Avqustun 30-da paytaxtımız növbəti dəfə möhtəşəm və unudulmaz bir kütləvi-mədəni tədbirə ev sahibliyi etdi. Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən klassik avtomobillərin sərgisi və yürüşü Bakının küçələrinə xüsusi bir rəng, dərin nostalji və yüksək estetik ruh bəxş etdi.
Hesab edirəm ki, bu cür tədbirlər təkcə retro avtomobil həvəskarlarının bir araya gəldiyi bir platforma deyil, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafının, dinamik şəhər həyatının və yüksək təşkilatçılıq mədəniyyətinin bariz göstəricisidir. Məncə, Dənizkənarı Milli Parkdan başlayaraq “Sea Breeze” və “Marina Bay” ərazisinə qədər uzanan bu yürüş paytaxt sakinləri və şəhərimizin qonaqları üçün həqiqi bayram əhval-ruhiyyəsi yaratdı, uşaqdan-böyüyədək hər kəsin qəlbində xoş emosiyalar və unudulmaz təəssüratlar doğurdu.
Ölkəmizin mədəni və idman həyatına dəstək vermək bizim üçün həmişə prioritet məsələ olub. Çox şadam ki, 2021-ci ildən bəri artıq 6-cı dəfədir ki, bu möhtəşəm tədbirə öz eksklüziv kolleksiyamızla töhfə veririk. Builki sərgidə 1956–1986-cı illər istehsalı olan 24 ədəd nadir klassik avtomobilimizlə (“Mercedes”, “Jaguar”, BMW, “Ford Mustang” və s.) təmsil olunmaq və bu sənət əsərlərini avtomobilsevərlərə nümayiş etdirmək bizim üçün böyük fəxr və məmnunluq mənbəyi idi.
Tədbirin ən qürurverici və yaddaqalan məqamlarından biri isə cüdo ailəmizin bu yürüşdə aktiv iştirakı oldu. Olimpiya, dünya və Avropa çempionlarımız Hidayət Heydərov, Zelim Kotsoyev, eləcə də “Judo Club 2012”nin dəyərli idmançıları Murad Fətiyev və Aslan Kotsoyev “Azman Motors”a məxsus retro avtomobillərin sükanı arxasına keçərək bu möhtəşəm yürüşə xüsusi bir enerji və idman ruhu qatdılar. İdmanın və mədəni irsin bu şəkildə vəhdəti milli həmrəyliyimizin və dəyərlərimizin gözəl bir təzahürüdür.
Paytaxtımıza bu gözəl bayram əhval-ruhiyyəsini bəxş etdiklərinə, tədbirin yüksək səviyyədə təşkilinə və klassik avtomobil mədəniyyətinin inkişafına göstərdikləri diqqətə görə Azərbaycan Avtomobil Federasiyasına, tədbirin təşkilində əməyi keçən hər kəsə və bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm.
Azər Əsgərov
Avtosfer.az xəbər verir ki, “Cars and Coffee Azerbaijan”ın təşkilatçılığı ilə iyunun 11-də Bakıda qeyri-adi avtomobillərin sərgisi və festivalı keçirilib.
Bakı Su İdman Sarayının təşkilati dəstəyi ilə keçirilən festivalda idman avtomobilləri, tuninq olunmuş avtomobillər, klassik və neo-klassik avtomobillər, o cümlədən müxtəlif ölkələrin istehsalı olan qeyri-adi motosikletlər iştirak ediblər.
P.S. Sərgidə iş adamı Azər Əsgərovun da bir neçə retro avtomobili nümayiş etdirilib.
Azərbaycan Avtomobil Federasiyası (AAF) mayın 29-da növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisini təşkil edib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.
1982-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil paytaxtın mərkəzi küçələri boyu hərəkət edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri yer alıb.
Yürüşdə iştirak edən ən qədim avtomobil 1930-cu ildə istehsal edilən “Ford Model A”, ən yeniləri isə 1982-ci ilə aid olanlardır.
Tədbirdə klassik avtomobil sahibləri və avtomobil həvəskarları iştirak ediblər.
Tədbir iştirakçılar;na və qonaqlara maraqlı əyləncə proqramı da təqdim olunub.
P.S. Yürüş-sərgidə Azər Əsgərovun da bir necə retro avtomobili iştirak edib.

English
Azərbaycan
Русский 






















