1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş faciəli hadisələrdən – XX əsrin sonlarında xalqımızın tarixi taleyini yeni bir məcraya yönəltmiş faciədən 34 il keçir. Xalq arasında və mətbuat səhifələrində 20 yanvar faciəsi adlandırılan həmin hadisələr, aradan onilliklər keçməsinə baxmayaraq, unudulmur, dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi, əvvəlki kimi, kədər, nifrət və qəzəb hissi doğurur. Eyni zamanda, həmvətənlərimizin qəhrəmanlığından qürur duyuruq. Onlar canları, qanları bahasına öz vətəndaş ləyaqətlərini və ölkəmizin azad, müstəqil olmaq hüququnu müdafiə etdilər. Məhz 1990-cı il yanvarın 20-si Azərbaycanı suverenliyə aparan yolun başlanğıcı oldu.
Həmin kədərli hadisələrin növbəti ildönümünü ölkəmiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun mərdliyi və rəşadəti sayəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi bir şəraitdə qarşılayır.
Bu gün biz ölkəmizin qarşısında yarana biləcək istənilən çağırış və risklərə tab gətirəcək siyasi institutların və hökumət strukturlarının gücləndirilməsi istiqamətində səylərimizi birləşdirməliyik. Yalnız xalqımızın birliyi və həmrəyliyi ilə hər hansı xarici təhlükə və fəlakətlərdən uzaq, firavan gələcək qura bilərik.
1990-cı ilin 20 Yanvarında şəhid olanların xatirəsi qəlbimizdə daim yaşayacaq, onların qəhrəmanlığı bizi daim quruculuq işlərinə, xüsusən də bu gün ölkənin inkişafı üçün zəruri olan işlərə ruhlandıracaqdır.
Azər Əsgərov
Əziz dostlar!
Yeni İliniz və Dünya Azərbaycanlıların Həmrəyliyi Gününüz mübarək olsun! Qoy bu günlərin sevinci, coşqusu və uğurları tükənməz olsun!
2023-cü il – tarixi hadisə və çağırışılarla, əzmkar fəaliyyət və qələbələrlə dolu bir il sona çatır. Yola saldığımız 2023-cü il ölkəmizin tarixinə, ilk növbədə, sentyabrın 19-da yüksək dəqiqlikli silahların tətbiqi ilə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu il kimi düşəcək.
Rəşadətli Ordumuz 2020-ci il 10 noyabr tarixli Bəyannamənin imzalanmasından sonra Qarabağda qalan erməni silahlı birləşmələrinin, təxminən, 15 minlik kontingentini 24 saatdan da az müddətdə təslim olmağa məcbur etdi. Ermənistan separatizmi qızışdıran və şirnikləndirən hərəkətləri ilə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri və razılaşmaları əngəlləməyə cəhd göstərirdi. Bununla belə, Prezident İlham Əliyevin Azərbaycanın dövlət suverenliyi və beynəlxalq hüquq çərçivəsində öz ərazisinə tam nəzarət etmək haqqına əsaslanan dəqiq, mükəmməl və qətiyyətli siyasəti nəticəsini verdi. Məhz buna görə də 2023-cü il ölkəmiz üçün daha bir uğur və zəfər ilidir. Bu gün minlərlə keçmiş məcburi köçkün Qarabağda yaşayır, onların evləri dövlətimiz tərəfindən sürətlə bərpa olunur və bu proses geniş vüsət alır.
Mən bir iş adamı kimi həm işğaldan azad edilmiş ərazilərdə, həm də ölkəmizdə həyata keçirilən qlobal layihələrə qürur duyuram. Bu, Azərbaycanın gücünün, qüdrətinin sübutudur. Mən əldə olunan nailiyyətlərlə fəxr edirəm və bir daha anlayıram ki, əsas məsələ təkcə uğur qazanmaqda deyil, həm də görülən işlərin əhəmiyyətindədir. Yeni ildə hamımıza uğurlu işlər, ruhlandırıcı ideyalar və xeyirli layihələr arzulayıram.
Bir cüdoçu kimi çoxdan başa düşürəm ki, həyatda iradə, dözümlülük, səbr və yıxıldıqdan sonra ayağa qalxmaq kimi keyfiyyətlər uğur qazanmaq üçün çox vacibdir. Qoy, qarşıdakı il sizə yalnız yüksək mübarizə ruhu, arzu və istəklərinizə qovuşmaq səadəti nəsib etsin.
Dostlar, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bizə birliyin və bir-birimizə dəstək olmağın vacibliyini xatırladır. Yeni ildə daha da yaxın olaq, daha da güclü olaq və bütün çətinlikləri birlikdə dəf etməyə hazır olaq. Qoy, 2024-cü ildə yollarımız parlaq hadisələrlə və yeni imkanlarla dolu olsun.
Yeni İliniz mübarək!
Azər Əsgərov
Bu gün, bizim üçün xüsusi əhəmiyyət kəsb edən ildə müdriklik, qüdrət və siyasi ustadlıq rəmzinə çevrilmiş Dahi Şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edirik.
Biz xalqı xilas etməyi, tərəqqiyə çatdırmağı, onun inkişafına töhfə verməyi bacaran, müdrik və uzaqgörən siyasəti ilə Azərbaycanı dünya miqyasında güclü, hörmətli dövlətə çevirən bu İnsana ehtiramımızı bildiririk.
Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarıdır, onun müdrik siyasəti ölkəyə ən çətin vəziyyətlərdən çıxarmaq imkan verib. Azərbaycanın dünyəvi, dayanıqlı dövlətə çevrilməsində bir lider kimi onun qərarları və islahatları əsas rol oynayıb. Onun rəhbərliyi ilə siyasi, iqtisadi və sosial sahələrdə mühüm dəyişikliklər həyata keçirilib. Heydər Əliyev ölkəni sabitliyə qovuşdurdu, milli iqtisadiyyatı bərpa etdi, Silahlı Qüvvələri dirçəldi, dünya miqyasında mövqelərimizi möhkəmləndirə bildi. Özünün strateji baxışları ilə güclü və firavan dövlətin əsaslarını yaratdı. İqtisadiyyatda islahatlar apardı, təhsil, elm və mədəniyyəti inkişaf etdirdi və nəticədə, Azərbaycanı regionun liderlərindən birinə çevirdi. Heydər Əliyevin milləti ümumi məqsəd və prinsiplər ətrafında birləşdirə bilməsi vahid və güclü dövlətin yaradılmasına əvəzsiz töhfə oldu.
Bu gün bizim hər birimiz onun irsini yaşadırıq. Biz Heydər Əliyevin əsasını qoyduğu dəyərlərə – müdrikliyə, zəhmətkeşliyə, vətənpərvərliyə arxalanaraq gələcəyi qurmağa davam edirik. Ölkəmizin inkişafında əvəzsiz xidmətlərinə görə ona minnətdarıq. Bu gün biz təkcə kədər deyil, həm də onun bizim üçün etdiyi hər şeyə görə minnətdarlıq hissi keçiririk.
Xatirəsi əbədidir, nəsihətləri gələcəyimizin işıqlandırır. Heydər Əliyev bizim qəlbimizdə və gələcək nəsillər naminə gördüyümüz bütün işlərdə yaşayır.
Azər Əsgərov
Dekabrın 5-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi ilə əlaqədar “Cüdo Klub-2012” İctimai Birliyi arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
MOK-un inzibati binasında təşkil olunan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” ictimai birliyinin sədri Azər Əsgərov, “Azman Holdinq”in icraçı direktoru İlham Əhmədov, “Judo Club 2012” klubunun direktoru Mübariz Cəfərov və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir. MOK-un təsis etdiyi İdman Filmləri va Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.
Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.
Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya kanalları iştirak edə bilər.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının açılış mərasimi, dekabr ayının ortalarında, bağlanış mərasimi isə 2024-cü ilin mart ayında keçiriləcək.
Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq. Mükafatlandırma mərasimi televiziya kanallarında yayımlanacaq.
Festivalda iştirak etmək istəyən müəlliflər və təşkilatlar öz filmlərini, proqramlarını festivalın Təşkilat Komitəsinin ünvanına DVD, fləşkart formasında təqdim edə və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərə bilərlər. Festivala video məhsulların qəbulu 30.01.2024-cü ilə kimi davam edəcək.
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalın tərəfdaşı “Cüdo Klub-2012”, informasiya tərəfdaşları AZTV, AZTV İdman, İctimai TV, CBC Sport, “MİR” televiziya kanalları, “Olimpiya dünyası” qazeti, “Olympic.az”, “Olimpnews.az”, “trend.az”, “milli.az”, “azernews” və “day.az” informasiya portallarıdır.
Azər Əsgərov: “Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”
“Cüdo Klub-2012” İctimai Birliyi hər zaman idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəməyib”.
Bu sözləri “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil olunan film festivalı ilə bağlı tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra televiziya kanallarına müsahibəsində bildirib.
O, belə bir layihənin həyata keçirilməsində iştirak etdiyinə görə təşkilatçılara minnətdar olduğunu deyib.
“Hesab edirəm ki, bu günkü tərəfdaşlıq müqaviləsi daha geniş imkanlara yol açacaq. Biz də öz növbəmizdə göstərilən etimada görə təşkilatçılara minnətdarlığımızı bildiririk. İdman Filmləri Festivalının ərsəyə gəlməsində bizim də payımız olacağından çox məmnunuq”, – deyə Azər Əsgərov bildirib.
Mətbuatda:
https://azertag.az/xeber/milli_olimpiya_komitesi_yeni_terefdasliq_muqavilesi_imzalayib-2841411
Əziz həmvətənlər!
Dünən Zəfər bayramını qeyd etdik. Bu gün isə Dövlət Bayrağı Gününüdür.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dünən Qarabağda, Xankəndi şəhərində Vətən müharibəsində möhtəşəm Zəfərimizin 3-cü ildönümünə həsr olunmuş hərbi paradı qəbul etdi. Silahlı Qüvvələrimizin rəşadətli hərbçilərinin qürurlu, mətin addımlarının sədası Xankəndidən bütün dünyaya yayıldı. Bu anlarda bizim – hər bir azərbaycanlının qəlbi hədsiz fərəh hissi ilə döyünürdü.
Yaşasın, Zəfərimiz! Yaşasın, qələbələrimizin memarı Müzəffər Ali Baş Komandan!
Torpaqlarımızın azadlığı, dövlət suverenliyimizin bərpası uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, Vətənimizin və Bayrağımızın keşiyində dayanan əsgər və zabitlərimizə möhkəm cansağlığı arzulayıram!
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsi, həm də şəhidlərimizin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir.
Bu gün bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Artıq üçüncü ildir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.
Hər zaman yüksəklərdə dalğalan, Azərbaycan Bayrağı!
Azər Əsgərov
Azərbaycanın cüdo veteranlarından ibarət yığma komandanın tərkibində Əbu-Dabidə usta cüdoçular arasında dünya çempionatında iştirakım idman həyatımdakı ən mühüm hadisələrdən biri kimi həmişəlik yaddaşımda qalacaq.
İstənilən yarış, ilk növbədə, ciddi sınaqdır: hazırlıq mərhələsini necə keçməyinin, iradəni və mübarizə aparmaq qabiliyyətini necə nümayiş etdirə bilməyinin sınağıdır. Etiraf edim ki, Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə Heydər Əliyev İli elan edilmiş 2023-cü ildə keçirilən turnirdə uğurla çıxış etmək mənim üçün çox vacib idi. Pandemiya və 2020-ci il Vətən Müharibəsindən sonra dədə-baba torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan, Azərbaycan bayrağının yenidən Xankəndi üzərində dalğalanması ilə başa çatan local antiterror tədbirlərindən sonra Əbu-Dabidə keçirilən yarış mənim üçün ilk ciddi turnir və sınaq idi.
Çempion olmağı, cəmiyyətimizdə hökm sürən qalibiyyət ruhunu dəstəkləməyi çox istəyirdim. Dünya çempionu olmağı bacardığım üçün çox sevincli və qürurluyam. Fəxri kürsüdə dayananda və bütün zal Azərbaycanın himnini dinləyib, ölkənin qürurla yüksələn bayrağına baxanda özümü kövrəlməkdən çətinliklə saxlaya bildim. Bax, buna görə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən dünya çempionatının qızıl medalı mənim üçün həmişə xüsusilə əziz olacaq.
Xankəndidə və Qarabağın digər şəhərlərində Dövlət bayrağımızın qaldırıldığı bir vaxtda Azərbaycan idmanının qələbəsi şərəfinə də bayrağımızın ucaldılması mənim üçün çox önəmli idi. Çox şadam ki, artıq çempionatın ilk günündə, qarşıdakı Qələbə Günü və Dövlət Bayrağı Günü ərəfəsində ölkəmizin qalibiyyətli ruhuna öz töhfəmi verə bildim.
Mükafatlandırma mərasimində Azərbaycan cüdoçularının qələbəsi şərəfinə Azərbaycan bayrağının ucaldılması və Dövlət himnimizin səsləndirilməsi məndə sevimli ölkəmlə bağlı hədsiz qürur hissi yaratdı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Qarabağda döyüş meydanlarında Qələbə qazanan Azərbaycan Ordusunun əsgərlərinə sonsuz minnətdarlıq hissi duyaraq biz qalib xalqın və qalib dövlətin nümayəndələri kimi özümüzü çox xoşbəxt hiss etdik.
Azər Əsgərov
“20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
Bunu Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılmasından sonra çıxışı zamanı deyib.
İlham Əliyevin bu sözləri möhtərəm liderimizin ümumxalq səsverməsi ilə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ilin 15 oktyabrını xatırladaraq, parlaq bir günəş şüası kimi ürəyimə yayıldı! Torpaqlarımızda öz tarixi miqyasına görə nə qədər müxtəlif əhəmiyyət kəsb edən hadisələrin baş verdiyini hər bir Azərbaycan vətəndaşı bilir.
Və hər birimiz, əminəm ki, əziz Vətənimizin Prezidentinin ömrünün 20 ilini xalqına verdiyi vədin yerinə yetirilməsinə – Azərbaycanın ərazi bütövlüyünün bərpasına, Qarabağ torpağının işğaldan azad olunmasına, ölkənin yüksək beynəlxalq standartlara cavab verən sosial-iqtisadi inkişafının təmin edilməsinə həsr etmiş İlham Əliyevin olmasının böyük əhəmiyyətini dərk edirik.
İlham Əliyevin Xankəndində Qələbə bayrağını ucaltmaqla çoxəsrlik münaqişə tarixinə məntiqi son qoydu və əsl həqiqət zəfər çaldı. 2023-cü il oktyabrın 15-i Azərbaycan tarixinə əbədi həkk olundu və bütün dünyaya sübut etdi ki, “Qarabağ Azərbaycandır!”
Sizinlə fəxr edirik, cənab Prezident!
Azər Əsgərov
Maksim Şevçenkonun Azərbaycanda heç bir əlavə təqdimata ehtiyacı yoxdur. Əminliklə deyərdum ki, onu, az qala, hər evdə tanıyırlar… Maksimin Ermənistan-Azərbaycan münaqişəsi məsələsində inadkarlığı və qorxmazlığı, ermənilərin və onların himayədarlarının çoxsaylı təhdidlərinə baxmayaraq, obyektiv mövqe tutması heyranlıq doğurur. Münaqişənin tarixini dərindən bilməsi, eləcə də erməni saxtakarlıqlarını ifşa etməsi onu təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində fikirləri diqqət cəlb edən ekspertə çevirib.
Məhz buna görə də onun Bakıya gəlişi, “Heydər Camalın ömür yolu” mövzusunda ictimaiyyətlə görüşü, həmyerlimizin kitablarının təqdimatı böyük marağa səbəb olub. İki gün ərzində, oktyabrın 6-sı və 7-si Bakıda Beynəlxalq Muğam Mərkəzi çox əlamətdar hadisənin – tanınmış rusiyalı politoloq və jurnalist Maksim Şevçenko ilə görüşün şahidi oldu.
Gecə Maksimin görkəmli siyasi və ictimai xadim, filosof, ilahiyyatçı, şair, bir sıra kitabların müəllifi Heydər Camalla görüşlərindən bəhs edən füsunkar hekayəsi ilə başladı. O bu heyrətamiz azərbaycanlı haqqında, bu istedadlı insan vasitəsilə Azərbaycanı necə kəşf etdiyi barədə xatirələrini bölüşdü. Şevçenko müəllimi hesab etdiyi Camalın bir çox regional problemlərə baxışından, o cümlədən Qarabağ münaqişəsinin inkişafı ilə bağlı proqnozlarından söz açdı. Qeyd etmək lazımdır ki, Heydər Camal hələ 2020-ci ilin sentyabrında azadlıq müharibəsi başlamazdan xeyli əvvəl öz proqnozlarını açıqlayıb və bu rusiyalı mütəfəkkirin dedikləri gerçəkləşib.
Şevçenkonun məharətlə hazırladığı, dəfələrlə alqışlarla kəsilən monoloqu gecənin iştirakçılarının dərhal böyük marağına səbəb oldu və onları məftun etdi. Tamaşaçılar tərəfindən verilən suallar müxtəlif və çoxsaylı idi. Şəxsən mən onunla görüşə gələnlərin biliyinin dərinliyinə, gəncliyinə heyran oldum. Onların sualları təkcə geosiyasi hadisələrə marağı deyil, həm də müxtəlif fəlsəfi cərəyanları dərindən dərkini əks etdirirdi.
Maksim Şevçenko maraqlı və məhsuldar dialoq mühiti yaradaraq hər bir suala yüksək peşəkarlıqlaə cavab verdi. Bir an kimi uçan dörd saata yaxın görüş ərzində hamımız ideya və təhlil dünyasına qərq olduq.
Maraqlı axşama və mövqeyinizə görə təşəkkür edirəm, Maksim!
Azər Əsgərov
Azərbaycanın yeniyetmə və gənc cüdoçularının dünya və Avropa çempionatlarındakı parlaq qələbələrindən sonra böyüklərdən ibarət yığma komandamız da bizi öz uğurları ilə sevindirdi. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçularımız 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazandı və komanda hesabında bu mötəbər yarışın birincisi oldu. Bu qələbə Ulu Öndərin ruhuna sonsuz ehtiramın ifadəsidir.
Yaşar Nəcəfovun (-66 kq), vaxtilə “Judo Club 2012”də də məşq etmiş Hidayət Heydərovun (-73 kq) və Zelim Tçkayevin (-81 kq) qızıl, Leyla Əliyevanın (-48 kq) gümüş, “Judo Club 2012”nin üzvü Zelim Kotsoyevin (-100 kq) bürünc medal qazanmaları Azərbaycan cüdo ailəsinə böyük qürur hissi bəxş etdi.
Turnir çox gərgin idman mübarizəsi şəraitində keçdi. Bakıya 61 ölkədən ən güclü cüdoçular gəlmişdilər. Azərbaycanın müvafiq dövlət qurumları, Azərbaycan Cüdo Federasiyası tərəfindən turnirin ən yüksək səviyyədə keçirilməsi təmin olunmuşdu.
Yarışın ilk günlərinin qəhrəman Ordumuzun Qarabağda zəfərlə başa çatan antiterror tədbirləri keçirdiyi bir vaxta təsadüf etməsi, təbii ki, yığma komandamızın üzvlərinə də yüksək döyüş və qələbə ruhu gətirdi.
Müasir Azərbaycan dövləti möhtəşəm zəfərləri Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə qazanır. Ölkəmizdə idmanın, o cümlədən cüdonun uğurları da dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.
“Böyük dəbilqə” turnirində qələbə münasibəti ilə cüdo ailəsinin hər bir üzvünü, idmançıları və məşqçilər heyətini təbrik edir, gələn Olimpiya ilində də onlara uğurlar arzulayıram!
Azər Əsgərov