İyunun 1-də paytaxtın tanınmış ictimai məkanlarından olan “Mangal Steak House – Bayıl” restoranının “Bakı” zalında “Azman Holdinq”in təşkilatçılığı ilə Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının təqdimat mərasimi keçirilib.
İdeyası Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus olan kitabın müəllifi Əməkdar jurnalist Elşən Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, redaktoru Əməkdar jurnalist Yusif Rzayevdir. Kitab “CBS polygraphic production” mətbəəsində yüksək poliqrafik keyfiyyətlə 500 nüsxə tirajla çap olunub. Onu da qeyd edək ki, “Bir cüdo əfsanəsi” “Azman Holdinq”in dəstəyi ilə işıq üzü görən ikinci kitabdır. Bundan əvvəl şirkətin hərtərəfli dəstəyi ilə şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat və döyüş yolundan bəhs edən “Murov qartalı” kitabı nəşr olunub.
“Azman Holdinq”in Media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Xanlar Məmmədov açaraq kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində və Heydər Əliyev İlində nəşr edilməsinin əlamətdar olduğunu vurğulayıb. Ulu Öndərin Azərbaycanda idmana və idmançılara daim diqqət və qayğı göstərdiyi minnətdarlıq hissi ilə xatırlanıb, respublikamızda cüdo idman növünün də məhz onun siyasi hakimiyyətdə olduğu dövrdə yarandığı bildirilib. Diqqətə çatdırılıb ki, ötən il Azərbaycanda cüdonun kütləvi idman növü kimi təşəkkül tapmasının 50-ci ildönümünün qeyd olunduğu vaxtda Tərlan Həsənovun da 80 illik yubileyi keçirilib. Görkəmli müəllim-məşqçinin Azərbaycan idmanının inkişafındakı xidmətlərini Prezident İlham Əliyev yüksək qiymətləndirib, onu “Şöhrət” ordeninə layiq görüb.
Qeyd olunub ki, Tərlan Həsənov ölkəmizdə cüdo üzrə müəllimlərin müəllimi hesab edilir. Nəşrin ideya müəllifi, özü də Tərlan müəllimin yetirməsi olan Azər Əsgərov kitaba yazdığı ön sözdə ustadını Azərbaycanda cüdonun canlı əfsanəi adlandıraraq, onun yaratdığı məktəbin ənənlərini yaşatmağın və nəsillərdən-nəsillərə ötürməyin vacibliyini göstərib.
Təqdimat mərasimində çıxış edən müəllif Elşən Əliyev deyib ki, Tərlan Həsənovun ömür yolu və idman karyerası indiki və gələcək nəsillər üçün örnəkdir. Tərlan müəllimin kitabın təkcə qəhrəmanı deyil, həm də əsas müəllifi olduğunu vurğulayan müəllif onun fenomenal yaddaş sahibi kimi səciyyələndirib, bunun yaradıcılıq prosesini əhəmiyyətli dərəcədə asanlaşdırdığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Adil Əliyev, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Tərlan Həsənovun yetirmələri – tanınmış idman xadimləri Ağayar Axundzadə, Elçin İsmayılov, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Tərlan Eyvazov və başqaları çıxış edərək, kitabın qəhrəmanı haqqında xatirələrini bölüşüb, onun və yetirmələrinin ölkəmizin ictimai və idman həyatında fəal rolundan bəhs edib, belə dəyərli bir kitabın hazırlanmasında xidməti olanlara təşəkkür bildiriblər.
Tədqimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin, Azərbaycan Cüdo Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, Tərlan Həsənovun yetirmələri və ailə üzvləri iştirak ediblər.
https://525.az/news/225394-bir-cudo-efsanesi-kitabinin-teqdimat-merasimi-kecirilib
https://azertag.az/xeber/Bir_cudo_efsanesi_kitabinin_teqdimat_merasimi_olub-2642696
https://teref.az/daxili-xeber/283968-bir-cudo-efsanesi-.html
https://manevr.az/sosium/119993-bir-cudo-fsansi-kitabnn-tqdimat-mrasimi-kecirilib.html
Bakı sakinlərinin və şəhərimizin qonaqlarının yaxşı tanıdığı, hər zaman özünün dadlı təamları və yüksək xidmət səviyyəsi ilə seçilən “Mangal Steak House” restoranın komandası Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Cenevrə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin WIPO-da (World Intellectual Property Organization – Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı) keçirdiyi tədbirdə milli mtəbəx mədəniyyətimizi layiqincə təmsil edib.
Elşad Nuriyevin başçılıq etdiyi komandanın üzvləri – aşpazlar İsak Temel və Tural Kərimli tədbir iştirkçılarını restoranın menyüsündə xüsusi yer tutan Şah plova qonaq ediblər.
“Mangal Steak House” komandası Avropada təşkil olunacaq digər mötəbər tədbirlərə də dəvət alıblar.
“Azərbaycan” deyəndə səni düşünürük biz! Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məşhur mahnıdakı bu fikir xalqımızın öz dahi oğluna ülvi məhəbbətini, dərin və tükənməz ehtiramını ifadə edir.
Mən də Ulu Öndərlə eyni vaxtda yaşayan, onun möhtəşəm dövlətçilik fəaliyyətinin şahidi olan nəslin nümayəndəsi kimi özümü çox xoşbəxt hiss edirəm. Onun qurduğu və gələcəyi üçün möhkəm təməl yaratdığı müasir müstəqil Azərbaycan bu gün dünyada öz gücü, qüdrəti ilə tanınır. Biz qalib xalqın övladları, qalib dövlətin vətəndaşlarıyıq.
Bu gün, anadan olmasının 100-cü ildönümündə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edib, ona rəhmət diləyərək deyirik: “Sən bizim bu dünyada ən böyük sərvətimizsən! Sənin qurduğun dövlət layiqli siyasi varisin, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə daim zirvələrdə qərar tutacaqdır! Sənin bütün arzu və vəsiyyətlərini yerinə yetirmək müqəddəs borcumuzdur. Ruhun şad olsun, Ulu Öndər!”
Azər Əsgərov
Əziz bacı və qardaşlar!
Sizi Ramazan bayramı münasibətilə təbrik edirəm. Biz bu müqəddəs bayramı könül rahatlığı, xeyirxah niyyət və düşüncələrlə qarşılayırıq. Əsl müsəlman üçün oruc günləri mənəvi təmizlənmə və kamilləşmə zamanıdır. Həmişə güclü, imanlı və müdrik olaq, binəsiblərə yardımımızı əsirgəməyək.
Bu əziz gündə hamınıza firavanlıq, rifah, sülh və əmin-amanlıq arzulayıram. Evinizdə daim rahatlıq, süfrənizdə bolluq-bərəkət olsun. Qəlbiniz xoş duyğularla, mərhəmətlə dolsun!
Bu mübarək ayda mənən daha da kamilləşən bütün mömin müsəlmanlar orucu uğurla başa çatdırdıqları üçün Allah-təaladan layiqli mükafatlarını alacaqlar. Nəfsini qoruyub gücləndirmək Böyük Yaradanın müqəddəs iradəsini yerinə yetirməkdir! Allah oruc və dualarınızı dualarınızı qəbul etsin!
Azər Əsgərov
Novruz – Azərbaycanda hamılıqla qeyd etdiyimiz ən əziz, sevimli bayramdır. Baharın gəlişi ilə bağlı olan adət-ənənələri xalqımız əsrlər boyu yaşadaraq, nəsillərdən-nəsillərə ötürüb. Təbii ki, bunlardan keçmişdə qalanları da var, dəyişib yenilənəni də… Lakin ən mühümü odur ki, Novruzun əsas adət-ənənələrini biz qayğı ilə qoruyub saxlayırıq və buna görə indi də onu səbirsizliklə gözləyir, ümumxalq bayramı kimi geniş qeyd edirik.
Bayram süfrələrimizi, adətimizcə, bol nemətlərlə bəzəyək, ancaq unutmayaq ki, əsas sərvətimiz ¬– bu bayram günlərində bizimlə birlikdə olan doğmalarımız, əzizlərimizdir.
Hamını Novruz bayramı münasibətilə təbrik edirəm!
Azər Əsgərov
Gözəllik və müdriklik Şərq qadınına məxsus ən səciyyəvi xüsusiyyətlərdir. İsmətli, namuslu qadınlarımız ana, bacı, həyat yoldaşı kimi həm də mərdlikləri, ən xoş və ən çətin anlarda yanımızda olmaqları ilə həyatımızı rövnəqləndirirlər.
8 Mart – bütün dünyada Qadınların Günü hesab edilsə də, onların yeri qəlbimizdə əbədidir: ilə, aya, günə sığmaz…
Bayramınız mübarək, əziz qadınlar!
Sağlamlığınız möhkəm, həyatınız firavan, xoşbəxtliyiniz tükənməz, arzularınız daim çin olsun!
Azər Əsgərov
…Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib: onlardan 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i ahıl yaşlıdır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Müxtəlif yaşlarda olan 1000 nəfər mülki şəxs aldığı güllə yaraları nəticəsində əlil olub. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən Azərbaycan xalqına, ölkəmizin dinc vətəndaşlarına qarşı törədilmiş bu antibəşəri cinayətin qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edirik…
Bəşər tarixinin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli cinayətləri sırasına daxil olan Xocalı soyqırımına məhz 1988-ci ildən Qarabağda cərəyan edən hadisələrin səbəb olduğu indi hamıya, bütün beynəlxalq ictimaiyyətə tam aydındır. Erməni millətçilərinin XIX əsrin sonlarından başlayaraq sərsəm “dənizdən dənizə Ermənistan” ideyasını həyata keçirmək istəyi yüzlərlə kəndin, şəhərlərin dağıdılıb viran edilməsi, on minlərlə günahsız insanın qətlə yetirilməsi, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması ilə yanaşı, çoxlu sayda erməni gəncin də ölümü, erməni ailələrinin faciəsi ilə nəticələnib…
Erməni millətçilərinin puça çıxan istilaçılıq niyyəti, işğalçılıq siyasəti bu gün də bölgəmizi gərginlikdə saxlayır, qan tökülməsinə gətirib çıxarır. Revanşistlər yenidən baş qaldırırlar! Qafqazda öz mövqelərini möhkəmləndirmək istəyən ölkələrin himayəsindən istifadə edərək, onlar bütün beynəlxalq normalara, hətta, sadə məntiqə zidd olaraq, tarix boyu dəfələrlə baş verdiyi kimi, cinayətlər və vəhşiliklər törətmək niyyətlərini nümayiş etdirirlər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti 44 günlük müharibədə qazanılan qələbə ilə sübuta yetirdi ki, erməni faşizmi heç vaxt öz xülyasını gerçəkləşdirə bilməyəcək. Dəmir yumruq hər zaman onların başı üzərində olacaq! Xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımına görə məsuliyyət daşıyan erməni millətçiləri isə mütləq cəzalarını alacaqlar.
Ermənistanın işğalından azad edilmiş Azərbaycan torpaqlarına sülh və ədalət qayıdıb. Üçüncü ildir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini biz qalib xalq kimi yad edirik.
26 fevral hər bir azərbaycanlı üçün kədərli tarixdir. Xocalı soyqırımı qurbanlarının xatirəsi tarixi yaddaşımızdır və xalqımızın, Vətənimizin qorunması uğrunda mübarizədə bizə hər zaman güc verəcəkdir.
Azər ƏSGƏROV
Bu günlərdə Fransanın paytaxtı Parisdə keçirilmiş cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan yığma komandasına medal qazandıran idmançılar arasında “Judo Club 2012”nin iki üzvünün olması bizi sevindirdi və qürurlandırdı.
Əvvəla, nüfuzlu turnirdə yüksək nəticələr göstərən hər üç idmançını Cüdoçularımızdan Balabəy Ağayevi (qızıl), Murad Fətiyevi (gümüş) və Zelim Kotsoyevi (bürünc) səmimi-qəlbdən təbrik edir, onlara idmanda və şəxsi həyatda yeni uğurlar arzulayıram.
Murad və Zelimin Parisdən mükafatla qayıtmasının klubumuz üçün nə qədər əhəmiyyətli olduğunu isə xüsusi qeyd etmək istəyirəm. Bu, “Judo Club 2012”də işin səmərəli təşkil olunduğunu, məqşçilərimizin və idmançılarımızın məsuliyyət və əzmkarlıqla çalışıdığını bir daha təsdiqləyir.
Yarış və qələbə təcrübəsi çox olan Zelim Kostoyevin biz bu dəfə də uğurlu nəticəyə nail olacağını gözləyirdik. Ancaq irimiqyaslı turnirlərdə müxtəlif subyektiv səbəblərə görə Muradın arzulanan yerlərə çata bilməməsin bir qədər nigaran idik. O da, necə deyərlər, tilsimi sındırdı və əminik ki, artıq qarşısında açılan uğur zolağı ilə inamla addımlaya biləcəkdir.
Zelim də, Murad da bizim olimpiya ümidlərimizdir və inanırıq ki, hər ikizi ümidilərimizi doğruladacaqdır.
Mən bir daha cüdoçularımızı və onların məşqçilərini təbrik edirəm, onlara yeni-yeni qələbələr arzulayıram!
Azər Əsgərov
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin törətdiyi insan tələfatı və dağıntılar hər bir azərbaycanlı kimi mənim də qəlbimdə ağır kədər hissi doğurub. Təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, səbr və dözüm diləyir, yaralıların tezliklə şəfa tapmasını arzulayıram.
Əziz qardaşlar, kədəriniz kədərimizdir!
Türk xalqı dəyanətli və mübariz, Türkiyə dövləti qüdrətli və yenilməzdir!
Uca Tanrı köməyiniz olsun!
Azər Əsgərov