İdmançılarımızdan yenə xoş soraqlar gəlir, mötəbər beynəlxalq yarışlarda bayrağımız ucaldılır, himnimiz səsləndirilir.
Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında qarışıq komanda yarışında Azərbaycan cüdo komandasının yarımfinalda Fransanın, finalda Ukraynanın güclü komandalarına qalib gələrək qızıl medal qazanması, fərdi yarışlarda 1 qızıl, 4 gümüş və 2 bürünc medal əldə etməsi çox sevindirici hadisədir.
Bu, bir daha təsdiqləyir ki, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı, həmçinin Azərbaycan Cüdo Federasiyasında aparılan islahatlar cüdoda nailiyyətlərin ardıcıl xarakter almasını təmin edib.
İdmanın digər növlərində də bizi ürəkdən sevindirən uğurlu nəticələr vardır: İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatında, Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya birinciliyində qazanılan medallar, San-Marinoda gənc basketbolçuların Avropa çempionatında Azərbaycanın U-18 komandasının üçüncü yer tutması, “Qarabağ” və “Neftçi” furbol komandalarının Avropa miqyaslı yarışlardakı qələbələri… Bunlar, həm Azərbaycanın idman ölkəsi kimi şöhrətini artırır, həm də xalqımızın mübarizə və qələbə ruhunun yüksək olduğunu göstərir.
Bizə qələbə sevinci yaşadan idmançılarımı təbrik edir, onlara yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram!
Azər Əsgərov