Bu günü – 28 Oktyabrı cüdoçular ən əlamətdar gün, bayram kimi qeyd edirlər. Cüdonun yaradıcısı, böyük ustad, maarifçi-alim Ciqaro Kano 1860-cı ilin məhz bu günü Yaponiyada dünyaya gəlib. Dünya döyüş sənətinə misilsiz töhfə verən bir insan kimi onun xatirəsi cüdoki geyib tatami üzərinə çıxan hər kəs üçün əzizdir, undulmazdır.
Azərbaycanda da cüdonun öz tarixi vardır və minlərlə həmvətənimizin taleyində olduğu kimi, şəxsən mənim də həyatımda bu idman növünün misilsiz rolu var. Ölkəmizdə cüdonun yaranmasında və inkişaf etdirilməsində mühüm xidmətlər göstərmiş şəxsləri – onlardan haqqa qovuşanları da var, bu gün sıralarımızda olanları da – bu əlamətdar gündə hörmət və ehtiramla xatırlayırıq.
Mən özümü çox şanslı hesab edirəm ki, cüdonun sirlərini həmin şəxslərdən biri olan, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin kavaleri, əziz müəllimim Tərlan Həsənovdan öyrənmişəm və bu gün də onunla hər görüşüm mənim üçün dəyərlidir.
Azərbaycan cüdosu diqqətəlayiq, sanballı nailiyyətləri ilə bizi sevindirir. Dörd Olimpiya çempionumuzun – Nazim Hüseynovun, Elnur Məmmədlinin, Hidayət Heydərovun və Zelim Kotsoyevin, həmçinin Olimpiya medalçılarımız Rüstəm Orucovun, Elmar Qasımovun, Mövlud Mirəliyevin, ikiqat Paraolimpiya çempionumuz İlham Zəkiyevin, Paralimpiya çempionu Ramil Qasımovun, dünya və Avropa çempionlarımızın adları ölkəmizin idman tarixində xüsusi yer tutur.
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan cüdo üzrə də ən mötəbər yarışlara ev sahibliyi edir. 2018-ci ildə dünya çempionatı Bakıda keçirilib, 2026-cı ildə də paytaxtımız növbəti dəfə dünya cüdoçularını qəbul edəcək.
Ölkəmizdə cüdonun inkişafına dövlət qayğısı var, möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev, digər idman növləri kimi, cüdoya, cüdoçulara daim dəstək olur.
Təsisçisi olduğum “Judo Club 2012” idman klubunun da Azərbaycan cüdo ailəsinin üzvü kimi əldə etdiyi nailiyyətlərdən qürur duyuram. Klubumuzda bütün yaş qrupları üzrə bölmələr fəaliyyət göstərir, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının üzvləri üçün də burda zəruri şərait yaradılıb. Fəaliyyətimizdə Azərbaycan Cüdo Federasiyasının, onun rəhbərliyinin, İcraiyyə Komitəsinin diqqət və qayğısını daim hiss edirik.
Bu əlamətdar gündə Azərbaycan cüdosu ilə bağlı yazmağa, danışmağa çox söz var. Bəlkə də bir kitaba sığmayacaq qədər… Ancaq bu bir bayram təbirikidir və ürək sözümü bütün cüosevərlərə çatdıraraq deyirəm: Dünya Cüdo Günümüz mübarək! Hər kəsə sağlam və uzun ömür, qələbə sevincləri arzulayıram!
Azər Əsgərov