Qurban bayramı – İslam dininin ən müqəddəs bayramlarından, İslamın ən mühüm fəzilətlərindən biridir. Qurban bayramı Allaha itaət əlaməti kimi oğlunu qurban verməyə hazır olan İbrahim peyğəmbər (əleyhis-salam) haqqında rəvayətlə əlaqələndirilir. Bu bayram təkcə inam və sədaqəti deyil, həm də Uca Yaradanın öz bəndələrinə mərhəmət, səxavət və qayğısını rəmzləşdirir.
Qurban bayramı dərin mənəvi məna daşıyır və bir neçə əsas cəhəti özündə ehtiva edir. Həzrəti İbrahimin (əleyhis-salam) hekayəsi bizə Yaradana mütləq etibar etməyi və Onun iradəsini yerinə yetirməyə hazır olmağı öyrədir. Bu bayram bizə iman və itaətin vacibliyini xatırladır.
Qurban bayramının vacib ayinlərindən biri də sədəqə vermək, yəni heyvan qurban kəsib paylamaqdır. Ət üç hissəyə bölünür: bir hissəsi ailə üçün qalır, ikincisi dostlara və qohumlara verilir, üçüncüsü isə kasıblara paylanır. Bu, səxavət və qayğıkeşliyi rəmzləşdirir, həmçinin ehtiyacı olanlara kömək etməyin vacibliyini göstərir.
Qurban bayramı ailə və cəmiyyət daxilində əlaqələrin möhkəmlənməsinə rəvac verir. İnsanlar birlikdə dua etmək, bir süfrədə yemək yemək və bir-birinə dəstək olmaq üçün toplaşırlar ki, bu da icma hissini və birliyi gücləndirir. Ənənəvi yeməklərlə dolu olan süfrələr sevinc və vəhdət rəmzidir. Qurban bayramı özündə təkcə müsəlmanlar üçün deyil, həm də bütün bəşəriyyət üçün vacib olan dərin əxlaqi prinsipləri ehtiva edir.
Qurban bayramına bir neçə ənənəvi mərasim və tədbir daxildir. Mərasim məscidlərdə səhər namazı ilə başlayır, mömin müsəlmanlar Allaha şükür etmək və ondan xeyir-dua diləmək üçün toplaşırlar. Bu ayin sülhü, mərhəməti, bir-birinə sevgi və hörməti rəmzləşdirir.
Qurban bayramı xeyirxah əməllər vaxtı olduğu üçün sədəqə müsəlmanın mənəvi və əxlaqi dəyərlərinin mühüm tərkib hissəsidir. Bu, təkcə dini bayram deyil, həm də insanların öz mənəvi-əxlaqi dəyərləri haqqında düşündüyü, imanını gücləndirdiyi bir dövrdür.
Bayramınız mübarək, əziz bacı və qardaşlar! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin!
Hamınıza böyük hörmətlə,
Azər Əsgərov
Azərbaycan cüdo ailəsi yenə böyük sevinc və qürur hissi yaşayır. Biz – “Judo Club 2012” komandası isə ikiqat sevincliyik! Klubumuzun üzvü, ən istedadlı idmançılarımızdan olan Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən dünya çempionatında -100 kq çəki dərəcəsində qızıl medal medal qazanaraq bu mötəbər yarışda yenidən Azərbaycan bayrağının qaldırılmasına, Dövlət Himnimizin səsləndirilməsinə nail olub.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu möhtəşəm qələbə münasibətilə Zelimi təbrik edib. Mehriban xanıma təşəkkür edirik. Məhz idmana dövlət qayğısı, xüsusən də, cənab Prezident İlham Əliyevin bu sahənin inkişafına hər cür şərait yaratması ölkə idmançılarını böyük nailiyyətlər qazanmağa ruhlandırır.
Zelimin dünya çempionatında yüksək əzmkarlıq, mənəvi-psixoloji hazırlıq nümayiş etdirdiyini xüsusi vurğulamaq istərdim. Finala doğru yolda o, dünyanın ən güclü cüdoçularını məğlub etməyi bacardı. Heç birinin ad-sanından, şöhrətindən çəkinmədən, cəngavər kimi döyüşdü və qalib gəldi.
Zelim Kotsoyev Paris-2024 Yay Olimpiya Oyunlarına öz çəki dərəcəsininin reytinq cədvəlinin lideri kimi gedəcək və inanırıq ki, Olimpiada da uğurla çıxış edəcək.
Mən idmançımızı da, onun qələbələrində xüsusi rolu olan əziz dostum, 11 il əvvəl dünya çempionluğunu qazanmaqla adını Azərbaycan cüdo tarixinin qızıl səhifəsinə yazdırmış Elxan Məmmədovu da ürəkdən təbrik edirəm!
Zelim, biz səninlə fəxr edir, yeni qələbələrini gözləyirik!
Azər Əsgərov
Müasir Azərbaycan cüdosunun öncüllərindən olan Hidayət Heydərovun Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanması bizə böyük sevinc və qürur hissi bəxş etdi. Son dəfə bu qızılı ölkəmizə 11 il əvvəl indi cüdo veteranı olan dostumuz Elxan Məmmədov gətirmişdi…
Bu gün Hidayət idman karyerasının zirvəsindədir: dördqat Avropa çempionudur, dünya reytinqində öz çəki dərəcəsində birincidir! Onun uğurlarında, ilk növbədə, şəxsi məşqçisi, Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan müəllim Həsənovun müstəsna rolu vardır. Mən əziz müəllimimi gənc yetirməsinin möhtəşəm qələbəsi münasibətilə ürəkdən təbrik edirəm.
Mən bilirəm ki, Tərlan müəllim Hidayətdən Olimpiya çempionluğu da gözləyir və çox istərdim ki, onun bu arzusu da gerçəkləşsin.
Və mütləq qeyd etməliyəm ki, məhz möhtərəm Prezident cənab İlham Əliyevin əvəzsiz qayğısı və diqqətı Azərbaycan idmançılarını mötəbər beynəlxlaq yarışlarda qələbə qazanaraq Dövlət bayrağımızı yüksəltməyə, Himnimizi səsləndirməyə ruhlandırır. Belə diqqət və qayğı Azərbaycan Cüdo Federasiyasının da öz işini yüksək səviyyədə qurmasına, ölkəmizdə idmanın bu popular növünün inkişafına öz güclü təsirini göstərir.
Bir daha Hidayət Heydərovu dünya çempionu olması münasibətilə təbrik edir, ona yeni uğurlar, qələbələr arzulayıram! Gənc dost, biz səni Olimpiada pyedestalının da birinci pilləsində təsəvvür edirik!
Azər Əsgərov
Aprelin 30-da Bakı İdmana Sarayında Bakı İdman Sarayında cüdo üzrə ənənəvi V “Raquf Orucov kuboku” (“Raguf Orujov Cup”) komandalararası beynəlxalq turniri keçirilib.
525.az xəbər verir ki, müasir hərb tariximizin şanlı səhifəsi sayılan 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın işğaldan qurtarılması, dövlətimizin suverenleyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərimizin xatirəsinə həsr edilmiş turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və Rusiyanın (Fərdi Neytral İdmançılar) 20 yaşadək cüdoçularından (U-20) ibarət 13 komanda mübarizə aparıb.
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərovun təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunmuş, turnirin rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Rəşadətli ordumuzun zəfərinə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançılar iştirak ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimdə çıxış edərək, ölkəmizdə idmanın inkişafından, Olimpiya hərəkatından, idmançılarımızın qazandığı qələbələrdən söz açıb, həmin qələbələrin daim xalqımızı ruhlandırdığını vurğulayıb. O, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərin xatirəsinin daim əziz tutulduğunu bildirib, böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıyan turnirin təşkilatçılarının fəaliyyətini yüksək dəyərləndirib, idmançılara uğurlar arzulayıb.
Milli Məclis sədrnin müavini Adil Əliyev Azərbaycanın idman ölkəsi kimi dünyada tanındığını, Ulu Öndər Heydər Əliyevin bu sahənin dirçəlişində müstəsna rol oynadığını, Prezident İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət göstərdiyini, idmançılarımızın beynəlxalq arenalarda böyük uğurlar qazandığını qeyd edib. O, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr olunmuş turnirin həm ölkəmizdə idmanın inkişafına yönəldiyini, həm də şəhidlərə ehtiramı ifadə etdiyini bildirib. Adil Əliyev haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan Vətən oğullarının döyüş yolunun gənc nəsil üçün örnək olduğunu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsini daim əziz tutduqlarını, eləcə də şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görüldüyünü qeyd edib. O, beynəlxalq turnirin gənc nəslin vətənpərvərlik ruhunda tədrbiyəsinə mühüm təsir göstərdiyini vurğulayaraq, bu mötəbər ənənəvi tədbirin əvvəlkilər kimi indi də yüksək səviyyədə təşkilinə görə yarışın təşəbbüskarı Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi Azər Əsgərova minnətdarlıq bildirib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədo, cüdo üzrə dünya və Avropa çempionatının qalibi və mükafatçısı, 2024-cu ilin idman səfiri Orxan Səfərov, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Muharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək, ürək sözlərini söyləyib, turnirin təşkilini yüksək qiymətləndiriblər.
Əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc xanım Orucova şəhid ailələrini dövlətimizin qayğısını daim hiss etdiklərini bildirib. O, xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını vurğulayaraq, şəhidlərin müqəddəs əməllərinin layiqincə qiymətləndirilməsində və bunun gələcək nəsillərə çatdırılmasında belə yarışların mühüm əhəmiyyət daşıdığını deyib. Tərkibinə “Judo Club 2012” idman klubunun da daxil olduğu “Azman Holdinq”in və onun rəhbərliyinin ötən səkkiz ildə daim Raquf Orucovun və digər şəhidlərin ailələrinin yanında olduğunu qeyd edən Sevinc Orucova bu xeyirxah missiyaya və beynəlxalq turnirin təşkilinə görə minnətdarlıq bildirib.
Mərasimdə əməkdar artist Xəyyam Mustafazadə vətənpərvərlik ruhunda mahnılar oxuyub, “Jüdo Club 2012”nin yeniyetmə idmançılarının nümunəvi çıxışları nümayiş olunub.
Rəsmi və bədii hissə başa çatdıqdan sonra Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.
Turnirin finalında “Edelveys” klubunun (Fərdi Neytral İdmançılar) və “Judo Club 2012″nin komandaları qarşılaşıblar. Azərbaycan təmsilçiləri rəqiblərinə qalib gələrək turnirin kubokunu və qızıl medallarını qazanıblar. Bürünc medallara “Atilla” İdman Klubu (Azərbaycan) və Macarıstan komandası layiq görülüblər. Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunub.
Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018, 2019 və 2023-cü illərdə uğurla təşkil olunub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Mənbə: https://525.az/news/260266-cudo-uzre-v-raquf-orucov-kuboku-beynelxalq-turniri-kecirilib
https://vetensesi.az/page/33/news/25639
https://koordinat.az/43746/v–raquf-orucov-kuboku–turnirinden-fotolar
https://medeniyyet.az/page/news/73453/Efsanevi-kesfiyyatcinin-xatiresine.html
Aprelin 30-da Bakı İdman Sarayında əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən digər şəhidlərimizin xatirəsinə həsr edilən V beynəlxalq “Raquf Orucov Kuboku” uğrunda cüdo turniri keçiriləcək.
“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçiriləcək ənənəvi turnirdə 21 yaşadək (U-21) cüdoçulardan ibarət komandalar iştirak edəcək.
Beynəlxalq turnirdə yerli komandalarla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Şəxsi Neytral İdmançılar (Rusiya) və Gürcüstanı təmsil edən 15 komanda mübarizə aparacaq.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.
Turnirin açılış mərasimi aprelin 30-da saat 16:00-da Bakı İdman Sarayında keçiriləcək. Mərasimdə dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.
Qeyd edək ki, “Raquf Orucov Kuboku” turniri Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı olan Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirilir. Yarışlar həmin il və 2018-2019-cu illərdə U-21 yaş qrupu üzrə komanda şəklində təşkil olunub. Koronavirus pandemiyası ilə əlaqədar olaraq yaranan dörd illik fasilədən sonra ötən il bərpa edilən sayca dördüncü beynəlxalq turnirdə isə iştirakçılar ilk dəfə olaraq komanda deyil, fərdi qaydada mübarizə aparıblar.
Turnir Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük maraq doğurmaqla yanaşı, gənc cüdoçulara yarış təcrübəsi qazanmaq, öz döyüş ustalığını təkmilləşdirmək imkanı yaradacaq.
Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri müasir hərb tariximizin şanlı səhifəsidir. Qarabağda böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə şəhidlik zirvəsinə ucalan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun və torpaqlarmızın azadlığı uğrunda canını qurban verən bütün qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.
Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa çempionatına start verilib.
2024-cü ilin əsas idman hadisələrindən biri olan qitə çempionatı Avropa Cüdo İttifaqının 75 illiyi münasibətilə nəzərdə tutulan tədbirlər proqramı çərçivəsində keçirilir.
Yarışın ilk günü EJU (Avropa Cüdo İttifaqının) uşaq düşərgəsinin açılışı ilə başlayıb. 1100 ölkədən 30-dan çox uşaq öyrənmək və biliklərini bölüşmək üçün üç gün ərzində bir araya gəlib. Onların arasında hazırda uğurlarına görə təkcə ölkəmizdə deyil, digər ölkələrdə də şöhrət qazanmış “Judo Club 2012” klubunun nümayəndələri də var. Belə ki, “Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov məşqçi Rafiq Nəcəfovun rəhbərliyi altında klubun beş cüdoçusunun düşərgədə iştirakına şərait yaradıb. Klubun idmançıları bu gün dünya nəhənglərinin çıxışlarını yaxından izləməklə yanaşı, həmçinin öz təcrübələrini də artırırlar. Bu düşərgə onların gələcək karyeralarında uğurlar qazanmaq üçün önəmli rol oynayacaq.
Zaqrebde keçirilən bugünki tədbirlərdə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Totun şəxsi dəvəti ilə “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov da iştirak edib.
Azər Əgərov Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyini qeyd edən ölkəmizin cüdoçularının şərəfli yol keçdiklərini və indi də bugünkü gənclər üçün bu yolu davam etdirdiklərini vurğulayıb. Cüdo ustası yığma komandamızın üzvlərinin Zaqrebdə parlaq nəticələr qazanacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, aprelin 25-də start götürən Avropa çempionatında 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçu qüvvəsini sınayır.
Yarışda 13 (9 kişi, 4 qadın) idmançı ilə təmsil olunan yığma komandamızın heyətində “Judo Club 2012″nin iki üzvü – Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) də yer alıb.
Avropa çempionatının fərdi yarışlarına aprelin 27-də yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.
Mənbə: https://olimpnews.az/post/26692/quotjudo-club-2012quotnin-uzvleri-zaqrebde-2024-04-26-151800
Münsiflər heyətinin üzvü olan Kamran Qasımov nominasiyalar üzrə qalib olmuş tələbələr, eləcə də Akademiyanın üzvləri ilə müzakirələr aparıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Real Təhlil İnformasiya Mərkəzinin proqramlaşma departamentinin müdiri, ‘’Cinema Radio’’ Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımov Los-Angelesdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası və Televiziya Fondunun təsis etdiyi 43-cü Kollec Televiziya ‘’College Television Awards’’ mükafatlarının təqdimetmə mərasimində, münsiflər heyətinin üzvü kimi iştirak edib.
“İki sahil” xəbər verir ki, təqdimat mərasimindən sonra Kamran Qasımov nominasiyalar üzrə qalib olmuş tələbələr, eləcə də Akademiyanın üzvləri ilə müzakirələr aparıb, bu mükafatın vacibliyini və əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Kamran Qasımov ötən il də Kollec Televiziya Mükafatlarının münsiflər heyətində təmsil olunmuşdu. Kollec Televiziya mükafatları ilk dəfə 1979-cu ildə təqdim edilib. Mükafatın əsas məqsədi kino və televiziya sahələri üzrə təhsil alan tələbələrin, yaxud məzunların fəaliyyətini stimullaşdırmaq, onları yeni layihələrin yaradılmasına təşviq etməkdir.
Bundan başqa Kamran Qasımov ’’Deadline Hollywood’’ jurnalı və Amerika Rejissorlar Gildiyasının birgə təşkilatçılığı ilə keçirilən ‘’Televiziya iddiaçıları’’ (‘’Television Contenders’’) Forumunda iştirak edib. Forumda ABŞ televiziya şəbəkəsində yayımlanan TV-şoularla bağlı fikir mübadiləsi aparılıb. Forumun panel müzakirələrinə Codi Foster, Kurt Rassel, Kifer Sazerled və digər dünya ulduzları qatılıblar. Qeyd edək ki, səfər iş adamı Azər Əsgərov tərəfindən maliyyələşdirilib.
https://525.az/news/258452-kamran-qasimov-amerikada-munsif-kimi-istirak-edib
Müqəddəs Ramazanın gəlişi ilə biz mərhəmət, şəfqət, mənəvi yenilənmə ilə dolu mübarək bir aya qədəm qoyuruq. Bu, imanımızın dərinləşdiyi, Allaha daha da yaxınlaşdığımız, mənən kamilliyə can atdığımız bir dövrdür. Nəfsimizə qalib gəlmək, ehtiyacı olanlara səxavət göstərmək, ibadət və dualarla hər günün savabını qazanmaq Ramazanın mühüm fəzilətləridir.
Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) özü tərəfindən əsası qoyulmuş bu müqəddəs ayın adət-ənənələri ölkəmizdə də şəkildə qorunur, icra edilir. Orucluq – hamımız üçün mənəvi təmizlənmə, iman və dirçəliş rəmzidir. Axı oruc təkcə insanın bütün pis vərdişlərdən və haramlardan imtina etməsi deyil. Onun dərin mənası var: insan orucun tələblərini yerinə yetirməklə bütün ömrü boyu özünü doğru əməllərə öyrəşdirir.
Bu mübarək ayda dualar edirik ki, birliyimiz və həmrəyliyimiz bizi daha da gücləndirsin, Ramazan bizə sülh, sevinc və firavanlıq gətirsin.
Adət-ənənəyə görə, hər bir müsəlman üçün müqəddəs sayılan bu ayda mərhəmətlilik, xeyriyyəçilik, bağışlama, yoxsullara yardım kimi xüsusiyyətlər özünü daha aydın şəkildə biruzə verir.
Ramazan bayramı – oruc saxladığımız müqəddəs ayın başa çatması ilə əlamətdardır. Ramazan ayının son günündə günəş batanda bayram başlayır və növbəti gün axşam saatlarına qədər davam edir. Müsəlmanlar bir-birlərini təbrik edir, hədiyyələr verirlər və əmindirlər ki, gələn il daha da uğurlu, xoşbəxtlik, firavanlıq və sevinclə dolu olacaq, inşallah!
Ramazan bayramınız mübarək!
Allah-təala dövlətimizin daha da güclənməsi, xalqımızın birliyi, firavanlığı, mənəvi zənginliyi, daxili rahatlığı və rifahı üçün etyimiz duaları qəbul etsin! Amin!
Azər Əsgərov
Azərbaycan xalqı öz tarixinin qanlı səhifələrini, məruz qaldığı soyqırımı cinayətlərini heç vaxt unutmur və unutmayacaq… Erməni millətçilərinin 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər ərazilərmizdə on minlərlə insanı qəddarcasına qətlə yetirməsi təkcə xalqımıza qarşı deyil, ümumən, insanlığa qarşı ən ağır cinayət olmuşdur.
Sonrakı dövrdə də Ermənistan azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük, deportasiya siyasəti aparmış, ötən əsrin sonlarında Qarabağdakı müvəqqəti işğal etdiyi ərazilərdə soyqırımı cinayətlərini davam etdirmişdir. Xocalıda, Bağanıs-Ayrımda, Qaradağlıda, Malıbəylidə, Kəlbəcərdə və digər yaşayış məntəqələrimizdə erməni quldur dəstələrinin dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğınlar, amansız soyqırımı tarixin yaddaşına əbədi həkk olunmuşdur.
Qüdrətli Azərbaycan dövləti, şanlı ordumuz soyqırımı cinayətlərində həyatını itirmiş həmvətənlərimizin qanını döyüş meydanında aldı. Bu gün işğaldan azad edilmiş ərazilərimizin hər bir guşəsində üçrəngli bayrağımızın qürurla dalğalanması soyqırımı qurbanlarının, bütün şəhidlərimizin ruhunu şad edir, onların xatirəsinə ehtiramın təcəssümüdür.
Biz tarixin müxtəlif dövrlərində soyqırımına məruz qaısaq da, ermənilərdən fərqli olaraq, heç vaxt özümüzü yazıq, əzabkeş xalq kimi qələmə verməmişik, milli qürurumuzu öz döyüşkənliyimizlə, mübarizliyimizlə qoruyub saxlamışıq və buna görə də Vətən savaşında qalib gəlmişik.
Soyqırımı qurbanlarının, xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirəm.
Azər Əsgərov