Bəzi tarixlər var ki, onların təqvimdə xüsusi yeri və mənası olur, xalqın yaddaşında əbədi yaşayır. Azərbaycan xalqı üçün altı ildir ki, 27 Sentyabr – Anım Günü məhz belə müqəddəs tarixlərdəndir. Bu gün Vətən uğrunda canından keçən qəhrəmanlarımızı dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edir, onların əziz xatirəsi qarşısında baş əyirik.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində möhtəşəm bir Zəfər salnaməsi yazdı. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi. Əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, xalqımızın sarsılmaz birliyi və Vətən sevgisi bu tarixi Qələbənin əsas dayaqları oldu.
Bu Zəfər yalnız hərbi qələbə deyildi. Bu, Azərbaycanın milli iradəsinin, dövlətçilik əzminin və xalq-ordu birliyinin təntənəsi idi. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq dünyanın diqqətini cəlb etdi, regionda yeni reallıqlar yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyinin tam bərpası isə Zəfərin məntiqi tamamlanması oldu.
Lakin bu Qələbənin ən ağır və ən müqəddəs qiyməti şəhidlərimiz oldular. Onların adları və xatirələri daim yaşadılır, ailələrinə davamlı olaraq diqqət və qayğı göstərilir. Şəhidlərimiz Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsində əbədi yer tutublar.
Sosial şəbəkələrdə Vətən müharibəsində, antiterror əməliyyatında hərbçilərimizin göstərdikləri şücaətləri əks etdirən videolara tez-tez baxıram. Hər dəfə həmin görüntüləri izləyəndə həm böyük qürur hissi keçirir, həm də Vətən uğrunda həyatını fəda edən gənclərimizin hünərinə heyran qalıram. Onların cəsarəti, qətiyyəti və Vətən sevgisi insanı düşünməyə vadar edir. Belə qəhrəmanları olan xalqın qarşısında heç bir çətinlik keçilməz deyil.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri də şəhidlərimizin xatirəsinə göstərilən böyük ehtiram təcəssümüdür. Dağıdılmış şəhərlərin və kəndlərin yenidən qurulması, yolların, məktəblərin, xəstəxanaların salınması, insanların doğma yurdlarına qayıtması – Böyük Qayıdış Möhtəşəm Zəfərin davamı və şəhidlərimizin bizə əmanət etdiyi Vətənə sahiblənməyin əyani ifadəsidir.
Qarabağda, Şərqi Zəngəzurda hər yeni evin işığında, hər məktəbin həyətində, hər dalğalanan Azərbaycan bayrağında şəhidlərimizin müqəddəs xatirəsi yaşayır. Çünki onlar torpağı azad etməklə yanaşı, bizə böyük bir məsuliyyət də miras qoyublar – bu, Vətəni qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü şəkildə çatdırmaqdır.
27 Sentyabr – Anım Günündə bütün şəhidlərimizin qarşısında baş əyirəm.
Ruhunuz şad olsun, Vətən oğulları! Sizin qəhrəmanlığınız sayəsində Qarabağ azaddır, Azərbaycan bütövdür. Sizin əziz xatirəniz isə xalqımızın qəlbində daim yaşayacaq.
Azər Əsgərov

English
Azərbaycan
Русский 