Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • Articles posted by arasadmin18

Author: arasadmin18

  • 0
arasadmin18
Bazar, 27 September 2026 / YAYIMLANIB MÖVQE

Müqəddəs Anım Günü

Bəzi tarixlər var ki, onların təqvimdə xüsusi yeri və mənası olur, xalqın yaddaşında əbədi yaşayır. Azərbaycan xalqı üçün altı ildir ki, 27 Sentyabr – Anım Günü məhz belə müqəddəs tarixlərdəndir. Bu gün Vətən uğrunda canından keçən qəhrəmanlarımızı dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində möhtəşəm bir Zəfər salnaməsi yazdı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi. Əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və Vətən sevgisi bu tarixi Qələbənin əsas dayaqları oldu.

Bu Zəfər yalnız hərbi qələbə deyildi. Bu, Azərbaycanın milli iradəsinin, dövlətçilik əzminin və xalq-ordu birliyinin təntənəsi idi. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq dünyanın diqqətini cəlb etdi, regionda yeni reallıqlar yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyinin tam bərpası isə Zəfərin məntiqi tamamlanması oldu.

Lakin bu Qələbənin ən ağır və ən müqəddəs qiyməti şəhidlərimiz oldular. Onların adları və xatirələri daim yaşadılır, ailələrinə davamlı olaraq diqqət və qayğı göstərilir. Şəhidlərimiz Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsində əbədi yer tutublar.

Sosial şəbəkələrdə Vətən müharibəsində, antiterror əməliyyatında hərbçilərimizin göstərdikləri şücaətləri əks etdirən videolara tez-tez baxıram. Hər dəfə həmin görüntüləri izləyəndə həm böyük qürur hissi keçirir, həm də Vətən uğrunda həyatını fəda edən gənclərimizin hünərinə heyran qalıram. Onların cəsarəti, qətiyyəti və Vətən sevgisi insanı düşünməyə vadar edir. Belə qəhrəmanları olan xalqın qarşısında heç bir çətinlik keçilməz deyil.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri də şəhidlərimizin xatirəsinə göstərilən böyük ehtiram təcəssümüdür. Dağıdılmış şəhərlərin və kəndlərin yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların salınması, insanların doğma yurdlarına qayıtması – Böyük Qayıdış Möhtəşəm Zəfərin davamı və şəhidlərimizin bizə əmanət etdiyi Vətənə sahiblənməyin əyani ifadəsidir.

Qarabağda, Şərqi Zəngəzurda hər yeni evin işığında, hər məktəbin həyətində, hər dalğalanan Azərbaycan bayrağında şəhidlərimizin müqəddəs xatirəsi yaşayır. Çünki onlar torpağı azad etməklə yanaşı, bizə böyük bir məsuliyyət də miras qoyublar – bu, Vətəni qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü şəkildə çatdırmaqdır.

27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizin qarşısında baş əyirəm.

Ruhunuz şad olsun, Vətən oğulları! Sizin qəhrəmanlığınız sayəsində Qarabağ azaddır, Azərbaycan bütövdür. Sizin əziz xatirəniz isə xalqımızın qəlbində daim yaşayacaq.

Azər Əsgərov

27 sentyabranım günü
  • 0
arasadmin18
Çərşənbə axşamı, 15 September 2026 / YAYIMLANIB MÖVQE

Budapeşt zəfəri və yeni nəslin uğurları

Son illərdə beynəlxalq miqyasda keçirilən elə bir sanballı turnir, mötəbər yarış yoxdur ki, orada Azərbaycan cüdoçuları öz parlaq qələbələri ilə bayrağımızı ucaltmasınlar, dövlətimizin idman şərəfini layiqincə qorumasınlar. Bu dayanıqlı uğurlar təsadüfi xarakter daşımır; dövlətimizin ümumən idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğının, həmçinin Azərbaycan Cüdo Federasiyasının səmərəli, sistemli və yenilikçi fəaliyyətinin məntiqi nəticəsidir. Cüdomuzun əldə etdiyi yüksək inkişaf dinamikası və ardıcıl nailiyyətlər göstərir ki, ölkəmizdə yalnız bu günün qalibləri yetişdirilmir, eyni zamanda, gələcəyin böyük zəfərlərinin də möhkəm təməli qoyulur.

Bu bariz inkişaf dinamikasının növbəti parlaq sübutu Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan “Böyük Dəbilqə” turniri oldu. Sentyabrın 11-13-də keçirilən və Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran bu mötəbər yarışda komandamız 11 çəki dərəcəsində 16 cüdoçu (12 kişi və 4 qadın) ilə təmsil olunurdu. Turnir Azərbaycan cüdocuzun zəngin potensialını və güclü ehtiyat qüvvəsini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.

Bu möhtəşəm idman yarışını Budapeştdə şəxsən izləmək və cüdoçularımızın gərgin mübarizə anlarının şahidi olmaq mənə xüsusi bir fərəh bəxş etdi. İdmançılarımızın əzmkarlığı, tatamidən yüksələn qələbə nidası, üçrəngli bayrağımızın dalğalanması bir azərbaycanlı kimi mənə sonsuz qürur hissi yaşatdı. İdmançılarımızın qələbə sevincinə elə oradaca şərik olmaq sözlə ifadə edilməsi çətin olan unudulmaz təəssürat idi. Budapeşt tatamisində yığmamızın aktivinə yazılan 1 qızıl və 2 bürünc medal isə həm fərdi ustalıq, həm də komanda ruhunun təcəssümü oldu.

Mübarizəyə 1/32 finaldan qoşulan Rəşid Məmmədəliyev (73 kq) ardıcıl altı gərgin görüşün hamısında parlaq qələbə qazandı. Finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edən Rəşid, karyerasında ilk dəfə “Böyük Dəbilqə” turnirinin çempionu adını qazandı. Əvvəllər bu seriyalı yarışlarda iki gümüş və üç bürünc medala sahib olan idmançımızın bu dəfə fəxri kürsünün ən uca pilləsinə qalxması onun tükənməz əzminin və inkişafının bariz göstəricisidir.

Turnirə 1/32 finaldan başlayan Vüsal Qələndərzadə (81 kq) üçüncü yer uğrunda həlledici görüşdə sloveniyalı Natse Herkoviçə qalib gələrək bürünc medalı boynundan asdı. Bu, gənc tatami ustasının “Böyük Dəbilqə” turnirlərində ikinci medalı oldu.

Ağır çəkidə çıxış edən Camal Qamzatxanov (+100 kq) 1/16 finaldan başladığı yarışda üçüncü yer uğrunda görüşdə ukraynalı Yakiv Xammoya təmiz qələbəylə (ippon) qalib gələrək bürünc medala sahib çıxdı. Bu nəticə Camal üçün cari mövsümdə Dünya Cüdo Turunda artıq dördüncü medal oldu – bundan əvvəl o, Daşkənd, Düşənbə “Böyük Dəbilqə”lərində və Yuxarı Avstriya Qran-Prisində də bürünc mükafat qazanmışdı.

…Budapeştdəki turnirin ən mühüm və qürurverici məqamlarından biri komanda hesabındakı üstünlüyümüz oldu. Azərbaycan kişilərdən ibarət milli komandası cüdo dünyasının nəhəngləri sayılan Yaponiya və Rusiya kimi zəngin ənənələrə malik kollektivləri geridə qoyaraq birinci yeri tutdu. Ümumi komanda hesabında isə millimiz fəxri 5-ci pillədə qərarlaşdı.

Lakin bu turnirin əsl strateji əhəmiyyəti onun nəticələrindən daha dərindədir. Əsas heyətin liderləri – Olimpiya və dünya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin zədə səbəbindən iştirak etmədiyi bir turnirdə gənc cüdoçularımızın belə yüksək səviyyəli mübarizə nümayiş etdirməsi Azərbaycan cüdo məktəbinin nə qədər sağlam təməllər üzərində qurulduğunu göstərir. Bu, milli komandamızda etibarlı ehtiyat qüvvənin formalaşdığının, varislik ənənəsinin qorunduğunun və yeni nəsil cüdoçularımızın beynəlxalq arenada öz sözlərini deməyə tam hazır olduqlarının əyani sübutudur.

Budapeşt zəfəri bu ilin oktyabrında keçiriləcək dünya çempionatı və nəhayət, Los-Anceles-2028 Olimpiadası öncəsi böyük ümid və nikbinlik yaradır. Bir daha yəqin edirik ki, məqsədyönlü idman siyasəti, peşəkar federasiya idarəçiliyi və gənclərin əzmkarlığı birləşdikdə Azərbaycan bayrağının tatamidə ucalması qanunauyğunluğa çevrilir. Cüdomuzun bu uğurlu estafeti inanırıq ki, növbəti dünya və Olimpiya zirvələrində də şərəflə davam etdiriləcəkdir.

Azər Əsgərov

 

böyük dəbilqəbudapeşt
  • 0
arasadmin18
Bazar ertəsi, 31 August 2026 / YAYIMLANIB MÖVQE

“Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.

“Azman Holdinq” şirkətindən Olimpnews.az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, idmançılar, digər tanınmış şəxslər və şəhər sakinləri iştirak ediblər.

Sərgidə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil nümayiş etdirilib.

Sərgidən sonra klassik avtomobillərin yürüşü keçirilib. Paytaxtın əsas küçə və prospektlərindən keçən retro avtomobillərin yürüşü “Sea Breeze” ərazisində başa çatıb. “Marina Bay”də təşkil olunan sərgi isə klassik avtomobillərin yaratdığı xüsusi retro ab-havası ilə yadda qalıb. Burada yürüşdə iştirak edən avtomobil sahibləri arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb. Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə seçiliblər.

Qeyd edək ki, klassik avtomobil həvəskarlarının böyük maraqla qarşıladığı sərgidə “Azman Holdinq” şirkəti özünün zəngin və eksklüziv kolleksiyası ilə diqqət mərkəzində olub. Belə ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus “Azman Motors” şirkətinin 24 avtomobili sərgidə və yürüşdə yer alıb. Tədbirin maraqlı məqamlarından biri isə cüdo ailəsinin nümayəndələrinin klassik avtomobillərlə yürüşə qatılması olub. Cüdo üzrə dünya, Avropa və Olimpiya çempionu Hidayət Heydərov, Zelim Kotsoyev, eləcə də “Judo Club 2012”nin digər üzvləri Murad Fətiyev və Aslan Kotsoyev “Azman Motors”a məxsus klassik avtomobillərlə yürüşdə iştirak ediblər.

Tədbir barədə danışan “Azman Motors”un baş direktoru Eldar Qasımov şirkətin altıncı dəfə klassik avtomobillərin sərgi və yürüşündə iştirak etdiyini bildirib: “2021-ci ildən etibarən, ardıcıl olaraq altıncı dəfədir ki, bu sərgidə iştirak edirik. Budəfəki sərgidə təqdim etdiyimiz ən yaşlı avtomobil 1956-cı il, ən gənc avtomobil isə 1986-cı il istehsalıdır. Bu ilki sərgidə 24 avtomobillə təmsil olunduq. Ümumilikdə şirkət hər il belə tədbirlərə böyük kolleksiya ilə qatılır. Kolleksiyamızda eksklüziv və individual modellər olduğu üçün hər il sərgidə iştirak etmək üçün dəvət alırıq. Bu il “Azman Motors” klassik avtomobil dünyasının nüfuzlu markaları ilə tədbirdə təmsil olunub. “Mercedes”, “Jaguar”, BMW, “Ford Mustang” kimi maraqlı retro avtomobillərimizlə sərgidə və yürüşdə iştirak etdik. Mənə xoşdur ki, hər il belə möhtəşəm tədbir keçirilir və biz də öz kolleksiyamızı avtomobil həvəskarlarına nümayiş etdirmək imkanı əldə edirik”.

Qeyd edək ki, klassik avtomobillərin sərgisi və yürüşü şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, “Azman Motors” şirkəti 2025-ci ildə klassik avtomobillərin sərgisi və yürüşündə “At gücü”, 2026-cı ildə isə “Zaman kapsulu” nominasiyaları üzrə qalib elan olunaraq sertifikatla təltif edilib.

Mənbə:  https://olimpnews.az/post/43181/azman-motors-sirketi-klassik-avtomobillerin-yurusu-ve-sergisinde-zengin-kolleksiyasi-ile-diqqet-cekib

https://azmanholding.az/news/84

https://www.judoclub2012.az/category/testxeberler21549721022/azman-motors-sirketi-klassik-avtomobillerin-yurusu-ve-sergisinde-zengin-kolleksiyasi-ile-diqqet-cekib-2026-08-31-133655

https://azertag.az/xeber/heydar_aliyev_fondunun_vitse_prezidenti_leyla_aliyeva_ve_arzu_aliyeva_klassik_avtomobillerin_yurusu_ve_sergisini_izleyibler-4389249

 

  • 0
arasadmin18
Bazar ertəsi, 31 August 2026 / YAYIMLANIB MÖVQE, TƏDBİRLƏR

Klassik avtomobillərin paradı: tarixin, mədəniyyətin və idman ruhunun təntənəsi

Avqustun 30-da paytaxtımız növbəti dəfə möhtəşəm və unudulmaz bir kütləvi-mədəni tədbirə ev sahibliyi etdi. Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən klassik avtomobillərin sərgisi və yürüşü Bakının küçələrinə xüsusi bir rəng, dərin nostalji və yüksək estetik ruh bəxş etdi.

Hesab edirəm ki, bu cür tədbirlər təkcə retro avtomobil həvəskarlarının bir araya gəldiyi bir platforma deyil, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafının, dinamik şəhər həyatının və yüksək təşkilatçılıq mədəniyyətinin bariz göstəricisidir. Məncə, Dənizkənarı Milli Parkdan başlayaraq “Sea Breeze” və “Marina Bay” ərazisinə qədər uzanan bu yürüş paytaxt sakinləri və şəhərimizin qonaqları üçün həqiqi bayram əhval-ruhiyyəsi yaratdı, uşaqdan-böyüyədək hər kəsin qəlbində xoş emosiyalar və unudulmaz təəssüratlar doğurdu.

Ölkəmizin mədəni və idman həyatına dəstək vermək bizim üçün həmişə prioritet məsələ olub. Çox şadam ki, 2021-ci ildən bəri artıq 6-cı dəfədir ki, bu möhtəşəm tədbirə öz eksklüziv kolleksiyamızla töhfə veririk. Builki sərgidə 1956–1986-cı illər istehsalı olan 24 ədəd nadir klassik avtomobilimizlə (“Mercedes”, “Jaguar”, BMW, “Ford Mustang” və s.) təmsil olunmaq və bu sənət əsərlərini avtomobilsevərlərə nümayiş etdirmək bizim üçün böyük fəxr və məmnunluq mənbəyi idi.

Tədbirin ən qürurverici və yaddaqalan məqamlarından biri isə cüdo ailəmizin bu yürüşdə aktiv iştirakı oldu. Olimpiya, dünya və Avropa çempionlarımız Hidayət Heydərov, Zelim Kotsoyev, eləcə də “Judo Club 2012”nin dəyərli idmançıları Murad Fətiyev və Aslan Kotsoyev “Azman Motors”a məxsus retro avtomobillərin sükanı arxasına keçərək bu möhtəşəm yürüşə xüsusi bir enerji və idman ruhu qatdılar. İdmanın və mədəni irsin bu şəkildə vəhdəti milli həmrəyliyimizin və dəyərlərimizin gözəl bir təzahürüdür.

Paytaxtımıza bu gözəl bayram əhval-ruhiyyəsini bəxş etdiklərinə, tədbirin yüksək səviyyədə təşkilinə və klassik avtomobil mədəniyyətinin inkişafına göstərdikləri diqqətə görə Azərbaycan Avtomobil Federasiyasına, tədbirin təşkilində əməyi keçən hər kəsə və bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm.

Azər Əsgərov

 

  • 0
arasadmin18
Cümə axşamı, 06 August 2026 / YAYIMLANIB MÖVQE

Olimpiya çempionunun atası vəfat edib

Avropa, dünya və Olimpiya çempionu Zelim Kotsoyevin ailəsinə ağır itki üz verib. Məşhur idmançının atası – Oleq Kotsoyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Zelim Kotsoyevin üzvü olduğu “Judo Club 2012” idman klubu məlumat yayıb. Məlumatda bildirilir ki, klubun təsisçisi Azər Əsgərov kollektiv adından Zelim Kotsoyevə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Oleq Kotsoyev öz Vətənində – Şimali Osetiyanın Beslan şəhərində dəfn edilib.

Allah rəhmət eləsin.

  • 0
arasadmin18
Bazar ertəsi, 29 June 2026 / YAYIMLANIB HAQQIMIZDA

Dünya cüdosunun liderləri arasında mövqelərimiz möhkəmlənir

Azərbaycan cüdoçularının uğurlarının davamlı olması çox sevindirici haldır. Belə ki milli komandamızın üzvləri bu günlərdə həm Çinin Sindao şəhərində keçirilən Qran-Pri turnirində, həm də Çexiyanın paytaxtı Praqada təşkil olunan Avropa Açıq (European Open) turnirində yüksək nəticələrə nail olublar.

Mən bir həftə əvvəl Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirindən sonra da qeyd etmişdim ki, Azərbaycan cüdosunun bugünkü uğurları təsadüfi deyil. Bu nəticələr uzun illər ərzində formalaşan zəngin cüdo ənənələrinin, Azərbaycan Cüdo Federasiyasında həyata keçirilən sistemli işin, məşqçilərin fədakar əməyinin və idmançılarımızın yüksək peşəkarlığının məntiqi nəticəsidir. Sindao Qran-Prisində Zelim Tçkayevin (-81 kq) qızıl, Əhməd Yusifovun (-60 kq), Hidayət Heydərovun (-81 kq) və Murad Fətiyevin (-90 kq) bürünc medal qazanması, həmçinin millimizin güclü Yaponiya və Rusiya komandalarından sonra kişilər arasında üçüncü yeri tutması söylədiklərimin tam təsdiqidir.

Sindaoda Olimpiya, dünya və dördqat Avropa çempionumuz Hidayət Heydərovun uğurlu çıxışını xüsusi qeyd etmək istərdim. Bir həftə əvvəl Ulan-Bator turnirində onun texniki səbəbdən tatamiyə çıxa bilməməsi ilə bağlı rəyimdə bildirmişdim ki, Hidayətin peşəkarlığına, xarakterinə və qələbə əzminə inanıram. Bu dəfə fərqli, -81 kq çəki dərəcəsində tatamiyə çıxdığı ilk böyük beynəlxalq yarışda bürünc medal qazanması onun bu inamı doğrultduğunu göstərir. Ümid edirəm ki, Hidayət qarşıdakı yarışlarda daha böyük uğurlara imza atacaq və növbəti Olimpiya Oyunlarında yenə dünyanın ən güclüləri sırasında olacaq.

“Judo Club 2012”nin yetirməsi Murad Fətiyevin (-90 kq) mötəbər turnirlərdəki yüksək nəticələrinin, klubun təsisçisi kimi, məndə xoş əhval-ruhiyyə yaratdığını da mütləq vurğulamalıyam. Ulan-Bator turnirindən cəmi bir həftə sonra Sindaoda da bürünc medal qaznaraq fəxri kürsüdə yer alması onun yüksək səviyyəli cüdoçu kimi formalaşdığını göstərir. Məncə, Muradın gələcək Olimpiya Oyunlarının iştirakçısı olmaq imkanları böyükdür.

Praqada keçirilən Avropa Açıq turnirində cüdoçularımızın 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq kişilər arasında komanda hesabında Fransa millisi ilə birgə 2-3-cü yerləri bölüşməsi Azərbaycan cüdosunda ehtiyat qüvvələrinin də kifayət qədər güclü olduğunu nümayiş etdirir.  Elşən Əsədovun (-66 kq) qızıl, Rəşad Yelkiyevin (-66 kq) və Əjdər Bağırovun (-100 kq) gümüş, Kamran Süleymanovun (-73 kq) isə bürünc medal qazanmaları gələcəyimizə nikbin baxmağa əsas verir.

Bu gün Azərbaycan cüdo məktəbi dünyanın ən güclü məktəblərindən biri kimi öz sözünü deməyə davam edir. Bu sabitlik böyük zəhmətin, düzgün strategiyanın və peşəkar idarəçiliyin nəticəsidir.

Bu möhtəşəm uğurlar münasibətilə bütün medalçı cüdoçularımızı, onların məşqçilərini, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyini və bütövlükdə böyük cüdo ailəmizi ürəkdən təbrik edir, hər bir idmançımıza qarşıdakı turnirlərdə yeni-yeni qələbələr arzulayıram!

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar ertəsi, 22 June 2026 / YAYIMLANIB MÖVQE

Ulan-Batordakı nəticələr Azərbaycan cüdosunun növbəti uğurudur

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan cüdo məktəbinin daxili potensialını, zəngin ənənələrini və beynəlxalq arenadakı gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Dünyanın 58 ölkəsindən 454 ən güclü cüdoçunun tatamiyə çıxdığı bu nüfuzlu yarışda milli komandamızın 1 qızıl və 3 bürünc medal qazanması, həmçinin kişilər arasında komanda hesabında dünya üçüncüsü olması təsadüfi deyil. Mən cüdoçularımızın əvvəlki uğurları haqqında rəy bildirəndə dəfələrlə qeyd etmişəm ki, bu nailiyyətlər Azərbaycan Cüdo Federasiyasında aparılan sistemli, peşəkar və məqsədyönlü işin məntiqi nəticəsidir.

Yaponiya, Cənubi Koreya, Rusiya, Gürcüstan və İtaliya kimi dünya cüdosunun flaqmanlarının iştirak etdiyi belə bir gərgin rəqabət mühitində qazanılan hər bir mükafat xüsusi çəkiyə malikdir və yüksək qiymətləndirilməlidir.

Ulan-Bator turnirində komandamıza qızıl medal qazandıran Balabəy Ağayevin milli cüdomuzda sanballı yer tutduğunu xüsusi qeyd etmək istərdim. Bu, onun cari ildəki “Böyük Dəbilqə” turnirlərində artıq üçüncü medalıdır. Medallardan ikisi qızıl, biri gümüş olmaqla Balabəyin öz çəkisində (-60) dünya cüdosunun elitasında yer tutduğunu göstərir.
Bizim “Judo Club 2012”nin üzvləri olan Zelim Kotsoyev (-100 kq) və Murad Fətiyev (-90 kq) Ulan-Batorda qazandıqları bürünc medallarla yığma komandamızın reytinqinin yüksəlməsinə öz töhfələrini veriblər. Klubun təsisçisi kimi, bu şəxsən məni qürurlandırır və fərəhləndirir. Turnirin daha bir bürünc mükafatçısının – Nizami İmranovun (-66 kq) isə Azərbaycan cüdosunda sağlam rəqabət mühitində yetişən gənc nəslin nümayəndəsi olması təqdirəlayiq haldır.

Medalın bir addımlığında dayanan, lakin lisenziya xalları baxımından mühüm reytinq qazanan Əhməd Yusifov, Kənan Nəsibov (5-ci yer) və Ruslan Paşayevin (7-ci yer) çıxışları da gələcək böyük qələbələrin mühüm zəminidir.

Ulan-Bator turnirinin bir mühüm cəhəti də onun yeni Olimpiya təsnifat dövrünün ilk yarışlarından biri olmasıdır. Burada qazanılan uğurlar Azərbaycan cüdo yığmasının Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında ən yüksək hədəflərə çatmaq istəyini nümayiş etdirir. Yeni Olimpiya tsiklinə 4 medalla başlamaqla komandamız doğru yolda olduğunu göstərir.
Bir məsələni isə qeyd etməyi vacib sayıram: Olimpiya, dünya və dördqat Avropa çempionumuz Hidayət Heydərovun çəki ilə bağlı yaranmış xırda problem səbəbindən bu dəfə tatamiyə çıxa bilməməsi təəssüf doğurur. Lakin mən şəxsən onun peşəkarlığına, sarsılmaz xarakterinə və qələbə əzminə bələdəm və inanıraam ki, Hidayət yaxın gələcəkdə daha güclü şəkildə geri dönəcək və bizi yenidən sevindirəcəkdir.

Ulan-Bator turniri göstərdi ki, cüdoçularımız estafeti layiqincə davam etdirirlər və onların gələcəyinə böyük nikbinliklə baxmağa əsasımız var. Azərbaycan Cüdo Veteranları Assosiasiyası adından və şəxsən öz adımdan bu möhtəşəm uğur münasibətilə bütün medalçılarımızı, fədakar məşqçilər korpusunu, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyini və bütövlükdə böyük cüdo ailəmizi ürəkdən təbrik edirəm!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə, 27 May 2026 / YAYIMLANIB MÖVQE

Qurban bayramı –mərhəmət və xeyirxahlıq günü!

Əziz həmvətənlər, dəyərli dostlar!

Sizi və doğmalarınızı İslam dünyasının ən əziz günlərindən biri – birlik, bərabərlik və fədakarlıq rəmzi olan mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Qurban bayramı bizə mənəvi təmizlənməyi, yardımlaşmağı və ən əsası, yaradılanı Yaradanın xatirinə sevməyi öyrədir. Bu gün insanın öz nəfsinə, xudbinliyə və təkəbbürə qalib gəldiyi, mərhəmət və şəfqət hislərinin zirvəyə çatdığı gündür.

Bu gün Azərbaycanımız üçün də xüsusi bir məna kəsb edir. Biz bu mübarək günləri müstəqil, azad və öz tarixi torpaqlarında qürurla yaşayan bir xalq olaraq qarşılayırıq. Bu, həm də dövlətimizin və xalqımızın birliyinin, əqidəmizə və köklərimizə olan sadiqliyimizin bir təcəssümüdür.

Arzu edirəm ki, kəsilən qurbanlar, edilən dualar və göstərilən xeyirxahlıqlar cəmiyyətimizdə sülhü, barışı və qarşılıqlı hörməti daha da möhkəmləndirsin. Qoy bu bayram evlərimizə bol ruzi-bərəkət, qəlblərimizə rahatlıq və hüzur gətirsin.

Xüsusilə, bu günü ehtiyacı olanlara dəstək olmaq, yetimlərin və kimsəsizlərin üzünü güldürmək üçün bir fürsət kimi qiymətləndirək. Çünki əsl qurbanlıq yalnız ət paylamaq deyil, həm də insanların qəlbini qazanmaq, onlara sevinc və ümid bəxş etməkdir.

Allah bütün dualarımızı, tutduğumuz orucları və kəsdiyimiz qurbanları dərgahında qəbul etsin.

Qurban bayramınız mübarək olsun!

Azər Əsgərov

  • 0
arasadmin18
Cümə axşamı, 21 May 2026 / YAYIMLANIB HAQQIMIZDA

Azər Əsgərov – 60 ilin zəfər anları

  • 0
arasadmin18
Çərşənbə axşamı, 17 March 2026 / YAYIMLANIB MÖVQE

Milli ruhun və mənəvi saflığın təntənəsi

Bu il təbiətin oyanışının müjdəçisi olan Novruz ilə mənəvi paklığın zirvəsi adlandırılan Ramazan ayının eyni vaxta təsadüf etməsi xalqımız üçün ikiqat bayrama çevrilib.

Novruz da, Ramazan da yenilənmə, xeyirxahlıq və paylaşmaq bayramıdır. Novruz əcdadlarımızdan qalan milli kimliyimizin nişanəsi, Ramazan isə inancımızın sarsılmaz sütunudur. Ramazan ayı sadəcə müəyyən saatlarda qidadan imtina etmək deyil, ruhun təmizlənməsi, nəfsin cilovlanması və iradənin sınağıdır. Orucluq bizə şükür etməyi, əlimizdə olanın qədrini bilməyi və ehtiyacı olanlara qarşı mərhəmətli olmağı öyrədir.

Bu il süfrələrimiz həm səməni təravəti, həm də iftar bərəkəti ilə zəngindir.

Dünyanın müxtəlif guşələrində müharibələrin, humanitar böhranların və dini-etnik qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycanda azan səslərinin bahar nəğmələri ilə həmahəng səslənməsi dövlətimizin qüdrətinin göstəricisidir. Möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü müstəqil və cəsarətli siyasət ölkəmizi xarici təhdidlərdən qoruyaraq onu sabitlik adasına çevirib.

Bir iş adamı kimi dərin inam hissi ilə deyə bilərəm ki, cəmiyyətimizdəki əmin-amanlıq və sabitlik, dövlətimizin güclü və qüdrətli olması iqtisadi inkişaf və bu inkişafa sanballı töhfələr verən sahibkarllıq mühiti üçün əlverişli şərait və imkanlar yaradır.

Bu gün biz işğaldan azad edilmiş yurdlarımızda — Şuşada, Ağdamda, Xankəndidə, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Xocalıda, Ağdərədə, Kəlbəcərdə, Laçında həm Novruz tonqalları qalayır, həm də azad məscidlərimizdə Ramazan namazları qılırıq. Bu, həm siyasi, həm də mənəvi zəfərimizin ən böyük sübutudur.

Mən veteran cüdoçu kimi ölkəmizdə bu idman növü üzrə qazanılan nailiyyətlərə görə qürur və sevinc hissi keçirirəm. Ötən Novruzdan bu günədək keçən dövr Azərbaycan cüdosu üçün çox uğurlu olub. Beynəlxalq arenalarda qazanılan medallar, dünya və Avropa çempionatlarındakı möhtəşəm qələbələr gənclərimizin əzmini və dövlətimizin idmana qayğısını nümayiş etdirir. Cüdoçularımızın tatami üzərindəki hər bir uğuru xalqımızın ümumi zəfər ruhunun idmandakı əksidir.

Builki dualarımız həm süfrələrimizin bərəkəti, həm də vətənimizin daha da çiçklənməsi üçündür. Allah-təala bütün tutulan orucları, edilən duaları qəbul etsin, bahar nəfəsli Novruz ölkəmizə daim xoşbəxtlik gətirsin!

Bayramınız mübarək!

Azər Əsgərov

 

  • 1
  • 2
  • 3
  • 4

SON YAZILAR

  • Müqəddəs Anım Günü

    Bəzi tarixlər var ki, onların təqvimdə xüsusi y...
  • Budapeşt zəfəri və yeni nəslin uğurları

    Son illərdə beynəlxalq miqyasda keçirilən elə b...
  • “Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

    Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyas...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST