Dövlətin əlamətdar günlərinə və Vətənlə bağlı mövzulara həssaslığıyla seçilən “Fire Land Production” “Azman Holdinq”in dəstəyi ilə bu səfər 8 Noyabr – Zəfər Günü ilə əlaqədar şəhid yaxınlarını bir araya topladı.
“Qafqazinfo” xəbər verir ki, tədbirə toplaşanlar əslində hər zaman bir səbəbdən bir-birilərini tez-tez görürlər. Mövzu Vətən, Zəfər, Ordumuz və şəhidlərdirsə, vətənsevərlər və şəhid yaxınları bir ürək olurlar.
“Fire Land Production” tədbirlərini 2 ildir silsilə şəklində davam edir. AYB-nin üzvü Cəlal Qurbanovun rəhbərliyi ilə həyata keçirilən “Mənim atam Qəhrəmandır” və “Mənim oğlum Qəhrəmandır” layihələrinə 2000-ə yaxın şəhid yaxını cəlb olunub. Tədbirlərə Heydər Əliyev Fondu öz dəstəyini göstərib.
Şəhid yaxınlarının bir qismi Şuşanı ziyarət ediblər, şəhidlərinin ruhunun gəzindiyi torpaqlara qovuşublar. Zəfər Günü ilə əlaqədar keçirilən tədbirə isə yenə də “Azman Holdinq”ə daxil olan “Manqal Steak House” ev sahibliyi etdi. Tədbirdə 300-ə yaxın şəhid yaxını, dövlət rəsmiləri və sənət adamları iştirak edirdilər.
Bayram gecəsinin aparıcılığı Nailə İslamzadəyə həvalə olunmuşdu. Milli Məclisin sədr müavini, deputat Adil Əliyev, AMEA-nın həqiqi üzvü, deputat Ziyad Səmədzadə bu günün önəmi haqqında fikirlərini öz çıxışlarında bildirdilər, xalqımızı bayram münasibəti ilə təbrik etdilər.
Sənətçilərdən Əməkdar artist Xumar Qədimova, Zamiq Hüseynov, Əməkdar artist, tarzən Vüsal İskəndərzadə tədbirin bayram əhval ruhiyyəsində davam etməsi üçün öz repertuarlarından mahnılar səsləndirdilər. Zəfər Günü ilə bağlı layihə çərçivəsində hazırlanmış “Anaya məktub” adlı video çarx qonaqlara təqdim olunan zaman isə kövrək anlar yaşandı.
Tədbirin təşkilatçısı və “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov Zəfər Günü ilə bağlı fikirlərini belə dilə gətirdi:
“Biz Zəfərdən keçən iki ildə sizinlə çox doğmalaşmışıq. Bir-birimizi kədərdə tanısaq da, bu tanışlığın əsas səbəbkarları zəfəri, sevinci bizə gətirənlərdir. Biz şəhid sözünü canlı təsəvvür edənlərdənik. Çünki biz şəhidlərimizin ad günlərində də toplaşırıq. Bir-birimizin istəklərindən yuxumuza girən şəhidlərimiz vasitəsilə xəbər alırıq. Buradakıların çoxu bu faktı da təsdiqləyər. Mən çox danışmayacağam, sadəcə komandamın adından təşəkkürlər edəcəyəm. Təbii ki, ilk növbədə şəhidlərimizə! Əminəm ki, onların ruhları öz əzizlərinin olduğu yerlərdə gəzir və bizi eşidirlər. Bizim adımızı yüksəldənlər, belimizi dikəldənlər, namusumuzu təmizləyənlərə təşəkkürlər edirik! Daha sonra 2 ildir bu müqəddəs insanların itkisinə dözməyə çalışan şəhid yaxınlarına təşəkkür edirik! Nə yaxşı ki, bizi də öz ailənizə qəbul etdiniz, bizi də bağrınıza basdınız! Qazilərimizə, Ordumuza, Ali Baş Komandanımıza təşəkkür edirik! Siz düşmənə və bizi həzm edə bilməyən ölkələrə göz dağısınız! Adınızın gəldiyi yerlərdə ürəklər titrəyir artıq… Arazın o tayında da Cənab Prezidentimizi gözləyirlər, görməyi arzulayırlar. Bu arzular əbəs deyil, ona olan inamdır, güvəndir! Heydər Əliyev Fondu və onun rəhbərliyinə – Anar Ələkbərova təşəkkür edirəm, heç bir işimizdə bizi tək qoymadı! Vilayət Eyvazovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin əməkdaşlarına, məsul şəxslərinə, polislərimizə bütün şəhid yaxınları adından təşəkkür edirəm! Hər yerdə şəhid əmanətlərini hərbi salamla qarşıladılar, önəmli günlərdə onların toplaşdığı tur avtobuslarını yolboyu izlədilər, paytaxt yollarını onlar üçün təhlükəsiz etdilər! Bundan sonra göz yaşı axıtmamalıyıq. Sevincə çox səbəb var. Biz artıq bütöv Azərbaycanın vətəndaşlarıyıq. Biz artıq doğma torpaqlara qayıdırıq. Bizim artıq həm əcdadlarımızın, həm də övladlarımızın qarşısında başımız dikdir!”
https://qafqazinfo.az/news/detail/bundan-sonra-goz-yasi-axitmamaliyiq-video-fotolar-381556
Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə noyabrın 6-da yekun vurulub. Heydər Əliyev adına İdman Arenasında təşkil olunan yarışda 61 ölkədən 366 (206 kişi, 160 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Doğma azarkeşlər önündə keçirilən nüfuzlu turnirdə ölkəmiz 37 (28 kişi, 9 qadın) cüdoçu ilə təmsil olunub. Komandamız 3 gün davam edən yarışda 4 qızıl və 2 bürünc medal qazanaraq, ümumi medal sıralamasında birinci yeri tutub. Mükafatçılar sırasında “Judo Club 2012”nin cüdoçuları – Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) də yer alıb. Bir müddət əvvəl klubla müqavilə imzalayan hər iki cüdoçu turniri qızıl medalla başa vurub.
İkinci yarış günündə mübarizəyə başlayan Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionuSəid Mollayi Alfonso Urquiza (İspaniya), Somin Mehmmedbekov (Tacikistan), Askerbi Gerbekov (Bəhreyn) və Attila Unqvariyə (Macarıstan) qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada belçikalı Mattias Kasse üzərində qələbə qazanan Səid nüfuzlu yarışın qalibi olub.
“Böyük dəbilqə”nin sonuncu günündə tatami üzərinə çıxan klubumuzun digər üzvü Zelim Kotsoyev də finala qədər inamla irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı çilili Tomas Briseno, türkiyəli Mert Şişmanlar, ukraynalı Anton Savyetski və macarıstanlı Zombor Veqə qalib gələrək finala vəsiqə əldə edib. Finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gələn Zelim bu görüşdə də rəqibinə ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Klubun digər üzvü Murad Fətiyev (90 kq) isə yarışları 7-ci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan komandasına digər qızıl medallarıBalabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Kəramət Hüseynov (60 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Camal Qamzatxanov (+100 kq) qazandırıb.
https://www.olimpiyadunyasi.com/w9885.html
Noyabrın 8-də ölkəmiz ərazisinin 20 faizinin otuz ilə yaxın davam edən erməni işğalından azad olunması uğrunda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbənin ikinci ildönümünü qeyd edəcək.
Bu qələbə ordumuzun iradəsini, əzmini, gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qələbə də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin adı da xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Onun komandanlığı ilə qəhrəman əsgər, gizir və zabitlərimiz torpaqların erməni tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərdilər. Əminəm ki, bu gün hər birimiz yaxşı bilirik ki, 44 günlük Vətən müharibəsində xalqımızın BİRLİYİ, ordunun gücü, hərbçilərimizin hünəri, Prezident İlham Əliyevin müdrik və qətiyyətli hərbi-siyasi, diplomatik addımları sayəsində qalib gəlmişik.
Təəssüf ki, iyirmi ildən artıq müddət ərzində siyasi tənzimləmə üsulları heç bir nəticə vermədi. Lakin bu illər ərzində Azərbaycan diplomatik səviyyədə səylər göstərməklə yanaşı, məqsədyönlü şəkildə problemin hərbi yolla həllinə hazırlaşdı. Düşmən özünə və lobbiçilərinin dəstəyinə arxayın idi, beynəlxalq strukturların bütün sənədlərinə və qətnamələrinə açıq-aşkar məhəl qoymurdu. Azərbaycan 2016-cı ilin aprelində öz torpaqlarını işğalçılardan azad etmək əzmini nümayiş etdirdi. Dörd gün davam edən döyüşlər nəticəsində ordumuz bəzi əraziləri azad etməyə nail oldu. O vaxt, uzun illərdən sonra, ilk dəfə olaraq Ermənistan ordusuna ciddi ziyan vuruldu, onun məğlubedilməzliyi mifi dağıldı. Azərbaycan cəmiyyəti ərazilərin azad edilməsi istiqamətində ölkə rəhbərliyinin fəaliyyətinə misilsiz dəstək nümayiş etdirdi.
Xalqın Azərbaycanın ərazi bütövlüyünün bərpasına olan ümidi 2020-ci ilin payızında özünü doğrultdu!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və xalqın rifahının təminatçısıdır: Ermənistanda xarici himayədarların dəstəyi ilə daşnak ideologiyası davamçılarının və radikal millətçilərin qızışdırdığı revanşist qüvvələrin baş qaldırmaq istədiyi bir vaxtda bu, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Artıq iki dəfə belə cəhdlər olub və hər ikisində də rəşadətli Azərbaycan oğulları Vətənin sərhədlərini hər an müdafiəsinə qalxmağa hazır olduqlarını sübut ediblər. Sonuncu dəfə bu yaxınlarda sentyabrın 12-13-də baş vermiş döyüşdə ermənilərin növbəti təxribatının qarşısını alan ordumuz onlara sarsıdıcı zərbə vurdu. Bundan sonra da, qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı olduqlarını başa düşənə qədər ermənilər daha sərt cavab alacaqlar.
Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini darmadağın etməsindən və dövlətimizin müstəqilliyinin rəmzi olan Qələbə bayrağının Qarabağın işğaldan azad edilmiş bütün şəhərlərində dalğalanmasından iki il ötür.
Üçrəngli bayrağımız Azərbaycanın qəhrəman hərbçilərini Qarabağ uğrunda müqəddəs müharibədə düşmən üzərində qələbəyə ruhlandırıb, onlara mənəvi güc verib.
Bu da təbii və simvolikdir ki, noyabrın 8-də və 9-da bütün Azərbaycan xalqı ardıcıl iki əlamətdar hadisəni qeyd edəcək: Zəfər Gününü və Dövlət Bayrağı Gününü… Hər iki bayram ölkə vətəndaşlarını həyatında ən mühüm hadisə kimi qeyd olunur.
Bütün hərbi qulluqçularımızı Zəfər Günü münasibətilə təbrik edir, onlara cansağlığı və rəşadətli xidmət arzulayıram!
Özünü Ordusu torpaqlarını erməni işğalından azad edə bilmiş xalqın nümayəndəsi kimi hiss etmək hədsiz qürur və xoşbəxtlikdir!
Zəfər Gününüz mübarək! Qoy Azərbaycanın Qələbə bayrağı hər zaman ölkəmizin üzərində qürurla dalğalansın!!!
Azər Əsgərov
İşgüzar görüşlərimin çoxluğu və idman ailəyə istənilən qədər vaxt ayırmağa imkan vermir. Amma nəvələrimlə isti, yaxın münasibətlərə xüsusi önəm verirəm, həmişə onlar üçün vaxt tapmağa çalışıram. Bizi ümumi maraqlar birləşdirəndə isə görüşlərimiz daha faydalı, məhsuldar olur və çoxsaylı şən anlarla yadda qalır. Belə ünsiyyətin dəyəri ölçüyəgəlməzdir.
Bu fotoda nəvəmlə birlikdəyik. Səid ilk dəfədir babası ilə “Judo Club 2012”nin zalına gəlib və ümidvaram ki, bu, davamlı olacaq. Əhval-ruhiyyəsindən görünür ki, bura onun çox xoşuna gəlib və məndən bundan çox məmnunam. Mən çox istərdim ki, o, bu gözəl, nəcib idman növü ilə məşğul olsun, tanınsın və böyük uğurlar qazansın. Əslində isə, cüdo ilə nə qədər ciddi məşğul olacaq, necə seçim edəcək, bu, onun öz ixtiyarındadır.
Mən istərdim ki, o, düzgün seçim etsin, çünki cüdo – xarakterdir, gücdür, cəsarətdir, nəciblikdir. Biz hamımız arzu edirik ki, nəvələrimiz məhz belə keyfiyyətlərlə böyüsünlər. Lakin arzularımızın gerçəkləşməsi üçün biz babalar çox mühüm sosial vəzifəni yerinə yetirməliyik: nəvələrimizi böyük həyata hazırlamalıyıq. Bu, həm də ölkənin gələcək nəslinin yetişdirilməsinə və formalaşdırılmasına bizim sanballı töhfəmiz olar.
Azər Əsgərov
Azərbaycan idmanı naminə fəaliyyətinə verilən növbəti yüksək qiymətə – Azərbaycan Cüdo Federasiyasının 50 illiyi ilə əlaqədar “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməyin münasibətilə səni təbrik edirəm.
Parlaq idman karyeran dövründə sən tatami üzərində möhtəşəm nəticələrə nail olmusan. Sən Avropa çempionatlarının dəfələrlə qalibi, Dünya kuboku kimi nüfuzlu yarışların, “Böyük dəbilqə” və “World master” turnirlərinin gümüş və bürünc mükafatçısısan. Ancaq sənin idman nailiyyətlərinin zirvəsi, heç şübhəsiz, Pekin Olimpiadasında qızıl medal qazanmaqla, Olimpiya çempionu olmaqla xalqımıza böyük sevinc bəxş edən zəfərindir.
Bütün nailiyyətlərin, layiq görüldüyün yüksək titulların və mükafatların sənin əməksevərliyinin və cüdoya məhəbbətinin məntiqi nəticəsidir. Sözsüz ki, bunlar cüdonun ölkəmizdə populyarlaşmasına böyük təsir göstərib və artıq sənin də öz faliyyətini idman xadimi kimi davam etdirməyinə yardımçı olub.
Möhtərəm Prezident İlham Əliyevin bugünkü Sərəncamı Vətənimizin idman ölkəsi kimi imicinin daha da möhkəmlənməsi naminə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində sənin xidmətlərinə verilən dəyərin ifadəsidir.
Hörmətlə,
Azər Əsgərov
Tanınmış cüdoçu, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan soydaşımız, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək.
Musavat.com-un xəbərinə görə, idmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər.
Səid Mollayinin otuz yaşı var, on yaşından cüdo ilə məşğuldur. O, milli komandamızın heyətində bu il iki mötəbər yarışda – Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə”, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Beynəlxalq Cüdo Federasiyasının qran-pri yarışlarında iştirak edib və hər ikisində gümüş medal qazanıb.
ACF-nin vitse-prezidenti Elnur Məmmədli bu barədə məlumat verərkən deyib ki, Azərbaycan bayrağı altında çıxış etmək Səidin ən böyük arzusu olub. “Federasiyanın rəhbərliyi ona bu arzusunu gerçəkləşdirmək imkanı yaradıb və milli komandanın tərkibinə daxil edib. Səidlə bağlı böyük planlarımız var, onun ölkəmizdə də karyerasının uğurla olacağına inanırıq,” – deyən E.Məmmədli idmançının “Judo Club 2012” ilə əməkdaşlığının həm onun idman karyerasına, həm də Azərbaycan cüdosunun inkişafına çox müsbət təsir göstərəcəyini bildirib.
ACF prezidentinin müşaviri Natiq Bağırov da hazırda milli komandanın liderləridən olan Səid Mollayinin qərarını yüksək qiymətləndirib. O deyib: “Ölkəmizdə cüdo üzrə mükəmməl məşq bazası olan “Judo Club 2012”nin Səidin öz uğurlarını daha artırması üçün hər cür şərait yaradacağına əminik. Belə titullu bir idmançı ilə iş birliyi Azərbaycan cüdosunun inkişafına sanballı töhfələr verən klubun özünün də nüfuzunu yüksəldəcəkdir. Klubun yığma komandalarımıza daim dəstək göstərdiyini də minnətdarlıq hissi qeyd etmək istərdim. Hazırda yığma komandamız üçün baza tikilir. Belə bir vaxtda “Judo Club 2012” öz qapılarını təmənnasız olaraq yığma komandaya açıb. Yeniyetmələrdən ibarət yığmamız burada məşq edir. Vaxtilə qızlardan ibarət millimiz də klubda məşq keçib. Fürsətdən istifadə edib, federasiya rəhbərliyi adından klubun rəhbərliyinə təşəkkür bildirirəm. Əminəm ki, əməkdaşlığımızın davamlı olacaq”.
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, klubun təsisçisi Azər Əsgərov Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”ni seçməsini çox sevindirici hal kimi dəyərləndirib. “Belə titullu bir idmançının klubun üzvü olması, burada məşq etməsi yeniyetmə və gənc idmançılar üçün çox böyük stimul olacaq. Klubumuzun qapısı Azərbaycan cüdosunun inkişafına çalışanların hamısının üzünə açıqdır. Federasiya ilə əlaqələrimiz yüksək səviyyədədir və bizə göstərilən dəstəyə görə rəhbərliyə təşəkkürümüzü bildirirk. “Judo Club 2012” cüdosevərlərin ikinci evidir və biz cüdonun inkişafı üçün bundan sonra da nə lazımdırsa etməyə hazırıq”, – deyə Azər Əsgərov bildirib.
Klubun icraçı direktoru Mübariz Cəfərov Səid Mollayinin klubda məşq etməsi üçün ona hər cür şərait yaradılacağını bildirib . “Səid 81 kq çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir. Onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının klubumuzun üzvü olması bizim üçün sevindirici haldır. Bu, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək. İnanıram ki, klubla müqaviləyə qol çəkəcək Səid Mollayinin gələcək karyerası bundan sonra da uğurlu olacaq”.
Klubun icraçı direktoru Mübariz Cəfərovla birlikdə müqaviləni imzaladıqdan sonra Səid Mollayi deyib: “Azərbaycan yığmasının və “Judo Club 2012” ailəsinin üzvü olduğum üçün qürur duyuram. Azərbaycana hərzaman böyük sevgim olub. Ölkəmizin və “Judo Club 2012”nin adını uca tutmağa çalışacağam. Hazırlıqlarımı əsasən milli komandanın məşq bazasında keçirəm. Amma klubda yaradılan şəraiti gördükdən sonra heyrətimi gizlədə bilmədim. Bu günə qədər dünyanın bir sıra ölkələrində təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmişəm. Lakin heç bir ölkədə belə yüksək imkanları olan klub görməmişəm. Burada, həqiqətən də, məşq keçmək üçün hərtərəfli şərait yaradılıb. Belə bir klubda məşq keçən idmançı mütləq yüksək nəticə göstərməyə çalışmalıdır”.
Müqavilə imzalandıqdan sonra ACF rəsmilərinin və Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”nin məşqçi heyəti və idmançıları görüşü keçilib və xatirə şəkli çəkdirilib.
Musavat.com
http://koordinat.az/meqale.php?id=38129
https://qol.az/news/178642-cudo-millimizin-uzvu-bu-klubla-muqavile-imzaladi
https://525.az/news/201355-olimpiya-mukafatcisi-judo-club-2012-ile-muqavile-imzaladi–foto
https://allsport.az/s%c9%99id-mollayi-cudo-2012-klubuna-kecib/
https://manevr.az/idman/108459-olimpiya-mukafatcs-judo-club-2012-il-muqavil-imzalad-kllr.html
https://azvision.az/news/307537
https://moderator.az/read/555779
27 sentyabr xalqımız üçün xüsusi bir gündür. Bu gün biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.
Onlar bizə Qələbə və Qürur bəxş edən qəhrəmanlardır!
Yenə də Vətən qarşısında borcunu şərəflə yerinə yetirib şəhid olan oğullarımız var.
Azərbaycan Ordusu öz vəzifəsini layiqincə yerinə yetirir və bu gün hərbçilərimiz Vətənimizin sərhədlərində ayıq-sayıq dayanıblar. Təəssüf ki, düşmən hələ də revanşist əhval-ruhiyyədədir və sərhəddə gərginlik taradır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “… Heç kim və heç nə bizi dayandıra bilməz. Biz haqqı, ədaləti, beynəlxalq hüququ qorumuşuq, qoruyuruq və öz ərazi bütövlüyümüzü bərpa etmişik… Biz nəyə qair olduğumuzu dünyaya göstərdik, torpaqlarımızı hərbi yolla azad etdik…
Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq… Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıblar”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azər Əsgərov
Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından ruhlanaraq 10 il əvvəl “Judo Club 2012”ni yaratdıq. Ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etməyi, həmçinin veteran idmançıları bir araya toplamağı qarşıya məqsəd qoyduq.
Klubun açılış mərasimində möhtərəm Prezident İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısının xeyir-duası ilə çıxdığımız yolda qarşıya qoyulan məqsədə çatmaq üçün ötən illər ərzində hər birimiz – klubun fəaliyyətinə cavabdeh olanlar da, burada çalışanlar da əzmkarlıq göstərməyi özümüzə borc bildik.
Uğurlarımız ildən-ilə artdı, medal və mükafat kolleksiyamız zənginləşdi, ən başlıcası, Azərbaycan cüdosuna yeni adlar, perspektivli gənc idmançılar qazandırdıq. Eyni zamanda, usta cüdoçularımız üçün klub, sözün həqiqi mənasında, isti bir ocaq oldu. Onlar burada dünya, Avropa çempionatlarına hazırlaşdılar, həmin mötəbər yarışlardan qələbələrlə, medallarla qayıtdılar.
Klubun yetirmələri müxtəlif yaş kateqoriyaları üzrə respublika yığma komandalarının tərkibinə daxil edildilər və beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorudular, bayrağımızı yüksəldilməsinə, Himnimizin səsləndirilməsinə nail oldular.
“Judo Club 2012”də yüzlərlə uşaq və yeniyetmə təcrübəli, adlı-sanlı məşqçilərin rəhbərliyi altında cüdo ilə yanaşı, digər idman növlərinin sirlərinə yiyələnir, mənəvi və fiziki kamilliyə çatmağa çalışırlar.
Bu əlamətdar gündə mən “Judo Club 2012”nin fəaliyyətində əməyi olanları, o cümlədən məşqçiləri və idmançıları, bütün texniki heyəti səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, idmanda və həyatda uğurlar arzulayıram!
Neçə-neçə onillikləri birlikdə, sevinclə və qələbələrlə qeyd edək!
Azər Əsgərov
P.S: Klubumuzun fəaliyyəti haqqında ətraflı məlumat Judoclub2012.az saytında
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu gün öz rəsmi tviter səhifəsində paylaşdığı xəbər və təbrik xalqımızı sevindirdi, bizi bir daha qürurlandırdı. Qəhrəman Azərbaycan Ordusu Laçın şəhərindədir, Zabux və Sus kəndləri nəzarətə götürülüb!
Vətən müharibəsində məğlub olan Ermənistan onsuz da Laçın rayonunu döyüşsüz təhvil vermək məcburiyyətində qalmışdı… Sadəcə, Üçtərəfli bəyanata əsasən, bəzi ərazilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalmışdı. Üç illik müddətə… Azərbaycan dövləti, möhtərəm Prezidentimiz lazım olan işlərin iki ildən də az müddətdə başa çatdırılmasına nail oldu. Bu bizim gücümüzün, qətiyyətimizin növbəti göstəricisidir!
Azərbaycan bayrağının xalqımıza məxsus bütün torpaqlarda dalğalanacağına əminik!
Yaşasın Laçın! Yaşasın Azərbaycan!
Təşəkkürlər cənab Prezident!
Azər ƏSGƏROV
Fikir verirəm ki, son vaxtlar mənim statuslarımın əksəriyyəti idman hadisələrinə həsr olunur. Və mən bundan çox məmnunam…
Türkiyənin Konya şəhərində başa çatan V islam Həmrəyliyi Oyunları Azərbaycan idmanın növbəti şərəfli səhifəsi oldu. Müxtəlif növlər üzrə yarışlarda idmançılarımız 99 medal qazanıb, ümumi hesabda, 56 ölkə arasında 4-cü yeri tutdular.
İslamiadanın açılış mərasimində möhtərəm Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı, idmançılarımızla səmimi görüşləri qazanılan qələbələr üçün güclü stimul oldu.
Azərbaycan komandası idmanın 19 növündə medallar qazanıblar. Yüksək nəticə göstərənlər arasında cüdoçularımızın da olması məni xüsusilə sevindirir. Onlar yarışı 2 qızıl, 3 gümüş, 3 bürünc medalla başa çatdırıblar. Ən maraqlı və faydalı cəhət odur ki, Azərbaycan Cüdo Federasiyası Konyada cüdomuzun ümidverən gənclərinə öz güclərini sınamaq imkanı yaratdı və onlar da etimadı layiqincə doğrultdular.
İslamiadada iştirak edən və uğur qazanan bütün idmançılarımızı təbrik edirəm! Onlar Azərbaycanın idman ölkəsi olduğunu öz əzmkarlığınızla bir daha sübuta yetirdilər!
Qarşıdakı yarışlarda idmançılarımıza yeni qələbələr arzulayıram!
Azər Əsgərov