1990-cı il 20 Yanvar Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi əbədi olaraq qalacaqdır. Qara Yanvar… Misli görünməmiş qəddarlıqla, ədalətsizliklə üzləşmiş, lakin inanılmaz mənəvi güc və ədaləti bərpa etmək əzmi nümayiş etdirərək silahlı ordu hissələri ilə qarşı-qarşıya dayanan Azərbaycan xalqı həmin acı günləri belə adlandırır.
Yanvarın 20-nə keçən gecə yüzlərlə tank və zirehli transportyor Bakıya girərək yoluna çıxan hər şeyi məhv etdi. Silahlı əsgərlər silahsız insanlara, o cümlədən qocalara, qadınlara, uşaqlara atəş açırdılar. Azərbaycan paytaxtına qanlı hərbi müdaxilə nəticəsində 140-dan çox insan həlak oldu, yüzlərlə insan yaralandı, itkin düşənlər vardı. Gülləyə tuş gələnlər təkcə torpaqlarını müdafiə etməyə çalışanlar deyildi, həm də həmin vaxt təsadüfən şəhərin küçələrində olanlar, piyada və ya avtomaşınla evinə gedənlər, sadəcə, öz mənzilinin pəncərəsindən həyətə baxanlar idi… Bu faciə bizim ailəmizdən də yan keçmədi. 39 yaşlı dayım Şəmsəddin Orucov öz evinin pəncərəsindən baxarkən aldığı güllə yarasından həyatını itirdi, şəhid oldu.
Qara Yanvarda SSRİ-nin mərkəzi rəhbərliyindən əmr alan Sovet Ordusu təkcə Bakıya deyil, respublikanın digər rayonlarına da hərbi müdaxilə etmişdilər. Rəsmi olaraq bu, “kütləvi iğtişaşların yatırılması və millətlərarası münaqişələrin qarşısının alınması zərurəti” ilə əsaslandırıldı. Lakin reallıqda hərbi müdaxilə ədalətin bərqərar olmasını, hüquqlarının müdafiəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsinə səbəb oldu.
Bu faciə təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hüzn və qəzəb doğurdu. Baş verən hadisə mənfur Qorbaçovun və dəstəsinin simasında sovet hökumətinin xalqın azadlıq mübarizəsini yatırmaq üçün hər cür amansızlığa hazır olduğunu bir daha nümayiş etdirdi. Bununla belə, Qara Yanvar Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Bu faciə xalqın öz müstəqilliyi və milli kimliyi uğrunda mübarizə aparmaq əzmini daha da gücləndirdi.
Birliyimizin, müstəqilliyimizin, milli ləyaqətimizin qorunub saxlanması üçün müstəsna əhəmiyyəti olan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların fədakarlığı unudulmazdır. Müstəqil və firavan Azərbaycan – hər cür maneə və sınaqlara baxmayaraq, azadlıq və ədalət idealları uğrunda mübarizənin qalibiyyətlə nəticələnəcəyinə ən gözəl sübutdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Azər Əsgərov