27 sentyabr 2020-ci il müstəqil Azərbaycan Respublikası üçün şərəfli tarixdir. İşğalçı Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Ali Baş Komandan qəhrəman Ordumuza əks-həmlə əməliyyatına başlamaq əmri verdi.
Hər bir silahlı toqquşma ölüm-itim, qan-qada, ağrı-acı deməkdir. Amma torpaqları düşmən tapdağında olan xalqımız bu qərarı, mən deyərdim, sevinclə qarşıladı. Vətənpərvər gənclərimiz hərbi səfərbərlik idarələrinin qarşısına axın etdilər. Əli silah tutan yaşlı-cavan hamı ordu sıralarına qoşulmağa, müqəddəs savaşda iştirak etməyə can atırdı.
Biz bu savaşda – 44 günlük Vətən müharibəsində Qələbə qazandıq: möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli hərbi-siyasi, diplomatik addımları, xalqımızın birliyi, ordumuzun qüdrəti, şəhidlərimizin, qazilərimizin, qəhrəman hərbçilərimizin misilisiz hünəri, sayəsində Zəfər bizim oldu!
İndi 27 sentyabr – Vətən müharibəsində həyatını itirən şəhidlərimizin xatirəsini Anım Günüdür.
Onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirəm!
Yaşasın Azərbaycan!
Azər Əsgərov