Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatına dekabrın 1-də komanda yarışları ilə yekun vurulub.
Bakı İdman Sarayında təşkil olunan turnirin son günündə final görüşlərindən əvvəl bir neçə idmançıya dan sertifikatı təqdim olunub. Ardınca ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə “Azman Holdinq” şirkətinə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, komanda yarışlarında, qadınlar arasında 7, kişilərin mübarizəsində isə 9 komanda kubok uğrunda mübarizə aparıb. Qadınların yarışında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, kişilərin mübarizəsində isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Həm kişilərin, həm də qadınların komanda yarışlarında mübarizə aparan “Judo Club 2012” klubu turniri 1 qızıl və 1 gümüş medalla başa vurub. Həlledici görüşdə “Atilla” komandası üzərində əzmkar qələbə qazanan kişilərdən ibarət komandamız turnirin qızıl medalına layiq görülüb. “Judo Club 2012″nin qadınlardan ibarət komandası isə üçüncü yer uğrunda həlledici görüşdə “Azəri” cüdo klubu üzərində qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Xatırladaq ki, yarışın ilk iki günündə fərdi yarışlarda mübarizə aparan “Judo Club 2012″nin idmançıları 3 qızıl, 1 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında üçüncü yeri tutmuşdu.
Komandamıza qızıl medalları Fidan Əlizadə (-63 kq), Hüseyn Allahyarov (-60 kq) və Murad Fətiyev (-90 kq) qazandırıb. Komandamızın digər üzvlərindən Aslan Kotsoyev (-90 kq) gümüş, Leyla Atayeva (-63 kq), Məhərrəm İmamverdiyev (-81 kq) və Məmmədrza Hacızadə (-90 kq) isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, “Azman Holdinq” və onun tərkibinə daxil olan “Mangal Steak House” restoranlar şəbəkəsinin də əsas sponsorlarından olan turnirin ümumi mükafat fondu bu il ilk dəfə olaraq 50 min manat təşkil edib.
Turnirdən sonra paytaxtın tanınmış ictimai məkanlarından olan “Mangal Steak House – Bayıl” restoranında “Azman Holdinq” şirkətinin təşkilatçılığı ilə yarış iştirakçıları, hakimlər və məşqçilər üçün qala şam yeməyi təşkil edilib.