Avqustun 3-də Fransanın paytaxtı Parisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə ənənəvi qala-gecə keçirilib. Tədbirə olimpiada iştirakçısı olan ölkələrin idman sahəsində xüsusi xidmətləri ilə seçilən nümayəndələri dəvət alıb.
Qala-gecədə Azərbaycandan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva iştirak ediblər.
Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun xüsusi dəvəti ilə Paris-2024-də iştirak edən Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov da tədbirin rəsmi qonaqları sırasında olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun və onun həyat yoldaşı Afaq Tapdıqovanın daim qayğısını hiss edirlər.
Xatırladaq ki, Azərbaycan cüdoçuları Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanıblar. Medalları ölkəmizə Hidayət Heydərov (-73 kq) və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev (-100 kq) qazandırıb. Komandamız bu nəticə ilə Yaponiya yığmasından (3 qızıl, 1 gümüş, 3 bürünc) sonra cüdo yarışlarını ümumi hesabda və kişilər arasında ikinci yerdə başa vuraraq tarixi nəticəyə nail olublar.
Bizim, Azərbaycan vətəndaşlarının növbəti 7 il müddətinə ölkə Prezidenti seçdiyimiz gün – 2024-cü il fevralın 7-si təhlükəsizlik və sabitlik, inkişaf və tərəqqi naminə ümumxalq səsverməsi günü kimi tarixə düşəcək. Və biz İlham Əliyevə səsimizi verərkən əmin idik ki, ölkəmizin daha da güclənməsinə və çiçəklənməsinə, bəzi ölkələrin ikili standartlar siyasəti ilə üzləşdiyimiz bir şəraitdə cəsarətli liderlik nümunəsi göstərən rəhbərə səs veririk.
Seçki günü ictimai-siyasi həyatımızda əlamətdar hadisəyə çevrildi. Bu, dövlətimizin fəaliyyətdə olan başçısının əsl zəfər günü idi. Şəxsən mən əvvəllər seçki günündə səs verməyə bu qədər insanın – seçicinin gəldiyini görməmişdim. Etiraf edim ki, yüksək əhval-ruhiyyə ilə seçki məntəqəsinə gedərkən gördüyüm mənzərədən xalqımıza, onun rəhbərinə, ölkəmizə görə qürur hissi keçirdim.
Ən xoş və heyrətamiz hal isə səsvermənin ilkin nəticələrinin açıqlanmasından sonra xalqın, sözün əsl mənasında, küçələrə axışması oldu. Gecə Azərbaycanın hər yerində əsl ümumxalq şənliyi vardı: Bakının, Gəncənin, Şuşanın və digər şəhərlərimizin küçələrində bayraqlarla bəzədilmiş avtomobillərin siqnal səsləri ətrafa yayılır, hər tərəfdə musiqi sədaları ucalır, adamlar rəqs edirdilər.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə hörmət və minnətdarlıq əlaməti olaraq xalq öz sevgisini belə ifadə edir, onun seçkilərdə qələbəsinə ürəkdən sevinirdi.
Bu cür ümumxalq sevincini gördüyüm üç hadisə yadımdadır: 2016-cı ilin aprelində 4 gün ərzində erməni işğalçı ordusunun məğlubedilməzliyi mifinin darmadağın edilərək ərazilərimizin bir hissəsinin azad olunmasından; 2020-ci ildə 44 günlük müharibədə möhtəşəm Zəfərin qazanılmasından və Azərbaycanın bütün işğal olunmuş ərazilərinin erməni təcavüzkarlarından tam azad edilməsindən, bir də bu il fevralın 7-də axşam seçkilərin ilkin nəticələrinin açıqlanmasından sonra…
Fevralın 7-də keçirilən seçkilərdə İlham Əliyevə ümumxalq dəstəyinin verilməsi onun Azərbaycanın bütün sahələrdə müasir nailiyyətlərə yol açan müdrik siyasətinə, strateji proqram və layihələrinə böyük inamımızın, minnətdarlığımızın və sonsuz etibarımızın sübutudur.
Ölkəmizdə və bütün dünyada hər kəs bilir ki, son illərdə Azərbaycan necə dəyişib. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunu davam etdirən İlham Əliyev dövlətçiliyin əsaslarının möhkəmləndirilməsinə, iqtisadiyyatın çoxsaylı sahələrinin müasirləşməsinə imkan verən dəyişikliklər və islahatlar həyata keçirib. Bu illər ərzində onun fədakarlığı, qətiyyəti, yüksək siyasi mədəniyyəti və xalqın səsini eşitmək bacarığı sayəsində böyük siyasət və iqtisadiyyat aləmində nüfuz sahibi olan güclü dövlət qurulub. İlham Əliyevin Azərbaycan xalqının hərtərəfli dəstəyini qazanmış, Vətənin təhlükəsizliyinin və sabit inkişafının təmin edilməsinə yönəlmiş prinsipial və müstəqil siyasi qərarlarını, ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə bağlı güzəştsiz mövqeyini xüsusilə qeyd etmək istərdim. Hazırkı seçkilərdə verdiyimiz səslər bir daha bariz şəkildə sübut edir ki, biz hamımız Azərbaycan Prezidenti cənab İlham Əliyevlə çiyin-çiyinəyik və onunla hər cür sınaqdan çıxmağa hazırıq.
Növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə dünyanın müxtəlif ölkələrindən, dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri tərəfindən İlham Əliyevə ünvanlanan təbriklərdə onun yüksək siyasi nüfuzu Azərbaycanın davamlı sosial-iqtisadi inkişaf xəttinə xalq dəstəyi səmimi şəkildə etiraf olunur, Prezidentimizə xoş arzular bildirilir…
Mən 2024-cü il fevralın 7-ni xalqın öz liderinə – Prezident İlham Əliyevə inamının təntənəsi və minnətdarlığı günü hesab edirəm!
Azər Əsgərov
Əziz dostlar!
Yeni İliniz və Dünya Azərbaycanlıların Həmrəyliyi Gününüz mübarək olsun! Qoy bu günlərin sevinci, coşqusu və uğurları tükənməz olsun!
2023-cü il – tarixi hadisə və çağırışılarla, əzmkar fəaliyyət və qələbələrlə dolu bir il sona çatır. Yola saldığımız 2023-cü il ölkəmizin tarixinə, ilk növbədə, sentyabrın 19-da yüksək dəqiqlikli silahların tətbiqi ilə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu il kimi düşəcək.
Rəşadətli Ordumuz 2020-ci il 10 noyabr tarixli Bəyannamənin imzalanmasından sonra Qarabağda qalan erməni silahlı birləşmələrinin, təxminən, 15 minlik kontingentini 24 saatdan da az müddətdə təslim olmağa məcbur etdi. Ermənistan separatizmi qızışdıran və şirnikləndirən hərəkətləri ilə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri və razılaşmaları əngəlləməyə cəhd göstərirdi. Bununla belə, Prezident İlham Əliyevin Azərbaycanın dövlət suverenliyi və beynəlxalq hüquq çərçivəsində öz ərazisinə tam nəzarət etmək haqqına əsaslanan dəqiq, mükəmməl və qətiyyətli siyasəti nəticəsini verdi. Məhz buna görə də 2023-cü il ölkəmiz üçün daha bir uğur və zəfər ilidir. Bu gün minlərlə keçmiş məcburi köçkün Qarabağda yaşayır, onların evləri dövlətimiz tərəfindən sürətlə bərpa olunur və bu proses geniş vüsət alır.
Mən bir iş adamı kimi həm işğaldan azad edilmiş ərazilərdə, həm də ölkəmizdə həyata keçirilən qlobal layihələrə qürur duyuram. Bu, Azərbaycanın gücünün, qüdrətinin sübutudur. Mən əldə olunan nailiyyətlərlə fəxr edirəm və bir daha anlayıram ki, əsas məsələ təkcə uğur qazanmaqda deyil, həm də görülən işlərin əhəmiyyətindədir. Yeni ildə hamımıza uğurlu işlər, ruhlandırıcı ideyalar və xeyirli layihələr arzulayıram.
Bir cüdoçu kimi çoxdan başa düşürəm ki, həyatda iradə, dözümlülük, səbr və yıxıldıqdan sonra ayağa qalxmaq kimi keyfiyyətlər uğur qazanmaq üçün çox vacibdir. Qoy, qarşıdakı il sizə yalnız yüksək mübarizə ruhu, arzu və istəklərinizə qovuşmaq səadəti nəsib etsin.
Dostlar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizə birliyin və bir-birimizə dəstək olmağın vacibliyini xatırladır. Yeni ildə daha da yaxın olaq, daha da güclü olaq və bütün çətinlikləri birlikdə dəf etməyə hazır olaq. Qoy, 2024-cü ildə yollarımız parlaq hadisələrlə və yeni imkanlarla dolu olsun.
Yeni İliniz mübarək!
Azər Əsgərov
Dekabrın 5-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
MOK-un inzibati binasında təşkil olunan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, “Azman Holdinq”in icraçı direktoru İlham Əhmədov, “Judo Club 2012” klubunun direktoru Mübariz Cəfərov və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi İdman Filmləri va Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.
Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.
Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya kanalları iştirak edə bilər.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının açılış mərasimi, dekabr ayının ortalarında, bağlanış mərasimi isə 2024-cü ilin mart ayında keçiriləcək.
Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq. Mükafatlandırma mərasimi televiziya kanallarında yayımlanacaq.
Festivalda iştirak etmək istəyən müəlliflər və təşkilatlar öz filmlərini, proqramlarını festivalın Təşkilat Komitəsinin ünvanına DVD, fləşkart formasında təqdim edə və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərə bilərlər. Festivala video məhsulların qəbulu 30.01.2024-cü ilə kimi davam edəcək.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalın tərəfdaşı “Cüdo Klub-2012”, informasiya tərəfdaşları AZTV, AZTV İdman, İctimai TV, CBC Sport, “MİR” televiziya kanalları, “Olimpiya dünyası” qazeti, “Olympic.az”, “Olimpnews.az”, “trend.az”, “milli.az”, “azernews” və “day.az” informasiya portallarıdır.
Azər Əsgərov: “Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”
“Cüdo Klub-2012” İctimai Birliyi hər zaman idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəməyib”.
Bu sözləri “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib.
O, belə bir layihənin həyata keçirilməsində iştirak etdiyinə görə təşkilatçılara minnətdar olduğunu deyib.
“Hesab edirəm ki, bu günkü tərəfdaşlıq müqaviləsi daha geniş imkanlara yol açacaq. Biz də öz növbəmizdə göstərilən etimada görə təşkilatçılara minnətdarlığımızı bildiririk. İdman Filmləri Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”, – deyə Azər Əsgərov bildirib.
Mətbuatda:
https://azertag.az/xeber/milli_olimpiya_komitesi_yeni_terefdasliq_muqavilesi_imzalayib-2841411