Azərbaycan xalqı doğma torpaqların işğalı və tarixi ərazilərimizdəki vandalizmlə heç vaxt barışa bilməzdi. 30 ilə yaxın bir müddətdə biz dözüb gözlədik və qisas günü gəkib çatdı. Düşmən bu illər ərzində nə qədər güclü istehkamlar qursa da, hakim yüksəklikləri nəzarətdə saxlasa da ordumuzun ildırımsürətli əks-həmləsinə müqavimət göstərə bilmədi və cəmi 44 günə məğlubiyyətlə barışmaq məcburiyyətində qaldı. Məhz buna görə də hesab edirəm ki, filmin adı uğurludur, möhtəşəm Qələbəmizi rəmzləşdirir və dərin məna yükü daşıyır.
“44” filmi, sadəcə, bədii əsər deyil, müqəddəs cavaşın qəhrəmanlarına ehtiramın təcəssümü, ədalətin təntənəsinin və qələbənin nələrin bahasına başa gəlməsinin xronikasıdır. Bu film Zəfərimizin miqyasını və tarixi əhəmiyyətini hiss etmək istəyənlər üçün nəzərdə tutulub. Zəfər bayramı ərəfəsində – noyabrın 5-də “Azman Holding”in kollektivi müasir Azərbaycan tarixinə dəyər verən hər kəsin qəlbində dərin iz buraxan “44” filminə tamaşa etdi. Film parlaq və dəqiq şəkildə göstərir ki, qələbə məhz tarixi anın tələb etdiyi kimi və Azərbaycan xalqının arzuladığı tərzdə qazanılıb.
Vətən müharibəsindən hələ xeyli əvvəl möhtərəm Prezident, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun necə dəyişdiyi, hansı döyüş qabiliyyətinə çatdığı məlum idi. Xüsusi təyinatlı qüvvələrin inkişafına önəm verilməsi praktikada özünü tamamilə doğrultdu. Filmin baş qəhrəman seçimi də təsadüfi deyil: bu, adı və soyadı gerçək olan, canlı prototip kimi çıxış edən əsl xüsusi təyinatlı döyüşçüdür. Süjet xüsusi təyinatlıların cəbhənin ən çətin sahələrində necə irəlilədiyini, düşmənlə həlledici döyüşlərə girdiyini yada salır. Əlbəttə, mən digər qoşun növlərinin rolunu və qəhrəmanlığını kiçiltmirəm, lakin məhz xüsusi təyinatlılar hər zaman hər yerdə öndə gedərək ordumuzun əyilməz iradəsinin təcəssümünə çevrildilər.
Film üzərində işləyən yaradıcı kollektivin yüksək peşəkarlığı xüsusi etiraf edilməlidir. Çətin bir missiyanı parlaq şəkildə yerinə yetirən, həqiqətən də, güclü komanda bir yerə toplanıb. Aktyorlar öz qarşılarında duran tapşırıqların öhdəsindən əla gələrək ekranda real prototipləri canlandırıb, onların emosiyalarının, dözümünün və vətənpərvərliyinin bütün dərinliyini tamaşaçıya ötürə bilirlər. Ssenarinin miqyası tarixi hadisələrin bütün dərinliyini əhatə edərək ilk dəqiqələrdən heyranlıq doğurur. Dinamikanı və emosional gərginliyi saxlamaq bacarığına görə rejissor işi ən yüksək tərifə layiqdir, operator işi isə tamaşaçıya, demək olar ki, hadisələrin mərkəzində olmağa, döyüş meydanındakı hər bir gərgin anı hiss etməyə imkan verir.
Filmin nə qədər təsirli və duyğusal alındığını nümayişə gələn əməkdaşlarımızın üzündəki səmimi emosiyalar və göz yaşları hər sözdən daha yaxşı ifadə edirdi. Bu film hər birimizin qəlbində ən canlı əks-sədanı doğurdu.
“44” filminin yaradıcı kollektivinə çəkilən layiqli zəhmətə və unudulmaz təəssüratlara görə səmimi təşəkkürümü bildirirəm.
Azər Əsgərov

English
Azərbaycan
Русский 