Azərbaycan tarixində 27 sentyabrın mühüm yeri var. Bu gün ölkəmiz doğma torpaqların işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhid oğul və qızlarını dərin hörmət və ehtiramla yad edir. Bu gün 30 ildən artıq müddətdə ədalətin bərqərar edilməsi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarının geri qaytarılması uğrunda mübarizə aparan Azərbaycan xalqının qəhrəmanlıq, şücaət və sarsılmaz iradə rəmzinə çevrilib.
Onilliklər ərzində Azərbaycanın sağalmayan yarası olmuş münaqişə Qarabağın dağlıq hissəsinin və ətrafdakı rayonların işğalı ilə bağlı idi. Azərbaycanın tarixi-mədəni irsinin ayrılmaz hissəsi olan bu torpaqları, dünya ictimaiyyətinin susqun razılığı ilə, 30 ildən artıq müddətdə Ermənistan öz nəzarəti altında saxladı, Azərbaycan xalqı çoxsaylı faciələr, dağıntılar və iztirablar yaşadı. Minlərlə insan amansız döyüşlər meydanına çevrilən doğma yurdunu tərk etmək məcburiyyətində qaldı.
Amma bu mərhumiyyətlərə baxmayaraq, Azərbaycan xalqı ədalətə inamını itirmədi. İşğal illəri ölkənin suverenliyini bərpa etmək üçün özünün ən dəyərlisini – canını qurban verməyə hazır olanların ruhunu qıra bilmədi.
2020-ci il sentyabrın 27-də Azərbaycanın öz torpaqları uğrunda mübarizəsində həlledici rol oynayan Vətən Müharibəsi başladı. 44 gün ərzində Azərbaycan silahlı qüvvələri qızğın döyüşlər apararaq, işğal altındakı torpaqları azad etdi. Bu müharibədə Vətən qarşısında borcunu şərəf və ləyaqətlə yerinə yetirən çoxlu qəhrəman həyatını itirdi. Hər bir şəhidin adı – şücaət və fədakarlıq hekayəsi, Vətənə, xalqa sədaqət nümunəsidir.
Bu tarixi hadisənin dördüncü ildönümü onunla əlamətdardır ki, dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan işğal illərində dağıdılmış ərazilərin bərpası istiqamətində mühüm addımlar atır. Hökumətin fəal işi nəticəsində işğaldan azad edilmiş Qarabağ torpaqlarında artıq bir sıra evlər və infrastrukturlar yenidən tikilib, bərpa olunub. Onilliklər ərzində xarabalığa çevrilmiş ərazilər tədricən canlanır. Evlərini tərk etmək məcburiyyətində qalan keçmiş köçkünlər indi öz torpaqlarına qayıdırlar. Artıq həyatın yenidən canlandığı Şuşaya, Laçınya, Füzuliyə, Zəngilana, Xocalıya ailələr köçürülüb.
Bir vaxtlar viran edilmiş və dağıdılmış Qarabağ yenidən bərpa olunur, öz həyat ritmini və əvvəlki gözəlliyini bərpa edir. Yaxın vaxtlarda Cəbrayıl, Kəlbəcər, Ağdam sakinləri öz doğma yurdlarına qayıdacaqlar. Evlərin, məktəblərin, xəstəxanaların və digər mühüm infrastrukturun bərpası sürətlə davam edir və bu gün bu ərazilər yeni sakinləri qəbul etməyə hazırlaşır. Qarabağ yenidən canlanır: bir vaxtlar sükutun hökm sürdüyü küçələr uşaq gülüşləri, insanların şən sədaları ilə dolur. Şuşada, Xankəndində ilk toylar olub, qonaqpərvər, şən Qarabağ yenə qonaqlarını qəbul edir. Yeni ənənəyə görə, bütün tədbirlər canları bahasına bizim üçün bu qayıdışı təmin edən qəhrəmanların xatirəsini ehtiramla yad etməklə başlayır.
Şəhidlər gələcək nəsillər naminə, Azərbaycanda sülh, firavanlıq naminə canlarını əsirgəməyənlərdir. Onların şücaəti hər bir ölkə vətəndaşı üçün güc və ilham mənbəyidir. Sentyabrın 27-si bütün xalqın əbədi olaraq gənc qalan, Vətənin azadlığı və müstəqilliyi uğrunda əlindən gələni edənlərin xatirəsi önündə baş əydiyi gün oldu.
Bu gün bütün ölkədə şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi tədbirlər təşkil olunur. Məktəblərdə və universitetlərdə vətənpərvərlik dərsləri keçirilir, burada gənclər Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə tarixini öyrənir, məscid və meydanlarda şəhidlərin xatirəsinə dualar oxunur. Hər bir Azərbaycan vətəndaşının qələbənin hansı qiymətə əldə edildiyini xatırlaması və şəhidlərin xatirəsini qəlbində əbədi yaşatması vacibdir.
Onların qəhrəçanlığı –milli qürur rəmzidir, mənəvi gücün və Vətən sevgisinin istənilən maneəni necə dəf edə biləcəyindən xəbər verir.
Azər Əsgərov