Azer Askerov

  • MÖVQE
  • DİL SEÇİMİ
    • English English
    • Azərbaycan Azərbaycan
    • Русский Русский
  • BİOQRAFİYA
  • FƏALİYYƏT
    • BİZNES
      • İnşaat
      • Restoran
      • Otel
      • Kənd təsərrüfatı
    • İDMAN
    • XEYRİYYƏÇİLİK
    • TƏDBİRLƏR
  • MÖVQE
  • HAQQIMIZDA
  • FOTOQALEREYA
    • görkəmli şəxslər
    • İş
    • tədbirlər
    • ailə
    • asudə vaxt
    • idman
      • Film çəkilişi
      • Paris 2024
      • Azman Holding – Paris 2024
  • LAYİHƏLƏR
WRITE ME
  • Home
  • MÖVQE
  • Archive from category "MÖVQE"

Kateqoriya: MÖVQE

  • 0
arasadmin18
Bazar ertəsi, 31 August 2026 / YAYIMLANIB MÖVQE

“Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin sərgisi və yürüşü keçirilib.

“Azman Holdinq” şirkətindən Olimpnews.az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, idmançılar, digər tanınmış şəxslər və şəhər sakinləri iştirak ediblər.

Sərgidə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil nümayiş etdirilib.

Sərgidən sonra klassik avtomobillərin yürüşü keçirilib. Paytaxtın əsas küçə və prospektlərindən keçən retro avtomobillərin yürüşü “Sea Breeze” ərazisində başa çatıb. “Marina Bay”də təşkil olunan sərgi isə klassik avtomobillərin yaratdığı xüsusi retro ab-havası ilə yadda qalıb. Burada yürüşdə iştirak edən avtomobil sahibləri arasında müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilərək mükafatlandırılıb. Qaliblər “Sərginin veteranı”, “Qızıl standart”, “Canlı əfsanə”, “Nadir incilər”, “Dövrün stil ikonası”, “Dövrün ruhu”, “Vintaj zərifliyi”, “Ənənələrin qoruyucusu”, “Yarış əfsanəsi”, “Dəmir aristokrat”, “Zəhmətkeş əfsanə”, “Xalqın sevimlisi”, “Dövrün səsi” və “Zaman kapsulu” nominasiyaları üzrə seçiliblər.

Qeyd edək ki, klassik avtomobil həvəskarlarının böyük maraqla qarşıladığı sərgidə “Azman Holdinq” şirkəti özünün zəngin və eksklüziv kolleksiyası ilə diqqət mərkəzində olub. Belə ki, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova məxsus “Azman Motors” şirkətinin 24 avtomobili sərgidə və yürüşdə yer alıb. Tədbirin maraqlı məqamlarından biri isə cüdo ailəsinin nümayəndələrinin klassik avtomobillərlə yürüşə qatılması olub. Cüdo üzrə dünya, Avropa və Olimpiya çempionu Hidayət Heydərov, Zelim Kotsoyev, eləcə də “Judo Club 2012”nin digər üzvləri Murad Fətiyev və Aslan Kotsoyev “Azman Motors”a məxsus klassik avtomobillərlə yürüşdə iştirak ediblər.

Tədbir barədə danışan “Azman Motors”un baş direktoru Eldar Qasımov şirkətin altıncı dəfə klassik avtomobillərin sərgi və yürüşündə iştirak etdiyini bildirib: “2021-ci ildən etibarən, ardıcıl olaraq altıncı dəfədir ki, bu sərgidə iştirak edirik. Budəfəki sərgidə təqdim etdiyimiz ən yaşlı avtomobil 1956-cı il, ən gənc avtomobil isə 1986-cı il istehsalıdır. Bu ilki sərgidə 24 avtomobillə təmsil olunduq. Ümumilikdə şirkət hər il belə tədbirlərə böyük kolleksiya ilə qatılır. Kolleksiyamızda eksklüziv və individual modellər olduğu üçün hər il sərgidə iştirak etmək üçün dəvət alırıq. Bu il “Azman Motors” klassik avtomobil dünyasının nüfuzlu markaları ilə tədbirdə təmsil olunub. “Mercedes”, “Jaguar”, BMW, “Ford Mustang” kimi maraqlı retro avtomobillərimizlə sərgidə və yürüşdə iştirak etdik. Mənə xoşdur ki, hər il belə möhtəşəm tədbir keçirilir və biz də öz kolleksiyamızı avtomobil həvəskarlarına nümayiş etdirmək imkanı əldə edirik”.

Qeyd edək ki, klassik avtomobillərin sərgisi və yürüşü şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, “Azman Motors” şirkəti 2025-ci ildə klassik avtomobillərin sərgisi və yürüşündə “At gücü”, 2026-cı ildə isə “Zaman kapsulu” nominasiyaları üzrə qalib elan olunaraq sertifikatla təltif edilib.

Mənbə:  https://olimpnews.az/post/43181/azman-motors-sirketi-klassik-avtomobillerin-yurusu-ve-sergisinde-zengin-kolleksiyasi-ile-diqqet-cekib

https://azmanholding.az/news/84

https://www.judoclub2012.az/category/testxeberler21549721022/azman-motors-sirketi-klassik-avtomobillerin-yurusu-ve-sergisinde-zengin-kolleksiyasi-ile-diqqet-cekib-2026-08-31-133655

https://azertag.az/xeber/heydar_aliyev_fondunun_vitse_prezidenti_leyla_aliyeva_ve_arzu_aliyeva_klassik_avtomobillerin_yurusu_ve_sergisini_izleyibler-4389249

 

  • 0
arasadmin18
Bazar ertəsi, 31 August 2026 / YAYIMLANIB MÖVQE, TƏDBİRLƏR

Klassik avtomobillərin paradı: tarixin, mədəniyyətin və idman ruhunun təntənəsi

Avqustun 30-da paytaxtımız növbəti dəfə möhtəşəm və unudulmaz bir kütləvi-mədəni tədbirə ev sahibliyi etdi. Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə keçirilən klassik avtomobillərin sərgisi və yürüşü Bakının küçələrinə xüsusi bir rəng, dərin nostalji və yüksək estetik ruh bəxş etdi.

Hesab edirəm ki, bu cür tədbirlər təkcə retro avtomobil həvəskarlarının bir araya gəldiyi bir platforma deyil, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafının, dinamik şəhər həyatının və yüksək təşkilatçılıq mədəniyyətinin bariz göstəricisidir. Məncə, Dənizkənarı Milli Parkdan başlayaraq “Sea Breeze” və “Marina Bay” ərazisinə qədər uzanan bu yürüş paytaxt sakinləri və şəhərimizin qonaqları üçün həqiqi bayram əhval-ruhiyyəsi yaratdı, uşaqdan-böyüyədək hər kəsin qəlbində xoş emosiyalar və unudulmaz təəssüratlar doğurdu.

Ölkəmizin mədəni və idman həyatına dəstək vermək bizim üçün həmişə prioritet məsələ olub. Çox şadam ki, 2021-ci ildən bəri artıq 6-cı dəfədir ki, bu möhtəşəm tədbirə öz eksklüziv kolleksiyamızla töhfə veririk. Builki sərgidə 1956–1986-cı illər istehsalı olan 24 ədəd nadir klassik avtomobilimizlə (“Mercedes”, “Jaguar”, BMW, “Ford Mustang” və s.) təmsil olunmaq və bu sənət əsərlərini avtomobilsevərlərə nümayiş etdirmək bizim üçün böyük fəxr və məmnunluq mənbəyi idi.

Tədbirin ən qürurverici və yaddaqalan məqamlarından biri isə cüdo ailəmizin bu yürüşdə aktiv iştirakı oldu. Olimpiya, dünya və Avropa çempionlarımız Hidayət Heydərov, Zelim Kotsoyev, eləcə də “Judo Club 2012”nin dəyərli idmançıları Murad Fətiyev və Aslan Kotsoyev “Azman Motors”a məxsus retro avtomobillərin sükanı arxasına keçərək bu möhtəşəm yürüşə xüsusi bir enerji və idman ruhu qatdılar. İdmanın və mədəni irsin bu şəkildə vəhdəti milli həmrəyliyimizin və dəyərlərimizin gözəl bir təzahürüdür.

Paytaxtımıza bu gözəl bayram əhval-ruhiyyəsini bəxş etdiklərinə, tədbirin yüksək səviyyədə təşkilinə və klassik avtomobil mədəniyyətinin inkişafına göstərdikləri diqqətə görə Azərbaycan Avtomobil Federasiyasına, tədbirin təşkilində əməyi keçən hər kəsə və bütün iştirakçılara dərin minnətdarlığımı bildirirəm.

Azər Əsgərov

 

  • 0
arasadmin18
Cümə axşamı, 06 August 2026 / YAYIMLANIB MÖVQE

Olimpiya çempionunun atası vəfat edib

Avropa, dünya və Olimpiya çempionu Zelim Kotsoyevin ailəsinə ağır itki üz verib. Məşhur idmançının atası – Oleq Kotsoyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə Zelim Kotsoyevin üzvü olduğu “Judo Club 2012” idman klubu məlumat yayıb. Məlumatda bildirilir ki, klubun təsisçisi Azər Əsgərov kollektiv adından Zelim Kotsoyevə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

Oleq Kotsoyev öz Vətənində – Şimali Osetiyanın Beslan şəhərində dəfn edilib.

Allah rəhmət eləsin.

  • 0
arasadmin18
Bazar ertəsi, 22 June 2026 / YAYIMLANIB MÖVQE

Ulan-Batordakı nəticələr Azərbaycan cüdosunun növbəti uğurudur

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan cüdo məktəbinin daxili potensialını, zəngin ənənələrini və beynəlxalq arenadakı gücünü bir daha bütün dünyaya nümayiş etdirdi. Dünyanın 58 ölkəsindən 454 ən güclü cüdoçunun tatamiyə çıxdığı bu nüfuzlu yarışda milli komandamızın 1 qızıl və 3 bürünc medal qazanması, həmçinin kişilər arasında komanda hesabında dünya üçüncüsü olması təsadüfi deyil. Mən cüdoçularımızın əvvəlki uğurları haqqında rəy bildirəndə dəfələrlə qeyd etmişəm ki, bu nailiyyətlər Azərbaycan Cüdo Federasiyasında aparılan sistemli, peşəkar və məqsədyönlü işin məntiqi nəticəsidir.

Yaponiya, Cənubi Koreya, Rusiya, Gürcüstan və İtaliya kimi dünya cüdosunun flaqmanlarının iştirak etdiyi belə bir gərgin rəqabət mühitində qazanılan hər bir mükafat xüsusi çəkiyə malikdir və yüksək qiymətləndirilməlidir.

Ulan-Bator turnirində komandamıza qızıl medal qazandıran Balabəy Ağayevin milli cüdomuzda sanballı yer tutduğunu xüsusi qeyd etmək istərdim. Bu, onun cari ildəki “Böyük Dəbilqə” turnirlərində artıq üçüncü medalıdır. Medallardan ikisi qızıl, biri gümüş olmaqla Balabəyin öz çəkisində (-60) dünya cüdosunun elitasında yer tutduğunu göstərir.
Bizim “Judo Club 2012”nin üzvləri olan Zelim Kotsoyev (-100 kq) və Murad Fətiyev (-90 kq) Ulan-Batorda qazandıqları bürünc medallarla yığma komandamızın reytinqinin yüksəlməsinə öz töhfələrini veriblər. Klubun təsisçisi kimi, bu şəxsən məni qürurlandırır və fərəhləndirir. Turnirin daha bir bürünc mükafatçısının – Nizami İmranovun (-66 kq) isə Azərbaycan cüdosunda sağlam rəqabət mühitində yetişən gənc nəslin nümayəndəsi olması təqdirəlayiq haldır.

Medalın bir addımlığında dayanan, lakin lisenziya xalları baxımından mühüm reytinq qazanan Əhməd Yusifov, Kənan Nəsibov (5-ci yer) və Ruslan Paşayevin (7-ci yer) çıxışları da gələcək böyük qələbələrin mühüm zəminidir.

Ulan-Bator turnirinin bir mühüm cəhəti də onun yeni Olimpiya təsnifat dövrünün ilk yarışlarından biri olmasıdır. Burada qazanılan uğurlar Azərbaycan cüdo yığmasının Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında ən yüksək hədəflərə çatmaq istəyini nümayiş etdirir. Yeni Olimpiya tsiklinə 4 medalla başlamaqla komandamız doğru yolda olduğunu göstərir.
Bir məsələni isə qeyd etməyi vacib sayıram: Olimpiya, dünya və dördqat Avropa çempionumuz Hidayət Heydərovun çəki ilə bağlı yaranmış xırda problem səbəbindən bu dəfə tatamiyə çıxa bilməməsi təəssüf doğurur. Lakin mən şəxsən onun peşəkarlığına, sarsılmaz xarakterinə və qələbə əzminə bələdəm və inanıraam ki, Hidayət yaxın gələcəkdə daha güclü şəkildə geri dönəcək və bizi yenidən sevindirəcəkdir.

Ulan-Bator turniri göstərdi ki, cüdoçularımız estafeti layiqincə davam etdirirlər və onların gələcəyinə böyük nikbinliklə baxmağa əsasımız var. Azərbaycan Cüdo Veteranları Assosiasiyası adından və şəxsən öz adımdan bu möhtəşəm uğur münasibətilə bütün medalçılarımızı, fədakar məşqçilər korpusunu, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyini və bütövlükdə böyük cüdo ailəmizi ürəkdən təbrik edirəm!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə, 27 May 2026 / YAYIMLANIB MÖVQE

Qurban bayramı –mərhəmət və xeyirxahlıq günü!

Əziz həmvətənlər, dəyərli dostlar!

Sizi və doğmalarınızı İslam dünyasının ən əziz günlərindən biri – birlik, bərabərlik və fədakarlıq rəmzi olan mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Qurban bayramı bizə mənəvi təmizlənməyi, yardımlaşmağı və ən əsası, yaradılanı Yaradanın xatirinə sevməyi öyrədir. Bu gün insanın öz nəfsinə, xudbinliyə və təkəbbürə qalib gəldiyi, mərhəmət və şəfqət hislərinin zirvəyə çatdığı gündür.

Bu gün Azərbaycanımız üçün də xüsusi bir məna kəsb edir. Biz bu mübarək günləri müstəqil, azad və öz tarixi torpaqlarında qürurla yaşayan bir xalq olaraq qarşılayırıq. Bu, həm də dövlətimizin və xalqımızın birliyinin, əqidəmizə və köklərimizə olan sadiqliyimizin bir təcəssümüdür.

Arzu edirəm ki, kəsilən qurbanlar, edilən dualar və göstərilən xeyirxahlıqlar cəmiyyətimizdə sülhü, barışı və qarşılıqlı hörməti daha da möhkəmləndirsin. Qoy bu bayram evlərimizə bol ruzi-bərəkət, qəlblərimizə rahatlıq və hüzur gətirsin.

Xüsusilə, bu günü ehtiyacı olanlara dəstək olmaq, yetimlərin və kimsəsizlərin üzünü güldürmək üçün bir fürsət kimi qiymətləndirək. Çünki əsl qurbanlıq yalnız ət paylamaq deyil, həm də insanların qəlbini qazanmaq, onlara sevinc və ümid bəxş etməkdir.

Allah bütün dualarımızı, tutduğumuz orucları və kəsdiyimiz qurbanları dərgahında qəbul etsin.

Qurban bayramınız mübarək olsun!

Azər Əsgərov

  • 0
arasadmin18
Çərşənbə axşamı, 17 March 2026 / YAYIMLANIB MÖVQE

Milli ruhun və mənəvi saflığın təntənəsi

Bu il təbiətin oyanışının müjdəçisi olan Novruz ilə mənəvi paklığın zirvəsi adlandırılan Ramazan ayının eyni vaxta təsadüf etməsi xalqımız üçün ikiqat bayrama çevrilib.

Novruz da, Ramazan da yenilənmə, xeyirxahlıq və paylaşmaq bayramıdır. Novruz əcdadlarımızdan qalan milli kimliyimizin nişanəsi, Ramazan isə inancımızın sarsılmaz sütunudur. Ramazan ayı sadəcə müəyyən saatlarda qidadan imtina etmək deyil, ruhun təmizlənməsi, nəfsin cilovlanması və iradənin sınağıdır. Orucluq bizə şükür etməyi, əlimizdə olanın qədrini bilməyi və ehtiyacı olanlara qarşı mərhəmətli olmağı öyrədir.

Bu il süfrələrimiz həm səməni təravəti, həm də iftar bərəkəti ilə zəngindir.

Dünyanın müxtəlif guşələrində müharibələrin, humanitar böhranların və dini-etnik qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycanda azan səslərinin bahar nəğmələri ilə həmahəng səslənməsi dövlətimizin qüdrətinin göstəricisidir. Möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü müstəqil və cəsarətli siyasət ölkəmizi xarici təhdidlərdən qoruyaraq onu sabitlik adasına çevirib.

Bir iş adamı kimi dərin inam hissi ilə deyə bilərəm ki, cəmiyyətimizdəki əmin-amanlıq və sabitlik, dövlətimizin güclü və qüdrətli olması iqtisadi inkişaf və bu inkişafa sanballı töhfələr verən sahibkarllıq mühiti üçün əlverişli şərait və imkanlar yaradır.

Bu gün biz işğaldan azad edilmiş yurdlarımızda — Şuşada, Ağdamda, Xankəndidə, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Xocalıda, Ağdərədə, Kəlbəcərdə, Laçında həm Novruz tonqalları qalayır, həm də azad məscidlərimizdə Ramazan namazları qılırıq. Bu, həm siyasi, həm də mənəvi zəfərimizin ən böyük sübutudur.

Mən veteran cüdoçu kimi ölkəmizdə bu idman növü üzrə qazanılan nailiyyətlərə görə qürur və sevinc hissi keçirirəm. Ötən Novruzdan bu günədək keçən dövr Azərbaycan cüdosu üçün çox uğurlu olub. Beynəlxalq arenalarda qazanılan medallar, dünya və Avropa çempionatlarındakı möhtəşəm qələbələr gənclərimizin əzmini və dövlətimizin idmana qayğısını nümayiş etdirir. Cüdoçularımızın tatami üzərindəki hər bir uğuru xalqımızın ümumi zəfər ruhunun idmandakı əksidir.

Builki dualarımız həm süfrələrimizin bərəkəti, həm də vətənimizin daha da çiçklənməsi üçündür. Allah-təala bütün tutulan orucları, edilən duaları qəbul etsin, bahar nəfəsli Novruz ölkəmizə daim xoşbəxtlik gətirsin!

Bayramınız mübarək!

Azər Əsgərov

 

  • 0
arasadmin18
Bazar ertəsi, 02 March 2026 / YAYIMLANIB MÖVQE

Daşkənd “Böyük Dəbilqə”sində möhtəşəm qələbə

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtında keçirilən bu ilki növbəti “Böyük Dəbilqə” turnirində də böüyk uğur qazandılar. Bundan bir ay əvvəlki Paris turnirindəki nailiyyət artıqlaması ilə təkrar olundu. Azərbaycan cüdoçuları dünya arenasında istənilən ölkənin idmançıları ilə rəqabət aparmağa və hətta, onların ən yüksək titullularına qalib gəlməyə qadirdilər. Daşkənddə bu, bir daha sübut olundu.

Özümüzünküdür, yəni “Judo club 2012”nin nümayəndəsidir deyə önə çəkmirəm, elə təkcə Murad Fətiyevin (-90 kq) finalda gürcüstanlı ikiqat Olimpiya çempionu Laşa Bekauriyə qalib gəlməsi və qızıl medal qazanması Azərbaycan cüdosu üçün böyük nailiyyətdir. Murad çox əzmkar və güclü idmançıdır, son vaxtlar yığma komandada öz layiqli yerini tutub. Ümidlərimizi bundan sonrakı beynəlxalq yarışlarda da doğruldacağına inanıram.

Milli komandanın digər üzvlərinin – Əhməd Yusifovun (-60 kq) və Ömər Rəcəblinin (-81 kq), Kənan Nəsibovun (+100 kq) qızıl, Balabəy Ağayevin (-60 kq) gümüş, Zelim Kotsoyevin (-100 kq) və Camal Qamzatxanovun (+100 kq) bürünc medal qazanmaları Azırbaycanda cüdonun davamlı inkişafda olduğunun bariz göstəricisidir.

Daşkəndə 8 idmançı ilə yollanan milli komandamızın mötəbər yarışı 39 ölkə arasında 4 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuraraq komanda hesabında cüdonun yaradıcısı olan Yaponiyadan sonra ikinci, kişilərin mübarizəsində isə birinci yeri tutması cüdo salnaməmizin parlaq səhifələrindən biri kimi daim xatırlanacaq.

Azərbaycan cüdosunun bugünkü uğurları dövlətimizin idmana göstərdiyi diqqət və qayğının, Azərbaycan Cüdo Federasiyasında aparılan sistemli işin və məşqçilərin fədakar əməyinin nəticəsidir. Bu uğurlar, eyni zamanda, gənclərin idmana marağını artırır, onları sağlam həyat tərzinə və qələbələrə ruhlandırır.

İnanıram ki, cüdoçularımız bundan sonra da dünya arenalarında uğurla çıxış edəcək, Azərbaycan bayrağını yüksəklərə qaldıracaq və cüdo məktəbimizin şöhrətini daha da artıracaqlar. Daşkənddə qazanılan möhtəşəm zəfər bunu söyləməyə əsas verir. Bu uğurda zəhməti olan idmançılarımızı, onların məşqçilərini, federasiya rəhbərliyini və Azərbaycan cüdo ailəsini ürəkdən təbrik edirəm!

Azər Əsgərov

  • 0
arasadmin18
Bazar ertəsi, 23 February 2026 / YAYIMLANIB MÖVQE

Azərbaycan – tolerantlığın və birliyin beşiyi

Bu il müqəddəs Ramazan ayı və Novruzun bayram çərşənbələri eyni vaxta təsadüf edib. Biz ruhun təmizlənməsini və təbiətin oyanışını özündə birləşdirən, milli və dini dəyərlərimizin vəhdətini gücləndirən bir dövrü yaşayırıq. İslam aləmində Ramazan ayı “on bir ayın sultanı” hesab olunur. Onun əsas fəziləti insanın öz nəfsini tərbiyə etməsi, səbir və iradəsini sınağa çəkməsidir. Oruc tutmaq təkcə fiziki aclıq deyil, həm də qəlbi pis fikirlərdən, dili isə qeybətdən təmizləməkdir. Bu ayda insan gündəlik qayğılardan uzaqlaşaraq öz daxili dünyasına nəzər salır. Ramazan tövbə və mərhəmət ayıdır; bu dövrdə insanlar arasındakı incikliklərin unudulması xüsusi əhəmiyyət kəsb edir.

Eyni günlərdə qeyd etdiyimiz Su, Od, Yel və Torpaq çərşənbələri isə bizim milli köklərimizə bağlılığımızı tərənnüm edir. Novruz təbiətin oyanışı, qışın bitməsi və yeni həyatın başlanğıcıdır. Bu çərşənbələrin hər biri kainatın dörd ünsürünün canlanmasını simvolizə edərək bizi ana təbiətə daha da yaxınlaşdırır.

Azərbaycan müxtəlif xalqların dini və milli ənənələrinin vahid bir sülh simfoniyasına çevrildiyi ölkədir. Ramazan ayının Novruzun müjdəçiləri ilə qarşılaşdığı bu günlərdə biz tolerantlığımızın gücünü yenidən hiss edirik. Biz ortaq evimizdə bir-birimizin hisslərinə hörmətla yanaşır, bayramları birlikdə qeyd edir və birliyimizi əziz tuturuq.

Bu gün biz müqəddəs Ramazan ayının içərisindəyik, sabah isə Novruzun ilk müjdəçisi olan Su çərşənbəsini qarşılayırıq. Bu təsadüf Azərbaycanın əsrlər boyu fəxr etdiyi bir dəyəri rəmzi şəkildə vurğulayır: bizim ənənələri, imanı və həmvətənlərimizə olan səmimi hörməti birləşdirmək bacarığımızı.

Nəyə görə bizim evimiz özəldir? Azərbaycan hər zaman tolerantlığın sadəcə gözəl bir söz deyil, həyat tərzi olduğu bir ölkə olub və olaraq qalır. Burada kilsə zəngləri azan sədaları ilə həmahəngdir, müxtəlif inanclı insanlar isə eyni süfrəni paylaşırlar. Bizim üçün “yad” ənənə yoxdur. Biz bir-birimizi həm Ramazan, həm Pasxa, həm də Milad bayramı münasibətilə eyni sevinclə təbrik edir, Novruz tonqallarından birlikdə tullanır və şirniyyatlarımızı paylaşırıq.

Dünyanın qarşılıqlı anlaşmaya ehtiyac duyduğu bu günlərdə Azərbaycan müxtəlif mədəniyyətlərin öz kimliyini qoruyaraq və bir-birini zənginləşdirərək sülh içində necə yaşaya biləcəyinə bir nümunədir. Bu müqəddəs dövrdə xatırlamaq xüsusilə vacibdir ki, həqiqi alicənablıq və dindarlıq təkcə oruc tutmaqda deyil, həm də düşüncələrin, qəlbin və dilin təmizliyindədir. Xalqımızın nümayəndələrinə öz əsassız ambisiyaları naminə başqalarına şər-böhtan atmaq kimi ləyaqətsiz hərəkətlər hər zaman yad olub. Ölkə rəhbərlərinin və onların ailə üzvlərinin qaralanmasını, eləcə də onların ölkə və xalq qarşısındakı tarixi xidmətlərini kiçiltməyə yönəlmiş xəyanətkar cəhdləri qəbulolunmaz və İslamın ruhuna zidd hesab edirəm. Azərbaycanda ləyaqət və alicənablıq həmişə uca tutulub; böhtançılıq və dövlətin təməl prinsiplərinə, ona xidmət edənlərə qarşı hörmətsizlik xalqımızın dəyərlərinə, o cümlədən Ramazan ruhuna dərindən ziddir.

Qoy bu Ramazan və gələn bayram çərşənbələri hər bir evə nur və firavanlıq gətirsin. Birliyimiz və qarşılıqlı hörmətimiz sarsılmaz qalsın, qəlblərimizin istisi isə dinindən və milliyyətindən asılı olmayaraq hər kəsi isitsin.

Su çərşənbəniz və müqəddəs Ramazan ayınız mübarək olsun!

Azər Əsgərov

 

  • 0
arasadmin18
Bazar ertəsi, 09 February 2026 / YAYIMLANIB MÖVQE

Cüdoçularımızın Parisdəki nailiyyəti alqışa layiqdir

Cüdo yarışlarını canlı izləmək, tatami üzərindəki mübarizənin həyəcanlı anlarına şahid olmaq bu təkbətək döyüş növünün pərəstişkarlarına xüsusi bir zövq verir. İllah da, mübarizə aparan idmançı sənin həmvətənindirsə və rəqibləri ilə fədakarlıqla döyüşüb qələbə qazanırsa, sevincinin həddi-hüdudu olmur.

Fransanın paytaxtı Parisdə fevralın 8-də başa çatan cüdo üzrə “Böyük Dəbilqə” turnirini birbaşa yarışların keçirildiyi “Accor Arenada” izləyən və Azərbaycan komandasının hər bir üzvünə məmnuniyyətlə azarkeşlik edən veteran idmançı kimi mən də dəfələrlə sevinc və qürur hissi keçirdim.

“Böyük Dəbilqə” (“Grand Slam”) Beynəlxalq Cüdo Federasiyasının təqvimində yer alan ən yüksək səviyyəli turnirlərdəndir. Azərbaycan Cüdo Federasiyası ilin bu ilk böyük yarışında 8 nəfərdən ibarət komanda ilə təmsil olunurdu. Yüksək titullu bir neçə idmançımız komandaya daxil edilməsə də, Paris tatamisində mübarizəyə yetərincə tanınan cüdoçularımız qoşulmuşdu. Onların hamısı əzmkarlıqla döyüşürdü. Lakin qələbə üçün bəzən istək və mübarizlik bəs eləmir. İdmanda bəxt məsələsi də vacib amildir.

Hər halda bu ilin ilk “Böyük Dəbilqə”sinin nəticələrini bizim üçün uğurla hesab etməyə dəyər. Balabəy Ağayevin (60 kq) qızıl, Zelim Tçkayevin (81 kq) gümüş, Ruslan Paşayevin (66 kq) bürünc medallar qazanması Azərbaycan cüdo məktəbinin gücünü bir daha nümayiş etdirdi.

“Böyük Dəbilqə”nin ənənəvi Paris tatamisi həm gənc istedadların parlaması, həm də təcrübəli ustaların öz statuslarını təsdiqləməsi üçün əvəzolunmaz bir məkandır. Bu dəfə də Yaponlar bu döyüş növündə öz dominantlıqlarını göstərdilər və komanda hesabında birinci oldular. “Meydan sahibi” statusunda fransızların ikinci olması da təbii idi. Bu nəhənglərdən sonra Azərbaycan komandasının üçüncülüyü özünə təmin etməsi alqışa layiq bir nailiyyətdir.

Uğurlu nəticələrə görə medalçılarımızı, onların məşqçilərini və ümumən, Azərbaycan cüdo ailəsini ürəkdən təbrik edirəm! Qələbələrimiz bol olsun!

Azər Əsgərov

 

 

 

 

 

  • 0
arasadmin18
Çərşənbə, 21 January 2026 / YAYIMLANIB MÖVQE

Quruculuq ili qarşımızda yeni imkanlar açır

Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilmiş 2026-cı ilin birinci ayının – yanvarın sonuncü, üçüncü ongünlüyündəyik. Əlbəttə, beşinci ilini uğurla yola saldığımız tarixi Zəfərin xoş əhval-ruhiyyəsi indi də, gələcəkdə də daim bizimlə olacaq.

Biz bu günlərə ağır sınaqlardan keçib gəlmişik. 1990-cı ilin 20 Yanvarı azadlıq və müstəqillik mübarizəmizin şanlı səhifəsi kimi xalqımızım tarixində xüsusi yer tutur. Bu hadisəni qürurla xatırlayırıq… Birinci Qarabağ müharibəsi, onun çoxsaylı qurbanları, şəhər və kəndlərimizin dağıdılması, qaçqınlıq və köçkünlük problem, yüz minlərlə həmvətənimizin öz ata-baba yurdundan didərgin düşməsi… Bunların da qəbimizdə və yaddaşımızda dərin izləri var!

Amma 44 günlük Vətən müharibəsində və daha sonra bir günlük antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr Azərbaycanın illərlə əziyyətini çəkdiyi problemlərə son qoydu.

Xalqımızın və torpaqlarımızın azadlığı uğrunda şəhid olanları ehtiramla xatırlayır, onların ailələrinə səbir, qazi və veteranlarımıza sağlamlıq, uzun ömür arzulayırıq. Böyük Zəfərin müəllifi – cənab Prezident İlham Əliyevə, onun Ali Baş Komandanı olduğu rəşadətli Ordumuza eşq olsun!

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Bu prosesə bizim “Azman Holding”in, kiçik də olsa, öz töhfəsini verməsi – tikinti işlərində iştirakı şəxsən məni və həmkarlarımı sevindirir. Həmin ərazilərə keçmiş köçkünlərin necə həvəslə qayıtdıqlarını, o yerlərin necə sürətlə dirçəldiyini görmək çox xoşdur. Qarabağda, Şərqi Zəngəzurda bu gün 70 mindən çox insan yaşayır və işləyir. Bu regionların, sözün həqiqi mənasında, cənnətə çevriləcəyi günlər uzaqda deyil.

Və… “Şəhərsalma və Memarlıq İli”nin, tikinti sektorunda fəaliyyət göstərən iş adamı – sahibkar kimi, mənim üçün nə qədər vacib və məsuliyyətli olduğunu xüsusi vurğulamaq istərdim. Biz paytaxtımızın müasir memarlıq simasının müəyyənləşdirən bir sıra layihələr icra etmişik və edirik. Bu il şəhərimizin inkişafına və yeni milli memarlıq nümunələri ilə zənginləşməsinə yeni töhfələr vermək əzmindəyik.

Beləliklə, xoş əhval-ruhiyyə, quruculuq həvəsi ilə başladığımız ilin hamıya xeyir-bərəkət gətirməsini arzulayıram!

Azər Əsgərov

  • 1
  • 2
  • 3
  • 4

SON YAZILAR

  • “Azman Motors” şirkəti klassik avtomobillərin yürüşü və sərgisində zəngin kolleksiyası ilə diqqət çəkib

    Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyas...
  • Klassik avtomobillərin paradı: tarixin, mədəniyyətin və idman ruhunun təntənəsi

    Avqustun 30-da paytaxtımız növbəti dəfə möhtəşə...
  • Olimpiya çempionunun atası vəfat edib

    Avropa, dünya və Olimpiya çempionu Zelim Kotsoy...

O, peşəkar cüdo ustası, iş adamı, xeyriyyəçi və gözəl ailə başçısıdır.

  • BİOQRAFİYA
  • FƏALİYYƏT
  • LAYİHƏLƏR
  • BİZNES
  • İDMAN
  • XEYRİYYƏÇİLİK

SOSİAL MEDİA

Judo Club 2012

ÜST