Noyabrın 8-də ölkəmiz ərazisinin 20 faizinin otuz ilə yaxın davam edən erməni işğalından azad olunması uğrunda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbənin ikinci ildönümünü qeyd edəcək.
Bu qələbə ordumuzun iradəsini, əzmini, gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qələbə də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin adı da xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Onun komandanlığı ilə qəhrəman əsgər, gizir və zabitlərimiz torpaqların erməni tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərdilər. Əminəm ki, bu gün hər birimiz yaxşı bilirik ki, 44 günlük Vətən müharibəsində xalqımızın BİRLİYİ, ordunun gücü, hərbçilərimizin hünəri, Prezident İlham Əliyevin müdrik və qətiyyətli hərbi-siyasi, diplomatik addımları sayəsində qalib gəlmişik.
Təəssüf ki, iyirmi ildən artıq müddət ərzində siyasi tənzimləmə üsulları heç bir nəticə vermədi. Lakin bu illər ərzində Azərbaycan diplomatik səviyyədə səylər göstərməklə yanaşı, məqsədyönlü şəkildə problemin hərbi yolla həllinə hazırlaşdı. Düşmən özünə və lobbiçilərinin dəstəyinə arxayın idi, beynəlxalq strukturların bütün sənədlərinə və qətnamələrinə açıq-aşkar məhəl qoymurdu. Azərbaycan 2016-cı ilin aprelində öz torpaqlarını işğalçılardan azad etmək əzmini nümayiş etdirdi. Dörd gün davam edən döyüşlər nəticəsində ordumuz bəzi əraziləri azad etməyə nail oldu. O vaxt, uzun illərdən sonra, ilk dəfə olaraq Ermənistan ordusuna ciddi ziyan vuruldu, onun məğlubedilməzliyi mifi dağıldı. Azərbaycan cəmiyyəti ərazilərin azad edilməsi istiqamətində ölkə rəhbərliyinin fəaliyyətinə misilsiz dəstək nümayiş etdirdi.
Xalqın Azərbaycanın ərazi bütövlüyünün bərpasına olan ümidi 2020-ci ilin payızında özünü doğrultdu!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və xalqın rifahının təminatçısıdır: Ermənistanda xarici himayədarların dəstəyi ilə daşnak ideologiyası davamçılarının və radikal millətçilərin qızışdırdığı revanşist qüvvələrin baş qaldırmaq istədiyi bir vaxtda bu, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Artıq iki dəfə belə cəhdlər olub və hər ikisində də rəşadətli Azərbaycan oğulları Vətənin sərhədlərini hər an müdafiəsinə qalxmağa hazır olduqlarını sübut ediblər. Sonuncu dəfə bu yaxınlarda sentyabrın 12-13-də baş vermiş döyüşdə ermənilərin növbəti təxribatının qarşısını alan ordumuz onlara sarsıdıcı zərbə vurdu. Bundan sonra da, qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı olduqlarını başa düşənə qədər ermənilər daha sərt cavab alacaqlar.
Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini darmadağın etməsindən və dövlətimizin müstəqilliyinin rəmzi olan Qələbə bayrağının Qarabağın işğaldan azad edilmiş bütün şəhərlərində dalğalanmasından iki il ötür.
Üçrəngli bayrağımız Azərbaycanın qəhrəman hərbçilərini Qarabağ uğrunda müqəddəs müharibədə düşmən üzərində qələbəyə ruhlandırıb, onlara mənəvi güc verib.
Bu da təbii və simvolikdir ki, noyabrın 8-də və 9-da bütün Azərbaycan xalqı ardıcıl iki əlamətdar hadisəni qeyd edəcək: Zəfər Gününü və Dövlət Bayrağı Gününü… Hər iki bayram ölkə vətəndaşlarını həyatında ən mühüm hadisə kimi qeyd olunur.
Bütün hərbi qulluqçularımızı Zəfər Günü münasibətilə təbrik edir, onlara cansağlığı və rəşadətli xidmət arzulayıram!
Özünü Ordusu torpaqlarını erməni işğalından azad edə bilmiş xalqın nümayəndəsi kimi hiss etmək hədsiz qürur və xoşbəxtlikdir!
Zəfər Gününüz mübarək! Qoy Azərbaycanın Qələbə bayrağı hər zaman ölkəmizin üzərində qürurla dalğalansın!!!
Azər Əsgərov
İşgüzar görüşlərimin çoxluğu və idman ailəyə istənilən qədər vaxt ayırmağa imkan vermir. Amma nəvələrimlə isti, yaxın münasibətlərə xüsusi önəm verirəm, həmişə onlar üçün vaxt tapmağa çalışıram. Bizi ümumi maraqlar birləşdirəndə isə görüşlərimiz daha faydalı, məhsuldar olur və çoxsaylı şən anlarla yadda qalır. Belə ünsiyyətin dəyəri ölçüyəgəlməzdir.
Bu fotoda nəvəmlə birlikdəyik. Səid ilk dəfədir babası ilə “Judo Club 2012”nin zalına gəlib və ümidvaram ki, bu, davamlı olacaq. Əhval-ruhiyyəsindən görünür ki, bura onun çox xoşuna gəlib və məndən bundan çox məmnunam. Mən çox istərdim ki, o, bu gözəl, nəcib idman növü ilə məşğul olsun, tanınsın və böyük uğurlar qazansın. Əslində isə, cüdo ilə nə qədər ciddi məşğul olacaq, necə seçim edəcək, bu, onun öz ixtiyarındadır.
Mən istərdim ki, o, düzgün seçim etsin, çünki cüdo – xarakterdir, gücdür, cəsarətdir, nəciblikdir. Biz hamımız arzu edirik ki, nəvələrimiz məhz belə keyfiyyətlərlə böyüsünlər. Lakin arzularımızın gerçəkləşməsi üçün biz babalar çox mühüm sosial vəzifəni yerinə yetirməliyik: nəvələrimizi böyük həyata hazırlamalıyıq. Bu, həm də ölkənin gələcək nəslinin yetişdirilməsinə və formalaşdırılmasına bizim sanballı töhfəmiz olar.
Azər Əsgərov
Azərbaycan idmanı naminə fəaliyyətinə verilən növbəti yüksək qiymətə – Azərbaycan Cüdo Federasiyasının 50 illiyi ilə əlaqədar “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməyin münasibətilə səni təbrik edirəm.
Parlaq idman karyeran dövründə sən tatami üzərində möhtəşəm nəticələrə nail olmusan. Sən Avropa çempionatlarının dəfələrlə qalibi, Dünya kuboku kimi nüfuzlu yarışların, “Böyük dəbilqə” və “World master” turnirlərinin gümüş və bürünc mükafatçısısan. Ancaq sənin idman nailiyyətlərinin zirvəsi, heç şübhəsiz, Pekin Olimpiadasında qızıl medal qazanmaqla, Olimpiya çempionu olmaqla xalqımıza böyük sevinc bəxş edən zəfərindir.
Bütün nailiyyətlərin, layiq görüldüyün yüksək titulların və mükafatların sənin əməksevərliyinin və cüdoya məhəbbətinin məntiqi nəticəsidir. Sözsüz ki, bunlar cüdonun ölkəmizdə populyarlaşmasına böyük təsir göstərib və artıq sənin də öz faliyyətini idman xadimi kimi davam etdirməyinə yardımçı olub.
Möhtərəm Prezident İlham Əliyevin bugünkü Sərəncamı Vətənimizin idman ölkəsi kimi imicinin daha da möhkəmlənməsi naminə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində sənin xidmətlərinə verilən dəyərin ifadəsidir.
Hörmətlə,
Azər Əsgərov
27 sentyabr xalqımız üçün xüsusi bir gündür. Bu gün biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.
Onlar bizə Qələbə və Qürur bəxş edən qəhrəmanlardır!
Yenə də Vətən qarşısında borcunu şərəflə yerinə yetirib şəhid olan oğullarımız var.
Azərbaycan Ordusu öz vəzifəsini layiqincə yerinə yetirir və bu gün hərbçilərimiz Vətənimizin sərhədlərində ayıq-sayıq dayanıblar. Təəssüf ki, düşmən hələ də revanşist əhval-ruhiyyədədir və sərhəddə gərginlik taradır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “… Heç kim və heç nə bizi dayandıra bilməz. Biz haqqı, ədaləti, beynəlxalq hüququ qorumuşuq, qoruyuruq və öz ərazi bütövlüyümüzü bərpa etmişik… Biz nəyə qair olduğumuzu dünyaya göstərdik, torpaqlarımızı hərbi yolla azad etdik…
Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq… Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıblar”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azər Əsgərov
Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından ruhlanaraq 10 il əvvəl “Judo Club 2012”ni yaratdıq. Ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etməyi, həmçinin veteran idmançıları bir araya toplamağı qarşıya məqsəd qoyduq.
Klubun açılış mərasimində möhtərəm Prezident İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısının xeyir-duası ilə çıxdığımız yolda qarşıya qoyulan məqsədə çatmaq üçün ötən illər ərzində hər birimiz – klubun fəaliyyətinə cavabdeh olanlar da, burada çalışanlar da əzmkarlıq göstərməyi özümüzə borc bildik.
Uğurlarımız ildən-ilə artdı, medal və mükafat kolleksiyamız zənginləşdi, ən başlıcası, Azərbaycan cüdosuna yeni adlar, perspektivli gənc idmançılar qazandırdıq. Eyni zamanda, usta cüdoçularımız üçün klub, sözün həqiqi mənasında, isti bir ocaq oldu. Onlar burada dünya, Avropa çempionatlarına hazırlaşdılar, həmin mötəbər yarışlardan qələbələrlə, medallarla qayıtdılar.
Klubun yetirmələri müxtəlif yaş kateqoriyaları üzrə respublika yığma komandalarının tərkibinə daxil edildilər və beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorudular, bayrağımızı yüksəldilməsinə, Himnimizin səsləndirilməsinə nail oldular.
“Judo Club 2012”də yüzlərlə uşaq və yeniyetmə təcrübəli, adlı-sanlı məşqçilərin rəhbərliyi altında cüdo ilə yanaşı, digər idman növlərinin sirlərinə yiyələnir, mənəvi və fiziki kamilliyə çatmağa çalışırlar.
Bu əlamətdar gündə mən “Judo Club 2012”nin fəaliyyətində əməyi olanları, o cümlədən məşqçiləri və idmançıları, bütün texniki heyəti səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, idmanda və həyatda uğurlar arzulayıram!
Neçə-neçə onillikləri birlikdə, sevinclə və qələbələrlə qeyd edək!
Azər Əsgərov
P.S: Klubumuzun fəaliyyəti haqqında ətraflı məlumat Judoclub2012.az saytında
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu gün öz rəsmi tviter səhifəsində paylaşdığı xəbər və təbrik xalqımızı sevindirdi, bizi bir daha qürurlandırdı. Qəhrəman Azərbaycan Ordusu Laçın şəhərindədir, Zabux və Sus kəndləri nəzarətə götürülüb!
Vətən müharibəsində məğlub olan Ermənistan onsuz da Laçın rayonunu döyüşsüz təhvil vermək məcburiyyətində qalmışdı… Sadəcə, Üçtərəfli bəyanata əsasən, bəzi ərazilər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində qalmışdı. Üç illik müddətə… Azərbaycan dövləti, möhtərəm Prezidentimiz lazım olan işlərin iki ildən də az müddətdə başa çatdırılmasına nail oldu. Bu bizim gücümüzün, qətiyyətimizin növbəti göstəricisidir!
Azərbaycan bayrağının xalqımıza məxsus bütün torpaqlarda dalğalanacağına əminik!
Yaşasın Laçın! Yaşasın Azərbaycan!
Təşəkkürlər cənab Prezident!
Azər ƏSGƏROV
Fikir verirəm ki, son vaxtlar mənim statuslarımın əksəriyyəti idman hadisələrinə həsr olunur. Və mən bundan çox məmnunam…
Türkiyənin Konya şəhərində başa çatan V islam Həmrəyliyi Oyunları Azərbaycan idmanın növbəti şərəfli səhifəsi oldu. Müxtəlif növlər üzrə yarışlarda idmançılarımız 99 medal qazanıb, ümumi hesabda, 56 ölkə arasında 4-cü yeri tutdular.
İslamiadanın açılış mərasimində möhtərəm Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı, idmançılarımızla səmimi görüşləri qazanılan qələbələr üçün güclü stimul oldu.
Azərbaycan komandası idmanın 19 növündə medallar qazanıblar. Yüksək nəticə göstərənlər arasında cüdoçularımızın da olması məni xüsusilə sevindirir. Onlar yarışı 2 qızıl, 3 gümüş, 3 bürünc medalla başa çatdırıblar. Ən maraqlı və faydalı cəhət odur ki, Azərbaycan Cüdo Federasiyası Konyada cüdomuzun ümidverən gənclərinə öz güclərini sınamaq imkanı yaratdı və onlar da etimadı layiqincə doğrultdular.
İslamiadada iştirak edən və uğur qazanan bütün idmançılarımızı təbrik edirəm! Onlar Azərbaycanın idman ölkəsi olduğunu öz əzmkarlığınızla bir daha sübuta yetirdilər!
Qarşıdakı yarışlarda idmançılarımıza yeni qələbələr arzulayıram!
Azər Əsgərov
İdmançılarımızdan yenə xoş soraqlar gəlir, mötəbər beynəlxalq yarışlarda bayrağımız ucaldılır, himnimiz səsləndirilir.
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan cüdo komandasının yarımfinalda Fransanın, finalda Ukraynanın güclü komandalarına qalib gələrək qızıl medal qazanması, fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə etməsi çox sevindirici hadisədir.
Bu, bir daha təsdiqləyir ki, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, həmçinin Azərbaycan Cüdo Federasiyasında aparılan islahatlar cüdoda nailiyyətlərin ardıcıl xarakter almasını təmin edib.
İdmanın digər növlərində də bizi ürəkdən sevindirən uğurlu nəticələr vardır: İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatında, Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyində qazanılan medallar, San-Marinoda gənc basketbolçuların Avropa çempionatında Azərbaycanın U-18 komandasının üçüncü yer tutması, “Qarabağ” və “Neftçi” furbol komandalarının Avropa miqyaslı yarışlardakı qələbələri… Bunlar, həm Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır, həm də xalqımızın mübarizə və qələbə ruhunun yüksək olduğunu göstərir.
Bizə qələbə sevinci yaşadan idmançılarımı təbrik edir, onlara yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram!
Azər Əsgərov
Əziz dostlar, hörmətli müsəlman bacı və qardaşlarım.
Xalqımız müqəddəs İslam ənənələrindən olan Qurban bayramını xoş duyğularla – Qələbə ovqatı, şükranlıqla, rəşadətli ordumuza və Müzəffər Ali Baş Komandana minnətdarlıq hissi ilə qarşılayır. Otuz ilə yaxın bir müddətdən sonra torpaqlarımız, həmçinin müqəddəs ziyarətgahlarımız işğaldan azad edilib.
Onların, demək olar ki, hamısı dağıdılıb, salamat qalanlarında isə xalqımıza məxsus izlər silinib. Bununla belə, cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində həmin məscidləri qapıları ibadət üçün açılır, minarələrdən azan səsi ucalır.
Milli birliyimiz, həmrəyliyimiz sarsılmazdır. Ölkəmizin uğurlu inkişafı bizi fərəhləndirir.
Haqq yolunda, nəcib amallar uğrunda şəhid olan vətən övladlarını ehtiramla yad edirik. Onların ailələrinə, əlillərə, yaşlılara, müharibə veteranlarına qayğı göstərmək borcumuzdur.
Bu mübarək günlərdə Tanrıdan dua və niyyətlərinizin qəbulunu diləyərək, hər birinizə xoşbəxtlik, firavanlıq, əmin-amanlıq arzulayıram!
Qurban bayramınız mübarək!
Azər Əsgərov
Çüdoçularımız son günlərdə qitə miqyaslı mötəbər yarışlardakı nailiyyətləri ilə bizi sevindirdilər. Yeniyetmə oğlanlarımız Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında fərdi yarışlarda 2 qızıl, 4 bürünc medal qazanaraq, medal əyarına və sayına görə, birinci yeri tutublar. Həmin çempionatda 4 cüdoçu qızımız iştirak edib və 1 qızıl,1 gümüş medalla Vətənə qayıdıblar. Poreç şəhərində yeniyetmə cüdoçularımız Avropa birinciliyinin komanda yarışlarına da qoşulub və bu kateqoriyada çempionatın bürünc medalına layiq görülüblər.
Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kubokunda çıxış edən idmançılarımız 1 qızıl, 1 gümüş medalla geri dönüblər.
Cüdo üzrə böyüklərdən ibarət milli komandamız isə Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən açıq Avropa turnirinin birincisi olub. İdmançılarımız yarışda 3 qızıl, 3 bürünc medal qazanıblar. Qızıl medalın sahiblərindan biri də “Judo club 2012”nin yetirməsi Murad Fətiyevdir. Açıq Avropa turnirində 33 ölkə arasında birinci yeri tutmaq böyük uğurdur.
Ölkəmizə öz qələbələri ilə şərəf gətirən idmançılarımızı, onların məşqçilərini, həmçinin Azərbaycan Cüdo Federasiyasının rəhbərliyini ürəkdən təbrik edirəm!
Qələbə və uğurlarınız bol olsun!
Azər Əsgərov

English
Azərbaycan
Русский 










