Bu günlərdə Fransanın paytaxtı Parisdə keçirilmiş cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan yığma komandasına medal qazandıran idmançılar arasında “Judo Club 2012”nin iki üzvünün olması bizi sevindirdi və qürurlandırdı.
Əvvəla, nüfuzlu turnirdə yüksək nəticələr göstərən hər üç idmançını Cüdoçularımızdan Balabəy Ağayevi (qızıl), Murad Fətiyevi (gümüş) və Zelim Kotsoyevi (bürünc) səmimi-qəlbdən təbrik edir, onlara idmanda və şəxsi həyatda yeni uğurlar arzulayıram.
Murad və Zelimin Parisdən mükafatla qayıtmasının klubumuz üçün nə qədər əhəmiyyətli olduğunu isə xüsusi qeyd etmək istəyirəm. Bu, “Judo Club 2012”də işin səmərəli təşkil olunduğunu, məqşçilərimizin və idmançılarımızın məsuliyyət və əzmkarlıqla çalışıdığını bir daha təsdiqləyir.
Yarış və qələbə təcrübəsi çox olan Zelim Kostoyevin biz bu dəfə də uğurlu nəticəyə nail olacağını gözləyirdik. Ancaq irimiqyaslı turnirlərdə müxtəlif subyektiv səbəblərə görə Muradın arzulanan yerlərə çata bilməməsin bir qədər nigaran idik. O da, necə deyərlər, tilsimi sındırdı və əminik ki, artıq qarşısında açılan uğur zolağı ilə inamla addımlaya biləcəkdir.
Zelim də, Murad da bizim olimpiya ümidlərimizdir və inanırıq ki, hər ikizi ümidilərimizi doğruladacaqdır.
Mən bir daha cüdoçularımızı və onların məşqçilərini təbrik edirəm, onlara yeni-yeni qələbələr arzulayıram!
Azər Əsgərov
Qardaş Türkiyədə baş vermiş güclü zəlzələnin törətdiyi insan tələfatı və dağıntılar hər bir azərbaycanlı kimi mənim də qəlbimdə ağır kədər hissi doğurub. Təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, səbr və dözüm diləyir, yaralıların tezliklə şəfa tapmasını arzulayıram.
Əziz qardaşlar, kədəriniz kədərimizdir!
Türk xalqı dəyanətli və mübariz, Türkiyə dövləti qüdrətli və yenilməzdir!
Uca Tanrı köməyiniz olsun!
Azər Əsgərov
Yanvarın 21-də Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin iclası keçirildi: 2022-ci ilin nəticələri, 2023-cü il üçün hədəflər müzakirə edildi.
İcraiyyə Komitəsinin üzvü kimi əminliklə deyə bilərəm ki, ölkəmizdə cüdonun inkişafı təmin edilir, bu idman növünə gənclərin marağı artır, yeni nəsil idmançılar yetişir və onların beynəlxalq yarışlarda nailiyyətlər qazanırlar.
Ötən il uğurlu oldu, inanıram ki, 2023-cü ildə də qarşıya qoyulan hədəflərə çatmaq mümkün olacaqdır. Veteran və usta idmançılarımız da cüdonun inkişafına öz töhfələrini verəcəklər.
Yeri gəlmişkən, “Judo Club 2012” idman klubu ötən ili yaxşı göstəricilərlə yekunlaşdırıb və yeni ilə böyük ümidlərlə başlayıb. Ötən klubumuzla əməldaşlığa başlayan iki tanınmış cüdoçu, milli komandanın üzvləri – Səid Mollayi və Zelim Kotsoyev öz uğurlu çıxışları ilə bizi sevindirirlər. Onların növbəti Olimpiya oyunlarına lisenziya qazanacaqlarına ümid bəsləyirik.
Klubumuzun yetirmələrindən Mehdi Cəfərovun ötən yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirində birinci yer tutması, qızıl medala layiq görülməsi bizim üçün əhəmiyyətli hadisə oldu. Deməli, yeni olimpiya ümidlərimiz yetişir…
Azərbaycan cüdosu dinamik inkişafdadır və çalışmalıyıq ki, qələbələrimizin sayı ilbəil artsın.
2023-cü ildə cüdo ailəsinin hər bir üzvünə sağlamlıq və uğurlar arzulayıram!
Azər Əsgərov
Birliyimiz, həmrəyliyimiz – xalqımızın güc mənbəyi, inkişafımızın və qələbələrimizin sarsılmaz təməlidir.
Dünyanın narahat günlərinin bir xeyli artdığı 2022-ci ildə də möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı və xalqımızın tam dəstəklədiyi mükəmməl daxili və xarici siyasət Azərbaycanın daha da güclənməsini, beynəlxalq nüfuzunu artırmasını təmin etdi.
Dövlətimizin qüdrəti, xalqımızın həmrəyliyi işğaldan azad edilmiş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda son iki ildə icra olunan gedən geniş miqyaslı quruculuq işlərində, Böyük Qayıdışın başlanmasında özünü bariz şəkildə göstərir.
Bu gün xalqımızın vətənpərvər övladlarının Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə ermənilərin törətdikləri ekoloji cinayətlərə qarşı apardığı və hər birimizin dəstəklədiyimiz mübarizə də birliyimizin, həmrəyliyimizin nümayişidir.
Yeni – 2023-cü ili belə mübariz əhval-ruhiyyədə, quruculuq əzmi ilə qarşılayırıq.
İnşallah, üzümüzə gələn il də xalqımıza və ayrılıqda hər birimizə xoş, fərəhli anlar, böyük uğurlar gətirəcəkdir!
Arzu edirəm ki, gözəl Vətənimizin hər yerində əmin-amanlıq hökm sürsün, xalqımız dinc və rahat yaşasın, hər bir evin-ailənin ruzisi bol olsun!
Həmrəylik Günümüz və Yeni İlimiz mübarək, əziz dostlar!
Azər Əsgərov
“Şöhrət” ordenli Müəllimim haqqında yubiley qeydlərim
Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan Həsənovun yubuleyidir. Məncə, bu idman növünü sevənlər onun 80 illiyi ilə Azərbaycan cüdosunun 50 illiyinin eyni vaxta düşməsini olduqca əlamətdardır. Tərlan Həsənov ölkəmizdə cüdo məktəbinin yaradanlar və inkişaf etdirənlər, bu idman növünü populyarlaşdıranlar sırasında özünməməxsus yer tutur. Azərbaycan cüdosunun indiki inkişaf səviyyəsinə çatdıırlması onun həyatının başlıca məqsədi və idman fəaliyyətinin ayrılmaz hissəsi olub.
Tərlan müəllimin məşqçiliyi və peşəkarlıq təcrübəsi mənim kimi cüdoya qəlbən bağlı olan hər kəs üçün yaxşı bir məktəbdir. Bu gün mən öz imkanlarım daxilində bu məktəbin ənənələrini yaşatmağa çalışır, gənclərimizin ondan bəhrələnməsi, cüdoya maraq və məhəbbətin nəsillərdən-nəsillərə ötürülməsi üçün əlimdən gələni edirəm.
Onun məşqçilik fəaliyyəti və təcrübəsi böyük bir məktəbdir. Bu məktəbin ənənələrini yaşatmaq, bir-birini əvəz edən nəsillərə çatdırmaq, ondan daim bəhrələnmək vacibdir.
Azərbaycan idman ölkəsi kimi artıq bütün dünyada tanınır. Bu, şəxsən möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi misilsiz diqqət və qayğının nəticəsidir. Dövlətimizin başçısı Tərlan müəllimin də xidmətlərini yüksək qiymətləndirib: o, 2019-cu ildə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2022-ci ildə Azərbaycan Cüdo Federasiyasının 50 illiyi münasibəti ilə “Şöhrət” ordeninə layiq görülüb.
Şərq döyüş sənətində müəllim – müqəddəs şəxsiyyətdir, idealdır, zirvədir. Şagird öz müəllimi qarşısındakı borcu heç vaxt ödəyə bilməz, bu borc heç bir madiyyatla ölçülmür. Şagirdlə müəllim arasında əlaqə yalnız minnətdarlıq hissinə söykənir… Yəni şagird ömrü boyu müəlliminə minnətdar olur. Bu nöqteyi-nəzərdən Tərlan Həsənov Azərbaycanda cüdo üzrə müəllimlərin müəllimidir. Ölkəmizdə cüdonun inkişafında onun müstəsna xidmətləri vardır. Məncə, bu döyüş növündə ad-san qazanmış elə azərbaycanlı idmançı yoxdur ki, onun uğurlarında Tərlan müəllimin hansısa dərəcədə payı olmasın. Olimpiya çempionlarımızın – Nazim Hüseynovun (məşqçisi Ağayar Axundzadə), Elnur Məmmədlinin (məşqçisi Yaşar Allahverdi) məşqçilərinin məşqçisi olan Tərlan müəllimin şəxsən öz yetirmələrindən Rasim Ağamirov, İlqar Müşkiyev, Məmmədəli Mehdiyev, Hidayət Heydərov ən nüfuzlu beynəlxalq yarışlarda yüksək yerlər tutub, Azərbaycan cüdosuna böyük qələbələr bəxş ediblər. Hazırda ondan dərs alan uşaqlar və yeniyetmələr arasından da neçə-neşə istedadlı, ümidverici cüdoçunun yetişəcəyinə inanıram.
Mənim üçün isə həm müəllim, həm də bir insan kimi Tərlan Həsənovun dəyəri misilsizdir.
Onunla ilk tanışlığım yeniyetməlik dövrümə təsadüf edib. İndi də düşünürəm ki, cüdoyla məşğul olmağa onun yanında başlasaydım, çox erkən yüksək nailiyyətlər qazanardım. Təbii ki, Olimpiya ehtiyatları idman məktəbində (indiki Olimpiya İdman Liseyində) mənə cüdonun əlifbasını öyrətmiş ilk məşqçim Ruslan Abdullayevin üzərimdəki haqqını itirə bilmərəm. Həmin vaxt o çox gənc idi, həvəslə məşq keçirdi və bizi məktəblilər arasında yarışlara çıxarırdı. Amma bizim üçün daha nüfuzlu turnirlərdə iştirak etmək fürsəti yarananda Ruslan Əhmədoviç məktəbdən getdi… Bir müddət məşqçimiz olmadı. Biz o zaman məşq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun nəzdindəki “Burevestnik” idman klubuna gedirdik. Orada da sanki heç kimə lazım deyildik. Mən, əsasən, məşqlərdə öz çəki dərəcəsində yığma komandanın “bir nömrəsi” olan Rasim Ağamirovun (hazırda Rusiyanın əməkdar məşqçisidir) sparrinq-tərəfdaşı funksiyasını yerinə yetirirdim. Yəni yarış perspektivi olmayan biri sayılırdım. Lakin, heç demə, yığma komandanın məşqçisi Tərlan müəllim məni müşahidə edirmiş… Buna qədər onunla cəmi bir dəfə yeniyetmələr arasındakı turnirdə ünsiyyətim olmuşdu. Belə ki, çəki zamanı doğum haqqında şəhadətnaməmə baxıb: “Sən Zəlimxan Əsgərovun oğlusan? Atana salam de, mən onunla dostam,” – söyləmişdi. Atam ali təhsilli boks mütəxəssisi idi və idman aləmində onu yaxşı tanıyırdılar. Tərlan müəllimlə birlikdə Belarusiyada hərbi xidmətdə olmuşdu…
Tezliklə “Burevestnik”dəki məşqlərim yeni bir xarakter aldı. Tərlan müəllim mənimlə şəxsi məşqçi kimi işləməyə başladı. Qısa müddətdə mən ciddi bir rəqibə çevrildim, hətta növbəti respublika çempionatında Rasimi məğlub edərək, “bir nömrə” olmağı bacardım. Respublika çempionatlarında iki dəfə qızıl, iki dəfə gümüş, bir dəfə bürünc müdal qazandım. Yığma komandanın tərkibində ümumittifaq və beynəlxalq miqyaslı yarışların iştirakçısı, hətta mükafatçısı oldum. Cüdoda nailiyyətlərim ilbəil artırdı. 1994-cü ildə Polşanın Qdansk şəhərində Avropa çempionatında, Almaniyada beynəlxalq turnirdə və Yaponiyada, Tokioda Kodokan turnirində iştirak edib, 1995-ci ildə Londona Avropa çempionatına, sonra isə Yaponiyaya dünya çempionatına gedəcəkdim. Tərlan müəllimin rəhbərliyi altında intensiv məşq edirdim. Hətta 1995-ci ildə Bakıda Tərlan müəllimlə birlikdə cüdo məktəbi açmaq niyyətində idik… Bu məktəbə cüdo ləvazimatı almaq üçün Türkiyə ilə əlaqə də qurmuşdum… Lakin gözləmədiyim halda bütün planlarım pozuldu. Şəxsi həyatımda qısamüddətli çətinliklər yaşadım. Yenə Tərlan müəllim hər zaman yanımda oldu. Məni ruhdan düşməyə qoymadı, ən yüksək instansiyalarda müdafiəmə qalxdı. Əsl müəllimin öz şagirdinə göstərə biləcəyi diqqəti və qayğını məndən əsirgəmədi… Çətinliklər arxada qaldı və biz yenidən məşqlərimizi davam etdirdik… Hətta 1997-ci ildə Avropa çempionatına yollandım, amma çəkimlə bağlı problem yarandığından yarışa çıxa bilmədim. Yenə də məşqlərdən çəkilmədim, formaya düşəndə isə artıq veteran yaşına çatmışdım. 2006-cı ildə ilk dəfə veteran ustalar arasında dünya çempionatında iştirak etdim və qızıl medal qazandım. Sonralar dəfələrlə veteranlar arasında Avropa və dünya çempionatlarının qalibi və mükafatçısı olmuşam. Onu da deyim ki, veteranlar hərəkatı – cüdo üzrə bütün tanınmış idmançıları birləşdirir. Onlar tatamini tərk etmək istəmirlər və yarışlar da çox maraqlı keçir.
Tərlan müəllim Azərbaycan Cüdo Veteranları Assosiasiyasının fəaliyyətində önəmli yer tutur. Veteran cüdoçuların yarışlara hazırlanmasında əvəzsiz rol oynayır.
Tərlan müəllimdə o qədər enerji, o qədər nəciblik var ki! O, nadir şəxsiyyətlərdəndir… Mən indi də tatamidə məşq edəndə Tərlan müəllimin səsini eşidən kimi özümü yığışdırıam. Özüm atayam, babayam, amma yenə də onun qarşısında bir yeniyetmə kimi hiss edirəm özümü…
…Ötən əsrin doxsanıncı illərində Tərlan müəllimlə öz cüdo məktəbimizi yaratmaq bizə qismət olmadı. Lakin 2012-ci ildə bu arzumuz da gerçəkləşdi. Bakının mərkəzində ən müasir standartlara uyğun maddi-texniki bazası olan “Judo Club-2012” idman klubunu yaratdıq. Tərlan müəllim Azərbaycan idman mühitində nüfuz qazanmış klubumuzda yeni nəsil cüdoçuların yetişdirilməsinə öz layiqli töhfələrini verib. Onların arasında müxtəlif beynəlxalq yarışların qalibləri var.
Bakıda 2018-ci ildə cüdo üzrə dünya çempionatı keçirilərkən Yaponiya yığma komandasının yarışlara hazırlıq üçün bizim klubu seçmiş və iki həftə ərzində burada məşq etməsi Tərlan müəllim üçün də, mənim üçün də çox əlamətdar hadisə oldu. Çempionatda yüksək nəticə göstərdikdən sonra isə yaponlar bizim klubumuzda azərbaycanlı gənc cüdoçular üçün master-klass keçdilər. Cüdonun yaradıcısı sayılan ölkənin məşhur idmançıları bu tədbir zamanı Tərlan müəllimin bütün fəndlərin adını yaponca deməsinə və mahiyyətini izah etməsinə heyran qalmışdılar. Yapon cüdo ustaları Azərbaycanda belə bir mütəxəssisin olmasını bəlkə də gözləmirdilər. Yaponca bütün cüdo terminlərini əzbər bildiyinə görə Tərlan müəllim yapon cüdoçularla sərbəst ünsiyyət qura bilmişdi…Həmin yaddaqalan hadisədən sonra onun şöhrəti Yaponiyaya da gedib çatdı. O, 2019-cu ildə bu ölkənin ən nüfuzlu mükafatlarından sayılan və şəxsən İmperatorun adından təqdim olunan “Gümüş Şüalı Gündoğar Ordeni” ilə təltif olundu. Dünyada bu mükafata 115 nəfər laqiq görülüb ki, onlardan da yalnız 7-si yapondur.
…Bizim birgə məşqlərimizdən, turnir səfərlərimizdən yüzlərlə epizod xatırlaya bilərəm, lakin əsas olanı budur ki, məndə bu gün də cüdoya olan hədsiz sevgi, fanatik bağlılıq məhz Tərlan müəllimin sayəsində yaradıb. Onun xidmətidir ki, mən və mənim kimi yüzlərlə azərbaycanlı öz həyatını cüdosuz təsəvvür edə bilmir. Biz, Tərlan müəllimin bütün yetirmələri idmanda və həyatda qazandığımız uğurlara görə məhz ona minnətdarıq, çünki Vətənə, Azərbaycan bayrağına və himninə məhəbbəti bizə o aşılayıb…
İnanıram ki, Tərlan Həsənov öz həyatı, şəxsi insani keyfiyyətləri, idmançı xarakteri, Tanrının bəxş etdiyi məşqçilik istedadı və zəngin təcrübəsi ilə biz cüdo veteranları, həmçinin gələcək cüdoçular nəsli üçün daim əvəssiz bir nümunə olacaqdır.
Azər ƏSGƏROV,
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü,
Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti,
ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi,
“Judo Club 2012” idman klubunun təsisçisi.
Noyabrın 8-də ölkəmiz ərazisinin 20 faizinin otuz ilə yaxın davam edən erməni işğalından azad olunması uğrunda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbənin ikinci ildönümünü qeyd edəcək.
Bu qələbə ordumuzun iradəsini, əzmini, gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qələbə də, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin adı da xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Onun komandanlığı ilə qəhrəman əsgər, gizir və zabitlərimiz torpaqların erməni tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə misilsiz şücaət göstərdilər. Əminəm ki, bu gün hər birimiz yaxşı bilirik ki, 44 günlük Vətən müharibəsində xalqımızın BİRLİYİ, ordunun gücü, hərbçilərimizin hünəri, Prezident İlham Əliyevin müdrik və qətiyyətli hərbi-siyasi, diplomatik addımları sayəsində qalib gəlmişik.
Təəssüf ki, iyirmi ildən artıq müddət ərzində siyasi tənzimləmə üsulları heç bir nəticə vermədi. Lakin bu illər ərzində Azərbaycan diplomatik səviyyədə səylər göstərməklə yanaşı, məqsədyönlü şəkildə problemin hərbi yolla həllinə hazırlaşdı. Düşmən özünə və lobbiçilərinin dəstəyinə arxayın idi, beynəlxalq strukturların bütün sənədlərinə və qətnamələrinə açıq-aşkar məhəl qoymurdu. Azərbaycan 2016-cı ilin aprelində öz torpaqlarını işğalçılardan azad etmək əzmini nümayiş etdirdi. Dörd gün davam edən döyüşlər nəticəsində ordumuz bəzi əraziləri azad etməyə nail oldu. O vaxt, uzun illərdən sonra, ilk dəfə olaraq Ermənistan ordusuna ciddi ziyan vuruldu, onun məğlubedilməzliyi mifi dağıldı. Azərbaycan cəmiyyəti ərazilərin azad edilməsi istiqamətində ölkə rəhbərliyinin fəaliyyətinə misilsiz dəstək nümayiş etdirdi.
Xalqın Azərbaycanın ərazi bütövlüyünün bərpasına olan ümidi 2020-ci ilin payızında özünü doğrultdu!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkənin müstəqilliyinin və xalqın rifahının təminatçısıdır: Ermənistanda xarici himayədarların dəstəyi ilə daşnak ideologiyası davamçılarının və radikal millətçilərin qızışdırdığı revanşist qüvvələrin baş qaldırmaq istədiyi bir vaxtda bu, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Artıq iki dəfə belə cəhdlər olub və hər ikisində də rəşadətli Azərbaycan oğulları Vətənin sərhədlərini hər an müdafiəsinə qalxmağa hazır olduqlarını sübut ediblər. Sonuncu dəfə bu yaxınlarda sentyabrın 12-13-də baş vermiş döyüşdə ermənilərin növbəti təxribatının qarşısını alan ordumuz onlara sarsıdıcı zərbə vurdu. Bundan sonra da, qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı olduqlarını başa düşənə qədər ermənilər daha sərt cavab alacaqlar.
Azərbaycan Ordusunun Ermənistanın işğalçı qüvvələrini darmadağın etməsindən və dövlətimizin müstəqilliyinin rəmzi olan Qələbə bayrağının Qarabağın işğaldan azad edilmiş bütün şəhərlərində dalğalanmasından iki il ötür.
Üçrəngli bayrağımız Azərbaycanın qəhrəman hərbçilərini Qarabağ uğrunda müqəddəs müharibədə düşmən üzərində qələbəyə ruhlandırıb, onlara mənəvi güc verib.
Bu da təbii və simvolikdir ki, noyabrın 8-də və 9-da bütün Azərbaycan xalqı ardıcıl iki əlamətdar hadisəni qeyd edəcək: Zəfər Gününü və Dövlət Bayrağı Gününü… Hər iki bayram ölkə vətəndaşlarını həyatında ən mühüm hadisə kimi qeyd olunur.
Bütün hərbi qulluqçularımızı Zəfər Günü münasibətilə təbrik edir, onlara cansağlığı və rəşadətli xidmət arzulayıram!
Özünü Ordusu torpaqlarını erməni işğalından azad edə bilmiş xalqın nümayəndəsi kimi hiss etmək hədsiz qürur və xoşbəxtlikdir!
Zəfər Gününüz mübarək! Qoy Azərbaycanın Qələbə bayrağı hər zaman ölkəmizin üzərində qürurla dalğalansın!!!
Azər Əsgərov
İşgüzar görüşlərimin çoxluğu və idman ailəyə istənilən qədər vaxt ayırmağa imkan vermir. Amma nəvələrimlə isti, yaxın münasibətlərə xüsusi önəm verirəm, həmişə onlar üçün vaxt tapmağa çalışıram. Bizi ümumi maraqlar birləşdirəndə isə görüşlərimiz daha faydalı, məhsuldar olur və çoxsaylı şən anlarla yadda qalır. Belə ünsiyyətin dəyəri ölçüyəgəlməzdir.
Bu fotoda nəvəmlə birlikdəyik. Səid ilk dəfədir babası ilə “Judo Club 2012”nin zalına gəlib və ümidvaram ki, bu, davamlı olacaq. Əhval-ruhiyyəsindən görünür ki, bura onun çox xoşuna gəlib və məndən bundan çox məmnunam. Mən çox istərdim ki, o, bu gözəl, nəcib idman növü ilə məşğul olsun, tanınsın və böyük uğurlar qazansın. Əslində isə, cüdo ilə nə qədər ciddi məşğul olacaq, necə seçim edəcək, bu, onun öz ixtiyarındadır.
Mən istərdim ki, o, düzgün seçim etsin, çünki cüdo – xarakterdir, gücdür, cəsarətdir, nəciblikdir. Biz hamımız arzu edirik ki, nəvələrimiz məhz belə keyfiyyətlərlə böyüsünlər. Lakin arzularımızın gerçəkləşməsi üçün biz babalar çox mühüm sosial vəzifəni yerinə yetirməliyik: nəvələrimizi böyük həyata hazırlamalıyıq. Bu, həm də ölkənin gələcək nəslinin yetişdirilməsinə və formalaşdırılmasına bizim sanballı töhfəmiz olar.
Azər Əsgərov
Azərbaycan idmanı naminə fəaliyyətinə verilən növbəti yüksək qiymətə – Azərbaycan Cüdo Federasiyasının 50 illiyi ilə əlaqədar “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülməyin münasibətilə səni təbrik edirəm.
Parlaq idman karyeran dövründə sən tatami üzərində möhtəşəm nəticələrə nail olmusan. Sən Avropa çempionatlarının dəfələrlə qalibi, Dünya kuboku kimi nüfuzlu yarışların, “Böyük dəbilqə” və “World master” turnirlərinin gümüş və bürünc mükafatçısısan. Ancaq sənin idman nailiyyətlərinin zirvəsi, heç şübhəsiz, Pekin Olimpiadasında qızıl medal qazanmaqla, Olimpiya çempionu olmaqla xalqımıza böyük sevinc bəxş edən zəfərindir.
Bütün nailiyyətlərin, layiq görüldüyün yüksək titulların və mükafatların sənin əməksevərliyinin və cüdoya məhəbbətinin məntiqi nəticəsidir. Sözsüz ki, bunlar cüdonun ölkəmizdə populyarlaşmasına böyük təsir göstərib və artıq sənin də öz faliyyətini idman xadimi kimi davam etdirməyinə yardımçı olub.
Möhtərəm Prezident İlham Əliyevin bugünkü Sərəncamı Vətənimizin idman ölkəsi kimi imicinin daha da möhkəmlənməsi naminə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində sənin xidmətlərinə verilən dəyərin ifadəsidir.
Hörmətlə,
Azər Əsgərov
27 sentyabr xalqımız üçün xüsusi bir gündür. Bu gün biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik.
Onlar bizə Qələbə və Qürur bəxş edən qəhrəmanlardır!
Yenə də Vətən qarşısında borcunu şərəflə yerinə yetirib şəhid olan oğullarımız var.
Azərbaycan Ordusu öz vəzifəsini layiqincə yerinə yetirir və bu gün hərbçilərimiz Vətənimizin sərhədlərində ayıq-sayıq dayanıblar. Təəssüf ki, düşmən hələ də revanşist əhval-ruhiyyədədir və sərhəddə gərginlik taradır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “… Heç kim və heç nə bizi dayandıra bilməz. Biz haqqı, ədaləti, beynəlxalq hüququ qorumuşuq, qoruyuruq və öz ərazi bütövlüyümüzü bərpa etmişik… Biz nəyə qair olduğumuzu dünyaya göstərdik, torpaqlarımızı hərbi yolla azad etdik…
Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq… Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıblar”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azər Əsgərov
Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından ruhlanaraq 10 il əvvəl “Judo Club 2012”ni yaratdıq. Ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etməyi, həmçinin veteran idmançıları bir araya toplamağı qarşıya məqsəd qoyduq.
Klubun açılış mərasimində möhtərəm Prezident İlham Əliyev də iştirak etdi. Dövlətimizin başçısının xeyir-duası ilə çıxdığımız yolda qarşıya qoyulan məqsədə çatmaq üçün ötən illər ərzində hər birimiz – klubun fəaliyyətinə cavabdeh olanlar da, burada çalışanlar da əzmkarlıq göstərməyi özümüzə borc bildik.
Uğurlarımız ildən-ilə artdı, medal və mükafat kolleksiyamız zənginləşdi, ən başlıcası, Azərbaycan cüdosuna yeni adlar, perspektivli gənc idmançılar qazandırdıq. Eyni zamanda, usta cüdoçularımız üçün klub, sözün həqiqi mənasında, isti bir ocaq oldu. Onlar burada dünya, Avropa çempionatlarına hazırlaşdılar, həmin mötəbər yarışlardan qələbələrlə, medallarla qayıtdılar.
Klubun yetirmələri müxtəlif yaş kateqoriyaları üzrə respublika yığma komandalarının tərkibinə daxil edildilər və beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qorudular, bayrağımızı yüksəldilməsinə, Himnimizin səsləndirilməsinə nail oldular.
“Judo Club 2012”də yüzlərlə uşaq və yeniyetmə təcrübəli, adlı-sanlı məşqçilərin rəhbərliyi altında cüdo ilə yanaşı, digər idman növlərinin sirlərinə yiyələnir, mənəvi və fiziki kamilliyə çatmağa çalışırlar.
Bu əlamətdar gündə mən “Judo Club 2012”nin fəaliyyətində əməyi olanları, o cümlədən məşqçiləri və idmançıları, bütün texniki heyəti səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, idmanda və həyatda uğurlar arzulayıram!
Neçə-neçə onillikləri birlikdə, sevinclə və qələbələrlə qeyd edək!
Azər Əsgərov
P.S: Klubumuzun fəaliyyəti haqqında ətraflı məlumat Judoclub2012.az saytında