Əziz dostlar!
Müqəddəs dinimizin – İslamın adət-ənənələrinə və mənəvi-əxlaqi dəyərlərinə sadiqlik doğru-dürüst yaşamaq, cəmiyyət üçün faydalı olmaqdır. Bu yolu seçərək ruhən rahatlığa qovuşur, qəlbən uca tanrıya bağlanır, sağlamlığımızı qoruyur, ruzi-bərəkət qazanırıq.
Qurban bayramı da İslamın ən gözəl xüsusiyyətlərini ifadə edir, bizi paklığa, halallığa, amallarımız uğrunda fədakarlığa səsləyir.
Bu əziz bayramda biz, ilk növbədə, xalqımızın ülvi arzuları, torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik. Vətən yolunda sağlamlığını itirənlərə tezliklə şəfa tapmağı arzulayırıq.
Müzəffər Ali Baş Komandan başda olmaqla qəhrəman hərbçilərimizin misilsiz hünəri sayəsində bu gün müqəddəs bayramımızı qalib xalq kimi sevinc və qürur hissi ilə qeyd edirik. Yaşasın, güclü və qüdrətli Azərbaycan!
Əziz bacı və qardaşlar, bayramınız mübarək! Allah-təala qurbanlarınızı və dualarınızı qəbul etsin!
Azər Əsgərov
Xilaskarlıq missiyası:
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin xilaskarlıq missiyası haqqında deyib: “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur”.
Əminliklə deyə bilərik ki, ulu öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə gördüyü bütün işlər, verdiyi bütün qərarlar Azərbaycanın bu günkü nailiyyətləri, ən başlıcası,
Qarabağdakı möhtəşəm qələbəmiz üçün möhkəm təməl yaradıb.
Mənim üçün xüsusilə əlamətdar olan may ayında xalqımız özünün dövlətçilik tarixinin ən mühüm hadisəsini – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümününü qeyd edir.
103 il bundan əvvəl vətənpərvər ziyalılarımız Şərqdə ilk demokratik dövlət yaradıblar.
Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb, amma bu günkü müstəqiliyimiz üçün bünövrə olub. Azərbaycan 30 il əvvəl yenidən müstəqilliyinə qovuşub və bu gün dünyada öz layiqli yerini tutan güclü bir dövlətdir.
Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin əsəridir.
Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun erməni faşizmi üzərində qələbəsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması bu günkü bayramda bizə böyük sevinc, qürur hissi bəxş edir.
Şəhidlərimizi ehtiramla anırıq!
Yaşasın müstəqil, qüdrətli Azərbaycan!
Bayramınız mübarək!
May mənim üçün xüsusi bir aydır. Həm özüm baharın belə bir gözəl çağında dünyaya gəlmişəm, həm də nəvələrimdən birinin ad günü bu aya düşür.
Taleyim Azərbaycanla bağlıdır, bu xalqın övladıyam. Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözlərini mən də qürur hissi ilə deyirəm. Bu sözləri bu il – xalqımızın şanlı oğlunun anadan olmasının 98-ci ildönümü qeyd edərkən daha ucadan, daha böyük sevinclə deyirik.
Biz 28 il idi:
- Mayın 8-ni ağrı və kədərlə keçirirdik. Əziz Şuşaya görə… İndi Şuşa azaddır!
- Alman faşizmi üzərində qələbəni – 9 Mayı ürəyimizcə bayram edə bilmirdik. İndi bu gün özümüz qalib xalqıq! Erməni faşizmini məhv etmişik.
- Respublika günündə – mayın 28-də ölkəmizin ərazi bütövlüyünün bərpası haqqında düşünürdük. İndi dövlət sərhədlərimiz bütövdür, tamdır.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev “Qarabağ bizimdir!” dedi və bu həqiqəti qəhrəman Silahlı Qüvvələrimizlə birlikdə sübuta yetirdi.
Bu gün Qarabağ dirçəlir, Şuşaya Zəfər yolu çəkilir.
Müstəqil Azərbaycanın qazandığı bütün zəfərlərin, nailliyyətlərin təməlində Heydər Əliyev ideyaları dayanır.
Biz ulu öndərin xatirəsini böyük sevgi və ehtiramla yad edirik, ruhu qarşısında baş əyirik.
Onun ideyalarını həyata keçirmək – Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda canını qurban verən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.
…Ulu Öndər deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq!”
İndi bu, təkcə obrazlı ifadə deyil, həm də gerçəklikdir!
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Azər ƏSGƏROV
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizənin və ümumən, xalqımızın hərb tarixinin şanlı səhifəsi olan 2016-cı ilin Aprel döyüşlərinin beşinci ildönümünü qeyd edirik. Təcavüzkar Ermənistan məhz həmin döyüşlərdə ilk dəfə müasir Azərbaycan Ordusunun gücünü, qəhrəman əsgər, gizir və zabitlərimizin yenilməzliyini gördü, məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur oldu.
Aprel zəfəri möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı uzunmüddətli məqsədyönlü işin nəticəsi idi… Aprel döyüşləri həm də Vətən Müharibəsindəki möhtəşəm Qələbənin təməli oldu.
Beş il əvvəl öz cəsarət və igidlikləri ilə xalqımızın qalibiyyət arzusunu gerçəkləşdirən hərbçilərimizə, xüsusən, torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən və ya sağlamlığını itirən qəhrəmanlarımıza ehtiram və minnətdarlığımız sonsuzdur.
Mən və həmkarlarım şəhidlərimizin xatirəsini daim əziz tuturuq, onların ailələrinə maddi və mənəvi dəstək verməyə çalışırıq. Əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raqub Orucov şəhid olduğu gündən onun ailəsinin yanındayıq və bunu özümüzə mənəvi borc sayırıq. Qəhrəman zabitin xatirəsini yaşatmaq məqsədilə onun haqqında “Murov qartalı” adlı kitabın yazılmasına və nəşr olunmasına hərtərəfli dəstək vermişik. Kitab indiyədək 5 minə yaxın tirajla çap edilib, müxtəlif vətənpərvərlik tədbirlərinin iştirakçılarına, həmçinin kitabxanalara və təhsil müəssisələrinə hədiyyə olunub.
Aprel Zəfərinin birinci ildönümündə – 2017-ci ildə Raqub Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir təşkil etdik. Sonrakı iki ildə də onu ənənəvi dostluq və həmrəylik yarışı kimi keçirdik. Təəssüf ki, koronavirus pandemiyası ilə əlaqədar ötən il turniri təxirə salmalı olduq. Ümumbəşəri bəla aradan qalxdıqdan və idman tədbirlərinə icazə verildikdən sonra turniri bərpa etmək istəyirik.
Aprel döyüşlərinin beşinci ildönümünü Qarabağın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə əlaqədar keçirdiyimiz böyük sevinc və qürur hissilə qeyd edirik.
Xalqımızın qəhrəman övladlarının – şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirəm.
Azərbaycan şanlı hərbi tarixi və igid övladları ilə fəxr edir!
Azər Əsgərov
Azərbaycana bahar gəlir. Təbiət oyanır, torpaq canlanır. Ta qədimdən xalqımız ilin bu çağını yeni günün başlanğıcı kimi qeyd edib, öz adət-ənənələri olan bayrama çevirib. Novruz bayramı – hər bir azərbaycanlı üçün əzizdir, dəyərlidir.
Son otuz ildə biz Novruzu heç vaxt bu dəfəki qədər sevinclə, fərəh və qürur hissi ilə qarşılamamışıq. Səbəbi də hamımıza məlumdur: Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ artıq işğaldan azaddır. Uzun illər yolumuzu gözləyən bu bölgənin aranında, dağında bu gün Novruzun əsas atributlarından olan tonqallar qalanır.
Əvvəlki illərdə biz növbəti Novruzu işğaldan azad edilən torpaqlarımızda qarşılamaq barədə arzular səsləndirərdik. İndi bu arzumuz gerçəkləşib: Qarabağ bizimdir! Qələbə sevincini bizə yaşadan qəhrəmanlarımıza minnətdarıq, şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik.
Novruz – əsl ailə bayraımıdır, cəmiyyəti, xalqı birləşdirir, hamımızın Vətənlə bağlılığını möhkəmləndirir. Bayram arzularımız da ailəmizin, xalqımızın, Vətənimizin bu günü və gələcəyi haqqındadır.
Hə bir ailəyə sağlam həyat, xoşbəxtlik, bol ruzi bərəkət, xalqımıza dinclik, əmin-amanlıq, firvanlıq, Vətənimizə və dövlətimizə daha yüksək inkişaf, yeni nailiyyətlər arzulayırıq!
Novruzumuz – yeni günümüz mübarək olsun!
Azər Əsgərov
Qadınlar dünyanın zərif varlığı, cəmiyyətin sarsılmaz sütunu, həyatın solmaz yaraşığıdır. Azərbaycan qadını tarix boyu təkcə gözəlliyi və əməksevərliyi ilə deyil, həm də hünəri, cəsarəti ilə tanınıb, xalqımızın mənəvi-əxlaqi dəyərlərini qoruyub, zənginləşdirib.
Müqəddəs İslam dinimiz qadına böyük qiymət verir. Sevgili peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s) “Cənnət anaların ayaqları altındadır” kəlamı qadın, ana haqqının ən ali məqamda olduğunu ifadə edir.
Bu il biz 8 Mart – Beynəlxalq Qadınlar gününü Vətən müharibəsində möhtəşəm Zəfərimizin sevinci ilə qeyd edirik. Bu Zəfəri xalqımıza qazandıran, Qarabağı erməni faşizminin işğalından qurtararaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edən igid hərbçilər fədakar anaların övladları, sədaqətli xanımların həyat yoldaşları, ismətli bacıların qardaşlarıdır. Vətən yolunda canını fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz var. Şəhidlərimizin anaları qarşısında baş əyir, ailələrinə səbr diləyirik… Qazilərimizə şəfa arzulayırıq.
Bahar təravətli bayram günündə əziz qadınlarımızı səmimi-qəlbdən təbrik edirəm! Hər zaman üzünüz gülsün, sevinciniz bol, səadətiniz tükənməz olsun!
Bu gün xalqımız öz tarixinin ən faciəli hadisələrindən birinin – Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir. Təkcə xalqımıza qarşı deyil, ümumən bəşəriyyət, insanlıq əleyhinə qanlı cinayəti törədən erməni quldurları və onların mənfur rəhbərləri hələ də öz cəzalarını almayıblar.
1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib.
Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətləri sayəsində artıq dünyanın bir sıra ölkələrinin, ABŞ-ın bir sıra ştatlarının parlamentləri bu soyqırımının tanınması haqqında sənədlər qəbul edib.
Ancaq onu da qeyd edək Xocalı soyqırımını bu il əvvəlki illərdən fərqli duyğularla yad edirik. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistana layiq olduğu yeri göstərib. Torpaqlarımızı 30 il işğal altında saxlayan düşmən diz çökdürülüb, təslim olub. Bütün dünya Azərbaycanı qalib, Ermənistanı isə məğlub kimi tanıyır. Xocalılıların qanı yerdə qalmayıb, qisası alınıb.
Möhtərəm Prezident İlham Əliyev bu il fevralın 26-da keçirdiyi mətbuat konfransında deyib: “Bizim əsas məqsədimiz bu qanlı cinayətin heç vaxt unudulmaması, nə Azərbaycanda, nə də dünyada heç vaxt təkrarlanmamasıdır.
Azərbaycanın heç vaxt 1990-cı illərin əvvəlində olan aciz duruma düşməməsi, hər zaman özünü, öz vətəndaşlarını qoruya bilməsidir”.
Allahdan Xocalı faziəsi qurbanlarına rəhmət diləyirəm.
Azər Əsgərov
Şanlı Qələbə ili olan 2020-ci il başa çatdı, yeni – 2021-ci ildə qarşımızda mühüm vəzifələr durur. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusnunun işğaldan azad etdiyi ərazilərə Böyük qayıdışın başlanmasına hazırlıq aparılır. Həmin ərazilərin dirçəldilməsi ölkəmizim iqtisadi imkanlarını genişləndirəcək. Dövlətimizin başçısının tapşırığı ilə ərazilərin, şəhər və kəndlərin bərpası üzrə vahid konsepsiya hazırlanır. Qarabağ Dirçəliş Fondunun yaradılması bu sahədə məqsədyönlü addımların atılmasında, həmçinin işğaldan azad edilmiş ərazilərin dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsində mühüm rol oynayacaqdır.
Möhtərəm Prezident cənab İlham Əliyev 2020-ci ilin yekunları ilə əlaqədar videoformatda keçirdiyi müşavirədə dinamik iqtisadi inkişafın təmin edilməsi istiqamətində vəzifələri müəyyənləşdirib.
Dövlətimizin başçısının verdiyi tapşırıqların icrası və qarşıda duran vəzifələr Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində yanvarın 25-də keçirilən müşavirədə müzakirə olunub.
Hökumət 2021-ci ilin prioritetləri sırasında özəl sektorun da yerini bir daha müəyyənləşdirib. Hökumət investisiya layihələrinin maliyyələşdirilməsinə özəl sektorun cəlb edilməsini, dövlət-özəl sektor tərəfdaşlığının təşviqinin davam etdirilməsini, prioritet sahələrə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasını və s. tədbirləri nəzərdə tutur.
Əminliklə demək olar ki, Azərbaycan iqtisadiyyatının sütunlarından olan özəl sektor işğaldan azad edilmiş ərazilərimizin bərpası, şəhər və kəndlərimizin yenidən qurulması, dogma yurduna qayıdan həmvətənlərimizin məşulluğunun təmin edilməsi, bir sözlə, Qarabağın dirçəldilməsi prosesində fəal iştirak edəcək və dövlətimizin başçısının tapşırıqlarının icrasına öz töhfəsini verəcəkdir.
Koronavirus pandemiyasının bütün dünyada yayıldığı və bəşəriyyət üçün ciddi təhdidlər yaratdığı, hər yerdə sosial-iqtisadi problemlərin kəskinləşdiyi 2020-ci il başa çatır. Azərbaycan yeganə dövlətdir ki, bu ağır, mürəkkəb, keşməkeşli ili özünün Zəfər ilinə, Qalibiyyət, Qürur ilinə çevirə bildi!
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ilin əvvəlindən pandemiyaya qarşı effektiv mübarizəyə başlanması, əhalinin koronovirus infeksiyasından qorunması və müalicəsi, sosial-iqtisadi dayanıqlılığın təmini üçün zəruri tədbirlər görülməsi ilə yanaşı, ilin sonuna yaxın ölkəmiz öz hərbi-siyasi qüdrətini nümayiş etdirərək torpaqlarımızın düşmən işğalından qurtarılmasına da nail oldu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinə son qoyulması yola saldığımız ilin ən mühüm yekunu, xalqımızın misilsiz nailiyyətidir. Rəşadətli ordumuzun qısa müddətdə uğurla həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı işğalçı Ermənistanı təslim olmağa məcbur etdi. Bu əməliyyat dünya hərb tarixinə qızıl hərflərlə yazıldı.
“Qarabağ – Azərbaycandır!” deyərək, bu həqiqəti xalqımızın birliyi, həmrəyliyi sayəsində döyüş meydanında sübuta yetirən, şanlı Qələbəmizin memarı möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq!
Bu Qələbənin qazanılması uğrunda canını qurban verən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, onların valideynlərinə səbr diləyir, hər bir yaralı əsgərimizə, zabitimizə şəfa, fədakar müharibə veteranlarımıza sağlamlıq və gümrahlıq arzulayıram!
Pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlərin iqtisadi fəallığın zəifləməsinə səbəb olduğu dövrdə Azərbaycan dövləti həm vətəndaşların sosial müdafiəsini gücləndirdi, həm də özəl sektora, biz sahibkarlara dəstək verdi, güzəştlər tətbiq etdi. Azərbaycan bütün dünyada koronovirus pandemiyasının zərərli təsirindən ən az itkiyə məruz qalan ölkələr sırasındadır. Üstəlik, 44 günlük Vətən müharibəsində sərf olunan resursları da nəzərə alsaq, ölkəmizin iqtisadi dayanıqlılığının nə qədər möhkəm olduğunu görərik.
Bizi qarşıda möhtəşəm quruculuq işləri, yeni qələbə sevincləri gözləyir. Doğma Qarabağın, işğaldan azad edilmiş ərazilərmizin bərpasına başlanır.Biz sahibkarlar, iş adamları da bu sahədə dövlətimizin başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun fəaliyyət göstərmək istəyində və əzmindəyik. Qarabağ gözəl bir məkana, əsl cənnətə çevirəcəyik.
Yola salıdığımız 2020-ci ilin şəxsi həyatımda da xoş, sevindirici hadsələrlə də yadda qaldığını deməliyəm. Uca Tanrı mənə öz lütfünü göstərərək daha iki şirin-şəkər nəvə bəxş etdi: qızımın övladı Səlim, oğlumun qızı Adelya. Onların və xalqımızın bütün körpələrinin dinclik, əmin-amanlıq şəraitində, rifah içərisində yaşaması mənim ən ülvi arzumdur.
Əziz həmvətənlər, dostlar, həmkarlar! Hamınızı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşldan gələn Yeni İl münasibətilə təbrik edirəm!
Qoy 2021-ci il vətənimizə, xalqımıza, dövlətimizə yeni uğurlar, zəfərlər gətirsin!
Həmrəyliyimiz əbədi, Yeni ilimiz mübarək olsun!
Azər Əsgərov