Dekabrın 5-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
MOK-un inzibati binasında təşkil olunan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, “Azman Holdinq”in icraçı direktoru İlham Əhmədov, “Judo Club 2012” klubunun direktoru Mübariz Cəfərov və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi İdman Filmləri va Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.
Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.
Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya kanalları iştirak edə bilər.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının açılış mərasimi, dekabr ayının ortalarında, bağlanış mərasimi isə 2024-cü ilin mart ayında keçiriləcək.
Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq. Mükafatlandırma mərasimi televiziya kanallarında yayımlanacaq.
Festivalda iştirak etmək istəyən müəlliflər və təşkilatlar öz filmlərini, proqramlarını festivalın Təşkilat Komitəsinin ünvanına DVD, fləşkart formasında təqdim edə və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərə bilərlər. Festivala video məhsulların qəbulu 30.01.2024-cü ilə kimi davam edəcək.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalın tərəfdaşı “Cüdo Klub-2012”, informasiya tərəfdaşları AZTV, AZTV İdman, İctimai TV, CBC Sport, “MİR” televiziya kanalları, “Olimpiya dünyası” qazeti, “Olympic.az”, “Olimpnews.az”, “trend.az”, “milli.az”, “azernews” və “day.az” informasiya portallarıdır.
Azər Əsgərov: “Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”
“Cüdo Klub-2012” İctimai Birliyi hər zaman idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəməyib”.
Bu sözləri “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib.
O, belə bir layihənin həyata keçirilməsində iştirak etdiyinə görə təşkilatçılara minnətdar olduğunu deyib.
“Hesab edirəm ki, bu günkü tərəfdaşlıq müqaviləsi daha geniş imkanlara yol açacaq. Biz də öz növbəmizdə göstərilən etimada görə təşkilatçılara minnətdarlığımızı bildiririk. İdman Filmləri Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”, – deyə Azər Əsgərov bildirib.
Mətbuatda:
https://azertag.az/xeber/milli_olimpiya_komitesi_yeni_terefdasliq_muqavilesi_imzalayib-2841411