Avqustun 3-də Fransanın paytaxtı Parisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə ənənəvi qala-gecə keçirilib. Tədbirə olimpiada iştirakçısı olan ölkələrin idman sahəsində xüsusi xidmətləri ilə seçilən nümayəndələri dəvət alıb.
Qala-gecədə Azərbaycandan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva iştirak ediblər.
Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun xüsusi dəvəti ilə Paris-2024-də iştirak edən Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov da tədbirin rəsmi qonaqları sırasında olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun və onun həyat yoldaşı Afaq Tapdıqovanın daim qayğısını hiss edirlər.
Xatırladaq ki, Azərbaycan cüdoçuları Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanıblar. Medalları ölkəmizə Hidayət Heydərov (-73 kq) və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev (-100 kq) qazandırıb. Komandamız bu nəticə ilə Yaponiya yığmasından (3 qızıl, 1 gümüş, 3 bürünc) sonra cüdo yarışlarını ümumi hesabda və kişilər arasında ikinci yerdə başa vuraraq tarixi nəticəyə nail olublar.