15 sentyabr hamımız üçün, o cümlədən mənim üçün xüsusilə sevincli gündür! Çünki nəvələrimi məktəbə yola salıram və səmimi etiraf edim ki, elə bil özüm də yenidən dərsə gedirəm, müəllimlərimlə, sinif yoldaşlarımla görüşə tələsirəm… Həm sevinirəm, həm narahatam, amma bütün hallarda nəvələrim üçün hər şeyin əla olacağına da inanıram. Məncə, bütün nənələr və babalar, eynən ata-analar kimi, yeni dərs ili başlayanda belə sevinc dolu həyəcan yaşayırlar.
Hə, bir də 2023-cü dərs ili ölkəmiz üçün ona görə əlamətdardır ki, biz Füzulidə və Laçında yeni məktəblərin fəaliyyətə başlamasının şahidi olduq. Bu il Füzulidə istifadəyə verilən məktəbdə ilk dəfə 15 müəllim 160 uşağa dərs deyəcək. Laçında isə 32 ildən sonra bərpa olunmuş məktəbdə ilk zəng çalınıb.
Təbii ki, biz hamımız bundan qürur duyuruq, ölkəmizlə, onun nailiyyətləri ilə fəxr edirik. Bu onu göstərir ki, biz çətinliklərə baxmayaraq öz doğma torpağımızı bərpa edə bilirik, övladlarımızın, nəvələrimizin gələcəyi üçün təminat yaradırıq.
Xatırlayaq ki, erməni vandalları tərəfindən dağıdılmış Ağalı kəndi 2020-ci ildə qazanılan möhtəşəm Qələbədən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ən qısa zamanda necə tamamilə bərpa edildi… Müharibə başa çatdıqdan cəmi bir il sonra kənddə yeni tiklimiş məktəbdə dərslər başladı və geri qayıdan sakinlərin normal yaşaması üçün hər cür şərait yaradıldı. Bundan əvvəl, hələ 2016-cı ildə isə Lələtəpə strateji yüksəkliyi və digər ərazilər işğaldan azad edilmiş, Cəbrayıl rayonunun Çoçuq Mərcanlı kəndində tədris prosesi bərpa olunmuşdu.
Sevindirici haldır ki, soydaşlarımızın işğaldan azad edilmiş öz tarixi torpaqlarına, doğma yurdlarına, yenidən tikilmiş evlərinə Böyük Qayıdışının birinci mərhələsi başlayıb. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı tikinti bumu onu deməyə əsas verir ki, biz tezliklə bu ərazilərdə yenidən salınan şəhər və kəndlərdə minlərlə məktəbdən, yüz minlərlə məktəblidən danışacağıq.
Məlum olduğu kimi, bu günə təkcə Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə inşa edilən məktəblərin sayı 500-ə çatır. Bu, çox böyük nailiyyətdir, ölkəmizdə gənc nəslin təhsilinə göstərilən qayğının təzahürüdür!
Hazırkı Bilik Günü təkcə yeni tədris ilinin başlanğıcı deyil, həm də Qarabağımızın, tariximizin, qürurumuzun Dirçəliş Günüdür.
Qoy bu il hamımıza, Azərbaycan vətəndaşlarına yeni imkanlar, biliklər, ümidlər bəxş etsin. Qoy məktəbə gedən hər bir uşaq, hər bir nəvə bilsin ki, o öz gələcəyinə doğru addımlayır və biz böyüklər də onlarla fəxr edib, qürur duyacağıq.
Bayramınız mübarək, əziz həmvətənlər!
Azər Əsgərov