək olsun!
Azər Əsgərov
Bahar təravətli may ayındayıq… Təbiət təkrarolunmaz gözəlliyi ilə könül açır, göz oxşayır. Təmiz hava, quşların səsi, gül-çiçək ətri hər kəsdə xoş duyğular, sevinc hissi doğurur. Bizim üçün may həm də üç mühüm tarixi hadisə ilə əlamətdardır. Belə ki, 9 May – Faşizm üzərində Qələbə Günüdür. Bu il Qələbənin 80-ci ildönümü qeyd olunacaq. 10 May xalqımız üçün xüsusilə əlamətdardır gündür – Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mayın 28-də isə milli dövlətçilik tariximizin şanlı bayramını – Müstəqillik Gününü qeyd edəcəyik…
9 May – Qələbə Günü səksən il sonra da öz əhəmiyyətini itirməyib. Keçmiş sovetlər birliyinin bütün xalqları kimi bizim üçün də bu, ata-babalarımızın hünər və qəhrəmanlığını rəmzləşdirən bir bayramdır. Faşizm üzərində qələbənin əldə olunması üçün Azərbaycanın oğul və qızlarının göstərdikləri fədakarlıqdan başqa, Bakı neftinin də həlledici rol oynadığı tarixi bir həqiqətdir.
Mən bizə 9 Mayı unutdurmaq, bu bayramı Azərbaycanın təqvimindən çıxarmaq cəhdlərini də yaxşı xatırlayıram. Yalnız Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışı nəticəsində bu cəhdin qarşısı alındı. Xalqımızın dahi oğlu, müstəqil dövlətimizin qurucusu şərəfli keçmişimizə ehtiramı yenidən milli dəyərlər sisteminə qaytardı. Azərbaycanın tarixi taleyində Ulu Öndərin müstəsna yeri var: müasir dövlətimizin banisi və qurucusu kimi onun adı xalqımızın yaddaşına əbədi həkk olunub. Müstəqilliyin bərpası ərəfəsində və sonrakı bir neçə ildə ölkəmizdə yaşanan ağır günlər xatirimdədir. 1993-cü il 15 iyunda yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər öz polad iradəsi, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı parçalanmaqdan, dövlətçiliyimizi süquta uğramaqdan xilas etdi, bu günkü inkişaf və qələbələrimizin təməlini qoydu. Onun müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrü həm canlı şahid, həm də dünyagörüşü, gələcəyə baxışı məhz o illərdə formalaşan bir insan və vətəndaş kimi daim qürur və minnətdarlıq hissi ilə yada salıram. Milyonlarla həmvətənimiz kimi mən də əminəm ki, Ulu Öndər Heydər Əliyev bizə lazım olan bir anda tarixin və tanrının göndərdiyi əvəzsiz lider, misilsiz şəxsiyyət idi. O, Azərbaycanın həm müstəqilliyini qoruyub möhkəmləndirdi, həm də gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Bu gün Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev uğurla davam etdirir, xalqımızın ümid və etimadını doğruldur. Cənab Prezident bizə uzun illər qeyri-mümkün görünən işlərin öhdəsindən gəlməyi bacardı: onun rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistanın işğal etdiyi bütün tarixi torpaqları azad etdi və bu gün ölkəni bütün sahələrdə inamla yeni zirvələrə aparır.
9 May Qələbə Günümüz mübarək olsun!
10 May – bizə müstəqil Azərbaycanı və gələcək günlərə inam bəxş etmiş Ulu Öndər Heydər Əliyevi rəhmətlə anır, xatirəsini ehtiramla yad edirik.
Hər il belə əlamətdar günlərdə biz güclü, qüdrətli, müstəqil ölkədə yaşamağın necə böyük xoşbəxtlik olduğunu bir daha dərindən dərk edirik. Bu xoşbəxtliyi mən mayın əlamətdar günlərinə əlavə edəcəyim özəl gündə – mayın 29-da, öz ad günümdə xüsusilə qəlbən duyuram. Yaşasın, güclü və qalib Azərbaycan!
Azər Əsgərov
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəsində tarixi dönüş nöqtəsi olan 2016-cı ilin Aprel döyüşlərinin – dörd günlük müharibənin başlanmasından 9 il keçir. Bu müharibədə Azərbaycan Ordusu öz qüdrətini, qətiyyətini, yüksək döyüş ruhunu nümayiş etdirərək, Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzliyi” barədə mifi dağıdıb, torpaqlarımızın bir hissəsini 23 illik işğaldan azad etdi.
Aprel döyüşlərinin nəticələri Azərbaycan cəmiyyətində belə bir güclü inam formalaşdırdı ki, dövlətimizin başçısının siyasi səyləri uğurla nəticələnməsə, torpaqlarımız işğaldan güc yolu ilə azad edilə bilər. Hünərvər hərbçilərimizin 2016-cı ildəki Zəfəri göstərdi ki, erməni işğalı əbədi deyil və Azərbaycan öz gücü ilə ədaləti bərpa etməyə qadirdir.
Bu hərbi əməliyyatın uğurla həyata keçirilməsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin titanik səylərini və xidmətlərini bir daha xüsusi qeyd etmək istərdim. Onun rəhbərliyi ilə aydın, əlaqələndirilmiş hərbi əməliyyat həyata keçirilməklə yanaşı, münaqişənin səbəbləri, hərbi əməliyyatların gedişi və Azərbaycan torpaqlarının işğalının nəticələri barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmiş güclü informasiya işi aparıldı.
Aprel döyüşləri Azərbaycanın, nəhayət, öz ərazi bütövlüyünü bərpa etdiyi 2020-ci ilin 44 günlük Vətən Müharibəsində Böyük Qələbəyə yol açan mühüm mərhələ oldu.
Vətən uğrunda canlarından keçmiş şəhidlərin mübarək xatirəsi qarşısında baş əyirik! Qəhrəmanlarımıza əbədi eşq olsun! Yaşasın güclü və yenilməz Azərbaycan!
Azər Əsgərov
Mübarək Ramazan ayı başa çatdı. Bu ayın fəzilətlərindən bəhrələnən müsəlman qardaş və bacılarımız gözəl niyyətlərlə oruc tutub, namaz qılıb, dualar edib Allahın dərgahında savab qazandılar. Bu gün hamımız könül xoşluğu ilə Ramazan bayramını qeyd edirik.
Müqəddəs kitabımız Qurani-Kərimin çağırışına uyğun olaraq, daim birlik və həmrəylik içərizində yaşamalı, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməli, ölkəmizin inkişafına töhfələr verməliyik.
Bu bayram günündə şəhidlərimizi, dünyadan köçmüş əzizlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
Bayramınlz mübarək, əziz dostlar! Allah-təala oruc, namaz və dualarınızı qəbul etsin, hər evə öz bərəkəti ilə rifah gətirsin, hər birinizə sağlam ömür versin! Ramazanın qəlbimizi və şüurmuzı nurlandıran hikmətləri, şəfqət və mərhəmət duyğuları daim bizimlə olsun!
Azər Əsgərov
Xalqımızın zəngin tarixi ənələrinə söykənən əziz Novruz bayramını yenə könül xoşluğu, ruh yüksəkliyi ilə qarşılayırıq. Qalib dövlətin vətəndaşları kimi qürurluyuq! Azad eilmiş torpaqlarımız dirçəlir, yeni şəhərlər, kəndlər salınır, məcburi köçkünlüyü başa çatan həmvətənlərimiz doğma yurd yerlərinə qayıdırlar, ölkəmizin hər bir guşəsində quruculuq işləri gedir. Bu nailiyyətlərin təməlində bizim milli biriyimiz, dövlətimizin gücü, qüdrəti dayanır.
Vətənimizin azadlığı uğrunda canını fəda edən qəhrəman şəjidlərimizin xatirəsini bu mübarək gündə ehtiramla yad edirik. Onların ailələrinə səbir, qazilərimizə şəfa diləyirik.
Novruzun bu il müqəddəs Ramazan ayına təsadüf etməsi onun mərhəmət və xeyirxahlıq ruhunu da qüvvətləndirir. Allah mömin qardaş-bacılarımızın oruc, namaz, dualarını qəbul etsin.
Hamını Novruz bayramı münadibətilə təbrik edir, hər evə, hər ailəyə xeyir-bərəkət, xoş və mənalı günlər, sağlam həyat arzulayıran!
Bayramınız mübarək!
Azər Əsgərov
…ailə səadətinin sarsılmaz təməlidir
Nə yaxşı ki, belə xüsusi bir gün var! 8 Martda – ənənəvi olaraq, bəşərin ən zərif qisminə – ailə üzvlərimiz, həmkarlarımız, dostlarımız olan qadınlara hörmət və ehtiramımızı bir daha ifadə etmək fürsəti yaranır. Bəzən bunun üçün, sadəcə, səmimi və xoş sözlər də kifayət edir.
Ta qədim dövrlərdən xalqımızda qadınlara hörmət və nəzakət göstərmək ənənəsi vardır. Xüsusən, müqəddəs İslam dinimiz qadına yüksək dəyər və səlahiyyətlər verir, onların hüquqlarının qoruyur. Üstəlik, Azərbaycan hələ ötən əsrin əvvəlində Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət kimi adını tarixə yazdırıb. Bu gün də cəmiyyətmizdə qadınlar xüsusi diqqət və qayğı ilə əhatə olunublar.
Mən də bu əsrarəngiz bahar günündə ətrafımızdakı bütün qadınlara ən səmimi minnətdarlığımı və heyranlığımı çatdırmaq istəyirəm. Siz – Azərbaycan ailəsinin qəlbi və ruhusunuz, ocağımızın qoruyucularısınız. Sizin müdrikliyiniz, sevginiz və səbriniz evimizi, mədəniyyətimizi, gələcəyimizi qoruyan güclü bir təməldir.
Dünyaya gəldiyimiz gündən analarımızın isti nəfəsini duymuşuq. Onların duası, məsləhəti, tükənməz qayğısı hər bir ailənin rifahını təmin edən möhkəm bünövrədir. Analar – nəsilləri birləşdirən bağdır. Adət-ənənələri qorumaq, qonaqpərvərliyimizin sirlərini, əcdadlarımızın müdrikliyini nəsillərdən-nəsillərə ötürmək bacarığı onları xalqımızın həqiqi qəhrəmanlarına çevirir.
Azərbaycan kişisinin taleyində həyat yoldaşının rolu əvəzsizdir. Onlar təkcə sevimli ömür-gün yoldaşı deyil, həm də məsləkdaşdırlar, çətin anlarda bir-birinin dayağı, xoşbəxt günlərdə sevinc mənbəyidirlər. Həyat yoldaşımızın yanında biz irəli getmək üçün özümüzdə güc tapırıq, çünki bilirik, evdə bizi anlayış, rahatlıq və dəstək gözləyir.
Bacılar, qızlar və nəvələr… Siz – bizim qürurumuz və ümidimizsiniz. Sizin təbəssümünüzdə gələcəyimiz əks olunur. Siz müasirliklə minillik dəyərləri birləşdirməyi bacarırsınız və köklərinizə sadiq qalırsınız. Sizin enerjiniz, zəkanız və xeyirxahlığınız bizi hər gün daha yaxşı olmağa ruhlandırır.
Bizim ənənələrimizdə qadın həmişə xüsusi yer tutub – o, gözəlliyin, nəcibliyin, sədaqətin və yaradıcılığın simvoludur. Öz zəhmətiniz, ürək genişliyiniz və sədaqətinizlə dünyamızı daha mehriban, həyatımızı isə mənalı etdiyiniz üçün sizə minnətdarıq.
Bayramınız mübarək! Sizə möhkəm cansağlığı, xoşbəxtlik, rifah və firavanlıq arzulayırıq! Qoy ailələriniz həmişə sülh içində yaşasın, doğma Azərbaycan torpağı sizinlə fəxr etsin – biz sizinlə fəxr etdiyimiz kimi!
Azər Əsgərov
Bismillahir-rəhmanir-rəhim!
Bütün müsəlman bacı və qardaşlarımı mübarək Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm!
İnsanlara doğru yol göstərən və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən müqəddəs Quranımız məhz bu ayda nazil olub.
Duaların və əməllərin Allah-Təalanın dərgahında qəbul edildiyi Ramazan ayında oruc tutmaq fərz buyrulmuşdur. Oruc bizi həm cismən, həm də ruhən paklaşdırır, hər bir imanlı müsəlmana çoxlu savab qazandırır.
Bu gün biz Ramazanı qalib xalqın övladları kimi xoş ovqatla, qürurla qarşılayırıq. İşğaldan azad edilmiş torpaqlarımiz çiçəklənir, məcburi köçkünlüyü başa çatan həmvətənlərimiz doğma yurdlarına qayıdırlar.
Bu möhtəşəm Zəfəri və Böyük Qayıdışı biz bəxşd edən Müzəffər Ali Baş Komanda, cənab Prezident İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna minnətdarıq. Vətənimizin azadlığı, dövlətimizin suverenliyi uğrunda şahid olan qəhrəmanlarımıza Allah rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa və sağlamlıq diləyirik.
Qarşıdakı Ramazan ayında biz həm də xalqımızın əziz bayramını, təbiətin yenidən oyanışının rəmzi olan – Novruzu qeyd edəcəyik. Bu mübarək günlərdə Rəhman və Rəhim Allahdan arzumuz, istəyimiz xalqımızın sülh və firvanlıq içərisində yaşaması, dövlətimizin öz gücünü, qüdrətini daha artırmasıdır.
Allah oruc və ibadətlərimizi qəbul, dualarımızı müstəcab etsin!
Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh!
Azər Əsgərov