Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov ölkəmizdə cüdonun inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycanda cüdosu – 50” yubiley medalı ilə təltif olunub.
“Judo Club 2012” idman klubunda medalın təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib. ACF prezidentinin müşaviri Natiq Bağırov tədbirdə çıxış edərək Azər Əsgərovun ölkəmizdə cüdo idman növünün inkişafındakı xidmətlərindən, veteran idmançılar üçün hərtərəfli şərait yradılmasına və yeni cüdoçular nəslinin yetişdirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Paytaxtın müasir idman qurğularından olan “Judo Club 2012”nin qapılarının cüdo ailəsinin üzünə daim açıq olduğunu vurğulayan müşavir buna görə federasiya adından klubun rəhbərliyinə təşəkkürünü bildirib və yubiley medalını Azər Əsgərova təqdim edib.
Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, dövlətmizin başçısının hər zaman idmançıları yüksək dəyərləndirdiyini xatırladan Azər Əsgərov bunun qürur və minnətdarlıq hissi doğurduğunu bildirib, yubiley medalı ilə təltif olunduğuna görə ACF rəhbərliyinə təşəkkür edib. O, ölkəmizdə şanlı tarxi olan cüdonun təblği və inkişafı üçün bundan sonra da böyük həvəslə çalışacağını qeyd edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Xalqımızın həyatında mühüm hadisələrlə əlamətdar olan daha bir il başa çatır. Yeni – 2023-cü ili ölkəmizdə bütün sahələrdə əldə olunmuş diqqətəlayiq uğur və nailiyyətlərlə, qələbə ovqatı və quruculuq əzmi ilə qarşılayır, zəfər və qələbələr yolunda inamla addımlayırıq.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz öz gücünü, qüdrətini daim artırır, dünya birliyində tutduğu layiqli yeri daha da möhkəmləndirir. Davamlı və dayanıqlı iqtisadi inkişaf sayəsində əhalinin rifahı yüksəlir, həmçinin sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının və ictimai dəstəyin göstərilməsi imkanları genişlənir.
Korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirən, bu sahədə fəaliyyətini cəmiyyətin tələbatına uyğun qurmağa çalışan “Manqal” restoranlar şəbəkəsi və “Burger bəy” restoranı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi təşkil etmək barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Mədəni Tədbirlər Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin müraciətini müsbət cavablandırıb. Dekabrın 19-da sözügedən həssas qrupa mənsub 50 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib.
Bu il Azərbaycan cüdosu özünün 50 illik yubileyini qeyd edir. Belə əlamətdar bir vaxtda cüdo üzrə tanınmış məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Əliheydər oğlu Həsənovin da 80 yaşı tamam olur.
Noybarın 27-də Bakının populyar istirahət məkanlarından birində tədbir keçirilib. Tədbirdə dövlət orqanlarının, Milli Olimpiya Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, Olimpiya, dünya, Avropa çempionları, yubilyarın yetirmələri, tanınmış idmançılar iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra həyat və fəaliyyəti Azərbaycan cüdosu ilə sıx bağlı olan Tərlan Həsənov haqqında qısametrajlı film nümayiş etdirilib. Əməkdar məşqçinin yetirmələrindən olan Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev və digər natiqlər yubilyarı təbrik edib, ona ən xoş arzularını çatdırıblar.
Tərlan Həsənovun yetirmələrindən olan, Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov təşkil etdiyi yubiley tədbirində qonaqlara tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə musiqi proqramı da təqdim olunub.
Xatırladaq ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb. 2019-cu ildə “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın “Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Dövlətin əlamətdar günlərinə və Vətənlə bağlı mövzulara həssaslığıyla seçilən “Fire Land Production” “Azman Holdinq”in dəstəyi ilə bu səfər 8 Noyabr – Zəfər Günü ilə əlaqədar şəhid yaxınlarını bir araya topladı.
“Qafqazinfo” xəbər verir ki, tədbirə toplaşanlar əslində hər zaman bir səbəbdən bir-birilərini tez-tez görürlər. Mövzu Vətən, Zəfər, Ordumuz və şəhidlərdirsə, vətənsevərlər və şəhid yaxınları bir ürək olurlar.
“Fire Land Production” tədbirlərini 2 ildir silsilə şəklində davam edir. AYB-nin üzvü Cəlal Qurbanovun rəhbərliyi ilə həyata keçirilən “Mənim atam Qəhrəmandır” və “Mənim oğlum Qəhrəmandır” layihələrinə 2000-ə yaxın şəhid yaxını cəlb olunub. Tədbirlərə Heydər Əliyev Fondu öz dəstəyini göstərib.
Şəhid yaxınlarının bir qismi Şuşanı ziyarət ediblər, şəhidlərinin ruhunun gəzindiyi torpaqlara qovuşublar. Zəfər Günü ilə əlaqədar keçirilən tədbirə isə yenə də “Azman Holdinq”ə daxil olan “Manqal Steak House” ev sahibliyi etdi. Tədbirdə 300-ə yaxın şəhid yaxını, dövlət rəsmiləri və sənət adamları iştirak edirdilər.
Bayram gecəsinin aparıcılığı Nailə İslamzadəyə həvalə olunmuşdu. Milli Məclisin sədr müavini, deputat Adil Əliyev, AMEA-nın həqiqi üzvü, deputat Ziyad Səmədzadə bu günün önəmi haqqında fikirlərini öz çıxışlarında bildirdilər, xalqımızı bayram münasibəti ilə təbrik etdilər.
Sənətçilərdən Əməkdar artist Xumar Qədimova, Zamiq Hüseynov, Əməkdar artist, tarzən Vüsal İskəndərzadə tədbirin bayram əhval ruhiyyəsində davam etməsi üçün öz repertuarlarından mahnılar səsləndirdilər. Zəfər Günü ilə bağlı layihə çərçivəsində hazırlanmış “Anaya məktub” adlı video çarx qonaqlara təqdim olunan zaman isə kövrək anlar yaşandı.
Tədbirin təşkilatçısı və “Fire Land Production”un rəhbəri Cəlal Qurbanov Zəfər Günü ilə bağlı fikirlərini belə dilə gətirdi:
“Biz Zəfərdən keçən iki ildə sizinlə çox doğmalaşmışıq. Bir-birimizi kədərdə tanısaq da, bu tanışlığın əsas səbəbkarları zəfəri, sevinci bizə gətirənlərdir. Biz şəhid sözünü canlı təsəvvür edənlərdənik. Çünki biz şəhidlərimizin ad günlərində də toplaşırıq. Bir-birimizin istəklərindən yuxumuza girən şəhidlərimiz vasitəsilə xəbər alırıq. Buradakıların çoxu bu faktı da təsdiqləyər. Mən çox danışmayacağam, sadəcə komandamın adından təşəkkürlər edəcəyəm. Təbii ki, ilk növbədə şəhidlərimizə! Əminəm ki, onların ruhları öz əzizlərinin olduğu yerlərdə gəzir və bizi eşidirlər. Bizim adımızı yüksəldənlər, belimizi dikəldənlər, namusumuzu təmizləyənlərə təşəkkürlər edirik! Daha sonra 2 ildir bu müqəddəs insanların itkisinə dözməyə çalışan şəhid yaxınlarına təşəkkür edirik! Nə yaxşı ki, bizi də öz ailənizə qəbul etdiniz, bizi də bağrınıza basdınız! Qazilərimizə, Ordumuza, Ali Baş Komandanımıza təşəkkür edirik! Siz düşmənə və bizi həzm edə bilməyən ölkələrə göz dağısınız! Adınızın gəldiyi yerlərdə ürəklər titrəyir artıq… Arazın o tayında da Cənab Prezidentimizi gözləyirlər, görməyi arzulayırlar. Bu arzular əbəs deyil, ona olan inamdır, güvəndir! Heydər Əliyev Fondu və onun rəhbərliyinə – Anar Ələkbərova təşəkkür edirəm, heç bir işimizdə bizi tək qoymadı! Vilayət Eyvazovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin əməkdaşlarına, məsul şəxslərinə, polislərimizə bütün şəhid yaxınları adından təşəkkür edirəm! Hər yerdə şəhid əmanətlərini hərbi salamla qarşıladılar, önəmli günlərdə onların toplaşdığı tur avtobuslarını yolboyu izlədilər, paytaxt yollarını onlar üçün təhlükəsiz etdilər! Bundan sonra göz yaşı axıtmamalıyıq. Sevincə çox səbəb var. Biz artıq bütöv Azərbaycanın vətəndaşlarıyıq. Biz artıq doğma torpaqlara qayıdırıq. Bizim artıq həm əcdadlarımızın, həm də övladlarımızın qarşısında başımız dikdir!”
https://qafqazinfo.az/news/detail/bundan-sonra-goz-yasi-axitmamaliyiq-video-fotolar-381556
Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə noyabrın 6-da yekun vurulub. Heydər Əliyev adına İdman Arenasında təşkil olunan yarışda 61 ölkədən 366 (206 kişi, 160 qadın) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Doğma azarkeşlər önündə keçirilən nüfuzlu turnirdə ölkəmiz 37 (28 kişi, 9 qadın) cüdoçu ilə təmsil olunub. Komandamız 3 gün davam edən yarışda 4 qızıl və 2 bürünc medal qazanaraq, ümumi medal sıralamasında birinci yeri tutub. Mükafatçılar sırasında “Judo Club 2012”nin cüdoçuları – Səid Mollayi (81 kq) və Zelim Kotsoyev (100 kq) də yer alıb. Bir müddət əvvəl klubla müqavilə imzalayan hər iki cüdoçu turniri qızıl medalla başa vurub.
İkinci yarış günündə mübarizəyə başlayan Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionuSəid Mollayi Alfonso Urquiza (İspaniya), Somin Mehmmedbekov (Tacikistan), Askerbi Gerbekov (Bəhreyn) və Attila Unqvariyə (Macarıstan) qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada belçikalı Mattias Kasse üzərində qələbə qazanan Səid nüfuzlu yarışın qalibi olub.
“Böyük dəbilqə”nin sonuncu günündə tatami üzərinə çıxan klubumuzun digər üzvü Zelim Kotsoyev də finala qədər inamla irəliləyib. Mübarizəyə 1/16 finaldan başlayan dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı çilili Tomas Briseno, türkiyəli Mert Şişmanlar, ukraynalı Anton Savyetski və macarıstanlı Zombor Veqə qalib gələrək finala vəsiqə əldə edib. Finalda serbiyalı Aleksandr Kukolla üz-üzə gələn Zelim bu görüşdə də rəqibinə ipponla qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Klubun digər üzvü Murad Fətiyev (90 kq) isə yarışları 7-ci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan komandasına digər qızıl medallarıBalabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Kəramət Hüseynov (60 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Camal Qamzatxanov (+100 kq) qazandırıb.
https://www.olimpiyadunyasi.com/w9885.html
Tanınmış cüdoçu, əslən Cənubi Azərbaycanın Urmiya şəhərindən olan soydaşımız, Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu, milli komandamızın üzvü Səid Mollayi bundan sonra idman karyerasını “Judo Club 2012”də davam etdirəcək.
Musavat.com-un xəbərinə görə, idmançı ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Federasiya prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov iştirak ediblər.
Səid Mollayinin otuz yaşı var, on yaşından cüdo ilə məşğuldur. O, milli komandamızın heyətində bu il iki mötəbər yarışda – Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük dəbilqə”, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Beynəlxalq Cüdo Federasiyasının qran-pri yarışlarında iştirak edib və hər ikisində gümüş medal qazanıb.
ACF-nin vitse-prezidenti Elnur Məmmədli bu barədə məlumat verərkən deyib ki, Azərbaycan bayrağı altında çıxış etmək Səidin ən böyük arzusu olub. “Federasiyanın rəhbərliyi ona bu arzusunu gerçəkləşdirmək imkanı yaradıb və milli komandanın tərkibinə daxil edib. Səidlə bağlı böyük planlarımız var, onun ölkəmizdə də karyerasının uğurla olacağına inanırıq,” – deyən E.Məmmədli idmançının “Judo Club 2012” ilə əməkdaşlığının həm onun idman karyerasına, həm də Azərbaycan cüdosunun inkişafına çox müsbət təsir göstərəcəyini bildirib.
ACF prezidentinin müşaviri Natiq Bağırov da hazırda milli komandanın liderləridən olan Səid Mollayinin qərarını yüksək qiymətləndirib. O deyib: “Ölkəmizdə cüdo üzrə mükəmməl məşq bazası olan “Judo Club 2012”nin Səidin öz uğurlarını daha artırması üçün hər cür şərait yaradacağına əminik. Belə titullu bir idmançı ilə iş birliyi Azərbaycan cüdosunun inkişafına sanballı töhfələr verən klubun özünün də nüfuzunu yüksəldəcəkdir. Klubun yığma komandalarımıza daim dəstək göstərdiyini də minnətdarlıq hissi qeyd etmək istərdim. Hazırda yığma komandamız üçün baza tikilir. Belə bir vaxtda “Judo Club 2012” öz qapılarını təmənnasız olaraq yığma komandaya açıb. Yeniyetmələrdən ibarət yığmamız burada məşq edir. Vaxtilə qızlardan ibarət millimiz də klubda məşq keçib. Fürsətdən istifadə edib, federasiya rəhbərliyi adından klubun rəhbərliyinə təşəkkür bildirirəm. Əminəm ki, əməkdaşlığımızın davamlı olacaq”.
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, klubun təsisçisi Azər Əsgərov Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”ni seçməsini çox sevindirici hal kimi dəyərləndirib. “Belə titullu bir idmançının klubun üzvü olması, burada məşq etməsi yeniyetmə və gənc idmançılar üçün çox böyük stimul olacaq. Klubumuzun qapısı Azərbaycan cüdosunun inkişafına çalışanların hamısının üzünə açıqdır. Federasiya ilə əlaqələrimiz yüksək səviyyədədir və bizə göstərilən dəstəyə görə rəhbərliyə təşəkkürümüzü bildirirk. “Judo Club 2012” cüdosevərlərin ikinci evidir və biz cüdonun inkişafı üçün bundan sonra da nə lazımdırsa etməyə hazırıq”, – deyə Azər Əsgərov bildirib.
Klubun icraçı direktoru Mübariz Cəfərov Səid Mollayinin klubda məşq etməsi üçün ona hər cür şərait yaradılacağını bildirib . “Səid 81 kq çəki dərəcəsində dünyanın aparıcı cüdoçularından hesab edilir. Onun kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının klubumuzun üzvü olması bizim üçün sevindirici haldır. Bu, istedadlı və gənc cüdoçuların inkişafına da müsbət təsir göstərəcək. İnanıram ki, klubla müqaviləyə qol çəkəcək Səid Mollayinin gələcək karyerası bundan sonra da uğurlu olacaq”.
Klubun icraçı direktoru Mübariz Cəfərovla birlikdə müqaviləni imzaladıqdan sonra Səid Mollayi deyib: “Azərbaycan yığmasının və “Judo Club 2012” ailəsinin üzvü olduğum üçün qürur duyuram. Azərbaycana hərzaman böyük sevgim olub. Ölkəmizin və “Judo Club 2012”nin adını uca tutmağa çalışacağam. Hazırlıqlarımı əsasən milli komandanın məşq bazasında keçirəm. Amma klubda yaradılan şəraiti gördükdən sonra heyrətimi gizlədə bilmədim. Bu günə qədər dünyanın bir sıra ölkələrində təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmişəm. Lakin heç bir ölkədə belə yüksək imkanları olan klub görməmişəm. Burada, həqiqətən də, məşq keçmək üçün hərtərəfli şərait yaradılıb. Belə bir klubda məşq keçən idmançı mütləq yüksək nəticə göstərməyə çalışmalıdır”.
Müqavilə imzalandıqdan sonra ACF rəsmilərinin və Olimpiya mükafatçısı Səid Mollayinin “Judo Club 2012”nin məşqçi heyəti və idmançıları görüşü keçilib və xatirə şəkli çəkdirilib.
Musavat.com
http://koordinat.az/meqale.php?id=38129
https://qol.az/news/178642-cudo-millimizin-uzvu-bu-klubla-muqavile-imzaladi
https://525.az/news/201355-olimpiya-mukafatcisi-judo-club-2012-ile-muqavile-imzaladi–foto
https://allsport.az/s%c9%99id-mollayi-cudo-2012-klubuna-kecib/
https://manevr.az/idman/108459-olimpiya-mukafatcs-judo-club-2012-il-muqavil-imzalad-kllr.html
https://azvision.az/news/307537
https://moderator.az/read/555779
Uşaqların inkişafında, sağlam böyümələrində əhəmiyyətli rol oynayan cüdo, həm də onlar üçün ən təhlükəsiz döyüş növlərindən biridir. Şərq döyüş sənətinin bir çox digər sahələrindən fərqli olaraq, cüdoda nəinki yumruq və təpikdən istifadə etmək qadağandır, ümumiyyətlə, döyüş zamanı üzə toxunmaq olmaz. Uşaqlar bu idman növü ilə 4 yaşından məşğul ola bilərlər. Məşqçilərin əsas vəzifəsi uşağa təkcə özünü müdafiə etməyi öyrətmək deyil, həm də bu döyüş sənətinin dərin fəlsəfəsini ona çatdırmaqdır.
Сüdonun təməl prinsiplərini fiziki güc, ağıl və düşüncə, özünümüdafiə, özünəinam, intizam təşkil edir ki, bu amillər də gənc nəslin hərtərəfli yetişməsində mühüm rol oynayır.
Cəmiyyətimizin ən ali məqsədlərindən biri də sağlam nəsil yetişdirərək onların enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etmək, yeni nəslin vətənpərvər ruhda formalaşmasına zəmin yaratmaqdır. Yazıda bu ali məqsədlərə xidmət edən idman ocaqlarından biri barədə – uşaq və yeniyetmələrin sağlamlığında mühüm rol oynayan, onlarda əzmkarlıq, dözümlülük, səbir, mübarizlik, təşəbbüs kimi önəmli keyfiyyətlər tərbiyə edən cüdonun tərəqqisinə öz töhfələrini verən “Judo Club 2012″dən söhbət açacağıq.
500-600 idmançının məşq etməsi üçün unikal şərait
2012-ci ildə yaradılan klubun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev iştirak edib. Ötən illər ərzində bir sıra nailiyyətləri ilə fərqlənərək cüdoçuların sevimli məkanına çevrilən idman ocağında ümumilikdə, 500-600 atletin məşq etməsi üçün hər cür şərait yaradılıb. Klubda cüdo ilə yanaşı, sambo, karate, aykido, ciu-citsu, bədii gimnastika, akrobatika, aerobika növləri üzrə məşqlər keçirilir. Burada davamlı məşq prosesinin yüksək səviyyədə təşkili üçün hər cür infrastrukturu olan üçmərtəbəli binada ayrıca idman zalları mövcuddur. Zalların hər biri zəruri məşq avadanlıqları, sanitariya-gigiyena qovşaqları ilə təchiz edilib. Klubda bundan başqa trenajor zalı, futbol və basketbol üçün açıq meydança və tibb məntəqəsi yerləşir. Burada təlim-məşq toplanışları və müxtəlif turnirlərin keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Klubun direktoru, veteranlar arasında dəfələrlə dünya və Avropa çempionu olan Mübariz Cəfərov bildirib ki, idman ocağının əsas hədəfi fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsi ilə yanaşı, həm də yüksək səviyyəli idmançılar ərsəyə gətirməkdir: “Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı daim diqqətdə saxlanılacaq. Ölkəmizdə idmanın inkişafı, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində görülən böyük işlər hər birimizdə fəxarət hissi yaradır. “Judo 2012” klubu da bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə öz töhfələrini vermək üçün var gücü ilə çalışır. “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun yaradıcısı olduğu bu klubda sağlam, mübariz və güclü gəncliyin yetişdirilməsi üçün ciddi səy göstərilir. Sözsüz, burada cüdonun sirlərinə yiyələnən yüzlərcə cüdoçunun arasından yalnız bir neçəsi gələcəkdə yüksək nailiyyətlər əldə edə bilər. Digərləri isə başqa sahələrdə fəaliyyətlərini davam etdirəcəklər. Danılmaz faktdır ki, idmanla mütəmadi məşğul olan, sağlam həyat tərzi keçirən gənclərdə mübarizlik, səbir, əzmkarlıq, dözümlülük kimi mühüm əhəmiyyət daşıyan keyfiyyətlər tərbiyə olunur ki, bu da onların fəaliyyət göstərəcəyi sahələrdə kifayət qədər uğurla çalışmalarına şərait yaradır”.
Mübariz Cəfərov bu gün klubun yetirmələri arasında Murad Fətiyev, Hüseyn Məmmədov, Nurlan Osmanov, Nicat Məmmədli, yeniyetmələrdən Mehdi Cəfərov, Məmməd Əzizov və başqalarının beynəlxalq arenalarda keçirilən yarışlarda yüksək səviyyədə iştirak edərək Azərbaycan bayrağını ucaltdıqlarını, dövlət himnimizi səsləndirdiklərini deyib. O, Fərhad Rəcəbli, Zaur Paşayev, İntiqam Ələkbərov, Müşfiq Cəfərov və digər titullu veteran cüdoçuların idman ocağında məşq etdiklərini bildirib: “Veteran tatami ustalarımızın qələbə əzmi, mübarizliyi bu gün burada məşq edən kiçikyaşlı uşaqlar üçün əsl nümunədir”.
Klubun direktoru idman ocağının Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərən beynəlxalq və respublika əhəmiyyətli turnirlərinin təşkilatçısı olduğunu vurğulayıb.
Cüdo dərsləri uşaqları təhsildə də fərqlənməyə sövq edir
“Judo Club 2012″nin məşqçi-müəllimi, Əməkdar idman ustası Zaur Paşayev 4-5 yaşlı uşaqları akrobatika məşqlərinə qəbul etdiklərini, bir neçə müddət tam formalaşdıqdan sonra cüdo məşqlərinə keçirdiklərini, iki-üç il ərzində onları əvvəlcə klub birinciliklərində, fərqlənənləri paytaxt, ölkə birinciliklərində sınadıqlarını bildirib: “Uşaqların erkən yaşda cüdonun sirlərinə yiyələnməsi onları fiziki və mənəvi cəhətdən möhkəmləndirir. Məşqlərlə yanaşı, həftənin hər 6-cı günü şagirdlərimlə söhbət edir, təhsilləri ilə maraqlanır, dərs gündəliklərinə baxıram. İnanın, cüdo dərslərində öz potensiallarından maksimum istifadə edən uşaqlar, təhsildə də fərqlənməyə çalışırlar. Dərsdə tənbəllik – döşəkdə uzanmaq və ya oturmaq, icazəsiz zalı tərk etmək və ya dərslərin ortasında uzun fasilələr verməyin yolverilməz olduğunu başa salıram. Çünki bir tələbənin davranışı bütün qrupun dərsinə mane olur. Cüdoçunun əhvalı pis olsa belə, dözümlülük göstərib pozitiv olmağa çalışmalı, bütün qrupa müsbət enerji verməlidir. Şagirdlər bir-birinə hörmət etməli, köməklərini əsirgəməməlidirlər. Eyni zamanda, tətil günlərində cüdoçularımızı nəzarətsiz buraxmır, yaratdığımız valideyn qrupları vasitəsilə onların öz vaxtlarını idmanla daha səmərəli keçirmələrinə nail oluruq”.
Kiçik uşaq cüdo qruplarının məşğul olduğu zala daxil olarkən ilk müşayiət etdiyimiz onların emosional formada məşqləri oldu. 5-6 yaşlı qızlar və oğlanlar gün ərzində yığılmış enerjini “dinc məqsədlər üçün” atırdılar. Burada istifadə olunan metodların arsenalı kifayət qədər geniş idi. Belə ki, klassik cüdonun əsas elementləri uşaqlara onlar üçün başa düşülən oynaq formada təqdim olunurdu.
Məşq prosesi başa çatdıqdan sonra məşqçi Rafiq Nəcəfov bildirib ki, cüdo dərslərində bütün əzələ qrupları işlədiyindən insan orqanizmini ahəngdar şəkildə inkişaf etdirir. Məşqlər müsbət emosiyalar üzərində keçirildikdə və hərəkətlər sevinclə yerinə yetirildikdə dərslərin faydası dəfələrlə artır. Şübhəsiz, bu cür məşqlərdə məşqçi-müəllimlərin səyləri nəticəsində uşaq cüdoçular çox tez fiziki və əqli inkişafda həmyaşıdlarını geridə qoymağa başlayır, özlərinə inamlı, müstəqil və məqsədyönlü olurlar.
Rafiq müəllim komandasının bu günlərdə Türkiyənin Rizə şəhərində keçirilmiş beynəlxalq turnirdə yüksək səviyyədə çıxış etdiklərindən də qürurla söhbət açır: “Sevindirici haldır ki, klubumuzda 10-13 yaşlı uşaqlar arasında çoxlu istedadlı cüdoçular yetişir. Türkiyənin Rizə şəhərində bu yaş qrupunda keçirilmiş beynəlxalq turnirdə komandamızın yüksək nəticəyə imza ataraq ümumi hesabda birinci yeri tutması bunun bariz nümunəsidir”.
Gələcəyin Olimpiya çempionları…
Hər iki oğlu “Judo 2012”də məşğul olan Aynur İsgəndərova: “Böyük oğlum Raul Məhərrəmov (13 yaş) cüdo ilə lap kiçik yaşlarından məşğul olur və artıq bir sıra beynəlxalq turnirlərdə nailiyyətləri də var. Türkiyənin Rizə şəhərində keçirilən son turnirdə bürünc medala layiq görülüb. Kiçik oğlum Süleymanın isə 6 yaşı var və o da böyük məmnuniyyətlə cüdonun sirlərinə yiyələnir. Məşqçi-müəllimlər tələbələrinin qayğısına qalır və bu idman növünün sirlərini uşaqlara aşılamaq üçün böyük əmək sərf edirlər”.
Raul və komanda yoldaşları – bu yaxınlarda Türkiyədə keçirilmiş beynəlxalq yarışda medallar qazanan Orxan Tağıyev, Oqtay Zeynalov, Zeyd Əsədullayev, Suad Əsədullayev, Əkbər Nəsirli isə bizimlə söhbətlərində böyük inamla “Gələcəkdə Olimpiya çempionu olub, Azərbaycan bayrağını yüksəklərə ucaldacağıq”, – deyə inam və qətiyyətlə bildirirlər.
Düzgün seçilən hədəf xoş məramdan xəbər verir. Yalnız bu cür sağlam və yüksək ruha malik uşaqlar ən uca zirvələri fəth etmək üçün yaranıblar və yüksəlişə doğru böyük cəsarətlə irəliləyirlər.