Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
Artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, məşhur idmançılar və şəhər sakinləri iştirak edib.
1984-cü ilədək istehsal olunan avtomobillərin yürüşündə ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.
Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər.
Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar – Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi – Heydər Əliyev Prospekti – Hava limanı yolu- Zığ şosesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar.
Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb. “Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb.
Nominasiyalarla yanaşı, qonaqlara tanınmış ifaçıların iştirakı ilə konsert və əyləncə proqramı da təqdim edilib.
Qeyd edək ki, “Azman Holdinq” şirkəti hər il olduğu kimi, bu il də klassik avtomobillərin yürüşü və sərgisində fəal iştirak edib. Belə ki, tədbirdə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus “Azman Motors” şirkətinin 12 avtomobili yürüşdə və sərgidə yer alıb.
Tanınmış idmançıların və cüdo ailəsinin də iştirak etdiyi tədbirdə həmçinin cüdo üzrə dünya, Avropa və Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Hidayət Heydərov “Azman Motors”a məxsus retro avtomobillə yürüşdə iştirak edib.
Avqustun 8-də Los Angelesdə fəaliyyət göstərən Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun illik təcrübə proqramlarını özündə əhatə edən ‘’Summer Networking Night” keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Amerika Birləşmiş Ştatlarının nüfuzlu televiziya xadimləri iştirak ediblər.
Tədbirdə iştirak edən Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Real Təhlil İnformasiya Mərkəzinin xüsusi müxbiri, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Cinema Radio Kino Radio Kanalının rəhbəri Kamran Qasımov Televiziya Akademiyası Fondunun icraçı direktoru, jurnalist Ann Vask və Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb. Görüş zamanı qarşılıqlı təcrübələrin öyrənilməsi və müştərək tədris proqramının hazırlanması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Televiziya Sənətləri və Elmləri Akademiyası Fondu il ərzində 3 dəfə təcrübə proqramları təşkil edir. Təcrübə proqramlarında iştirak hüququ qazanan tələbə və məzunlar Disney, Netfliks, ABC, Fox, AMC və digər audiovizual media qurumlarında təcrübə keçərək biliklərini möhkəmləndirir, karyera qurmaq imkanı əldə edirlər. Kamran Qasımov iki dəfə Kollec Televiziya Mükafatlarında, dörd dəfə isə təcrübə proqramlarında münsiflər heyətinin üzvü olub.
Kamran Qasımov bundan başqa Los Angelesdə olduğu müddətdə əfsanəvi “Santa Barbara” serialının 40 illiyi münasibətilə keçirilən tədbirə qatılıb. Serialın yaradıcı və aktyor heyəti ilə, eləcə də Disney studiyasının əfsanəvi animatoru Ted Stonzla görüşüb.
Qeyd edək ki, K.Qasımovun Los Angelesə səfəri iş adamı Azər Əsgərov tərəfindən maliyyələşdirilib.
https://www.realtv.az/news/az/169221/los-angelesde-summer-networking-night-kechirilib-fotolar
Avqustun 3-də Fransanın paytaxtı Parisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə ənənəvi qala-gecə keçirilib. Tədbirə olimpiada iştirakçısı olan ölkələrin idman sahəsində xüsusi xidmətləri ilə seçilən nümayəndələri dəvət alıb.
Qala-gecədə Azərbaycandan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva iştirak ediblər.
Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun xüsusi dəvəti ilə Paris-2024-də iştirak edən Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov da tədbirin rəsmi qonaqları sırasında olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun və onun həyat yoldaşı Afaq Tapdıqovanın daim qayğısını hiss edirlər.
Xatırladaq ki, Azərbaycan cüdoçuları Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanıblar. Medalları ölkəmizə Hidayət Heydərov (-73 kq) və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev (-100 kq) qazandırıb. Komandamız bu nəticə ilə Yaponiya yığmasından (3 qızıl, 1 gümüş, 3 bürünc) sonra cüdo yarışlarını ümumi hesabda və kişilər arasında ikinci yerdə başa vuraraq tarixi nəticəyə nail olublar.
“Paris-2024”-də iştirak edəcək Azərbaycan Olimpiya komandasının yolasalma mərasimi keçirilib. Qarşıdan gələn Yay Olimpiya Oyunlarında ölkəmizdən 48 idmançı iştirak edəcək. Parisdə keçirilən açılış mərasimində Azərbaycan bayrağını daşımaq şərəfi cüdoçu Gültac Məmmədəliyevaya və boksçu Məhəmməd Abdullayevə həvalə olunub.
Olimpiya Oyunları idman aləmində ən əlamətdar hadisələrdən biridir. Onlar dörd ildən bir keçirilir və dünyanın hər yerindən müxtəlif idman növlərində ölkələrini təmsil edən idmançıları bir araya gətirir. Oyunlar beynəlxalq əlaqələri, xalqlar arasında mədəni mübadiləni və qarşılıqlı anlaşmanı gücləndirməyə kömək edir, milyonlarla insanı yüksək nəticələr əldə etməyə və mükəmməlliyə can atmağa ruhlandırır.
Oyunlara təkcə idmançılar tərəfindən deyil, idmansevərlər tərəfindən də xüsusi münasibət var. Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin, ev sahibliyi edən ölkənin mədəniyyətini nümayiş etdirən mühüm ənənədir.
XIX əsrin sonlarında Pyer de Kuberten tərəfindən əsası qoyulan olimpiya hərəkatı qədim yunan ənənələrinə əsaslanır. Əsas ənənələrdən biri sülh, birlik və xalqlar arasında dostluq rəmzi olan Olimpiya məşəlinin alovlandırılmasıdır. Olimpiya məşəli Yunanıstanda alovandırılır və estafetlə oyunların keçirildiyi yerə aparılır. Olimpiya Oyunları zamanı düşmən tərəflər arasında atəşkəs elan edilir və onu pozanlar cəzalandırılırdı. Təəssüf ki, indi bu prinsiplərə heç də həmişə əməl edilmir, lakin ən azı Olimpiya Oyunları zamanı silahlı münaqişələrin dayandırılması üçün səylər göstərilir. Siyasi baxışların fərqliliyinə, müxtəlif geosiyasi maraqlara və mental xüsusiyyətlərə baxmayaraq, müxtəlif regionların nümayəndələrini idmana məhəbbət birləşdirir ki, bu da dünyanı yaxşılığa doğru dəyişdirir.
İdman ədalət, dürüstlük, əzmkarlıq və güc dünyasıdır, elə bir dünya ki, orada ruhu güclü olan hər kəsin yeri var. “Ey idman! Sən sülhsən!” – baron Pyer de Kubertenin bu kəlamı bütün dünya xalqlarının dinc yanaşı yaşamasının şüarına çevrildi. Əslində, belə olmalıdır, amma təəssüf ki, dünya heç vaxt ideal olmayıb.
Olimpiya Oyunları 200-dən çox ölkədən idmançıları bir araya gətirməklə öz miqyasına və beynəlxalq əhəmiyyətinə görə digər yarışlardan fərqlənir. Məncə, hər bir idmançı Olimpiya Oyunlarında iştirak etməyi arzulayır. Vəziyyət elə gətirdi ki, şəxsən mən bir idmançı kimi Olimpiadada iştirak edə bilmədim, lakin olimpiya idman mübarizəsini, təbii ki, ilk növbədə cüdoçular arasında yarışları həmişə böyük səbirsizliklə izləmişəm. Cüdoçu üçün hər hansı bir yarış, ilk növbədə, imtahandır, öz imkanlarını sınamaq imkanıdır, bayramdır, lakin Olimpiya Oyunlarına münasibət xüsusilə həssas, həyəcanlı, sevindiricidir.
Azərbaycanda Olimpiya hərəkatının əsl yüksəliş dövrü möhtərəm Prezident cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri seçilməsindən sonra başlanıb.
Bir mühüm faktı qürur hissi ilə xatırlatmaq istərdim: dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycana ilk Olimpiya qızılını məhz şanlı-şöhrətli cüdoçumuz, mənim əziz dostum Nazim Hüseynov gətirib. O, 1992-ci ildə Barselonada (İspaniya) keçirilən XXV Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq adını Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazdırıb.
Sonra cüdoda 16 ilə qədər davam edən bir durğunluq dövrü oldu. Və yalnız Prezident İlham Əliyev Azərbaycan MOK-un rəhbəri olduqdan sonra cüdomuzda dirçəliş başladı.
Azərbaycan cüdosunun daha bir görkəmli nümayəndəsi Elnur Məmmədli isə 2008-ci ildə Pekin (Çin) Yay Olimpiya Oyunlarının çempionu oldu. Sonrakı olimpiadalarda medal qazanmış cüdoçularımız Mövlud Mirəliyev (Pekin 2000), İrina Kindzerskaya (Tokio 2020), Elmar Qasımov, Rüstəm Orucov da (Rio-de-Janeyro 2016) ölkəmizdə cüdonun inkişafına layiqli töhfə veriblər.
Təbii ki, Paris Olimpiadasında yüksək nailiyyətlər qazanacağına böyük ümid bəslədiyimiz idmançılarımız arasında yenə də Azərbaycan cüdo ailəsinin üzvləri var. Ölkəmizi cüdo yarışlarında 7 kişi, 2 qadın idmançı təmsil edəcək. Onların arasında “Judo club 2012”nin nümayəndəsi Zelim Kotsoyevin də olması məni xüsusilə fərəhləndirir.
Fransada Azərbaycan bayrağının qaldırılması, Dövlət Himnimizin səsləndirilməsi üçün hər bir idmançımızın fədakarlıq göstərəcəyinə inanıram və o qürurlu anı birlikdə yaşamağımız üçün Allaha dualar edirəm!
Biz müxtəlif idman növlərinin təmsilçilərindən parlaq olmpiya qələbələri, medallar, belə mötəbər turnirdə layiqli iştirak gözləyirik. Uğur olsun!
Azər Əsgərov
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününü qürur və minnətdarlıq hissi ilə qeyd edirik. Bu, bizim arzu və ümidlərimizin gerçəkləşməsini, ədalət və azadlıq istəyimizi təcəssüm etdirən xüsusi bir gündür. Bu gün biz xalqımızın gücünün və şücaətinin rəmzinə çevrilmiş rəşadətli və müzəffər Azərbaycan Ordusuna ehtiramımızı bildiririk.
Biz 30 ildən artıq müddətdə torpaqlarımızı işğadan azad edəcək, Azərbaycanın günahsız dinc sakinlərinin tökülən qanlarının qisasını alacaq, bizə qürur və ləyaqət hissi yaşadacaq, əsl sahiblərini öz torpaqlarına qaytaracaq qüdrətli bir ordunun arzusunda idik. Nəhayət, bu arzumuz 2023-cü ildə qəhrəman hərbçilərimizin fədakarlığı və rəşadəti sayəsində gerçəkləşdi.
İşğalçılar üzərində sarsıdıcı qələbənin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının xalqımızın öz liderinə mütləq inamına, onun ətrafında sız birləşməsinə və qəbul etdiyi ölçülüb-biçilmiş qərarlara və addımlara tam etibarına, həmçinin azərbaycanlı hərbçilərin fədakarlığına və cəsarətinə əsaslanan siyasi iradəsi, qətiyyəti və müdrikliyi mühüm rol oynamışdır.
Bu gün Azərbaycan Ordusu qalib ordudur, tarixi ədaləti bərpa etmiş bir ordudur. O, öz xalqının məhəbbətini, hörmətini qazanıb, sübut edib ki, Azərbaycanı sındırmaq, tabe etmək mümkünsüzdür. Əsgər və zabitlərimiz soydaşlarımızın, çoxmillətli Azərbaycan xalqının başına gətirilən faciələrin təkrarlanmaması üçün bu gün də canlarını təhlükəyə ataraq hər şeyi edirlər.
Biz xalqımızı qorumaqla yanaşı, regionda sülhün və sabitliyin təminatçısına çevrilmiş ordumuzla fəxr edirik. Hünər və mətanət göstərdiklərinə, Vətəni son damla qanına qədər müdafiə etməyə hazır olduqlarına görə hərbçilərimizə minnətdarıq.
Bu əlamətdar gündə şəhidlərimizin ruhu, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən həmvətənlərimizin hünər və şücaəti qarşısında baş əyirik. Onların fədakarlığı heç vaxt unudulmayacaq, onların qəhrəmanlıqları xalqımızın qəlbində əbədi yaşayacaq!
Bayramınız mübarək, əziz həmvətənlər! Ordumuz həmişə güclü və yenilməz, xalqımız isə birlikdə və sarsılmaz olsun!
Azərbaycanın rəşadətli ordusu xalq tərəfindən həqiqətən də sevilən və hörmət edilən bir ordudur. Silahlı Qüvvələrimizə eşq olsun!
Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!
Azər Əsgərov
Qurban bayramı – İslam dininin ən müqəddəs bayramlarından, İslamın ən mühüm fəzilətlərindən biridir. Qurban bayramı Allaha itaət əlaməti kimi oğlunu qurban verməyə hazır olan İbrahim peyğəmbər (əleyhis-salam) haqqında rəvayətlə əlaqələndirilir. Bu bayram təkcə inam və sədaqəti deyil, həm də Uca Yaradanın öz bəndələrinə mərhəmət, səxavət və qayğısını rəmzləşdirir.
Qurban bayramı dərin mənəvi məna daşıyır və bir neçə əsas cəhəti özündə ehtiva edir. Həzrəti İbrahimin (əleyhis-salam) hekayəsi bizə Yaradana mütləq etibar etməyi və Onun iradəsini yerinə yetirməyə hazır olmağı öyrədir. Bu bayram bizə iman və itaətin vacibliyini xatırladır.
Qurban bayramının vacib ayinlərindən biri də sədəqə vermək, yəni heyvan qurban kəsib paylamaqdır. Ət üç hissəyə bölünür: bir hissəsi ailə üçün qalır, ikincisi dostlara və qohumlara verilir, üçüncüsü isə kasıblara paylanır. Bu, səxavət və qayğıkeşliyi rəmzləşdirir, həmçinin ehtiyacı olanlara kömək etməyin vacibliyini göstərir.
Qurban bayramı ailə və cəmiyyət daxilində əlaqələrin möhkəmlənməsinə rəvac verir. İnsanlar birlikdə dua etmək, bir süfrədə yemək yemək və bir-birinə dəstək olmaq üçün toplaşırlar ki, bu da icma hissini və birliyi gücləndirir. Ənənəvi yeməklərlə dolu olan süfrələr sevinc və vəhdət rəmzidir. Qurban bayramı özündə təkcə müsəlmanlar üçün deyil, həm də bütün bəşəriyyət üçün vacib olan dərin əxlaqi prinsipləri ehtiva edir.
Qurban bayramına bir neçə ənənəvi mərasim və tədbir daxildir. Mərasim məscidlərdə səhər namazı ilə başlayır, mömin müsəlmanlar Allaha şükür etmək və ondan xeyir-dua diləmək üçün toplaşırlar. Bu ayin sülhü, mərhəməti, bir-birinə sevgi və hörməti rəmzləşdirir.
Qurban bayramı xeyirxah əməllər vaxtı olduğu üçün sədəqə müsəlmanın mənəvi və əxlaqi dəyərlərinin mühüm tərkib hissəsidir. Bu, təkcə dini bayram deyil, həm də insanların öz mənəvi-əxlaqi dəyərləri haqqında düşündüyü, imanını gücləndirdiyi bir dövrdür.
Bayramınız mübarək, əziz bacı və qardaşlar! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin!
Hamınıza böyük hörmətlə,
Azər Əsgərov
Azərbaycan cüdo ailəsi yenə böyük sevinc və qürur hissi yaşayır. Biz – “Judo Club 2012” komandası isə ikiqat sevincliyik! Klubumuzun üzvü, ən istedadlı idmançılarımızdan olan Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən dünya çempionatında -100 kq çəki dərəcəsində qızıl medal medal qazanaraq bu mötəbər yarışda yenidən Azərbaycan bayrağının qaldırılmasına, Dövlət Himnimizin səsləndirilməsinə nail olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu möhtəşəm qələbə münasibətilə Zelimi təbrik edib. Mehriban xanıma təşəkkür edirik. Məhz idmana dövlət qayğısı, xüsusən də, cənab Prezident İlham Əliyevin bu sahənin inkişafına hər cür şərait yaratması ölkə idmançılarını böyük nailiyyətlər qazanmağa ruhlandırır.
Zelimin dünya çempionatında yüksək əzmkarlıq, mənəvi-psixoloji hazırlıq nümayiş etdirdiyini xüsusi vurğulamaq istərdim. Finala doğru yolda o, dünyanın ən güclü cüdoçularını məğlub etməyi bacardı. Heç birinin ad-sanından, şöhrətindən çəkinmədən, cəngavər kimi döyüşdü və qalib gəldi.
Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarına öz çəki dərəcəsininin reytinq cədvəlinin lideri kimi gedəcək və inanırıq ki, Olimpiada da uğurla çıxış edəcək.
Mən idmançımızı da, onun qələbələrində xüsusi rolu olan əziz dostum, 11 il əvvəl dünya çempionluğunu qazanmaqla adını Azərbaycan cüdo tarixinin qızıl səhifəsinə yazdırmış Elxan Məmmədovu da ürəkdən təbrik edirəm!
Zelim, biz səninlə fəxr edir, yeni qələbələrini gözləyirik!
Azər Əsgərov
Müasir Azərbaycan cüdosunun öncüllərindən olan Hidayət Heydərovun Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanması bizə böyük sevinc və qürur hissi bəxş etdi. Son dəfə bu qızılı ölkəmizə 11 il əvvəl indi cüdo veteranı olan dostumuz Elxan Məmmədov gətirmişdi…
Bu gün Hidayət idman karyerasının zirvəsindədir: dördqat Avropa çempionudur, dünya reytinqində öz çəki dərəcəsində birincidir! Onun uğurlarında, ilk növbədə, şəxsi məşqçisi, Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan müəllim Həsənovun müstəsna rolu vardır. Mən əziz müəllimimi gənc yetirməsinin möhtəşəm qələbəsi münasibətilə ürəkdən təbrik edirəm.
Mən bilirəm ki, Tərlan müəllim Hidayətdən Olimpiya çempionluğu da gözləyir və çox istərdim ki, onun bu arzusu da gerçəkləşsin.
Və mütləq qeyd etməliyəm ki, məhz möhtərəm Prezident cənab İlham Əliyevin əvəzsiz qayğısı və diqqətı Azərbaycan idmançılarını mötəbər beynəlxlaq yarışlarda qələbə qazanaraq Dövlət bayrağımızı yüksəltməyə, Himnimizi səsləndirməyə ruhlandırır. Belə diqqət və qayğı Azərbaycan Cüdo Federasiyasının da öz işini yüksək səviyyədə qurmasına, ölkəmizdə idmanın bu popular növünün inkişafına öz güclü təsirini göstərir.
Bir daha Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edir, ona yeni uğurlar, qələbələr arzulayıram! Gənc dost, biz səni Olimpiada pyedestalının da birinci pilləsində təsəvvür edirik!
Azər Əsgərov
Aprelin 30-da Bakı İdmana Sarayında Bakı İdman Sarayında cüdo üzrə ənənəvi V “Raquf Orucov kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib.
525.az xəbər verir ki, müasir hərb tariximizin şanlı səhifəsi sayılan 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenleyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilmiş turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyanın (Fərdi Neytral İdmançılar) 20 yaşadək cüdoçularından (U-20) ibarət 13 komanda mübarizə aparıb.
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərovun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunmuş, turnirin rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Rəşadətli ordumuzun zəfərinə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançılar iştirak ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimdə çıxış edərək, ölkəmizdə idmanın inkişafından, Olimpiya hərəkatından, idmançılarımızın qazandığı qələbələrdən söz açıb, həmin qələbələrin daim xalqımızı ruhlandırdığını vurğulayıb. O, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərin xatirəsinin daim əziz tutulduğunu bildirib, böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıyan turnirin təşkilatçılarının fəaliyyətini yüksək dəyərləndirib, idmançılara uğurlar arzulayıb.
Milli Məclis sədrnin müavini Adil Əliyev Azərbaycanın idman ölkəsi kimi dünyada tanındığını, Ulu Öndər Heydər Əliyevin bu sahənin dirçəlişində müstəsna rol oynadığını, Prezident İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət göstərdiyini, idmançılarımızın beynəlxalq arenalarda böyük uğurlar qazandığını qeyd edib. O, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr olunmuş turnirin həm ölkəmizdə idmanın inkişafına yönəldiyini, həm də şəhidlərə ehtiramı ifadə etdiyini bildirib. Adil Əliyev haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan Vətən oğullarının döyüş yolunun gənc nəsil üçün örnək olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsini daim əziz tutduqlarını, eləcə də şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görüldüyünü qeyd edib. O, beynəlxalq turnirin gənc nəslin vətənpərvərlik ruhunda tədrbiyəsinə mühüm təsir göstərdiyini vurğulayaraq, bu mötəbər ənənəvi tədbirin əvvəlkilər kimi indi də yüksək səviyyədə təşkilinə görə yarışın təşəbbüskarı Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi Azər Əsgərova minnətdarlıq bildirib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədo, cüdo üzrə dünya və Avropa çempionatının qalibi və mükafatçısı, 2024-cu ilin idman səfiri Orxan Səfərov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Muharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək, ürək sözlərini söyləyib, turnirin təşkilini yüksək qiymətləndiriblər.
Əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Orucova şəhid ailələrini dövlətimizin qayğısını daim hiss etdiklərini bildirib. O, xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını vurğulayaraq, şəhidlərin müqəddəs əməllərinin layiqincə qiymətləndirilməsində və bunun gələcək nəsillərə çatdırılmasında belə yarışların mühüm əhəmiyyət daşıdığını deyib. Tərkibinə “Judo Club 2012” idman klubunun da daxil olduğu “Azman Holdinq”in və onun rəhbərliyinin ötən səkkiz ildə daim Raquf Orucovun və digər şəhidlərin ailələrinin yanında olduğunu qeyd edən Sevinc Orucova bu xeyirxah missiyaya və beynəlxalq turnirin təşkilinə görə minnətdarlıq bildirib.
Mərasimdə əməkdar artist Xəyyam Mustafazadə vətənpərvərlik ruhunda mahnılar oxuyub, “Jüdo Club 2012”nin yeniyetmə idmançılarının nümunəvi çıxışları nümayiş olunub.
Rəsmi və bədii hissə başa çatdıqdan sonra Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.
Turnirin finalında “Edelveys” klubunun (Fərdi Neytral İdmançılar) və “Judo Club 2012″nin komandaları qarşılaşıblar. Azərbaycan təmsilçiləri rəqiblərinə qalib gələrək turnirin kubokunu və qızıl medallarını qazanıblar. Bürünc medallara “Atilla” İdman Klubu (Azərbaycan) və Macarıstan komandası layiq görülüblər. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunub.
Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018, 2019 və 2023-cü illərdə uğurla təşkil olunub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Mənbə: https://525.az/news/260266-cudo-uzre-v-raquf-orucov-kuboku-beynelxalq-turniri-kecirilib
https://vetensesi.az/page/33/news/25639
https://koordinat.az/43746/v–raquf-orucov-kuboku–turnirinden-fotolar
https://medeniyyet.az/page/news/73453/Efsanevi-kesfiyyatcinin-xatiresine.html