Dünya şöhrətli braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Azərbaycan Ciu-Citsu Federasiyasının və “Qodzilla” qrupun təşkilatçılığı ilə iyulun 19-da Bakıya səfərə gəlib. “Heydər Əliyev” Hava Limanında onu qarşılayanlar arasında “Judo Club 2012”nin rəhbərləri də olub.
Roys Qreysi iyulun 20-də “Judo Club 2012”nin böyük zalında məşqçilər və idmançılar üçün seminar keçib. 100-dən çox idmançı və məşqçinin iştirak etdiyi seminarı döyüş növləri üzrə respublika federasiyalarının rəhbərləri, tanınmış idmançılar, ictimaiyyət və media nümayəndələri izləyiblər.
“Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov dünya şöhrətli ciu-citsu ustası ilə görüşüb, onun keçirdiyi seminarda iştirak edib. Səmimi söhbət zamanı Azər Əsgərov hörmətli qonağa ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb, Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti, cüdo idman növündə əldə olunan nailiyyətlər, həmçinin “Judo Club 2012”nin bu və digər döyüş növlərinin təbliği, uşaq və gənclər arasında populyarlıq qazanması üçün gördüyü işlər barədə məlumat verib.
Roys Qreysi iki saatlıq semnardan sonra judoclub2012.az saytına müsahibə verərkən “Judo Club 2012”də məşq üçün yaradılmış şəraiti yüksək qiymətləndirərək deyib: “Belə bir zalda məşq edən idmançı nailiyyət qazanmaya bilməz”. O, seminarın təşkilində və uğurla keçirilməsinə göstərdiyi dəstəyə görə “Judo Club 2012″nin rəhbərliyinə minnətdarlıq bildirib. Azər Əsgərov və klubun cüdo üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov dünya şöhrətli idmançıya klubun adından qiymətli hədiyyə təqdim ediblər.
Azər Əsgərov özü isə seminarın təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Ciu-Citsu Federasiyasın təşəkkürnaməsinə layiq görülüb. Təşəkkürnaməni ona federasiyanın prezidenti Mir-Əli Seyidov təqdim edib.