BUİLKİ ÖLKƏ ÇEMPİONATINDA YAŞANAN QEYRİ-ADİ COŞQU
Bəri başdan deyim ki, idmandan uzaq adamam. Azərbaycana nisbətən gec – ötən əsrin 70-ci illərində “ayaq açan” “yapon əsilli” cüdo idman növündən isə lap uzaq…
Amma bir neçə ay əvvəl Parisdə keçirilən Yay Olimpiya Oyunlarında cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev qızıl medal uğrunda gərgin mübarizə aparanda, son illərdə ölkəmizə qərəzli münasibət göstərən Fransanın paytaxtında Azərbaycan bayrağının qaldırılmasına, Dövlət Himnimizin səsləndirilməsinə nail olanda, hamı kimi, mənim də gözüm telefonun və ya televiziyanın ekranında qalmışdı. Parisdə qazanılan qızılların bizim üçün adi idman uğurundan qat-qat üstün dəyəri vardı…
Bu il noyabrın 29-dan dekabrın 1-ə qədər Bakı İdman Sarayında keçirilən cüdo üzrə respublika çempionatına da məni həmin Olimpiya zəfərinin xoş təəssüratı, gələcəyin Hidayətlərini, Zelimlərini elə indidən görmək, tanımaq həvəsi gətirmişdi.
İlk gündən idman sarayında yaşanan coşqu bir daha sübut edirdi ki, son illər cüdo ölkəmizdə getdikcə daha çox populyarlıq qazanır.
Əvvəla, təşkilatçılıq yüksək səviyyədə idi: istər idmançılar, hakimlər və tamaşaçılar üçün yaradılan şəraitə görə, istərsə də müasir texniki təchizat məsələlərinə görə…
İkincisi, tribunalar hər gün adamla dolu olurdu.
Üçüncüsü, həm idmançılar tatami üzərində, sözün həqiqi mənasında, güzəştsiz rəqabət aparırdılar, həm də tamaşaçılar onlara şövqlə azarkeşlik edirdilər.
Çempionatın ümumi mükafat fondu da əvvəlkilərdən fərqli idi: 50 min manat! Bu da xırda məsələ deyil. Yarış yarış yerində, pul da puldur!
Paris olimpiadasının qalibləri Hidayət Heydərovun və Zelim Kotsoyevin imza gününün keçirilməsi isə çempionata bir ayrı rəng qatmaqla yanaşı, idman sarayına gələn yeniyetmələrdə cüdoya, çempion adına xüsusi rəğbət və məhəbbət yaradırdı.
Nəhayət, çempionatda respublikanın ən ucqar bölgələrindən idamançıların iştirakı sübut edirdi ki, cüdo artıq “şəhər idmanı” statusundan çoxdan uzaqlaşıb. İndi uzaq dağ kəndlərində belə sabah beynəlxalaq yarışlarda Azərbaycanın idman şərəfini layiqincə qoruya biləcək oğullar yetişir. Yox-yox, təkcə oğullar yox, həm də qızlar… Axı, respublika çempionatı həm kişilər, həm də qadınlar arasında keçirilirdi. Açığı, qadın cüdoçuların yarışı da mənə maraqlı gəldi. Cəld, çevik, hətta bəzən çəlimsiz görünən qızlarımızın tatami üzərində göstərdiyi fədakarlığı, döyüş əzmini müşahidə eləmək çox xoş idi.
Bütövlükdə 14 çəki dərəcəsi üzrə 324 cüdoçu medallar uğrunda mübarizə aparırdı. Bu rəqəm özü də çox şey deyir. Yəni Azərbaycan cüdosunun yaxşı potensialı var, hazırkı çempionatın qalibləri arasından sabah beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək xeyli idmançı çıxa bilər.
Və o da maraqlıdır ki, çempionatın təşkilatçıları veteranları da unutmamışdılar. Azərbaycan cüdosunun inkişafında xüsusi xidmətləri olan və bu il yubiley yaşına çatmış Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov, veteran cüdoçular arasında 12 qat dünya, 10 qat Avropa çempionu Fərhad Rəcəbli, dünya və Avropa çempionatlarının mükafatçısı, ACF prezidentinin müşaviri Natiq Bağırov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Sevda Qarayeva, çoxsaylı beynəlxalq yarışların qalibi, Azərbaycan cüdosunun fəxri siması sayılan veteran cüdoçu Faiq Ağayev, Əməkdar məşqçi Ruzbeh Vəliyev və Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mövlud Mirəliyevə Azərbaycan Cüdo Federasiyasının təbrik plaketləri təqdim edildi.
Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Klub 2012” idman klubunun təsisçisi, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olmuş Azər Əsgərova isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən ağ-qırmızı kəmər (6-cı dan) və onun sertifikatı təqdim olundu.
Çempionatın üçüncü günü komanda yarışları ilə yadda qaldı. Məsələn, Şuşanı təmsil edən qızların sona qədər mübarizə aparması sarayın tribunalarında qəribə bir coşqu yaratdı. “Judo Klub 2012” komandasının qızıl medala layiq görülməsi isə tamamilə təbii qarşılandı.
Azərbaycanda bütün idman növləri üzrə respublika çempionatları keçirilir. Təbii ki, bunlar yerli səviyyədə ən mötəbər yarışlardır və milli komandaların tərkibi də məhz həmin çempionatların qalibləri hesabına formalaşdırılır. Azərbaycan Cüdo Federasiyasının son illərdə səmərəli fəaliyyətinin nəticəsidir ki, həm ölkə çempionatı yüksək səviyyədə təşkil olunur, həm də bu yarışlardan yığma komandaya güclü idmançılar gəlir.
Onu da qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının sponsoru “Azercell”, builki çempionatın sponsoru isə “Azman Holding” şirkətidir. O “Azman Holding” ki, sosial layihələrə, xüsusən idman yarışlarının təşkilinə daim xüsusi diqqət ayırır. O “Azman Holding” ki, həmtəsisçisi və rəhbəri Azər Əsgərov həyatını cüdosuz təsəvvür edə bilmir və sevimli idman növünün inkişafına sanballı töhfələr verir.
Mənbə: https://525.az/news/280868-azerbaycanda-cudo-ucgunluyu
Qadınlar və kişilər arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatına dekabrın 1-də komanda yarışları ilə yekun vurulub.
Bakı İdman Sarayında təşkil olunan turnirin son günündə final görüşlərindən əvvəl bir neçə idmançıya dan sertifikatı təqdim olunub. Ardınca ölkəmizdə cüdo idman növünün inkişafına verdiyi dəstəyə görə “Azman Holdinq” şirkətinə təşəkkürnamə təqdim edilib.
Qeyd edək ki, komanda yarışlarında, qadınlar arasında 7, kişilərin mübarizəsində isə 9 komanda kubok uğrunda mübarizə aparıb. Qadınların yarışında -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, kişilərin mübarizəsində isə -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayıb.
Həm kişilərin, həm də qadınların komanda yarışlarında mübarizə aparan “Judo Club 2012” klubu turniri 1 qızıl və 1 gümüş medalla başa vurub. Həlledici görüşdə “Atilla” komandası üzərində əzmkar qələbə qazanan kişilərdən ibarət komandamız turnirin qızıl medalına layiq görülüb. “Judo Club 2012″nin qadınlardan ibarət komandası isə üçüncü yer uğrunda həlledici görüşdə “Azəri” cüdo klubu üzərində qələbə qazanaraq bürünc medallara sahib çıxıb.
Xatırladaq ki, yarışın ilk iki günündə fərdi yarışlarda mübarizə aparan “Judo Club 2012″nin idmançıları 3 qızıl, 1 gümüş və 3 bürünc medalla ümumi komanda hesabında üçüncü yeri tutmuşdu.
Komandamıza qızıl medalları Fidan Əlizadə (-63 kq), Hüseyn Allahyarov (-60 kq) və Murad Fətiyev (-90 kq) qazandırıb. Komandamızın digər üzvlərindən Aslan Kotsoyev (-90 kq) gümüş, Leyla Atayeva (-63 kq), Məhərrəm İmamverdiyev (-81 kq) və Məmmədrza Hacızadə (-90 kq) isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, “Azman Holdinq” və onun tərkibinə daxil olan “Mangal Steak House” restoranlar şəbəkəsinin də əsas sponsorlarından olan turnirin ümumi mükafat fondu bu il ilk dəfə olaraq 50 min manat təşkil edib.
Turnirdən sonra paytaxtın tanınmış ictimai məkanlarından olan “Mangal Steak House – Bayıl” restoranında “Azman Holdinq” şirkətinin təşkilatçılığı ilə yarış iştirakçıları, hakimlər və məşqçilər üçün qala şam yeməyi təşkil edilib.
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib.
Azərbaycan Cüdo Federasiyası (ACF) və ölkəmizin tanınmış idman klublarından olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirilən budəfəki yubiley yarışı Həzi Aslanovun anadan olduğu Lənkəran şəhərində yerləşən Olimpiya İdman Kompleksində təşkil olunub.
Yarışın açılış mərasimindən əvvəl Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, “Azman Holdinq” şirkətinin və “Judo Club 2012”nin rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Lənkəran Astara-Regional Gənclər və İdman İdarəsinin rəsmiləri, həmçinin ictimaiyyət nümayəndələri müasir və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhər Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Ardınca iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Rəsmi heyət daha sonra Həzi Aslanovun Lənkərandakı ev-muzeyini də ziyarət edib.
Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı olub və Azərbaycan bayrağı arenaya gətirilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani yarış iştirakçılarını salamlayaraq ənənəvi turnirin beş illik fasilədən sonra Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təşəbbüsü ilə yenidən bərpa olunduğunu bildirib.
Turnirin baş hakimi, “Judo Club 2012”nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov çıxış edərək 1975-ci ildə dahi siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan turnirin ölkəmizdə cüdonun inkişafı istiqamətində mühüm mərhələ olduğunu qeyd edib.
Böyük ənənəsi olan turnirin beş illik fasilədən sonra yenidən bərpa olunduğunu vurğulayan F.Hüseynov bu yarışın iştirakçıları arasında dünya, Avropa və bir sıra mötəbər yarışların qalib və mükafatçıları olduğunu deyib.
Gənclər və İdman Nazirliyinin idman səfiri, cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov çıxışı zamanı turnirin əhəmiyyətini yüksək qiymətləndirib. Özünün də vaxtilə bu turnirdə iştirak etdiyini qeyd edən Bakı-2015 I Avropa Oyunlarının gümüş mükafatçısı bu yarışdan gələcəyin dünya, Avropa və Olimpiya çempionlarının çıxacağına əminliyini bildirib.
Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov General-mayor Həzi Aslanovun xatirə turnirinin paytaxtla yanaşı, müxtəlif regionlardan olan idmançıların və məşqçilərin potensialının artırılması, eyni zamanda klublar arasında əlaqələrin genişlənməsi və Azərbaycan Cüdo Federasiyasının əsas strateji hədəflərindən olan regionlarda cüdonun kütləviləşməsinə töhfə verdiyini qeyd edib.
Yarışların meneceri Ağayar Axundzadə turnirin təşkilatçılarına minnətdarlığını bildirərək iştirakçılara uğurlar arzulayıb.
Məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov turnirin təşkilatçılarına, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə və ənənəvi yarışın yenidən bərpa olunmasında göstərdiyi təşəbbüsə görə “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova minnətdarlığını bildirib.
Həzi Aslanov cüdoçularımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin Azərbaycanda idmanın bu növünün böyük gələcəyindən xəbər verdiyini diqqətə çatdırıb.
Rəsmi çıxışlardan sonra tədbir teatrallaşdırılmış bədii hissə ilə davam edib.
Yarışlar açıq elan edildikdən sonra final və üçüncü yer uğrunda görüşlərə start verilib.
Beynəlxalq Cüdo Federasiyasının təsdiq etdiyi qaydalara və ACF-in reqlamentinə uyğun olaraq təşkil edilən ənənəvi yarışda ölkəmizin 25-ə yaxın klubundan 120-dən çox ən güclü idmançı iştirak edib.
18 yaşadək yeniyetmə cüdoçuların (2008-2010-cu illər təvəllüdlü oğlanlar) mübarizə apardığı turnirdə idmançılar 8 çəki dərəcəsində qüvvələrini sınayıblar. Yarışda uğurla çıxış edən “Judo Club 2012”nin komandası 2 qızıl, 2 bürünc medala sahib çıxıb. Klubun üzvlərindən Emil Hüseynli (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehdi Eyvazov (-81 kq) və Xalid İliyasov (-90 kq) isə bürünc medallara layiq görülüblər. “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub. Respublika Kompleks İdman Mərkəzi (RKİM) 3 qızıl, 1 gümüş, 2 bürünc medalla birinci, “Sərhədçi” İdman Mərkəzinin komandası isə 1 dəst medalla üçüncü yerə sahib çıxıb.
Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarət olub.
Cüdoçularımıza yeni mənzillər hədiyyə olunub
“Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan cüdosunun tarixi nailiyyətinin qeyd olunması münasibətilə şam yeməyi məclisi təşkil olunub.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, Azercell və “AZMAN HOLDİNG” şirkətlərinin dəstəyi ilə qurulan məclisin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılıb.
Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başlayan tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin idmana qayğısını əks etdirən video çarx təqdim olunub.
Daha sonra cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş edilib.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, cüdoçularımızın qələbəsindən, ölkəmizdə idmana göstərilən qayğıdan danışıblar.
Tədbirdə son Olimpiya oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kutsayevə Beynəlxalq Cüdo Federasiyasının Cüdo üzrə Qızıl Nömrələri təqdim olunub.
Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov elan edib ki, “AZMAN HOLDİNG” şirkəti indiyədək olimpiya çempionu titulu qazanmış cüdoçularımızı və son olimpiadada qızıl medal almış idmançılarımızın şəxsi məşqçilərini mükafatlandırmağı qərara alıb.
Daha sonra Azər Əsgərov yeni mənzillərin rəmzi açarını 1992-ci il Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci il Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü il Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərova və Zelim Kotsoyeva, həmçinin Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova təqdim edib.
Azərbaycan Cüdo Federasiyasının zövqlə tərtib etdiyi ssenari əsasında tanınmış müğənnilər Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun, Sevda Ələkbərzadənin, habelə müxtəlif musiqi qruplarının vətənpərvərlik mövzusunda ifaları, cüdo yarışlarından fərqli və original video-çarxlar, idmançıların maraqlı rəqsləri məclisə xüsusi rəng qatıb.
Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.
Artıq ənənə halını alan yürüş qeydiyyatdan keçən klassik avtomobillərin, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinin Dənizkənarı Milli Parkda nümayişi ilə başlayıb.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər tanınmış şəxslər, məşhur idmançılar və şəhər sakinləri iştirak edib.
1984-cü ilədək istehsal olunan avtomobillərin yürüşündə ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.
Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər.
Klassik nəqliyyat vasitələri Dənizkənarı Bulvar – Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi – Heydər Əliyev Prospekti – Hava limanı yolu- Zığ şosesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar.
Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb. “Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb.
Nominasiyalarla yanaşı, qonaqlara tanınmış ifaçıların iştirakı ilə konsert və əyləncə proqramı da təqdim edilib.
Qeyd edək ki, “Azman Holdinq” şirkəti hər il olduğu kimi, bu il də klassik avtomobillərin yürüşü və sərgisində fəal iştirak edib. Belə ki, tədbirdə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus “Azman Motors” şirkətinin 12 avtomobili yürüşdə və sərgidə yer alıb.
Tanınmış idmançıların və cüdo ailəsinin də iştirak etdiyi tədbirdə həmçinin cüdo üzrə dünya, Avropa və Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Hidayət Heydərov “Azman Motors”a məxsus retro avtomobillə yürüşdə iştirak edib.
Avqustun 8-də Los Angelesdə fəaliyyət göstərən Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun illik təcrübə proqramlarını özündə əhatə edən ‘’Summer Networking Night” keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə Amerika Birləşmiş Ştatlarının nüfuzlu televiziya xadimləri iştirak ediblər.
Tədbirdə iştirak edən Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Real Təhlil İnformasiya Mərkəzinin xüsusi müxbiri, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Cinema Radio Kino Radio Kanalının rəhbəri Kamran Qasımov Televiziya Akademiyası Fondunun icraçı direktoru, jurnalist Ann Vask və Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb. Görüş zamanı qarşılıqlı təcrübələrin öyrənilməsi və müştərək tədris proqramının hazırlanması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, Televiziya Sənətləri və Elmləri Akademiyası Fondu il ərzində 3 dəfə təcrübə proqramları təşkil edir. Təcrübə proqramlarında iştirak hüququ qazanan tələbə və məzunlar Disney, Netfliks, ABC, Fox, AMC və digər audiovizual media qurumlarında təcrübə keçərək biliklərini möhkəmləndirir, karyera qurmaq imkanı əldə edirlər. Kamran Qasımov iki dəfə Kollec Televiziya Mükafatlarında, dörd dəfə isə təcrübə proqramlarında münsiflər heyətinin üzvü olub.
Kamran Qasımov bundan başqa Los Angelesdə olduğu müddətdə əfsanəvi “Santa Barbara” serialının 40 illiyi münasibətilə keçirilən tədbirə qatılıb. Serialın yaradıcı və aktyor heyəti ilə, eləcə də Disney studiyasının əfsanəvi animatoru Ted Stonzla görüşüb.
Qeyd edək ki, K.Qasımovun Los Angelesə səfəri iş adamı Azər Əsgərov tərəfindən maliyyələşdirilib.
https://www.realtv.az/news/az/169221/los-angelesde-summer-networking-night-kechirilib-fotolar
Avqustun 3-də Fransanın paytaxtı Parisdə Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə ənənəvi qala-gecə keçirilib. Tədbirə olimpiada iştirakçısı olan ölkələrin idman sahəsində xüsusi xidmətləri ilə seçilən nümayəndələri dəvət alıb.
Qala-gecədə Azərbaycandan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva iştirak ediblər.
Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun xüsusi dəvəti ilə Paris-2024-də iştirak edən Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov da tədbirin rəsmi qonaqları sırasında olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Avropa Cüdo İttifaqının prezidenti Laslo Totun və onun həyat yoldaşı Afaq Tapdıqovanın daim qayğısını hiss edirlər.
Xatırladaq ki, Azərbaycan cüdoçuları Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanıblar. Medalları ölkəmizə Hidayət Heydərov (-73 kq) və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev (-100 kq) qazandırıb. Komandamız bu nəticə ilə Yaponiya yığmasından (3 qızıl, 1 gümüş, 3 bürünc) sonra cüdo yarışlarını ümumi hesabda və kişilər arasında ikinci yerdə başa vuraraq tarixi nəticəyə nail olublar.
Aprelin 30-da Bakı İdmana Sarayında Bakı İdman Sarayında cüdo üzrə ənənəvi V “Raquf Orucov kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib.
525.az xəbər verir ki, müasir hərb tariximizin şanlı səhifəsi sayılan 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenleyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilmiş turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyanın (Fərdi Neytral İdmançılar) 20 yaşadək cüdoçularından (U-20) ibarət 13 komanda mübarizə aparıb.
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərovun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunmuş, turnirin rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Rəşadətli ordumuzun zəfərinə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançılar iştirak ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimdə çıxış edərək, ölkəmizdə idmanın inkişafından, Olimpiya hərəkatından, idmançılarımızın qazandığı qələbələrdən söz açıb, həmin qələbələrin daim xalqımızı ruhlandırdığını vurğulayıb. O, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərin xatirəsinin daim əziz tutulduğunu bildirib, böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıyan turnirin təşkilatçılarının fəaliyyətini yüksək dəyərləndirib, idmançılara uğurlar arzulayıb.
Milli Məclis sədrnin müavini Adil Əliyev Azərbaycanın idman ölkəsi kimi dünyada tanındığını, Ulu Öndər Heydər Əliyevin bu sahənin dirçəlişində müstəsna rol oynadığını, Prezident İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət göstərdiyini, idmançılarımızın beynəlxalq arenalarda böyük uğurlar qazandığını qeyd edib. O, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr olunmuş turnirin həm ölkəmizdə idmanın inkişafına yönəldiyini, həm də şəhidlərə ehtiramı ifadə etdiyini bildirib. Adil Əliyev haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan Vətən oğullarının döyüş yolunun gənc nəsil üçün örnək olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsini daim əziz tutduqlarını, eləcə də şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görüldüyünü qeyd edib. O, beynəlxalq turnirin gənc nəslin vətənpərvərlik ruhunda tədrbiyəsinə mühüm təsir göstərdiyini vurğulayaraq, bu mötəbər ənənəvi tədbirin əvvəlkilər kimi indi də yüksək səviyyədə təşkilinə görə yarışın təşəbbüskarı Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi Azər Əsgərova minnətdarlıq bildirib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədo, cüdo üzrə dünya və Avropa çempionatının qalibi və mükafatçısı, 2024-cu ilin idman səfiri Orxan Səfərov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Muharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək, ürək sözlərini söyləyib, turnirin təşkilini yüksək qiymətləndiriblər.
Əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Orucova şəhid ailələrini dövlətimizin qayğısını daim hiss etdiklərini bildirib. O, xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını vurğulayaraq, şəhidlərin müqəddəs əməllərinin layiqincə qiymətləndirilməsində və bunun gələcək nəsillərə çatdırılmasında belə yarışların mühüm əhəmiyyət daşıdığını deyib. Tərkibinə “Judo Club 2012” idman klubunun da daxil olduğu “Azman Holdinq”in və onun rəhbərliyinin ötən səkkiz ildə daim Raquf Orucovun və digər şəhidlərin ailələrinin yanında olduğunu qeyd edən Sevinc Orucova bu xeyirxah missiyaya və beynəlxalq turnirin təşkilinə görə minnətdarlıq bildirib.
Mərasimdə əməkdar artist Xəyyam Mustafazadə vətənpərvərlik ruhunda mahnılar oxuyub, “Jüdo Club 2012”nin yeniyetmə idmançılarının nümunəvi çıxışları nümayiş olunub.
Rəsmi və bədii hissə başa çatdıqdan sonra Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.
Turnirin finalında “Edelveys” klubunun (Fərdi Neytral İdmançılar) və “Judo Club 2012″nin komandaları qarşılaşıblar. Azərbaycan təmsilçiləri rəqiblərinə qalib gələrək turnirin kubokunu və qızıl medallarını qazanıblar. Bürünc medallara “Atilla” İdman Klubu (Azərbaycan) və Macarıstan komandası layiq görülüblər. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunub.
Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018, 2019 və 2023-cü illərdə uğurla təşkil olunub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Mənbə: https://525.az/news/260266-cudo-uzre-v-raquf-orucov-kuboku-beynelxalq-turniri-kecirilib
https://vetensesi.az/page/33/news/25639
https://koordinat.az/43746/v–raquf-orucov-kuboku–turnirinden-fotolar
https://medeniyyet.az/page/news/73453/Efsanevi-kesfiyyatcinin-xatiresine.html
Aprelin 30-da Bakı İdman Sarayında əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən digər şəhidlərimizin xatirəsinə həsr edilən V beynəlxalq “Raquf Orucov Kuboku” uğrunda cüdo turniri keçiriləcək.
“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək ənənəvi turnirdə 21 yaşadək (U-21) cüdoçulardan ibarət komandalar iştirak edəcək.
Beynəlxalq turnirdə yerli komandalarla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Şəxsi Neytral İdmançılar (Rusiya) və Gürcüstanı təmsil edən 15 komanda mübarizə aparacaq.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Turnirin açılış mərasimi aprelin 30-da saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək. Mərasimdə dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.
Qeyd edək ki, “Raquf Orucov Kuboku” turniri Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirilir. Yarışlar həmin il və 2018-2019-cu illərdə U-21 yaş qrupu üzrə komanda şəklində təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranan dörd illik fasilədən sonra ötən il bərpa edilən sayca dördüncü beynəlxalq turnirdə isə iştirakçılar ilk dəfə olaraq komanda deyil, fərdi qaydada mübarizə aparıblar.
Turnir Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük maraq doğurmaqla yanaşı, gənc cüdoçulara yarış təcrübəsi qazanmaq, öz döyüş ustalığını təkmilləşdirmək imkanı yaradacaq.
Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri müasir hərb tariximizin şanlı səhifəsidir. Qarabağda böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun və torpaqlarmızın azadlığı uğrunda canını qurban verən bütün qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.