Koronavirus pandemiyasının bütün dünyada yayıldığı və bəşəriyyət üçün ciddi təhdidlər yaratdığı, hər yerdə sosial-iqtisadi problemlərin kəskinləşdiyi 2020-ci il başa çatır. Azərbaycan yeganə dövlətdir ki, bu ağır, mürəkkəb, keşməkeşli ili özünün Zəfər ilinə, Qalibiyyət, Qürur ilinə çevirə bildi!
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ilin əvvəlindən pandemiyaya qarşı effektiv mübarizəyə başlanması, əhalinin koronovirus infeksiyasından qorunması və müalicəsi, sosial-iqtisadi dayanıqlılığın təmini üçün zəruri tədbirlər görülməsi ilə yanaşı, ilin sonuna yaxın ölkəmiz öz hərbi-siyasi qüdrətini nümayiş etdirərək torpaqlarımızın düşmən işğalından qurtarılmasına da nail oldu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması yola saldığımız ilin ən mühüm yekunu, xalqımızın misilsiz nailiyyətidir. Rəşadətli ordumuzun qısa müddətdə uğurla həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı işğalçı Ermənistanı təslim olmağa məcbur etdi. Bu əməliyyat dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
“Qarabağ – Azərbaycandır!” deyərək, bu həqiqəti xalqımızın birliyi, həmrəyliyi sayəsində döyüş meydanında sübuta yetirən, şanlı Qələbəmizin memarı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq!
Bu Qələbənin qazanılması uğrunda canını qurban verən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, onların valideynlərinə səbr diləyir, hər bir yaralı əsgərimizə, zabitimizə şəfa, fədakar müharibə veteranlarımıza sağlamlıq və gümrahlıq arzulayıram!
Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin iqtisadi fəallığın zəifləməsinə səbəb olduğu dövrdə Azərbaycan dövləti həm vətəndaşların sosial müdafiəsini gücləndirdi, həm də özəl sektora, biz sahibkarlara dəstək verdi, güzəştlər tətbiq etdi. Azərbaycan bütün dünyada koronovirus pandemiyasının zərərli təsirindən ən az itkiyə məruz qalan ölkələr sırasındadır. Üstəlik, 44 günlük Vətən müharibəsində sərf olunan resursları da nəzərə alsaq, ölkəmizin iqtisadi dayanıqlılığının nə qədər möhkəm olduğunu görərik.
Bizi qarşıda möhtəşəm quruculuq işləri, yeni qələbə sevincləri gözləyir. Doğma Qarabağın, işğaldan azad edilmiş ərazilərmizin bərpasına başlanır.Biz sahibkarlar, iş adamları da bu sahədə dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun fəaliyyət göstərmək istəyində və əzmindəyik. Qarabağ gözəl bir məkana, əsl cənnətə çevirəcəyik.
Yola salıdığımız 2020-ci ilin şəxsi həyatımda da xoş, sevindirici hadsələrlə də yadda qaldığını deməliyəm. Uca Tanrı mənə öz lütfünü göstərərək daha iki şirin-şəkər nəvə bəxş etdi: qızımın övladı Səlim, oğlumun qızı Adelya. Onların və xalqımızın bütün körpələrinin dinclik, əmin-amanlıq şəraitində, rifah içərisində yaşaması mənim ən ülvi arzumdur.
Əziz həmvətənlər, dostlar, həmkarlar! Hamınızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşldan gələn Yeni İl münasibətilə təbrik edirəm!
Qoy 2021-ci il vətənimizə, xalqımıza, dövlətimizə yeni uğurlar, zəfərlər gətirsin!
Həmrəyliyimiz əbədi, Yeni ilimiz mübarək olsun!
Azər Əsgərov